Recents in Beach

AZƏRBAYCAN KOMMUNİSTLƏR BİRLİYİNİN SƏDRİ ƏDALƏT ABDİNOVUN YENİ İL TƏBRİKİ

Əziz yoldaşlar! Dostlar!

Biz yeni, 2019-cu ili qarşılayırıq. 2018-ci ildə yadda qalan əlamətdar hadisələrdən biri də  Lenin komsomolunun yaranmasının 100 illiyini təntənə ilə qeyd etməyimiz oldu. 
Beynəlxalq kommunist və fəhlə hərəkatı da bir çox mühüm hadisələrlə zəngin olmuşdur. Yunanıstanın paytaxtı Afinada Beynəlxalq kommunist və fəhlə partiyaların 20-ci yubiley müşavirəsi keçirilmişdir. Ənənəvi görüşdə dünyanın 50 ölkəsindən 91 partiyanın nümayəndələri iştirak etmişdir.
İrlandiyanın paytaxtı Dublində keçirilmiş dünyanın 35-dən çox ölkəsinin 300 qədər nümayəndəsinin iştirak etdiyi imperializmin yuvası ABŞ/NATO hərbi bazalarına qarşı birinci beynəlxalq konfrans dünya kommunist və fəhlə hərəkatının gündən-günə artan gücünü nümayiş etdirdi.
Dünyada inhisarların hökmranlığına qarşı, sülh, demokratiya və sosializm uğrunda mübarizədə xalq kütlələrinin mübarizəsi genişlənir, kapitalizmin ümumi böhran şəraitində imperialist burjuaziyanın mövqeləri laxlayır. Kapitalist istehsal üsulunun daxili ziddiyyətləri kəskinləşməkdədir. Böhran, ölkəni, burjua cəmiyyətini sarsıtmaqdadır. Kapitalizmin ümumi böhranı onun dünya miqyasında süqutu dövrünün başlanması deməkdir.
Sovet adamları Yeni ilin bayram əhval-ruhiyyəsini çox yaxşı xatırlayırlar. Bu gün isə insanların sabahkı günə ümidi azdır. Çünki burjua hakimiyyətinin siyasəti onların ümdə mənafelərinə uyğun deyil. Xilas yolumuz olan marksizm-leninizm təlimindən müasir şəraitə uyğun  bəhrələnərək kommunist və fəhlə hərəkatında sıx birləşməliyik. Bu yolda hər kəs vicdanlı, fədakar əməyini əsirgəməməlidir. Sosializmə doğru vəzifələrimizin yerinə yetirilməsi hər kəsin təşəbbüsündən və məsuliyyətindən, ictimai-siyasi proseslərdə fəal iştirakından asılıdır. Bu, həm də şərəf işimiz və vətənpərvərlik borcumuzdur.
Yeni ilə qədəm qoyarkən sosialist ölkələrinin zəhmətkeşlərinə səmimi təbriklərimizi və ən xoş arzularımızı yetiririk! Azərbaycan kommunistləri həmişə onların etibarlı dostu və müttəfiqi olacaqdır.
Dost dövlətlərin xalqlarını hərarətlə təbrik edirik! Xarici yoldaşlarımıza və dostlarımıza, imperializm və zülm, irtica və müharibə əleyhinə çarpışan bütün mübarizlərə  əmin-amanlıq və səadət arzulayırıq!
Əziz yoldaşlar!
Sayı gündən-günə artmaqda olan işsizlər, kasıblar, yoxsullar, güzəranı, dolanışığı ağır olan insanlar  Yeni ili maddi mərhumiyyətlər şəraitində  qarşılayırlar. Sosial problemlər, səfalət girdabında çabalayan insanların ailəsinə, qoy Yeni il xoşbəxtlik və sevinc gətirsin!
Fəhlələri, kəndliləri və burjua ideologiyasını rədd edən həqiqi ziyalıları Yeni il münasibətilə təbrik edirəm!
Veteran kommunistlərə səmimi Yeni il salamı! Son 27 ildə kommunist hərəkatına hədsiz sədaqət göstərmiş insanlara ən xoş arzularımı bildirirəm!
Fədakar zəhmətkeş, alovlu vətənpərvər olan solçu qadınları – qayğıkeş anaları və qadınları səmimi-qəlbdən təbrik edirəm!
Sovet nəsillərin mübarizə ənənələrini davam etdirən gənclərimizi hərarətli təbrik edirəm!
Bu Yeni il bayramı gecəsində öz əmək və əsgəri borcunu yerinə yetirənlərin, doğma torpaqdan uzaqda olanların hamısını təbrik edirəm!
Əziz yoldaşlar, Yeni iliniz mübarək, sizə yeni səadət arzulayıram!

Ədalət Abdinov,
Azərbaycan Kommunistlər Birliyinin sədri
31 dekabr 2018-ci il




Отправить комментарий

0 Комментарии