Recents in Beach

AZƏRBAYCAN KOMMUNİSTLƏRİNƏ YENİ İL TƏBRİKİ

Yoldaşlar!

Yola saldığımız 2017-ci il bəşəriyyətin müqəddəratını  dəyişmiş,  xalq üçün azadlıq, ədalət və xoşbəxtlik yolu açmış Böyük Oktyabr sosialist inqilabının 100 illiyi ilə yadda qaldı. Oktyabrın ildönümü insanların ən böyük, ən təntənəli bayramıdır. Bununla yanaşı, o həm də beynəlxalq bayramdır. Bütün dünyanın zəhmətkeşləri, yer üzündə azadlıq dostlarının, sülh və tərəqqi dostlarının hamısı bu bayramı qeyd etdi.
Böyük Oktyabr sosialist inqilabının yüzüncü ildönümündə iştirak etmək üçün dünya ölkələrinin  kommunist və fəhlə partiyaların nümayəndələri  noyabrın 2-4-də Leninqradda və noyabrın 5-7-də Moskvada beynəlxalq tarixi görüş keçirtdilər. Düzdür, Azərbaycanı təmsil etməyə layiq olan sədaqətli, əqidəli kommunislər orada iştirak etməmişdir. Buna baxmayaraq, həmin  əlamətdar görüş bir daha göstərdi ki, inqilabımızın parlaq məşəli bu gün də bütün qitələrin xalqlarını ruhlandırır, onların imperializm əsarətindən xilas olmaq yolunu, azadlıq və istiqlaliyyət, sosializm və kommunizm yolunu işıqlandırır.   
Hadisələrin gedişi göstərir ki, dünyanın inkişafı Oktyabr ideyalarının, leninizm ideyalarının qüdrətli təsiri altında cərəyan edir. Qarşıdan gələn yeni – 2018-ci ildə də əbədiyaşar marksizm-leninizm təlimi dünyada dəyişikliklərin bütöv bir silsiləsinin təməlini qoyan güclü təkan olcaqdır. Kapital ölkələrində sinfi vuruşmaların şiddətlənməsi, dünya imperializm mövqelərinin daim zəifləməsi – 2017-ci ilin yekunu məhz bunlardan ibarətdir.
2018-ci ildə bütün qitələrdə sülh, demokratiya, milli isiqlaliyyət və sosializm uğrunda mübarizə, imperializmin mövqelərinin bir-bir əldən çıxması davam edəcəkdir. Bu mübarizədə ən başlıca nailiyyət bizim sosializmə yaxınlaşmağımızdır.
Azərbaycan kommunistləri həmişə olduğu kimi, yeni ildə də dünya ölkələrin kommunist və fəhlə partiyaları  ilə münasibətlərdə sosialist beynəlmiləlçiliyi prinsiplərini, tam hüquq bərabərliyi və müstəqillik əsasında əməkdaşlığı və qarşılıqlı yardımı möhkəmləndirmək arzusunu rəhbər tutacaqlar!
Əsarət və istismar mənbəyi olan kapitalizmlə həmişəlik vidalaşmağın vaxtıdır. Dünyanı sosializm işığı bürüyəcəkdir. Sosializm Avropa və Asiyanın ucsuz-bucaqsız ərazisində yenə də min kilometrlərlə uzanacaqdır. Amerika qitəsində  sosializm ocağı yaranmışdır. Sosializm Afrikanın bir çox ölkələrinin xalqları üçün ruhlandırıcı timsaldır. Sosializm bəşəriyyətə gündən-günə daha güclü, daha böyük təsir göstərir.
Kommunist hərəkatı imperialist irticacı qüvvələri ilə şiddətli çarpışmalarda, sülh, milli istiqlaliyət, demokratiya uğrunda, sosializm ideyalarının təntənəsi uğrunda mübarizədə mətinləşir. Azərbaycandan fərqli olaraq, digər  kapital ölkələrində kommunist partiyaları böhtanlara və təqiblərə məruz qalmışlar və qalırlar. Lakin bütün çətinliklərə baxmayaraq, onlar inqilabi marksizm-leninizm bayrağını yüksək tuturlar. Onlar öz ideyalarının həyati qüvvəsini öz işləri ilə zəhmətkeşlərə sübut edirlər. Azadlıq uğrunda mübarizədə canlarından keçmiş qəhrəman kommunistlərin çanlı adları xalqların xatirində yaşayır və  hünərlər göstərməyə cağırır.
Yeni il bayramında Azərbaycan Kommunistlər Birliyi qardaş kommunist partiyaların hamısına atəşin salam göndərir, onlarla həmrəy olduğunu  və onları müdafiə etdiyini bildiri!
Bizə müxalif qüvvələr  kommunist hərəkatını zəiflətməyə çalışırlar. Onlar bu hərəkatda yaranmış ixtilaflardan istifadə edib leninçi-stalinçi  qüvvələrə zərər vurmaq istəyirlər. Bu şəraitdə kommunist hərəkatını sıx birləşdirmək və onun yekdilliyini möhkəmləndirmək vəzifəsi xüsusi əhəmiyyət kəsb edir. Bu vəzifəni yerinə yetirmək üçün konkret surətdə təsirli tədbirlər görmək lazımdır, sıx birləşmək yolunda addımbaaddım irəliləmək lazımdır. Baxışlarda təzahür edən fərqlərin ümumi düşmənə - imperializmə qarşı mübarizədə kommunistləri güclü edən başlıca cəhəti – onların birliyini sarsıtmasına yol vermək olmaz.
Qoy kommunistlərin böyük hərəkatı gündən-günə genişlənsin və möhkəmlənsin, öz birliyini gücləndirərək daha da qüvvətlənsin, imperializmə qarşı, bütün zəhmət adamların parlaq gələcəyi uğrunda mübarizədə yeni müvəffəqiyyətlərə nail olsun!
Əziz yoldaşlar, yeni iliniz mübarək,  hər birinizin  ailəsinə cansağlığı, xoşbəxtlik arzulayıram!

Ədalət Abdinov,
Azərbaycan Kommunistlər Birliyinin sədri
Bakı şəhəri, 30 dekabr 2017-ci il.


Отправить комментарий

1 Комментарии