Recents in Beach

“Müasir mərhələdə dinc yolla sosializmə keçid: tarixi təcrübənin müxtəlifliyi, alternativ konsepsiyalar” mövzusunda keçirilmiş konfransda Ədalət Abdinovun məruzəsi (ixtisarla)

Yeni dünyagörüşünün formalaşması bunu əsas götürür ki, postsovet respublikaların xalqları özünü bütöv bir tam kimi dərk etməyə, dünyabaxışı mövqelərinə əsaslı surətdə yenidən nəzər salmağa başlayır. Bu prosesdə dinc yolla sosializmə keçidin aktual məsələlərin öyrənilməsinə və həllinə xüsusi önəm verilməlidir.
Sosializmə dinc yolla keçid üçün sosial – iqtisadi problemlərin xüsusi olaraq araşdırılması aktuallığı
yaranmış kəskin zəruriyyətlə əlaqədardır. Ən əsası odur ki, iqtisadi, sosial və mənəvi sahələrdə bu  mühüm prosesin tənzimlənməsi üçün real şərait mövcuddur.
K.Marksın “Siyasi iqtisadın tənqidinə dair” əsərinin müqəddiməsində xüsusi qeyd edilir ki, kommunizmdən əvvəlki bütün formasiyalar bəşər cəmiyyətinin tarixdən əvvəlki dövrü sayılmalıdır. Məhsuldar qüvvələrlə istehsal münasibətləri arasındakı ziddiyyətləri yalnız sosialist inqilabı yolu ilə həll etmək mümkündür.
Marksizm-leninizm klassikləri öz əsərlərində sosialist inqilabının bütün konkret cəhətlərini, siyasi və sosial-iqtisadi dəyişiklikləri küll halında götürməklə bu inqilabın başlanğıcı olacağını qeyd edirdilər və dövrünə görə öz təsdiqini də tapdı.
Yeni şərait isə yeni tələblər irəli sürür. Sosialist inqilabı haqqında marksizm-leninizm nəzəriyyəsi bütöv olaraq hazırkı vəziyyətdə özünü doğrulda bilərmi? İctimai inkişafın  qanunauyğunluqlarının hərtərəfli  təhlili, cəmiyyətin irəliyə doğru hərəkəti, sosial tərəqqinin obyektiv tələbatı sosializmə dinc yolla keçidin mümkünlüyünü və hətta onun zəruri olmasını şərtləndirir. Bu keçidin mümkünlüyü siyasi sahədə, sosialist yönümlü sosial-iqtisadi və dünyagörüşü sahələrində mühüm dönüş nöqtəsidir və ictimai mülkiyyət bərpa oluna bilər, burjuaziya zərərsizləşdirilər, kapitalist dövlət maşını sındırılar.
Şüurlarda, düşüncələrdə sosialist inqilabı baş verməlidir. Bu inqilabın Böyük Oktyabr sosialist inqilabından, o cümlədən burjua inqilabından  fərqi odur ki, o dinc yolla cəmiyyətin həyatında əsaslı dəyişikliklər edir. Yeni tipli inqilabın başlıca cəhəti odur ki, əvvəllərdə olduğu kimi xüsusi mülkiyyətin bir formasını digər forma ilə, istismarın bir formasını digər forma ilə əvəz etmir; o, dinc yolla  xüsusi mülkiyyəti və onunla birlikdə insanın insan tərəfindən istismarını tamamilə ləğv edir və sinfi cəmiyyətdən sinifsiz cəmiyyətə, sosializm cəmiyyətinə keçməyin əsasını qoyur.
Dinc yolla sosialist inqilabın mümkünlüyü kapitalist istehsal üsulunun öz xarakterindədir, bu istehsal üsulunda daim inkişaf etməkdə olan məhsuldar qüvvələrlə və inkişafı ləngidən istehsal münasibətləri arasında kəskin ziddiyyət yaranır. Bu da özünün təmərgüzləşmiş təzahürünü, kapitalizmin əsas ziddiyyətlərində - istehsalın ictimai xarakteri ilə mənimsəmənin xüsusi, kapitalist forması arasındakı ziddiyyətdə tapır. Bu ziddiyyət burjua cəmiyyətində sinfi mübarizənin və dinc yolla sosialist inqilabının iqtisadi əsası kimi çıxış edir.
