Recents in Beach

FRİDRİX ENGELS: SİYASİ PORTRET

                                                                                                                
Elmi
kommunizmin banilərindən biri, beynəlxalq proletariatın rəhbəri və müəllimi, Karl Marksın dostu və silahdaşı, V.İ.Leninin sözləri ilə desək, "Karl Marksdan sonra bütün sivilizasiyalı dünyada ən gözəl alim və müasir proletariatın ən gözəl müəllimi" Fridrix Engels fabrik sahibi ailəsində doğulmuşdur. Atası Fridrix Engels təbiətcə, iradəli, çalışalqan, siyasi görüşlərinə görə isə mühafizəkar və çox dindar adam idi. Anası Elzabet Engels həssas qəlbli, şən, güclü yumora malik, ədəbiyyat və incəsənəti sevən qadın idi və ailənin ilki olan F.Engelsə xeyli təsir göstərmişdi. F.Engels 1834 – 1837-ci illərdə Barmen şəhər məktəbində, sonra Elberfelddə gimnaziyada oxumuşdur. Qurtarmasına bir il qalmış atasının təkidi ilə gimnaziyadan çıxmış, əvvəl Barmendə atasının kontorunda, 1838 – 1841-ci illərdə isə Barmendə ticarət işini öyrənməklə məşğul olmuşdur. Asudə vaxtlarında təhsilini müstəqil artırmışdır. 1839-cu ilin martında “Buppertaldan məktublar” adlı ilk publisistik məqaləsini çap etdirmişdir. 1839-cu ilidə alman fəlsəfəsini, xususilə Hegelin əsərlərini öyrənməyə başlamışdır. Bremendə olduğu dövrdə onun dünyagörüşü inqilabçı demokrat kimi formalaşmışdır.
1841 – 1842-ci illərdə Berlində hərbi qulluqda olmuş, Berlin universitetində mühazirələr dinləmiş, Hegel fəlsəfəsindən ateist və inqilabi nəticələr çıxarmağa çalışan gənc hegelçilərə qoşulmuşdur. 1841-ci ilin  ikinci yarısında Feyerbaxın “Xristianlığın mahiyyəti” kitabı ilə tanışlığın ona ciddi təsiri olmuşdur. 1841-ci ilin sonu 1842-ci ilin əvvəlində yazdığı  əsərlərində F.Şellinqin baxışlarını tənqid etmiş, ateist və inqilabçı demokrat kimi açıq çıxış etmişdir. 1842-ci ilin mart – dekabr aylarında  “Reyn qəzeti”ndə (oktyabrdan baş redaktoru K.Marks idi) əməkdaşlıq etmişdir. Həmin ilin payızında F.Engels hələ elmi kommunizmə gəlib çatmayan, xeyli dərəcədə utopik xarakter daşıyan kommunizm mövqeyinə keçmişdir. Lakin F.Engels hələ o zaman kommunizmin başqa tərəfdarlarından əsl inqilabi ruhu ilə fərqlənirdi. 1842-ci il noyabrın ortalarında Kölndə “Reyn qəzeti”nin redaksiyasında ilk dəfə K.Marksla görüşmüşdür. V.İ.Leninin sözlər ilə desək: bu “zamandan etibarən həyatda bu iki dostun fəaliyyəti onların ümumi işi olmuşdur” ( Əsərləri tam külliyyatı, c.2, səh.15).
