Recents in Beach

Iosif Vissarionoviç Stalinin 140 illik yubileyi haqqında Azərbaycan Kommunistlər Birliyi Sədrinin Sərəncamı

21 dekabr 2019-cu ildə Kommunist Partiyasının, Sovet dövlətinin, beynəlxalq  kommunist və fəhlə hərəkatının  rəhbər xadimlərindən biri,  marksizm-leninizmin görkəmli nəzəriyyəçisi və təbliğatçısı, Sovet İttifaqı Qəhrəmanı, Sosialist Əməyi Qəhrəmanı, Sovet İttifaqı Generalissimusu  Iosif Vissarionoviç Stalinin anadan olmasının 140 illiyi tamam olur.
Vladimir Iliç Leninin silahdaşı və davamçısı Stalinin rəhbərliyi altında SSRİ güclü dövlətə çevrildi. Əməkçi xalqa məxsus olan Sovet İttifaqı Stalinin təşkilatçılığı ilə dünyanın ən mütərəqqi və ədalətli dövləti oldu. Stalinin özündən sonrakı rəhbərlərdən fərqi bunda idi.
Tarixi saxtalaşdıranlar İ.V.Stalin haqqında müxtəlif miflər quraşdırıblar. Onun guya təhsilsiz və mədəni səviyyəsinin aşağı olması barədə ən axmaq uydurmalara da rast gəlmək olur. Gürcüstanın Qori şəhərində yoxsul çəkməçi ailəsində doğulmuş  Stalin sonralar Çar Rusiyasının bütün əmlak baryerini keçmişdir. Onun hərtərəfli biliyi, güclü yaddaşı, iti və məntiqli ağlı Tiflis ruhani gimnaziyasında müəllimlərini və sinif yoldaşlarını, sonralar isə mübarizə yoldaşlarını və xarici qonaqları təəccübləndirirdi. İngilis yazıçısı və ictimai xadimi Çarlz Snoy yazır: “Ədəbi fikir baxımından Stalin öz müasir dövlət xadimlərindən savadlı idi”.
Ruhani seminariyasında oxuyarkən marksist dərnəklərində iştirak edir, 1898-ci ildə isə Gürcüstan sosial-demokrat təşkilatına üzv olur. Həmin vaxtlarda Stalin özünü istedadlı təşkilatçı və təbliğatçı kimi göstərir. O, barışdırıcı leqal marksistlərlə qızğın mübarizə aparır və gürcü fəhlələrin inam və etimadını qazanır. 1900-cü ildə Stalinin iştirakı ilə Tiflis fəhlələrinin, dəmiryolçuların tətili baş verir. Bundan sonra o, gizli fəaliyyətə keçir və yoldaşları ona “Koba” ləqəbi verirlər.
Stalin 22 yaşında “Brodzola” (“Mübarizə”) marksist qəzetinin baş redaktoru, 26 yaşında Tammerfors şəhərində keçirilən və ilk dəfə V.İ.Leninlə tanış olduğu  RSDFP-nin Birinci konfransının nümayəndəsi seçilir, 31 yaşında partiyanın Mərkəzi Komitəsinin Qafqaz üzrə səlahiyyətli nümayəndəsi təyin olunur.  1912-ci ildə V.İ.Leninin təklifi ilə Mərkəzi Komitənin üzvü seçilir. O, “Pravda” qəzetinin ən fəal əməkdaçına çevrilir. V.İ.Lenin milli münasibətlərin nəzəri məsələlərində tez-tez ona istinad edir.
Bir çox yoldaşları kimi Stalin də çar repressiyasından keçmişdir. Səkkiz dəfə həbs olunmuşdur, ancaq həbsxana və sürgünlər onun inqilabi iradəsini qıra bilməmişdir. 1917-ci ildə Stalin bolşevik partiyasının ən məşhur xadimləri ilə görüşür. Sürgündən qayıdandan sonra o, RSDFP(b) Mərkəzi Komitəsinin Petroqrad bürosunun üzvü seçilir və “Pravda” qəzeti redaksiyasına rəhbərlik edir.
Silahlı üsyana hazırlıq mərhələsində İ.V.Stalin V.İ.Leninin proletariatın hakimiyyəti dərhal ələ keçirmək mövqeyini dəstəkləmişdir. Hərbi-İnqilab Komitəsinin üzvü kimi o, bu tarixi hadisədə bilavasitə fəal iştirak etmişdir. Böyük Oktyabr sosialist inqilabının qələbəsindən sonra milli məsələlər üzrə xalq komissarı seçilmişdir. Lenin və Stalinin imzası ilə 3 noyabr 1917-ci ildə sovet dövlətinin təsdiqində böyük rol oynamış Rusiya xalqların hüquqları Bəyənnaməsi qəbul edilmişdir.
Vətəndaş müharibəsi illərində Stalin gənc Sovet dövlətini ağqvardiyaçılardan, digər düşmən müdaxiləçilərdən qoruyur və Sarisına müdafiəsinə rəhbərlik edir. Burada əldə etdiyi zəngin təcrübədən Böyük Vətən müharibəsi illərində istifadə edir.
Stalinin nəzəri və təcrübi hazırlığını yüksək qiymətləndirən Lenin onu ölkənin inkişafının zəruri məsələlərinin həllinə cəlb edir. 1922-ci ildə Stalin RSDFP(b) Mərkəzi Komitəsinin Baş katibi seçilir.
