Telman Nurullayev,
Azərbaycan Kommunist Partiyasının sədri
Fransa Senatının 2022-сi il noyabrın 15-də məlum qətnaməni qəbul etməsinin ardınca bu ölkənin Milli Assambleyası da noyabrın 30-da Azərbaycana qarşı qərəzli siyasi aksiya təşkil etmiş, beynəlxalq hüququn normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirən, dövlətimizin ərazi bütövlüyünü və suverenliyini hədəf alan məkrli, qeyri-obyektiv və ədalətsiz bir akt qəbul etmişdir. Azərbaycan kommunistləri Fransa Senatının və Milli Assambleyasının qəbul etdiyi bu qətnaməsini qəti şəkildə rədd edir və siyasi riyakarlıq kimi qiymətləndirirlər.Bütün dünya bilir ki, Ermənistan Azərbaycan torpaqlarını 30 ilə
yaxın işğal altında saxlamışdır. Dövlətimizin
münaqişəni dinc yolla nizama salınması
üçün daim səylər göstərirdi. Vasitəçilik vəzifəsini öhdəsinə götürən ölkələr,
xüsusən Fransa tərəfindən isə ikili standartlara yol verilirdi. BMT Təhlükəsizlik
Şurasının məlum qətnamələrinin tələbləri yerinə yetirilmirdi. Digər tərəfdən də
Beynəlxalq qaydaları kobud şəkildə pozan Ermənistan dövlətinə münasibətdə lazımi
qətiyyətin göstərilmirdi.
Antiazərbaycan prosesində Fransa xüsusi fəallıq göstərmişdir. Fransanın
hakimiyyət orqanlarının, o cümlədən parlamentin hər iki palatasının son təxribatçı
addımları da bunu təsdiq edir.
Qəbul olunmuş qətnamədə Ermənistanın Azərbaycana qarşı 30 il davam
edən işğalçılıq və etnik təmizləmə siyasəti, Xocalı soyqırımı, 44 günlük
müharibə zamanı Azərbaycanın şəhərlərinin ballistik raketlərlə atəşə tutulması,
işğal dövründə ölkəmizin 9 şəhəri və 300-dən artıq kəndinin viran edilməsi,
total minalama və mina terroru siyasəti, 4000 nəfərə yaxın vətəndaşımızın itkin
düşmüş hesab olunması, kütləvi məzarlıqların yerləri barədə məlumatlar bilərəkdən gizlədilmişdir.
Beynəlxalq kommunist və fəhlə partiyalarına bildirmişik ki, 2020-ci
ilin payızında xalqımızın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfər
Azərbaycan Respublikasının ərazi bütövlüyünün və haqq-ədalətin bərpasını öz
gücü ilə təmin etmişdir. Əzəli tarixi torpaqları olan Qarabağı və Şərqi
Zəngəzuru işğaldan azad etməklə Azərbaycan dövləti BMT-nin və digər beynəlxalq
təşkilatların qərarlarının icrasını təmin etmişdir.
Azərbaycan Kommunist Partiyası beynəlxalq kommunist və fəhlə
partiyalarını Fransa parlamentinin üzvlərinin Cənubi Qafqazda baş verən
hadisələrin təhrif edilməsi praktikasından əl çəkməsinə, Azərbaycanla
Ermənistan arasında sivil dövlətlərarası münasibətlərin qurulması üçün yaranmış
tarixi imkanın qarşısını ala bilən ritorikaya və hərəkətlərə son qoymasına
təsir göstərməyə cağırır.
0 Комментарии