F.Engels 1842-ci ilin noyabrından 1844-cü ilin avqustunadək İngiltərədə yaşamış, Mançesterdə atasının payçı olduğu fabrikin kontorunda işləmişdir. İngiltərədən “Reyn qəzeti”nə göndərdiyi ilk məqalələrin birində (“Daxili böhranlar”) belə nəticəyə gəlmişdir ki, bu ölkədə zorakı ictimai inqilabin baş verməsi labüddür və onun əsas qüvvəsi proletariat olmalıdır. F.Engels İngiltərədə olarkən bu ölkənin ictimai  və siyasi münasibətlərini, fəhlə sinifinin vəziyyətini, çartistlər hərəkatını, iqtisadi, həmçinin sosialist və kommunist ədəbiyyatını öyrənmişdir. Onun idealizmdən materializmə, inqilabi demokratizmdən elmi kommunizmə  keçməsi  burada başa çatmışdır. F.Engels sonralar yazmışdı: “Mançesterdə yaşadığım zaman mən belə bir şeylə, necə deyərlər, bilavasitə üz-üzə gəldim ki, indiyə qədər tarixi əsərlərdə heç bir rol oynamayan və ya əhəmiyyətsiz  bir rol oynayan iqtisadi faktlar, heç olmazsa müasir dünya üçün, həlledici tarixi bir qüvvəyə malikdir; iqtisadi faktlar əsas təşkil edir və bu əsas üzərində hazırki sinfi əksliklər əmələ  gəlir; iri sənayenin varlığı nəticəsində bu sinfi əksliklərin tamamilə inkişaf etdiyi bütün olkələrdə və deməli, xüsusilə İngiltərədə həmin sinfi əksliklər siyasi partiyaların təşkil olunması üçün, partiyaların mübarizəsi üçün və onunla birlikdə bütün siyasi tarix üçün əsas təşkil edir” (K.Marks, F.Engels. Seçilmiş əsərləri, c.2, səh.345.  Bakı, 1953-cü il).
 Bu fikirlər F.Engelsin “Siyasi iqtisadın tənqidinə dair qeydlər”ində, “İngiltərənin vəziyyəti” adlı məqaləsində şərh edilmişdir. K.Marksın “iqtisadi kateqoriyaların tənqidinə dair dahiyanə oçerki” (K.Marks, F.Engels. Seçilmiş əsərləri, c.1, səh.347.  Bakı, 1953-cü il) adlandırdığı “Qeydlər” Mançester dövrünün ən mühüm əsəridir. F.Engels ilk dəfə burada xüsusi mülkiyyətin tarixən keçici xarakter daşıdığını göstərərək, burjua siyasi iqtisadını və kapitalist istehsal üsulunu inqilabçı proletariat, kommunizm və dialektika mövqeyindən tənqid etmişdir. F.Engels “Qeydlər”də “...müasir iqtisadi qurluşun əsas hadisələrini sosializm baxımından tədqiq etmiş və göstərmişdi ki, bunlar xüsusi mülkiyyət hökmranlığının zəruri nəticələridir” (V.İ.Lenin., Əsərləri tam külliyatı, c.2, səh.11).
1844-cü il avqustun sonunda  F.Engels İngitərədən Almaniyaya qayıdarkən 10 gün Parisdə qalmış, yenə də K.Marksla görüşmüşdür. Bu tarixi görüş zamanı K.Marksla F.Engelsin baxışlarının tam birliyi aydın olmuş və həmin vaxtdan onların dostluğu və təqribən 40 illik misilsiz əməkdaşlığı başlamışdır. Bu əməkdaşlığın  ilk bəhrəsi gənc hegelçilərin idealizminə qarşı yönəldilmiş “Müqəddəs ailə” kitabıdır.
