Rusiya-Amerika sammiti ilk dəfə deyil ki, Alyaskada təklif olunur. Hətta Stalinin dövründə Alyaskada onunla Truman, Ruzvelt arasında görüşmək imkanı nəzərdən keçirilirdi. O zaman Stalin bu yerdən imtina etdi, çünki ora uçmaq lazım idi. SSRİ-in rəhbəri isə məlum olduğu kimi, təyyarə ilə cəmi bir dəfə - Tehrana uçub. Yalnız Bakıdan Tehrana və geriyə və bir daha heç vaxt. Digər tərəfdən orada müharibə zamanı qoşunların idarə olunması üçün lazım olan rabitə vasitələri yox idi. Buna görə də Alyaska o zaman rədd edildi, lakin mümkün görüş yerləri arasında qeyd edildi. Beləliklə, bundan sonra Tehran, Yalta və Potsdam oldu.
Alyaska hələ 1732-ci ildə rus dənizçiləri tərəfindən kəşf edilib. Rus gəncləri Kamçatkada düzəltdikləri gəmi ilə üzərkən ilk dəfə Alyaskanın sahillərini görüblər.
Alyaska 130 il ərzində ruslar tərəfindən istifadə olunub. Təsadüfi deyil ki, 740 min nəfərdən (Alyaskan ABŞ-ın ən az əhalisi olan ştatlardandır ) 12% pravoslavdır və onlar rus əsillidirlər.
Arxangelsk vilayətində Karqopol şəhəri var. 1982-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tələbə-İnşaat Dəstəsinin tərkibində Arxangelsk Vilayətində olarkən, Karqopol şəhəri ilə tanış olmuşam. Alyaskanın ilk qubernatoru Karqopoldan olan Baranov olub. Karqopol şəhərində Baranov adına sahil var və mən orada olmuşam.
Rusiya imperatoru liberal II Aleksandr çox səfeh bir hərəkət edərək, Alyaskanı cəmi 7,2 milyon dollar (indiki ekvivalenti ilə 150 milyon dollar) müqabilində ABŞ-a satmışdır. II Aleksandr onu satmağa qərar verənə qədər Alyaska uzun müddət Rusiya Amerikası adlanırdı. Amerikalılar isə buna uzun müddət müqavimət göstərdilər və hətta rüşvət verməli oldular ki, onu götürüb pulunu ödəsinlər. Həm də burada çox zəngin qızıl, neft yataqları və digər təbii sərvətlər var idi.
Alyaska tarixinin ən maraqlı səhifəsi Böyük Vətən Müharibəsi ilə bağlıdır. Çünki Alyaska ilə Çukotka arasındakı marşrut bir növ körpüyə çevrildi və təyyarələr bu körpü ilə köçürüldü. Pilotlar - həm ruslar, həm də amerikalılar qəhrəmancasına uçuşlar etdilər.
Yeri gəlmişkən, SSRİ-nin rəhbərləri də bu marşrutla uçurdular. Andrey Qromıko Amerikada səfir olarkən Alyaskadan keçib. Stalinin dövründə hökumət sədrinin birinci müavini Vyaçeslav Molotov San-Fransiskoda konfransa Alyaskadan keçib gedib.
Bu dostluq körpüsü Hitler faşizminə və yapon militarizminə qarşı mübarizə körpüsü olub. Görünür, Rusiya və ABŞ rəhbərləri bu məkanı seçərkən tarixin şanlı səhifəsini nəzərə alıblar.
Ədalət Abdinov
Globkom.info
0 Комментарии