Recents in Beach

Ümumittifaq ağsaqqalı


Sovet İttifaqı Kommunist Partiyası və Sovet dövləti xadimi Mixail İvanoviç Kalinin 19 noyabr 1875-ci ildə Tver quberniyasının Verxiyaya Troitsa kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1893-cü ildə Peterburqda başlamışdır. 1896-cı ildən Peterburqdakı Putilov zavodunda tokar işləmiş, marksist dərnəyi yaratmışdır.

1898-ci ildə Kommunist Partiyası sıralarına daxil olmuşdur. 1900-cü ilin aprelində Tiflisə sürgün olunmuşdur. Tiflisə gedərgən yolüstü Bakıya gəlmiş, Balaxanıda gizli yığıncaqda Peterburq “Mübarizə ittifaqını”nın,  V.İ.Leninin fəaliyyətindən danışmışdır. Həmin ildə həbs olunub Metex qalasına salınmış, 1901-ci ildə Revelə (indiki Tallin) sürgün edilmişdir.

Leninçi “İskra”nın agenti və müxbiri idi. 1905-ci ildə Putilov zavodunun bolşevik təşkilatına rəhbərlik etmiş, 1906-cı ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyası (RSDFP) Peterburq Komitəsinin üzvü seçilmiş, partiyanın IV qurultayının nümayəndəsi omuşdur.

1908-1910-cu illərdə Moskvada, 1911-1912-ci illərdə Peterburqda işləmiş, RSDFP  Peterburq Komitəsinin tərkibinə daxil olmuş, Vıborq rayonunun partiya təşkilatına rəhbərlik etmişdir.

Partiyanın 6-cı (Praqa) konfransında (1912) RSDFP  MK üzvlüyünə namizəd seçilmiş, MK Rus bürosu tərkibinə daxil edilmişdir. “Pravda”nın yaradılmasının və Fevral burjua – demokratik inqilabının (1917) iştirakçısı, ilk ieqal bolşevik Petroqrad Komitəsinin üzvü və onun RSDF(b)P MK bürosunda nümayəndəsi olmuşdur. “Pravda”nın redaksiya heyətinə daxil idi. Partiyanın VI qurultayına nümayəndə seçilmişdir.

Böyük Oktyabr sosialist inqilabının qələbəsindən sonra Petroqrad şəhər bələdiyyəsinin başçısı, 1918-ci ildə şəhər təsərrüfatı komissarı vəzifələrində işləmişdir. Partiyanın VIII qurultayında RK(b)P MK üzvü, 1919-cu il martın 30-da V.İ.Leninin təklifi ilə ÜRMİK sədri seçilmişdir.

Vətəndaş müharibəsi dövründə geniş təşkilat işi aparmış, “Oktyabr inqilabı” təviqat qatarına başçılıq etmişdir.

1925-ci ildə ÜİK(b)P MK Siyasi Bürosu tərkibinə daxil olmuşdur.

1922-ci ilin dekabrından SSRİ MİK-in sədri, 1938-1946-cı illərdə SSRİ Ali Sovet Rəyasət Heyətinin sədri idi.

M.İ.Kalinin Azərbaycan Kommunist (b) Partiyasınin V qurultayında (1925, mart) RK(b)P-nin qarşıdakı XII qurulyayı haqqında məruzə etmiş, Azərbaycanda sovet hakimiyyətinin 15-ci ildönümü bayramında (1935, dekabr) respublikaya Lenin ordeni təqdim etmişdir.

 M.İ.Kalinin 1923, 1927, 1940 və 1945-ci illərdə Bakıda olmuşdur.

Sovet xalqı M.İ.Kalinini  böyük hörmətlə “Ümumittifaq ağsaqqalı” adlandırırdı.

Sosializm quruculuğu, kommunist tərbiyəsi, ədəbiyyat və incəsənətə dair əsərləri var. 2 dəfə Lenin ordeni, 2 Qırmızı Əmək Bayrağı ordeni, həmçinin medallarla təltif olunmuşdur.  1944-cü ildə Sosialist Əməyi Qəhramanı adına layiq görülüb.

Mixail İvanoviç Kalininin 3 iyun 1946-cı ildə vəfat edib, Moskvada Qızıl meydanda dəfn olunub.

Tver şəhərinə (1931-ci ildə), bir çox yaşayış məntəqəsinə və rayonuna Kalininin adı verilmişdir.

1946-cı ildə Moskvada Mixail İvanoviç Kalininin xatirə muzeyi açılmışdır.

Azərbaycanda da xalqın bu sevimli şəxsiyyətinin adına zavod və fabriklər, sovxoz və kolxozlar və s. olmuşdur.

Sadə həyat tərzi keçirmiş M.İ.Kalinin əsil xalq adamı olmuşdur.

Ədalət Abdinov



 

 

Отправить комментарий

0 Комментарии