F.Engels Almaniyaya qayıtdıqdan sonra İngiltərənin ictimai inkişafına dair müşahidələrinin nəticələrini “İngiltərədə fəhlə sinifinin vəziyyəti” kitabında ümumiləşdirmişdir. Sənaye çevrilişinin  ictimai nəticələrini təhlil edərək məhsuldar qüvvələrlə istehsal münasibətlərinin dialektikasının kəşfinə yaxınlaşmışdır. O, bu əsərdə sosializmi fəhlə hərəkatı ilə birləşdirməyin zəruriliyiəasını irəli sürmüşdür. “Bu kitab kapitalizmə və burjuaziyaya qarşı dəhşətli bir ittiham idi... Nə 1845-ci ilədək, nə də sonralar fəhlə sinfinin müsibətləri bu qədər aydın və doğru bir şəkildə təsvir edilməmişdir”  (V.İ.Lenin., Əsərləri tam külliyatı, c.2, səh.10). Lakin F.Engels əsərdə proletariatın iztirablarını təsvir  etmək və ona yardım etmək lüzumunu görməklə kifayətlənməmiş, “...birinci olaraq demişdir ki, proletariat təkcə iztirab çəkən bir sinif deyildir: proletariatın məhz həmin biabrçı iqtisadi vəziyyəti onu dayanmadan irəlilədir və özünü tamam azad olması uğrunda mübarizəyə məcbur edir. Mübarizə edən proletariat isə öz-özünə kömək  edəcəkdir (V.İ.Lenin., Əsərləri tam külliyatı, c.2, səh.9).
 F.Engels Almaniyada kommunist ideyalarının qızğın təbliğatçısı oldu; “Elberfeld nitqləri” (fevral, 1845) bunun yaxşı nümunısi idi.  Polis F.Engelsə ciddi göz qoyduğuna görə o, 1845-ci ilin aprelində Brüsselə - K.Marksın yanına gəldi. K.Marks tarixi materialistcəsinə anlayışına dair fikirlərini F.Engelsə izah etdi və onlar bu yeni dünyagörüşünü Hegeldən sonrakı alman fəlsəfəsinin tənqidi şəklində birgə işləyib hazırlamağı qərara aldılar. Həmin ilin yayında İngiltərəyə birgə səfərdən sonra, payızda niyyətlərini həyata keçirməyə başladılar. 1845 – 1846-cı illərdə Brüsseldə onlar “Alman ideologiyası” əsərini yazdılar. Əsərdə ilk dəfə məhsuldar qüvvələrlə istehsal münasibətlərinin qarşılıqlı təsiri və inkişaf dialektikası verilmiş və bu zəmin üzərində tarixi materializm elmi kommunizm nəzəriyyəsinin fəlsəfi əsası kimi ilk dəfə bütöv bir konsepsiya şəklində işlənib hazırlanmışdır.
1846-cı  ilin yanvarında K.Marks və F.Engelsin Brüsseldə təşkil etdikləri Kommunist müxbir komitəsinin fəaliyyəti ilk beynəlxalq kommunist təşkilatının – Kommunistlər İttifaqının yaranması üçün şərait yaratdı. Komitənin tapşırığı ilə F.Engels 1846-cı ilin avqustunda Parisə köçüb, kommunist ideyalarının təbliğinə başladı.  1847-ci ilin yanvarında K.Marks və F.Engels Ədalətlilər İttifaqı rəhbərlərinin təklifi ilə ittifaqa daxil oldular və onun elmi kommunizm prinsipləri əsasında yenidən qurulmasında iştirak etdilər. İttifaqın birinci konqresində (2 iyun, 1847) F.Engels mühüm rol oynadı. Konqres F.Engelsin tətrib etdiyi proqram layihəsini  (“Kommunist inamı simvolunun layihəsi”), yeni Nizamnamə və “Bütün ölkələrin proletarları,  birləşin!” şüarını qəbul etdi.