Marksizm-leninizm baniləri bunu əsas götürürdülər ki, inhisarçı kapitalizmdən əvvəlki dövrdə, burjuaziya hələ güclü olduğu dövrdə o, inqilabı boğmaq üçün asanlıqla birləşə bilərdi, fəhlə sinfi isə əksinə,  zəif, qeyri-mütəşəkkil idi, onun hələ öz partiyası yox idi, ölkənin daxilində müttəfiqləri yox idi. Buna görə də Marks və Engels belə güman edirdilər ki, sosialist inqilabı kapitalist ölkələrinin hamısında, yaxud ən çox inkişaf etmiş kapitalist ölkələrinin əksəriyyətində eyni vaxtda qalib gələ bilər.
Hesab edirəm ki, marksizm-leninizm klassiklərinin nəzəriyyəsi yeni baxış tələb edir. Şüurları, düşüncələri sosialist ideyalı olan sol qüvvələrin birliyi, mütəşəkkilliyi, təşkilatlanmağı sayəsində ayrı-ayrı kapitalist ölkələrində dinc yolla sosialist inqilabın baş verməsi mümkündür.
Yeni tarixi şəraitdə, imperializm mərhələsində kapitalist ölkələrinin iqtisadi və siyasi inkişafının qeyri-bərabər olması xüsusi bir qüvvə ilə təzahür etməyə başladı. V.İ.Lenin “Avropa Birləşmiş Ştatları şüarı haqqında” adlı əsərində kapitalizmin iqtisadi və siyasi cəhətdən qeyri-bərabər inkişaf etməsi qanununu kəşf etdi. Bu qanunun təsiri bir tərəfdən müxtəlif kapitalist ölkələrində sinfi ziddiyyətlərin inkişafının qeyri-bərabər olmasını, digər tərəfdən sosialist inqilabı üçün müvafiq obyektiv və subyektiv ilkin şəraitin qeyri bərabərliyini əks etdirirdi. Kapitalist ölkələrinin qeyri-bərabər inkişafı imperializm zəncirində həlqələr yaranmasına gətirib çıxartdı.
V.İ.Leninin bu müdddəalarının düzgünlüyü hazırkı şəraitdə də öz qüvvəsini saxlayır. Çünki, onun kəşf etdiyi kapitalizmin iqtisadi və siyasi cəhətdən qeyri-bərabər inkişafı qanunu belə bir nəticə çıxarmağa imkan verdi ki: “Sosializm bütün ölkələrdə eyni zamanda qələbə çala bilməz. Sosializm əvvəlcə bir və ya bir neçə ölkədə qələbə çalacaq, qalan ölkələr isə müəyyən bir zaman ərzində burjua ölkələri və ya burjua qurluşundan əvvəlki ölkələr halında qalacaqlar” (V.İ.Lenin. Əsərlərinin tam külliyyatı, 30-cu cild, səh.154).
Əlbəttə, marksizm canlı bir təlimdir, mən bunu inkar etmirəm. İnqilabi şərait inqilabın obyektiv şərtləri və onun subyektiv amilləri, fəhlə sinfinin kəndlilərlə və digər zəhmətkeş təbəqələri ilə ittifaqı və başqa problemlər V.İ.Leninin əsərlərində özünün dərin əksini tapıb. Lakin Lenin silahlı inqilaba üstünlük verir. Sivilizasiyanın indiki mərhələsində isə silahsız inqilabın – dinc yolla ictimai münasibətlərin mahiyyətinin dəyişdirilməsinə  nail olmağın imkanları geniçlənməkdədir.
Bunu da unutmaq lazım deyil ki, kapitalizm dünyada yaranan vəziyyətə vaxtında reaksiya verir, sinfi qüvvələrin yerləşdirilməsinə uyğunlaşır. Hazırki kapitalizm ötən əsrin kapitalizmdən fərqlənir. Kapitalizm mahiyyət etibarı ilə istismarçı qurluş olaraq qalmaqla bərabər xeyli dəyişikliklərə məruz qalmışdır.  O şəraitə uyğulaşır, manevr edir, özünün mövcud olması üçün getdikcə vasitələr işləyib hazırlayır.