V.İ.Leninin vəfatından sonra Stalinin üzərinə dünyanın ilk fəhlə və kəndli dövlətinin inkişafını və müdafiəsini təmin etmək kimi böyük masştablı vəzifələr düşür. ÜKP(b)-nın XIV qurultayında Stalin aqrar ölkəmizi sənaye ölkəsinə çevirmək tələbini qoydu.
Stalinin rəhbərliyi ilə partiya sənayeləşdirmə kursunu müəyyən etdi.  Dəzgahqayırma, traktor, avtomobil və aviasiya kimi sənaye sahələri yarandı. 9 min iri sənaye müəssisələri işə düşdü. 1937-ci ildə sənaye məhsulların 80 faizini yeni müəssisələr istehsal edirdi.
Sovet İttifaqı iqtisadi inkişafına görə Avropada birinci, dünyada ikinci yerə çıxdı. Buna qədər və bundan sonra dünya belə bir inkişafın tempini görməmişdi. Sövet ölkəsinin kapitalist dövlətlərindən heç bir asılılığı yox idi. Qərbdə dərin iqtisadi böhran baş verdiyi halda, sovet ölkəsində qüdrətli inkişaf gedirdi.
SSRİ-nin kənd təsərrüfatında sənayeləşmə və kollektivləşmə mədəni inqilabla baş verirdi. 1930-cu ildə ümumi ibtidai təhsil tətbiq edilməyə başlandı. Sürətlə savadsızlıq ləğ edilirdi. Ali teniki təhsil sistemi yarandı. Böyük Vətən müharibəsinə qədər azsavadlı olan ölkə alimlər, mühəndislər, tədqiqatçılar və yaradıcılar ölkəsinə çevrildi.
Stalin qanlı faşizmin öhdəsindən bacarıqla gəldi, onun rəhbərliyi ilə sovet xalqı faşist cəlladlarını ölkəmizdən qovdu. Dövlət Müdaiə Komitəsi başda olmaqla Böyük Vətən müharibəsi illərində müdafiənin təşkilinə, təsərrüfatın və insan ressursların mobilləşdirilməsinə Stalin şəxsən rəhbərlik etmişdir.
Böyük Vətən müharibəsindəki qələbəsindən sonra sovet xalqı Stalinin başçılığı ilə daha böyük bir qəhrəmanlıq göstərdi: dağılmış şəhərləri, rayonları,  təsərrüfatları bərpa və inkişaf etdirdi. Atom bombasından kosmosa qədər sülhə xidmət edən bir yol keçdi.
Dünya siyasətində İ.V.Stalin özünü qüdrətli bir dövlət xadimi kimi təsdiq etdi. O, Birləşmiş Millətlər Təşkilatının yaranmasında iştirak etdi. SSRİ-nin gücü və nüfuzu dayanmadan möhkəmləndi. Ölkəmiz etibarlı tərəfdaşlar tapdı, Qərb bizimlə hesablaşmağa məcbur oldu. SSRİ dünyanın imperialist dövlətlərini  böyük müharibələrdən çəkindirdi, çox xalqları Amerika imperializmdən qorudu.
Stalinin şəxsiyyətini onun  xırda nöqsanları əsasında mühakimə etmək nadanlıqdır. Məhz N.S.Xuruşov öz zamanında  belə bir kobud, bağışlanmaz səhvə yol vermişdi. Xruşşov Stalinin bilavasitə göstərişi ilə qurulmuş partiya rəhbərləri üzərində DTK-nın nəzarətini götürdü, bununla da  partiya rəhbərləri toxunulmaz oldular, cəzasız qaldılar. Bu cəzasızlığın Qorbaçov hakimiyyətində acı nəticəsini gördük.  Stalinin vaxtında beynəlxalq kommunist və fəhlə partiyalarla işləyən effektiv sistem vardı, Xruşşov onu da ləğv elədi. Yenidənqurma illərində isə antistalinizm sosializm əlehdarlarının ideya bayrağına çevrildi. Bu gün Stalin haqqında uydurulan yalanlar ölkədə sosial ədalətin bərpasına maneçilik törədənlərin çirkin əməlinə xidmət edir.
Stalin şəxsiyyəti ətrafında ideoloji mübarizə davam edir.  Onun dövlət fəaliyyətinin nəticələri yırtıcı burjua rejiminin ifşası üçün bir ədalətli hökmdür. Stalinin proqnostik bacarığı,  liderlik qabiliyyəti, ən yaxşı ideallara və sosialist Vətəninə sadiqliyi kapitalistlərə sarsıdıcı zərbədir. Hakim burjuaziya hər vəclə Stalinin xatirəsini əbədiləşdirilməsinə mane olur, antisosializmi təşviq edir. Bu şəraitdə Azərbaycan Kommunistlər Birliyi  Stalinin adını əbədiləşdirmək və onun zəngin irsini qorumaq üçün məqsədyönlü işlərini davam etdirəcəkdir.
Bütün mənalı həyatını sovet xalqına və işıqlı sosializmin inkişafına həsr etmiş dünya miqyaslı dövlət xadimi və dahi siyasət korifeyi Iosif Vissarionoviç Stalinin 140 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Kommunistlər Birliyin Nizamnaməsinin 32.3 -cü bəndini rəhbər tutaraq, qərara alıram:

1.Azərbaycan Kommunistlər Birliyi İdarə Heyətinin katibliyi, ərazi təşkilatları  Iosif Vissarionoviç Stalinin anadan olmasının 140 illiyi ilə əlaqədar tədbirlər planı hazırlazınlar və həyata keçirsinlər. Bu məqsədlə yığıncaqlar, gecələr, elmi-praktik konfranslar və seminarlar təşkil olunsun.

2.Iosif Vissarionoviç Stalinin 140 illik yubileyinə həsr olunmuş  “Dəmir adam – Stalinin portret cizgiləri” kitabı, bundan əlavə buklet  nəşr edilsin. Yeni nəşrlər stalinsevərlərə pulsuz paylanılsın.

3.Azərbaycan Kommunistlər Birliyinin saytında (kompartiya.wordpress.com) və “Kommunist” internet qəzetində (azssr.blogspot.com) İ.V.Stalinin həyat və yaradıcılığına, sosializmin tarixi nailiyyətlərinə, müasir dövrdə Stalin irsinin əhəmiyyətinə həsr olunmuş materiallar müntəzəm dərc edilsin.

4.Iosif Vissarionoviç Stalinin Bakının Zirə qəsəbəsində, Oğuz və Qusar rayonlarındakı abidəsinin ziyarəti təşkil olunsun.

5.Kommunist təhsili və siyasi maarif sistemində İ.V.Stalinə həsr olunmuş məqalə və videomateriallardan geniş istifadə olunsun. Məşğələlərdə dinləyicilərə Stalin irsinin öyrənilməsinin vacibliyi, SSRİ-də sosializm quruculuğunun təcrübəsi və müasir şəraitdə onun əhəmiyyəti geniş izah edilsin.

Ədalət Abdinov,
Azərbaycan Kommunistlər Birliyinin sədri.
Bakı şəhəri, 22 mart 2019-cü il. 

Отправить комментарий

0 Комментарии