 K.Marks və F.Engels beynəlxalq kommunist və demokratik hərəkatın mühüm məsələlərini yeni inqilabi nəzəriyyə mövqeyindən işıqlandıra biləcək mətbuat orqanı yaratmağa çalışırdılar. Lakin bu baş tutmadı və 1847-ci ilin yazından onlar “Alman – Brüssel qəzeti”ndə əməkdaşlığa başladılar. Oktyabrın sonunda Kommunistlər İttifaqı Paris Dairə Komitəsinin tapşırığı ilə F.Engels yeni proqram layihəsi – 25 sual və cavabdan ibarət “Kommunizmin prinsipləri”ni tərtib etdi. F.Engels “Kommunizmin prinsipləri” üzərindəki işi barədə 1847-ci ilin noyabrında K.Marksa yazmışdır: “Mən kommunizmin nə demək olduğu məsələdən başlayıram və sonra bir başa proletariat üzərinə keçirəm – proletariatın əmələ gəlməsi tarixi, əvvəlki işçilərdən onu fərqi, proletariat ilə burjuaziya arasında əksliyin inkişafı, böhranlar, nəticələr... Axırda kommunistlərin partiya siyasətindən açıq danışmaq mümkün olduğu dərəcədə, həmin siyasət məsələsi” (K.Marks.,F.Engels., Seçilmiş məktublar, B.,1955, səh.35). V.İ.Lenin yazdığı  kimi,  “Bütün dünyaya yayılan sanki dünən yazılmış bir əsər kimi bütün əsas müddəaları bu günədək düzgün, canlı və əhəmiyyətli olaraq qalan” ( Əsərləri, c.19, səh.594 – 595), proletar partiyasının çox mühüm nəzəri sənədi olan bu əsər, əslində “Manifestin” ilkin layihəsi idi. Kommunistlər İttifaqının ikinci konqresi (noyabr-dekabr 1847) K.Marks və F.Engelsə proqramın son mətnini tərtib etməyi tapşırdı. Bu beynəlxalq kommunist hərəkatının ilk proqram sənədi – “Kommunist Partiyasının Manifesti” idi.
1848-ci il martın 21-də F.Engels Parisə gəldi və Kommunistlər İttifaqı MK-sınin işinə qoşuldu. Bu zaman Almaniyada inqilab başlanmışdı və K.Marks , F.Engels alman kommunistlərinin demokratik inqilabda proletariatın xəttini müəyyən edən fəaliyyət proqramı ilə silahlandırmağı özlərinini başlıca vəzifəsi sayırdılar. “Almaniyada Kommunist Partiyasının tələbləri hazır olduqda, Kommunistlər İttifaqının MK-sı onu rəhbər proqram sənədi kimi qəbul etdi. Aprelin əvvəlində Gölnə köçən K.Marks və F.Engels 1848-ci il iyunun 1-dən 1849-cu il mayın 19-dək “inqilabçı proletariatın hələ indiyədək misli görünməmiş ən yaxşı orqanı olan “(V.İ.Lenin., Əsərləri, c.21, səh.72)  “Yeni Reyn qəzeti”ni nəşr etdilər. 1849-cu il may – iyul aylarında F.Engels Cənubi Qərbi Almaniyadakı  silahlı üsyanda bilavasitə iştirak etdi, inqilabın məğlubiyyətindən sonra isə əvvəlcə İsveçrəyə, sonra İngiltərəyə mühacirət etdi. 1849-cu ilin noyabrında F.Engels Londona gəldi. K.Marks daha əvvəl buraya köçmüşdü. İnqilabın məğlubiyyətindən sonrakı ilk illərdə “İmperiya konstitusiyası uğrunda alman kompaniyası” (avqust 1849 – fevral  1850), “Almaniyada kəndli muharibəsi” (1850), “Almaniyada inqilab və əksinqilab”(avqust 1851 – sentyabr 1852) əsərlərində F.Engels proletariatla kəndlilərin ittifaqı, silahlı üsyanın sənət olması ideyalarını inkişaf etdirmişdir. 1850-ci ilin martında Kommunistlər İttifaqının bərpası uğrunda mübarizənin gedişində K.Marks və F.Engels “Mərkəzi Komitənin Kommunistlər İttifaqına müraciəti”ni tərtib etdilər; burada fasiləsiz inqilab ideyasının klassik ifadəsi verilmişdir.