Hadisələrə müasir baxışdan qiymət verəndə, görünür ki, kapitalizmin çürüməkdə olduğunu və onun labüd surətdə iflasa uğrayacağını söyləmək üçün dərin tədqiqatlar gərəkdir. V.İ.Lenin qeyd edirdi ki, “bu çürümə meylinin kapitalizmin artmasını aradan qaldırdığını düşünmək səhv olardı... Bütünlükdə kapitalizm əvvəlkindən çox-çox sürətlə artır”...  (V.İ.Lenin. Əsərlərinin tam külliyyatı, 27-ci cild, səh.467).
Son illərin hadisələri göstərir ki, kapitalizm öz inkişafının zenit nöqtəsini keçmiş olsa da, o, yeni şəraitə bacarıqla uyğunlaşır, dünya sosializm sisteminin yaranmasına baxmayaraq kapitalizm dözüb dayandı. O, imperializmin müstəmləkə sisteminin parçalanmasına davam gətirmiş, inkişaf etməkdə olan ölkələri istismar etmək üçün yeni müstəmləkəçilik formaları yaratmış, elmi-texniki inqilabı dərinləşdirmək üçün kifayət qədər ehtiyat qüvvəsi tapmışdır. Kapitalizm sinfi mübarizəni susdurmaq və sosial manevr hüdudlarını genişləndirmək üçün iqtisadi artımdan istifadə edir.
Bununla bərabər, qeyd etmək lazımdır ki, kapitalizmin antaqonist təbiəti dəyişməmişdir. Kapitalizmi mədh edənlər iqtisadi yüksəlişə dair müxtəlif faktlara, inkişaf etmiş kapitalist ölkələrindəki yüksək həyat səviyyəsinə istinad edərək burjua cəmiyyətinin qüsurlarını məhz onun insana zidd mahiyyətini, amansız rəqabət mübarizəsini, istismarçılarla istismar olunanlar arasındakı ziddiyyəti, millitarizmi, mədəniyyətin və mənəviyyatın aşınmasını kölkədə qoymağa çalışırlar.
Müasir dünya inkişafının obyektiv dialektikasına yeni baxış konsepsiyası, yeni təfəkkür konsepsiyası tələb edir. Tarixin gedişini zorla dayandırmağa cəhd edən imperializmdən fərqli olaraq, sosializm heç vaxt öz istəyi ilə özünün gələcəyini beynəlxalq problemlərin hərbi yolla həll edilməsi ilə bağlamamışdır.
Bu gün guya sosializmi başqa ölkələrə gətirməyə qabil olan “inqilabi müharibə” nəzəriyyəsinə tərəfdar çıxan “sol kommunistlərin” və trotskiçilərin baxışları qətiyyətlə rədd edilməlidir. V.İ.Lenin hələ 1918-ci ildə qeyd etdiyi kimi, bu mövqe  “marksizmlə tamamilə əlaqəni kəsmək demək olardı, çünki marksizm, inqilablara “təkan verilməsini” həmişə inkar etmişdir” (V.İ.Lenin. Əsərlərinin tam külliyyatı, 35-ci cild, səh.431).
Mən hesab edirəm ki, inqilaba kənardan, üstəlik də hərbi vasitələrlə güclə təkan vermək beynəlxalq qanunlara ziddir, faydasız və yolverilməz bir işdir.
Bunu görməmək olmaz ki, dünya yeni inkişaf mərhələsinə qədəm qoymuşdur, bu mərhələdə kapitalizm və sosializm anlayışları özlərinin əzəli mənasını – bir-birini qarşılıqlı surətdə istisna edən sistemlər olması mənasını itirmişlər. Bu anlayışlar bir-birini tamamlayan və bir-birinə əks olan iki əsasdan kollektivçilik və fərdiyyətçilik əsaslarından ibarət ictimai strukturlar çərçivəsində iki sosial yoldan hansının seçilməsini əks etdirirlər.  Bu əsasların hər ikisi təbiətdən qədim insan cəmiyyətinin fərqlər  birliyinin, özünüdərkedən və öz qabiliyyətlərini həyata keçirməyə cəhd edən subyektlər cəmiyyətinin elementləridir.
