Ədalət Abdinov,
Azərbaycan Kommunistlər Birliyinin sədri
Yer kürəsinin hər yerində Böyük Oktyabr sosialist inqilabının 100 illiyi təntənə və sevinclə qeyd edildiyi vaxt - ABŞ prezidentinin administrasiyası 7 noyabr 2017-ci il tarixli "Kommunizm qurbanlarının milli günü" adlı cəfəngiyyat bir bəyanat yayıb. Bəyanatın məzmunu ondan ibarətdir ki, guya Oktyabr inqilabından bu günədək - 100 il ərzində 100 milyondan çox insan "totalitar kommunist rejimləri"nin qurbanı olub.
Bu sənəd əsassız ifadələrdən və açıq yalanlardan ibarətdir. İnsanın insan tərəfindən istismarına, müharibələrə, zorakılığa, zülm və istibdada güvənən “Ağ ev”in çinovnikləri növbəti dəfə cəmiyyətin azad, firavan və bərabər yaşadığı sülhsevər siyasi qurluşa - sosializmə çamur atmaqdan çəkinmirlər.
Vaşinqtondan fərqli olaraq Böyük Oktyabr sosialist inqilabının 100 illiyini bayram etmək üçün Rusiyaya toplaşmış dünyanın 189 ölkəsinin kommunist və fəhlə partiyaların həmrəyliyi bir daha sübut etdi ki, kapitalizmin əzabına düçar olmuş xalqlar bu azğın siyasi qurluşun yırtıcı caynağından xilas olmaq arzusundadırlar. Asiya, Afrika, Yaxın Şərq və Latın Amerikası xalqları öz tarixi təcrübəsindən yaxşı bilirlər ki, Böyük Oktyabr onlara həqiqi azadlıq və sosial tərəqqi gətirib.
"Kommunist totalitar rejimlərin qurbanları" adlı yalançı ifadə ilə cəfəngiyyat tələsi quran ABŞ unutmamalıdır ki, onun siyasi barbarlığı Amerikanın köklü xalqlarının məhvindən - hindiləri və afrika qullarını vəhşicəsinə istismar etməkdən başlayır. Sonra milyonlarla koreyalıların, vetnamlıların, iraklıların, yüz minlərlə serblərin, liviyalıların, suriyalıların genosidini davam etdiriblər. Xirosima və Naqasaki sakinlərinin başına gətirdikləri atom fəlakətini bəşəriyyət heç vaxt onlara bağışlamayacaqdır.
Hazırda Amerika silahlı qüvvələri üç suveren dövlətin ərazisini işğal edir, 20 qanlı münaqişə ocaqlarının iştirakçısıdır, dünyanın onlarca ölkəsində 700-dən çox hərbi bazası var. Amerika "demokratiya" oyunlarını süngülərin ucunda, qanlı terror və sonsuz təxribatlarla yaymaqda davam edir.
“Ağ ev”in bu günkü araqarışdıran cənabları bilməlidirlər ki, onların böyük sələfi olan Franklin Delano Ruzvelt mühaibə illərində həmişə dahi İ.V.Stalini Böyük Oktyabr sosialist inqilabının ildönümü və Qırmızı Ordunun yaranması günü münasibətilə təbrik edib.
Sosializmin baharı yaxınlaşdıqca, “Ağ ev”in azarı metastaz verməyə başlayıb.


0 Комментарии