1850-ci ildə K.Marks və F.Engels “ Yeni Reyn qəzeti. Siyasi iqtisadi icmal” jurnalını nəşr etdilər. (6 nömrəsi çıxmışdır). 1850-ci ilin noyabrında F.Engels Mançesterə getməyə və yenidən “Ermen və Engels”  firmasının ticarətxanasında işləməyə məcbur oldu. 1851-ci ildə F.Engels irlandiyalı fəhlə qız Meri Beris ilə evləndi – onlar hələ 1843-cü ildə F.Engelsin İngiltərəyə birinci gəlişi zamanı tanış olmuşdular. 1863-cü ildə Meri vəfat etdi. Bir il sonra F. Engels baldızı Lizzi Beris ilə ailə qurdu. Lizzi 1878-ci ildə vəfat etmişdir. F.Engels ticarət işini xoşlamasa da bu, K.Marksa və onun ailəsinə müntəzəm yardım göstərmək üçün yeganə imkan idi. 1870-ci ilin sentyabrında F.Engels firma işləri ilə tamamilə üzülüşüb Londona köçdü.  F.Engelsin Mançesterdə yaşadığı 20 il onunla K.Marksın arasında ən müntəzəm yazışma – təqribən 1350 məktub – yolu ilə  çox geniş məsələlər barəsində fikir mübadiləsi dövrüdür. 50-60-cı illərdə F.Engels dövrü mətbuat üçün çox yazmış “Yeni Amerika ensiklopediyası”nda əməkdaşlıq etmiş, Birma, Əlcəzair, Əfqanıstan haqqında tarixi-etnoqrafik oçerklər yazmış, dövrün mühüm hadisələrinə münasibətini bildirmişdir. Bu işdə onunla K.Marks arasında planauyğun əmək bölgüsü var idi. Hərbi işi müntəzəm öyrənən F.Engels “Müqəddəs ittifaqın 1852-ci ildə Fransa əleyhinə müharibəsinin imkanları və perspektivləri” adlı əlyazmasında (aprel, 1851) ilk dəfə marksist hərbi nəzəriyyənin əsaslarını işləyib hazırladı.
 F.Engels 1858-ci ildə təbiətşünaslığı müntəzəm öyrənməyə başladı.  Iyulun 14-də K.Marksa məktubunda gələcək “Təbiətin dialektikası” əsərinin bəzi əsas ideyalarını ifadə etdi. 1859-cu ilin avqustunda K.Marksın “Siyasi iqtisadın tənqidinə dair” kitabının çapdan çıxması ilə əlaqədar F.Engels ona rəy yazmışdı; burada K.Marksın ilk böyük kəşfinin – tarixi materialistcəsinə anlayışın əhəmiyyətini göstərmiş, onu siyasi iqtisada tətbiq olunan dialektik materialist metodun hazırlanmasına bərabər tutaraq, bu metodun mühüm cəhətlərini, xüsusən, tarixiliklə məntiqliyin əlaqəsini xarakterizə etmişdir. Rəsmi burjua elmi 1867-ci ilin sentyabrında “Kapital”ın 1-ci cildinin çapdan çıxmasını sükutla qarşıladıqda, F.Engels 1867-ci ilin oktyabrı – 1868-ci ilin iyulunda 9 məqalə  - rəy yazmış və K.Marksın başlıca əsərinin əhəmiyyətini şərh etmişdir.