İstər burjua cəmiyyəti, istərsə də sosializm cəmiyyəti başlanğıc mərhələsindən keçmişdir, bu mərhələdə hakim qüvvə öz əksini məhv etməyə çalışırdı. Hər iki halda cəmiyyətdə faciəli hadisələr baş verirdi: “ kəsilmiş” ictimai strukturları tarix qətiyyətlə təkzib edirdi. İlkin fazadan sonra transformasiya fazası hakim sosial inkişaf yolu çərçivəsində tarazlıq axtarmaq fazası gəlir.
Fərdiyyətçilik əsasının aparıcı rolunu qəbul edən cəmiyyətin nailiyyətlərini inkar etmirəm. Lakin kollektivçilik əsası saxlanmasa da bu əsas müəyyən dərəcədə inkişaf etdirilməsə (hərçənd, onu təkidlə ləngitməyə cəhd edilir) burjua cəmiyyətinin cılızlaşma və parçalanma təhlükəsi yaranır.  Kollektivçilik əsasını qəbul etmiş cəmiyyətin çox böyük potensial imkanlarını isə  inkar etmək mümkün deyildir. Lakin şəxsi, fərdi əsasın rədd edilməsi bu cəmiyyətin üzvlərinin rəhbərlərin istəklərinin sözə baxan icracılarına çevirir və despotizmə yol açır, despotizm isə dəhşətli miqyaslar ala bilər.
Qeyd edilən mövqelər ictimai sistemlərin təşkilinin bünövrəsi olan iki ideologiyanın, iki konsepsiyanın qarşıdurmasını və mübarizəsini istisna etmir. Bunlar müasir sosial təfəkkürünün əsas konsepsiyasının – hər bir xalqın özü üçün inkişaf yolu seçməkdə azad olması konsepsiyasının fəlsəfi əsasıdır.
Yeni sosialist svilizasiyası yaranandan etibarən özünün sosial və milli azadlığı uğrunda mübarizə aparan xalqların qarşısında dövrümüzün əsas sosial alternativi daha qəti şəkildə dayanır: sosializm, yoxsa kapitalizm.
Lakin başlıca, tarixin alternativinin varlığı müxtəlif ölkələrdə ictimai inkişafın çoxvariantlı olmasını istisna etmir. Əslində, istər kapitalizm sisteminin daxilində, istərsə də sosializm sisteminin daxilində bu çoxvariantlıq həyata keçirilir. Sosializm kapitalizmlə bilavasitə qarşıdurma və mübarizə şəraitində də özünün həyat qabiliyyətini sübut etmişdir. O, dünyanın siyasi  xəritəsini dəyişməsinə kömək etmişdir.  İndi, dünya tarixinin yeni mərhələsində elə qüvvələr yaranmışdır ki, onlar bütün bəşəriyyəti sülh dövrünə qədəm qoymağa sövq edir. Ümumbəşəri mənafelərin üstünlüyünün dərk edilməsi ilə bağlı olan bu qüvvələr dünyada yeni qayda yaratmaq hərəkatında konsensusa can atırlar.
Ancaq müasir dövrü daha dərindən başa düşmək üçün sosializmin yaranma tarixinə müraciət etmək lazımdır. Ayrıca götürülmüş bir ölkə miqyasında da bu ictimai qurluş birdən-birə yaradılmır. Köhnə və yeni ictimai qurluş arasında müəyyən bir tarixi dövr olur.  Marksizmin baniləri bu dövrü keçid dövrü adlandırmışlar.
Dinc yolla sosialist inqilabının mahiyyətini təşkil edən siyasi dəyişiklik ölməkdə olan kapitalizmdə yaranmaqda olan sosializm arasında gedən mübarizə nəticəsində yaranıb möhkəmlənən yeni ictimai həyat formalarının meydana gəlməsi dövrünü açır. Fikrimcə, keçid dövrü ərzində cəmiyyət həyatının bütün cəhətlərində dinc yolla inqilabi dəyişikliklər həyata keçirilə bilər.
