Recents in Beach

LƏNKƏRAN KOMMUNİSTLƏRİ SSRİ-NİN YARANMASININ 96-CI İLDÖNÜMÜNÜ QEYD ETMİŞLƏR


Azərbaycan Kommunist Partiyası Lənkəran Rayon Komitəsində  30 dekabr 1922-ci ildə yaranmış Sovet Sosialist Respublikaları İttifaqının 96-cı ildönümünə həsr olunmuş “Sosialist demokratiyasının təntənəsi” adlı tədbir keçirilmişdir. 
Masallı və Astara Rayon Partiya Komitələrinin fəalları,  həmçinin ictimaiyyətin digər nümayəndələri də toplantıya qatılmış, lənkəranlı kommunistlərlə birlikdə onlar dünyada ilk ümumxalq sosialist dövlətinin yaradıcısı Vladimir İliç Leninin portreti önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Azərbaycan Kommunist Partiyası Lənkəran Rayon Komitəsinin birinci katibi Rza Cəfərov  dünyanın ən böyük güc mərkəzi olmuş sovetlər birliyinə həsr olunmuş geniş məruzə etmişdir. O, demişdir: “SSRİ fəhlələrin, kəndlilərin və ziyalıların, ölkənin bütün millət və xalqlarının iradəsini və mənafeyini ifadə edən ilk sosialist ümumxalq dövləti idi. Sahəsi 22 402,2 min kv.km olan SSRİ-də 15 müttəfiq respublika, bunların tərkibində isə 20 muxtar, 8 muxtar vilayət, 10 muxtar mahal, 129 ölkə və vilayət (o cümlədən 6 ölkə), 3201 rayon, 2124 şəhər, 3936 şəhər tipli qəsəbə mövcud idi. Bunların hamısı bizim vətənimiz idi, vahid sovet pasportu ilə maneəsiz, rahat orada pulsuz təhsil alıb, işləyib, yaşayıb və xoş güzəran keçirə bilərdik”.
Satqın Mixail Qorbaçovun əli ilə yırtıcı beynəlxalq imperializmin məkrli planına əsasən SSRİ süquta uğradı. – Rza Cəfərov dedi. – Bildiyiniz kimi, 1991-ci ilin martında Sovet İttifaqı vətəndaşları referendumda vahid dövlətin saxlanılmasına səs versələr də, ali rəhbərliyin hüquqa zidd əməlləri, qeyri-qanuni hərəkətləri ölkənin dağılmasına səbəb olub. Referendumda sovet vətəndaşlarının 77,85%-i SSRİ-nin saxlanılması lehinə səs vermişdi. Bu rəqəmin az göstərilməsi də şübhəlidir. Həmin il dekabrın 8-də Rusiya, Ukrayna və Belarus prezidentləri Boris Yeltsin, Leonid Kravçuk və Stanislav Şuşkeviç SSRİ-nin buraxılması və MDB-nin yaradılmasına dair Belovejsk sazişi imzalamışdılar. Dekabrın 21-də keçmiş sovet respublikaları (Baltikyanı ölkələr və Gürcüstan istisna olmaqla) bu sazişə qoşulmuş və dekabrın 25-də Qorbaçov prezident səlahiyyətlərini dayandırmışdı.
Yoldaş Rza Cəfərov daha sonra demişdir: “Kapitalistlərin nökəri olan Qorbaçov Konstitusiyada olmayan SSRİ Dövlət Şurasını yaratmış və bu qondarma orqan Baltikyanı respublikaların müstəqilliyini tanıyıb. Təsəvvür edin, 1991-ci il noyabrın 4-də SSRİ Baş prokurorluğu nəzdindəki Dövlət təhlükəsizliyi Haqqında Qanunların İcrasına Nəzarət İdarəsi xəyanətkar Qorbaçova qarşı cinayət işi açıb. Lakin bir gün sonra əlindəki hakimiyyətdən sui istifadə edən Qorbaçovun təzyiqi altında SSRİ Baş prokurorluğu cinayət işinin açılması barədə qərarı ləğv edib”.
Tədbirdə çıxış edənlər işsizliyin, evsizliyin, devalvasiyanın, çətin maddi durumun nə olduğunu bilməyən sovet vətəndaşlarının qayğısız həyatından danışmışlar. Sovet ölkəsində hakim istismarçı təbəqə yox idi, şəxsiyyət əzilmirdi, əksinə onun fiziki və mənəvi iqtidarının hərtərəfli inkişafına kömək edilirdi. Sosialist dövlətinin ümumxalq mahiyyəti onun strukturunda, fəaliyyətinin prinsip, forma və metodlarında demokratizmin daha da inkişafı ilə səciyyələnirdi.
Tədbir partiya sıralarına qəbul və fəalları mükafatlandırma ilə yadda qalan olmuşdur. Belə ki, Lenin ideyalarına sadiq Daşdəmir Novruz oğlu Qarayevə partiya bileti verilmiş, Sovet ordusu sıralarında Əfqanıstanda vuruşmuş Naib Həsən oğlu Zeynalzadə  "Sovet Ordusunun yaranmasının 100 illiyi" yubiley medalı ilə təltif olunmuşdur.
"Kommunist" internet qəzeti








Отправить комментарий

0 Комментарии