F.Engels Birinci İnternasional və Paris Kommunası dövründə proletariatın bu ilk kütləvi beynəlxalq təşkilatına rəhbərlik işində K.Marksın ən yaxın köməkçisi idi. Londona köçdükdən sonra F.Engels İnternosionalın Baş Şurasının üzvü, İtaliya və İspaniya üzrə katib-müxbir olmuşdur. London konfransının (1871), Haaqa konqresinin (1872) işində iştirak etmiş, fəhlə hərəkatında xırda burjua cərəyanlarına –  lassalçılıq, prudonizm və bakunizmə qarşı barışmaz mübarizə aparmışdır. Paris kommunasından sonra bütün inkişaf etmiş ölkələrdə sosialist fəhlə partiyalarının yaradılması günün vacib məsələsinə çevrilmişdi. F.Engels K.Marksla birlikdə, yaranmaqda olan partiyaların elmi əsasları uğrunda mübarizə aparırdı. O, ilk kütləvi marksist partiya olan Almaniya Sosial-Demokrat Fəhlə Partiyasına xüsusi diqqət yetirmiş, onun mərkəzi orqanında bir çox mühüm nəzəri əsərini: “Mənzil  məsələsinə dair” (1872-1873), “Anti Dürinq” (1877-1878) və s. çap etdirmişdir. 1875-ci ildə Almaniya Sosial Demokrat Partiyası lassalçı Ümumalman Fəhlə İttifaqı   ilə birləşdikdə, F.Engels partiyanın lassalçılara prinsipial nəzəri güzəştlərə gedən proqram layihəsini tənqid etmişdir.
XVIII əsrin 70-ci illəri  F.Engelsin nəzəri fəaliyyətinin tərəqqi dövrü idi. 1873-cü il mayın 30-da K.Marksa məktubunda F.Engels özünün başlıca əsərindən biri olan “Təbiətin dialektikadı”nın ideyasını şərh etdi. Bu əsərdə F.Engels təbiətin dialektik – materialist anlayışını hərtərəfli inkişaf etdirmişdir.  “Anti – Dürinq”də F.Engels marksizmin hər üç tərkib hissəsinin – dialektik və tarixi materializmin, siyasi iqtisadın, elmi kommunizm nəzəriyyəsinin hərtərəfli elmi şərhini vermişdir. 1880-cı ildə F.Engels P.Lafarqın xahişi ilə həmin əsərin üç fəslini yenidən işləyib, “Sosializmin utopiyadan elmə doğru inkişafı” adı ilə nəşr etdirdi. K.Marks bu kitabçanı “elmi sosializmə giriş” adlandırmışdır.
1883-cü il martın 14-də K.Marks vəfat etdi. “Marks sağ ikən Engels onu hədsiz dərəcədə sevir, vəfat etdikdən sonra isə onun xatirəsinə ən yüksək bir hörmət bəsləyirdi. Bu qətiyyətli mübarizin və tələbkar mütəfəkkirin dərindən sevən bir qəlbi var idi (V.İ.Lenin., Əsərlərin tam külliyatı , c.2., səh.13).  K.Marksın vəfatından sonra beynəlxalq fəhlə hərəkatına rəhbərliyin və marksist nəzəriyyənin sonrakı inkişafının bütün ağırlığı F.Engelsin üzərinə düşdü. O, nəzəri tədqiqatlarını dayandırmağa və əsas diqqəti “Kapital”ın tamamlanması, həmçinin K.Marksın və özünün bir çox əsərinin yenidən nəşrinə, marksist nəzəriyyəsinin məna və əhəmiyyətinin izahına verməyə məcbur oldu. F.Engels “Kapital”ın 2-ci (1885) və 3-cü (1894) cildlərinin çapa hazırlanmasına çox böyük əmək sərf etdi.  “Engels “Kapital”ın II və III cildlərini nəşr etməklə öz dahi dostuna əzəmətli bir abidə qoymuş və bu abidə üzərində istər-istəməz öz adını da əbədi cizgilərlə yazmışdır.  Doğrudan da “Kapital”ın bu iki cildi iki adamın: Marks ilə Engelsin əsəridir” (V.İ.Lenin., Əsərlərin tam külliyatı , c.2., səh.13).
