Recents in Beach

Bu günkü köləlikdə dünənki azadlığın həsrəti

İsti yay günlərindən biri idi. Günortanın yandırıcı istisindən evlərinə çəkilmiş insanlar günəşin qüruba getdiyini görüb yava-yavaş küçə, bayıra axışırdılar. Mən də işlədiyim obyektdən çıxıb, binanın qarşısında saxladığım maşına doğru getdiyimdə, bir az aralıda binanın tinində oturmuş tanıdığım və tanımadığım bir neçə yaşlı insanın həmişəki kimi nədənsə söhbət etdiklərini gördüm. Öz-özümə, yaxşı deyil deyib, onlara yaxınlaşaraq salam verdim. Salamımı alandan sonra, tanıdığım yaşlı insanlardan biri işimin necə getdiyini soruşdu:

-Mən də cavab verdim ki, elinən gələn vay toy bayramdır. Yəni ki, özün bilirsən hal-hazırda əlinin qabarıyla, alnının təriylə, bir söznən halal zəhmətiylə yaşayan insanların işinin necə getdiyini. Bu sözdən sonra onun günəşin yandırıcı şüaları qarışıq, mövcud qurluşun ən xırda ehtiyacları içərisində boğularaq qaralmış sürətinin bir azda qaraldığını gördüm.

Onu dərindən tanımasam da haqqında bəzi şeylər eşitmişdim. Sovet höküməti dağılandan sonra, əlinə qara-qura yollarla güclü imkanlar keçmiş, sonrada qafil gəldiyi kimi, qafildə gedən, getməsi oyana, hətta bunu küllü miqdarda borca salmışdı.

Onun bu halını görüb, bir balaca da olsa belə ona sosializm dövrü yaşadığı, müəyyən dərəcədə xoş günləri xatırlaması, həm də bu insanın bir yaşlı insan kimi keçdiyi həyat yolunda sosializm demokratiyasına, yaxudda bu dırnaq arası burja demokratiyasına necə münasibət bəslədiyini bilmək üçün sual verdim:

-Ağsaqqal de görüm Sovet hökümətinə daha çox üstünlük verirsən, yoxsa bu dövrə. O dövrdə özünü yaxşı hiss edirdin, yoxsa bu dövrdə?

O, bir balaca fikrə gedərək dedi:

Oğlum mənim bu şeyləri izah etməyə elmnən gücüm çatmasada, etirazın yoxdursa elə düşünə bildiyim tərzdə cavab verim?

Əlbəttə ay ağsaqqal etirazım yoxdur. Əksinə sizin xalqın sadə dilində verəcəyiniz cavabdan mənə çatacaq həqiqət lazımdır. Yoxsa bu burja məmurlarının, burja ideoloqlarının bərli-bəzəkli, nəticəsi bəhrəsiz yalandan başqa bir şey olmayan sözlərindən onsuzda bezmişik. O, gülümsəyərək söhbətinə başladı:

- Oğul biz Ermənistanda doğulub böyümüşük. Doğsanıncı illər idi. Sovet hökümətinin dağılan vaxtları idi. Biz məcburən evimizdən, eşiyimizdən çıxası olduq. Bir neçə qohum, qonşu maşın kiralayıb, evimizdən vacib olan şeylərdən götürüb köçdük. Demək olar ki, hamımız arvadlı uşaqlı bu maşının kuzosunda yola düzəldik. Mal heyvan nəyimiz var idi, orda buraxası olduq. Oğul, bozdar adlı iri bir itim var idi. Birdə gördüm zəncirin qırıb arxamca gəlir. Sözün düzü qeyrətimə sığışdıra bilmədim. Maşını saxladıb, xahiş, minnət onu bir təhər maşına mindirdim. Biz o, vaxtı Azərbaycana deyil, Rusiyanın Kirasnador deyilən vilayətinə gedəsi olduq. Məskunlaşdığımız yerdə, bizi əhatə edən qonum, qonşuda olan itlərin hamısı, bu çibuş dediyimiz balaca sort itlərdən idi. Hərdən bu çibuşlar mənim bozdarımı küçədə, bacada görəndə, quyruqlarını bulay-bulaya, irəli, geri qaçaraq onun üstünə cumardılar. Bozdar yazıqda biz tərəflərdə belə itlər görmədiyi üçün bir növü onlara təəccüblə baxardı. Hərdən mənə elə gəlirdi ki, yazıq bozdar, öz-özünə fikirləşir, mən hara düşmüşəm. Sözün düzü o vaxtlar mən bozdarı bir o qədər də başa düşə bilmirdim. Amma illər keçdikcə, yaşa dolduqca, gördüklərimi, eşitdiklərimi, yaxşı yaman analiz etdikcə görürəm ki, bu xalqın qanını soran üzdən iraq məmurlara, artıq “müəllim” adı almış yekə qarın alverçilərə, bir sözlə bu xalqın qanının, canının bahasına təm-təraq içərisində yaşayan, bu dünyaya mədəsinin gözüylə baxan, üzdən iraq harınları görəndə, özümü bozdara, onları isə quyruqlarını bulaya-bulaya irəli, geri qaçan çibuşlara oxşadıram, ay oğul deyib üzümə baxdı.

Bütün bu iyrənclikləri müəyyən qədər olduğu kimi nəql edən ağsaqqal, bu iyrənc ziddiyyətlərin hardan, nədən yarandığını bilmədiyi üçün zəmanəni günahlandırırdı. Əgər o, dünən yaşadığı sosializmin yəni insanın insan tərəfindən istismarını qəti sürətdə ləğv edən, insan azadlığını maddi və mənəvi dəyərlər üzərində quran qurluşla, bu gün insanın insan tərəfindən istismarını dövlət qanununa çevirən, insan azadlığını maddi və mənəvi dəyərlərlə boğan burjuaziyanın fərqini elmi sürətdə bilsəydi yəyqin ki, zəmanəni deyil, dünən yaşadığı azadlığı bu günkü köləliyə qurban verdiyi üçün özünü günahlandırardı.

Vüsal Həsənoğlu

Отправить комментарий

0 Комментарии