Recents in Beach

Süni intellektin inkişafı bəşəriyyətdən tezliklə sosializmə keçidi tələb edir

 


Bu yaxınlarda “Google DeepMind”-in rəhbəri Demis Hassabis dedi ki, cəmi on, hətta beş ildən sonra hər hansı bir problemi ən azı insan kimi həll edəcək süni intellekt yarana bilər. Belə süni intellekt “süni ümumi intellekt” adlanır.

Bu, süni intellektin sürətlə inkişaf edən sahəsindən başqa bir xəbər deyil. Bu, bəşər tarixində köklü dönüşdən xəbər verir. Biz artıq mətnlər yazan, məlumatları ümumiləşdirən və ya şəkil çəkən süni intllekt köməkçisindən danışmırıq. Söhbət proqramçı, həkim, mühəndis, alim, menecer və demək olar ki, istənilən şəxs kimi müstəqil işləyə bilən sistemdən gedir.

Tarix bizə öyrədir: texnoloji tərəqqi özlüyündə sosial problemləri həll etmir. Sənaye İnqilabı insanları ağır fiziki əməkdən azad edən buxar maşınları yaratdı. Lakin ixtiralar kapitalistlərin əlində istismarçıya xidmət etməyə başladılar. Sənaye İnqilabının ilk yüz ilində işçilərin həyat səviyyəsi yüksəlmədi, əksinə aşağı düşdü. Yalnız fəhlələrin öz hüquqları uğrunda mübarizəsi vəziyyəti dəyişdi. İstənilən texnologiya neytraldır. Amma kapitalın əlində qazancını qat-qat artırır, insanlara xidmət etmir. Buna görə də marksizm əsas sualı - istehsal vasitələrinin kimə məxsus olduğunu düşünür.

Niyə süni ümumi intllekt radikal dönüşdür?

Əsrlər boyu işçilər işləməkdən imtina etməklə istismarçılara müqavimət göstərə bilirdilər. Təhkimçilər qaçırdılar. Fəhlələr tətil edirdilər. Effektiv idi: maşınlar işçilərsiz işləmirdi. Ancaq süni intllekt həm maşın, həm də işçidir. İnsanları bütün sənayelərdən tamamilə sıxışdırmaq potensialına malikdir. Ona görə də ona nəzarət məsələsi dünyanın taleyini həll edəcək.

Bu gün süni intellektin inkişafı demək olar ki, tamamilə böyük kapitalın - texnoloji korporasiyaların əlindədir. Belə davam edərsə, milyonlarla insan işini və dolanışığını itirəcək. Bəli, kapitalist dövləti yəqin ki, onların acından ölməsinə imkan verməyəcək. Ancaq onlar üçün layiqli həyat da təmin etməyəcəkdir.

Süni intellekt ən böyük kapitalistlərə super mənfəət gətirsə də, onlara yalnız cüzi bir məbləğ təklif olunacaq ki, bu da uşaq bağçalarının, kimyəvi maddələrdən hazırlanan yeməklərin və virtual əyləncələrin icarəsi üçün kifayət edəcək. İstənilən narazılıq dərhal yatırılacaq - məhz bu süni intellekt sistemləri tərəfindən.

Bu gün bizə xatırladılır ki, dövrün seçimi insan və ya süni intellektdir. Amma əsl seçim oliqarx süni intellekt və ya insanların süni intellektdir.

Əgər süni intellekt cəmiyyətin xidmətinə verilərsə, bəşəriyyətin min illik arzusu yaxın gələcəkdə gerçəkləşə bilər. İnsanlar adi işlərdən azad olacaq, özünü yaradıcılığa həsr edə biləcək, inkişaf üçün qeyri-məhdud imkanlar əldə edəcək. Süni intellekt və robototexnika o qədər bolluq təmin edəcək ki, bugünkü bahalı mallar pulsuz olacaq. Kommunizm praktiki olaraq həyata keçirilə bilən bir işə çevriləcəkdir. Amma bu güc kapitalın əlinə keçərsə, ən tutqun pessimistlərin belə təsəvvür edə bilmədiyi bir distopiya görəcəyik. Süni intellekt sahibləri ilə hər kəs arasındakı uçurum, dibsiz bir uçuruma çevriləcək. Kapitalizm öz mütləqliyinə çatacaq.

Bütün bunları bu gün düşünməliyik. Əks halda sabah çox gec olacaq.

Ədalət Abdinov

Globkom.info

Отправить комментарий

0 Комментарии