Həyatının son dövründə F.Engels bir sıra görkəmli nəzəri əsər yaratmışdır. 1884-cü ilin mart-mayında o, “Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi” əsərini yazdı. Burada o, tarixi materialistcəsinə anlayışı ibtidai cəmiyyət tarixinin təhlilinə tətbiq edərək, marksist materialist konsepsiyanı xeyli zənginləşdirmişdir. 1886-cı ilin əvvəlində F.Engels “Lüdviq Feyerbax və klassik alman fəlsəfəsinin sonu” əsərini tamamladı. Bu əsərdə o, marksizmin nəzəri mənbələrindən olan Hegel və Feyerbaxın klassik alman fəlsəfəsi arasındakı əlaqəni açıb göstərmiş, fəlsəfənin əsas məsələsinin tərifini və tarixi materialitscəsinə anlayışın xülasəsini vermişdir. Tarixi materializmin inkişafında F.Engelsin tarixi materializm haqqında 90-cı illərə aid məktublarının,  həmçinin “Sosializmin utopiyadan  elmə döğru inkişafı”nın ingilis nəşrinə (1892) girişin böyük əhəmiyyəti olmuşdur. Məktublarda F.Engels tarixi materializmin dialektik xarakterini, cəmiyyət həyatının bütün sahələri  arasındakı  qarşılıqlı təsiri, insan fəaliyyətinin bütün törəmə sahələrinin nisbi müstəqilliyini, ictimai həyatın törəmə hadisələrinin onları müəyyənləşdirən zəminə əks-təsirini, xüsusilə, üstqurumun bazisə əks-təsirini, tarixi prosesdə insanın fəal rolunu qeyd etmişdir. “Fransada və Almaniyada kəndli məsələsi” əsərində (noyabr, 1894) F.Engels aqrar məsələyə dair marksist nəzəriyyəni daha da inkişaf etdirmiş, kənd təsərrüfatındakı əsaslı dəyişikliklərin konkret həllini vermişdir. F.Engelsin son böyük əsəri K.Marksın “Fransada sinfi mübarizə” əsərinin yeni nəşrinə yazdığı  (mart, 1895) müqəddimə idi.
1888-ci ilin yayında F.Engels ABŞ-da bir aydan çox səyahətdə olmuşdur. Həyatının son illərində F.Engels Avropa və Amerikada sosialist fəhlə hərəkatının inkişafına həlledici təsir göstərən işini davam etdirirdi. O, sosialist partiyalarının taktikasının hazırlanmasına, onların ideya və təşkilatca möhkəmlənməsi uğrunda mübarizəyə, sağ və “sol” opportunizmin ifşasına  böyük qüvvə sərf edirdi. F.Engels ikinci İnternosionalın yaradılmasında çox böyük rol oynamış, onun 3-cü konqresində (Surix, 1893) ingilis, fransız və alman dillərində nitq söyləmişdir. 1891-ci ildə Almaniya Sosial  Demokrat Partiyasının yeni proqramının hazırlanması ilə əlaqədar K.Marksın “Qota proqramının tənqidi”ni dərc etdirdi və yeni Erfurq  proqram layihəsinin tənqidi ilə çıxış etdi.
F.Engels rus dilini bilir, Rusiya ilə dərindən maraqlanır, rus inqilabçıları – G.V.Plexanov, P.B.Akselrod, V.İ.Zasuliç, P.L.Lavrov və b. ilə əlaqə saxlayır, onlara daim kömək göstərir, eyni zamanda xalqçılıq ideologiyasının zəifliyini tənqid edirdi. O, Rusiyanı Avropa fəhlə hərəkatının qabaqcıl dəstəsindən biri sayır, Avropadakı əsaslı dəyişiklikləri Rusiyada demokratik inqilabın qələbəsi ilə bağlayırdı. F.Engels Rusiyada gözlənilən inqilabi çevrilişi dünya tarixində ən yaxın dönüş nöqtəsi adlandırmışdı.
