Məlum olduğu kimi 1 noyabr 2015-ci ildə
125 seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə V çağırış
seçkilər keçirilmişdir. Deputatların səlahiyyət müddəti 5 il olduğuna görə
respublikada növbəti parlament seçkiləri 2020-ci ildə keçirilməlidir. 2020-ci
ildə Milli Məclisə seçkilər keçirilsə, qanuna əsasən növbəti seçkilər 2025-ci
ildə baş tutmalıdır. Həmin il isə Azərbaycanda prezident seçkisi ilidir. Bu
mənada ölkədə növbədənkənar parlament seçkilərin keçirilməsi ehtimalı meydana
çıxır. Bununla əlaqədar mətbuatda da müzakirələr gedir. Mövzu ilə bağlı Azərbaycan Kommunistlər Birliyinin sədri Ədalət Abdinova
müraciət etdik. O, dedi:
-Burjua
dövlətlərində seçkili orqanların təşkili və vətəndaşların öz seçki hüquqlarını
həyata keçirilməsi qaydası zahirən cəlbedici olsa da, mahiyyətdə formal
xarakter daşıyır. Belə bir saxta görüntü yaradılır ki, seçki sistemi seçki
hüququ normaları ilə tənzimlənir, ümumilik və bərabərlik prinsiplərinə
əsaslanır.
Baxın,
Azərbaycan Respublikasının Milli Məclisinin tərkibinə, orada bir fəhləyə,
zəhmətkeş kəndliyə rast gəlməzsiniz. Burjuylar öz mənafeyi naminə qeyd etdiyim
həmin o çox vacib olan bərabərlik prinsipinə heç vaxt imkan verməzlər. Əks
təqdirdə, bu onların istismarçı, soyğunçu fəaliyyətinə böyük bir maneə olar.
Burjua
seçki sistemi sərbəst mandat adlanan prinsipə əsaslanır, yəni deputatlar
seçicilərdən asılı deyil, bu o deməkdir ki, deputatların verdikləri vədi yerinə
yetirməsi məcburi deyil.
Sosialist
seçki sistemi imperativ mandat prinsipinə əsaslanır, yəni deputatlar
seçiçilərin tapşırığını yerinə yetirir və bütün fəaliyyətlərinə görə onların
qarşısında məsuldurlar və geri çağrıla bilərlər.
Burjua
Azərbaycanında seçkilərin təşkili və keçirilməsi qaydası, deputatlığa
namizədlərin irəli sürülməsindən başlayaraq və səsvermənin nəticələri müəyyən
edilənədək hər bir seçicinin seçkilərdə iştirakının və sərbəst olaraq
iradəsinin ifadə etmək imkanını tam formal zəmin üzərində qurulmuşdur.
Sosialist
Azərbaycanında dövlət hakimiyyətinin ali orqanlarına müəyyən həyat təcrübəsinə
malik şəxslər seçilirdi. İndi bu meyar tamamilə itib, burada təcrübə yox, pul,
sərvət aparıcı rol oynayır. Bu da hakim burjuaziya tərəfindən sadə
vətəndaşların azad seçmək və seçilmək hüququna daha bir ağır zərbədir.
Növbədənkənar
parlament seçkilərin keçirilməsi isə inandırıcı deyil. İndiki parlamentin
tərkibini hakim zümrə müəyyən edib və bu tərkib bütün heyəti ilə ağalarının
göstərişlərini canla-başla yerinə yetirirlər. İqtidarın sğzəbaxan deputatlardan
imtina marağı da yoxdur. Bütün bunlarla yanaşı tarixi təcrübə göstərir ki,
burjua hakimiyyəti nəzarətində olan qüvvəni şəraitin tələbinə uyğun qurban verə
bilər.
İmanəli Şıxəliyev,
“Kommunist” internet qəzetinin müxbiri
0 Комментарии