Dinc yolla inqilabi dövr sosial-iqtisadi inqilabdan başlayır. Onun əsas məzmunu – parlamentarizm yolu ilə köhnə dövlət maşınını sındırmaqdan və işçi sinifin hakimiyyətinin bərqərar edilməsindən, yeni cəmiyyətin siyasi sisteminin yaranmasından ibarətdir.
Keçid dövrünün zəruri olması və onun mahiyyəti haqqında təlim K.Marks və F.Engels tərəfindən inkişaf etdirilmişdir. K.Marks “Qota Proqramının tənqidi” əsərində yazırdı: “ Kapitalizm cəmiyyəti ilə kommunizm cəmiyyəti arasında birincinin inqilabi surətdə ikinciyə çevrilməsi dövrü var. Bu dövrə müvafiq siyasi keçid dövrü də olmalıdır və bu dövrün dövləti inqilabi proletar diktaturasından başqa bir şey ola bilməz” (K.Marks “Qota Proqramının tənqidi”. K.Marks və F.Engels. Seçilmiş əsərləri, üç cilddə, 3-cü cild, səh.23-24).
V.İ.Leninin “Dövlət və inqilab”, “Proletar diktaturası dövründə iqtisadiyyat və siyasət” kimi bir sıra əsərlərində bu müddəanı yaradıcılıqla inkişaf etdirmişdir. V.İ.lenin yazırdı: “Bu keçid dövrü ölməkdə olan kapitalizmlə doğulmaqda olan kommunizm arasında... mübarizə dövründən ibarət olmaya bilməz” (V.İ.Lenin. Əsərlərinin tam külliyyatı, 39-cu cild, səh.299).
Kapitalistlərin hakimiyyəti dəyişdirildikdən sonra bir qayda olaraq, ölkə iqtisadiyyatında çoxukladlılıq qalır: yaranmaqda olan sosialist ukladı ilə yanaşı, dövlət – kapitalist ukladı, xüsusi mülkiyyət, xırda mülkiyyət ukladları də qalır. Bu ukladlara müvafiq olaraq, onların qorunub saxlanmasında marağı olan müəyyən sosial qüvvələr də mövcuddur. Xalq hakimiyyətinin vəzifəsi bu ukladların imkanlarından xalqın və sosializm quruculuğunun inkişafı üçün hərtərəfli istifadə etməkdir. Xalqın həyat tərzini tədricən dəyişdikdə bu dəyişikliklər müsbət nəticələr verə bilər. Və əksinə, çoxlu təcrübələr o cümlədən keçmiş SSRİ-dəki  təcrübə göstərir ki, bu müxtəlif ukladların bir həmlə ilə sosialist relsinə keçirilməsi çox vaxt həm iqtisadiyyatda, həm də siyasətdə yalnız mənfi nəticələr verir.
Eyni zamanda işçi sinfi ilə əksinqilab qüvvələri arasında mübarizə gedir. Bu mübarizə müxtəlif formalar alır və bəzən son dərəcə kəskinləşib vətəndaş müharibəsi yaranması həddinə çatır. İnqilabi mübarizənin gedişində hakim siniflər  olduqca çox şey itirirlər. Məhz buna görə onlar yəni hökumətə müqavimət göstərirlər.  Elə ki, əksinqilab özünün iqtisadi və siyasi mənafeləri üçün təhlükə hiss edir, o, dərhal başını qaldırır, qüvvələrini səfərbər edir, kütləvi terrorlar təşkil edir. İşçi sinfi inqilabın qələbələrini əldə saxlamağa cəhd edərkən burjuaziyaya qarşı zor işlətməyə, bunun üçün özünün siyasi hakimiyyətindən, öz diktaturasından istifadə etməyə məcburdur. Bununla belə, işçi sinfin diktaturasını yalnız zor vasitəsindən ibarət hesab etmək olmaz. Onun əsas funksiyası – yeni cəmiyyət qurmaqdır,  işçi sinfi bu cəmiyyəti yalnız bu sinfi təşkil edən ünsürlərlə, o cümlədənfəhlələrlə, kəndlilərlə, ziyalılarla ittifaa arxalanmaqla qura bilər. Əgər fəhlə sinfi sosializm quruculuğunda əməkçi kəndlilərin mənafelərini nəzərə alsa, onda kəndlilərin əməkçi hissəsi fəhlə sinfi ilə sıx ittifaqa girər. Lenin sosializm quruculuğunda hər şeydən əvvəl, kütlələrin iqtisadi mənafelərini nəzərə almağı, dövlət onun orqanları tərəfindən kəndlilərə və fəhlələrə əmr verməkdən, onlara zorla təzyiq göstərməkdən çəkinməyi tələb edirdi.
