Azərbaycan Kommunist
Partiyası Lənkəran
Rayon Komitəsində 30 dekabr 1922-ci ildə yaranmış Sovet Sosialist
Respublikaları İttifaqının 96-cı
ildönümünə həsr olunmuş “Sosialist demokratiyasının təntənəsi” adlı tədbir
keçirilmişdir.
Masallı və
Astara Rayon Partiya Komitələrinin fəalları, həmçinin ictimaiyyətin digər nümayəndələri də
toplantıya qatılmış, lənkəranlı kommunistlərlə birlikdə onlar dünyada ilk
ümumxalq sosialist dövlətinin yaradıcısı Vladimir İliç Leninin portreti önünə
gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Azərbaycan Kommunist Partiyası Lənkəran Rayon
Komitəsinin birinci katibi Rza Cəfərov dünyanın ən böyük güc mərkəzi olmuş sovetlər
birliyinə həsr olunmuş geniş məruzə etmişdir. O, demişdir: “SSRİ fəhlələrin, kəndlilərin və ziyalıların,
ölkənin bütün millət və xalqlarının iradəsini və mənafeyini ifadə edən ilk
sosialist ümumxalq dövləti idi. Sahəsi 22 402,2 min kv.km olan SSRİ-də 15
müttəfiq respublika, bunların tərkibində isə 20 muxtar, 8 muxtar vilayət, 10
muxtar mahal, 129 ölkə və vilayət (o cümlədən 6 ölkə), 3201 rayon, 2124 şəhər,
3936 şəhər tipli qəsəbə mövcud idi. Bunların hamısı bizim vətənimiz idi, vahid
sovet pasportu ilə maneəsiz, rahat orada pulsuz təhsil alıb, işləyib, yaşayıb
və xoş güzəran keçirə bilərdik”.
Satqın Mixail Qorbaçovun
əli ilə yırtıcı beynəlxalq imperializmin məkrli planına əsasən SSRİ süquta
uğradı. – Rza Cəfərov dedi. – Bildiyiniz kimi, 1991-ci ilin martında Sovet
İttifaqı vətəndaşları referendumda vahid dövlətin saxlanılmasına səs versələr
də, ali rəhbərliyin hüquqa zidd əməlləri, qeyri-qanuni hərəkətləri ölkənin
dağılmasına səbəb olub. Referendumda sovet vətəndaşlarının 77,85%-i SSRİ-nin
saxlanılması lehinə səs vermişdi. Bu rəqəmin az göstərilməsi də şübhəlidir.
Həmin il dekabrın 8-də Rusiya, Ukrayna və Belarus prezidentləri Boris Yeltsin,
Leonid Kravçuk və Stanislav Şuşkeviç SSRİ-nin buraxılması və MDB-nin
yaradılmasına dair Belovejsk sazişi imzalamışdılar. Dekabrın 21-də keçmiş sovet
respublikaları (Baltikyanı ölkələr və Gürcüstan istisna olmaqla) bu sazişə
qoşulmuş və dekabrın 25-də Qorbaçov prezident səlahiyyətlərini dayandırmışdı.
Yoldaş Rza Cəfərov daha sonra demişdir: “Kapitalistlərin nökəri olan Qorbaçov
Konstitusiyada olmayan SSRİ Dövlət Şurasını yaratmış və bu qondarma orqan
Baltikyanı respublikaların müstəqilliyini tanıyıb. Təsəvvür edin, 1991-ci il
noyabrın 4-də SSRİ Baş prokurorluğu nəzdindəki Dövlət təhlükəsizliyi Haqqında
Qanunların İcrasına Nəzarət İdarəsi xəyanətkar Qorbaçova qarşı cinayət işi
açıb. Lakin bir gün sonra əlindəki hakimiyyətdən sui istifadə edən Qorbaçovun
təzyiqi altında SSRİ Baş prokurorluğu cinayət işinin açılması barədə qərarı
ləğv edib”.
Tədbirdə çıxış edənlər
işsizliyin, evsizliyin, devalvasiyanın, çətin maddi durumun nə olduğunu
bilməyən sovet vətəndaşlarının qayğısız həyatından danışmışlar. Sovet ölkəsində
hakim istismarçı təbəqə yox idi, şəxsiyyət əzilmirdi, əksinə onun fiziki və
mənəvi iqtidarının hərtərəfli inkişafına kömək edilirdi. Sosialist dövlətinin
ümumxalq mahiyyəti onun strukturunda, fəaliyyətinin prinsip, forma və
metodlarında demokratizmin daha da inkişafı ilə səciyyələnirdi.
Tədbir partiya sıralarına qəbul və fəalları mükafatlandırma ilə yadda qalan olmuşdur. Belə ki, Lenin ideyalarına sadiq Daşdəmir Novruz oğlu Qarayevə partiya bileti verilmiş, Sovet ordusu sıralarında Əfqanıstanda vuruşmuş Naib Həsən oğlu Zeynalzadə "Sovet Ordusunun yaranmasının 100 illiyi" yubiley medalı ilə təltif olunmuşdur.
"Kommunist" internet qəzeti
0 Комментарии