Səhhətinin zəifləməsinə baxmayaraq, F.Engels ömrünün son günlərinədək inqilab mübarizləri cərgəsində qalmağa çalışırdı. Bu dahi şəxsiyyət 1895-ci il avqustun 5-də axşam saat 10-30 dəqiqədə vəfat etdi. Vəsiyyətinə əsasən onun canəzəsini yandırıb, külü yığılmış urnanı avqustun 27-də İngiltərənin İstborn şəhəri yaxınlığında – bura F.Engelsin sevimli istirahət yeri idi – dənizə qərq etdilər.
K.Marks və F.Engelsin dostluğu sədaqətli, yüksək ideyalı dostluğun klassik nümunəsidir. Bu dostluğun əsasında ən əvvəl proletariat işinə xidmət dururdu. “Qədim rəvayətlərdə müxtəlif və təsirli dostluq nümunələrindən danışılır. Avropa proletariatı deyə bilər ki, onun elmini insan dostluğuna dair bütün ən təsirli qədim rəvayətlərdəkindən daha səmimi bir dostluqla yaşamış olan iki alim və mübariz yaratmışdır (V.İ.Lenin., Əsərlərin tam külliyatı , c.2., səh.13). F.Engels K.Marksın ailəsinin də böyük dostu olmuşdur. F.Engels vəfatından əvvəl əmlakının çox hissəsini K.Marksın qızlarına vəsiyyət etmişdi.
Marksizm nəzəriyyəsinin yaradılmasında, xüsusilə onun işlənib hazırlanmasında F.Engelsin rolu çox böyükdür. Dialektik materializmin hərtərəfli inkişaf etdirilməsi, tarixi materializm, dialetik məntiq, siyasi iqtisad, elmi kommunizm nəzəriyyəsinin əsas problemlərinin, inqilabi fəhlə hərəkatının taktiki  məsələlərinin işlənib hazırlanması F.Engelsin xidmətidir. V.İ.Leninin yazdığı kimi “Engelsin bütün əsərlərini nəzərə almadan marksizmi başa düşmək və onu mükəmməl şərh etmək olmaz” (Əsərləri, c.21, səh.82). Yaradıcılarından biri Engels olan marksizm – leninizm nəzəriyyəsi tarixin ciddi sınaqlarından şərəflə çıxmışdır. Marksizm – leninizm düzgün strategiya və taktika hazırlamaq üçün yeganə etibarlı əsasdır. O, bizə tarixi perspektiv haqqında anlayış verir, qabaqcadan uzun illər üçün ictimai – iqtisadi və siyasi inkişafın istiqamətini müəyyən etməkdə, beynəlxalq hadisələrdən düzgün baş açmaqda kömək edir.
Hələ Sovet hakimiyyətinin qələbəsindən əvvəl Azərbaycanda F.Engelsin “Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi”, “Almaniyada inqilab və əksinqilab”, “Almaniyada sosializm”, “Anti – Dürinq”, “İngiltərədə fəhlə sinfinin vəziyyəti”,  “Lüdviq Feyerbax və klassik alman fəlsəfəsinin sonu”, K.Marksla birgə yazdıqları “Kommunist Partiyasının Manifesti” əsərləri yayılmışdı.
SSRİ-də, o cümlədən sovet Azərbaycanında F.Engelsin adına mədəni-maarif müəssisələri, kolxoz və sovxozlar, küçələr var idi. Ötən əsrin 90-cı illərində beynəlxalq imperializm sovet dövlətini süquta uğratdıqdan sonra həmin ünvanlardan F.Engelsin adını götürmüşdür. Burjuaziya dərk etməlidir ki, bu çıxış yolu deyil, F.Engelsin şərəfli adı  milyonlarla insanın qəlbindədə əbədi yaşayır və yaşayacaqdır. Haqq işimizə, sosializm uğrunda mübaizə yolumuza F.Engelsin ölməz ideyaları daim işıq saçır.
Ədalət Abdinov




Отправить комментарий

0 Комментарии