Hakim sinfə çevrilmiş işçi sinifin bu mübarizədə istifadə etdiyi əsas vasitə - siyasi hakimiyyət, onun ən birinci silahı – işçi dövlətidir.  İşçi sinfi özünün müttəfiqləri ilə - qeyri proletar zəhmətkeş kütlələrlə birlikdə ölkəyə rəhbərlik edir. Əksər ölkələrdə bu müttəfiqlər ilk növbədə əməkçi kəndlilərdir. Proletariat zəhmətkeşləri sosializm quruculuğunda fəal iştiraka cəlb etməklə, öz hakimiyyətinin sosial bazasını genişləndirməyə çalışır, bitkin siyasi sistem yaradır. Lakin siyasi çevriliş – sosialist inqilabının əsas məqsədi deyil. O, xalq kütlələrinin maddi rifahını və mədəniyyətini yüksəltmək məqsədilə cəmiyyətin bütün həyatını əsaslı surətdə yenidən qurmaq üçün yalnız şərtdir.
Keçid dövründə ölkənin iqtisadi inkişaf səviyyəsi böyük əhəmiyyətə malikdir. Ölkə bu cəhətdən nə qədər çox inkişaf etmiş olsa, kapitalizmdən sosializmə keçid bi o qədər asanlıqla və sürətlə baş verir. Lakin hətta siyasi cəhətdən inkişaf etmiş ölkələrdə də kapitalizmdən sosializmə keçid dövründə planlı təsərrüfatın təşkili, təsərrüfatın strukturunun yenidən qurulması, onun ictimai sərvət və tələbatlar barədə burjua iqtisadiyyatından fərqli şkalaya istiqamətləndirilməsi sahəsində ardıcıl surətdə həyata keçirilən bütöv tədbirlər sistemi olmalıdır.
Keçid dövründəki siyasi və iqtisadi dıyişikliklər sosial sahədəki dəyişikliklərlə ayrılmaz surətdə bağlıdır. Bu dövrdə cəmiyyətin sosial strukturu dəyişir: istismarçı siniflər tədricən ləğv edilir, işçi sinfi keyfiyyətcə başqalaşır, fəhlələr, kəndlilər bir-birinə dost siniflərə çevrilirlər,yeni, xalq ziyalıları yaranır, mədəniyyət inkişaf etdirilir, müəyyən ölkədə yaşayan bütün millətlərin hüquq bərabərliyi təmin edilir.
Cəmiyyət həyatının mənəvi sahəsində inqilabi dəyişikliklər baş verir, mədəni inqilab həyata keçirilir. Mədəni inqilab xalqın ümumi savadının artırılmasına, zəhmətkeşləri yeni həyat quruculuğunun fəal iştirakçılarına çevirməyə, mədəniyyətin, sivilizasiyanın və demokratiyanın sərvətlərindən istifadə etmək üçün, bəşəriyyəti çoxəsrlik tarixi ərzində onun topladığı sərvətlərə yiyələnmək üçün hər kəsə imkan verməyə xidmət edir.
Lakin nəzərə almaq vacibdır ki, mədəni inqilabın son məqsədləri müxtəlif ölkələr üçün eyni olmaqla bərabər, ayrı-ayrı ölkələrin və xalqların milli və tarixi inkişafının xüsusiyyətlərinə müvafiq olaraq mədəni inqilabın vəzifələri, bu vəzifələrin həyata keçirilməsi yolları  və ardıcıllığı çox geniş diapazonda dəyişə bilər.




Отправить комментарий

0 Комментарии