Ədalət Abdinov Azərbaycanda Sovet quruluşunun süqutundan sonra respublikada Kommunist Partiyasının fəaliyyətinin davam etdirməsində, möhkəmləndirilməsində, inkişafında mühüm xidmətləri olmuş nüfuzlu şəxslərdən biridir. Beynəlxalq kommunist və fəhlə hərəkatında prinsipial, mübariz marksist-leninçi kimi tanınır.
2022-cü il oktyabrın 16-da Ədalət Abdinovun rəhbərliyi ilə Azərbaycan Sosialist Hərəkatının təşəbbüs qrupu yaranmış, onlar zəruri təşkilati məsələləri həlli ilə məşğul olmuş və Hərəkatın Proqramını hazırlamışlar. Təşkilat qrupu onlara həvalə edilmiş tapşırıqları yerinə yetirdiklərinə görə sosialist fəallarla birlikdə Azərbaycan Sosialist Hərəkatını təsis etmək məqsədilə 15 iyul 2023-cü ildə təsis yığıncağı keçiriblər. Ədalət Abdinov Hərəkatın İdarə Heyətinin sədri seçilib.
“Kommunist partiyasından sosialist hərəkatına transfer etməyiniz hansı zərurətdən irəli gəldi?”- sualına Ədalət Abdinov belə cavab verdi:
-Karl Marks və Vladimir İliç Leninin ideyalarına əsaslanan sosial-siyasi nəzəriyyə olan marksizm-leninizm tarixə böyük təsir göstərsə də mən bir daha anladım ki, həm nəzəri, həm də praktiki cəhətdən onun mübahisəli tərəfləri də var. Belə ki, marksizm-leninizm insanın əsasən sosial varlıq olduğunu vurğulayır və fərdi maraqları ikinci plana keçirir. Bu bir.
İkincisi, leninizmin dövlətin bütün istehsal vasitələrini öz nəzarətinə alması ideyası iqtisadi səmərəsizliyə gətirib çıxartdı. Biz bunu SSRİ-nin təcrübəsində gördük.
Üçüncüsü, leninizm “proletar diktaturası” anlayışını əsaslandırdı, amma praktikada bu, bir partiyalı diktaturaya çevrildi. Hakimiyyət xalqın deyil, partiya elitasının əlində cəmləndi. Düzdür, kapitalizmdə hakim sinif burjuaziyadır, ancaq onların da diktaturasına imkan vermək olmaz.
Apardığım müşahidələr, təhlillər və tarixin ortaya qoyduğu təcrübə əsasında mən marksizmin sinifsiz cəmiyyət ideyasının utopikliyini görürəm. Ancaq sosialist ideyaları fikrimcə, reallığa daha yaxındır.
- Sosialist ilə kommunist arasında məna baxımından daha hansı fərqlər var?
- Sosialist, sosializm ideyasını və prinsiplərini müdafiə edən, ona inanan və onu həyata keçirmək istəyən adamdır. Bu sözün mənşəyi latınca “socialis” sözündən gəlir, mənası “ictimai”, “cəmiyyətə aid” deməkdir. Bir sözlə, sosialist cəmiyyətin rifahını, bərabərliyini və ədalətini əsas sayan şəxsdir.
İdeoloji məna baxımından sosialist, qeyd etdiyim kimi ictimai ədalət, bərabərlik, ümumi rifah və istehsal vasitələrinin (zavod, fabrik, torpaq və s.) cəmiyyətin və dövlətin mülkiyyətində olması prinsiplərinə əsaslanan ictimai-siyasi quruluşu və ya bu ideyanı müdafiə edən şəxsi ifadə edir.
Sosialist sosializm ideologiyasına inanan adamdır. O düşünür ki, böyük bərabərsizliklər (məsələn, varlı və kasıb arasında uçurum) ədalətsizlikdir.
Sosialistin məqsədi hamının rifah içində, istismar olunmadan yaşadığı bir cəmiyyət qurmaqdır.
Sosialist qeyd etdiyim kimi sosial (ictimai) ədalət prinsiplərinə əsaslanan sistemi- sosializmi müdafiə edir. Yəni onun düşüncəsi sosial dəyərlərə- bərabərlik, həmrəylik, ədalətə yönəlib. Buna görə də bu cür adamı sosialist adlandırırlar.
- Kommunistlərin də mübarizə şüarı bərabərlik, həmrəylik, ədalət kimi sosial dəyərlərdir…
-Bu, elədir. Ancaq burada fərqlər var. Sosialistlər deyirlər ki, heç kim aclıq çəkməməlidir, hər kəs bərabər maaş almalıdır, fabriklər xalqındır.
Kommunistlər isə bu ideyaları daha radikal formada– şəxsi mülkiyyəti tam ləğv etmək metodu ilə həyata keçirirlər. Onlar sinifsiz cəmiyyət– cəmiyyətdə zəngin və kasıb təbəqə olmamalıdır; ümumi mülkiyyət – zavodlar, fabriklər, torpaqlar bir nəfərə yox, xalqa məxsus olmalıdır; iş bölgüsü və bərabərlik– hər kəs bacardığı qədər işləməli, ehtiyacına görə yaşamalıdır; istismar olmadan həyat– heç kim başqasının əməyindən qazan götürməməlidir fikirləri əsas götürürlər.
Elə kommunist də latın mənşəli "kommunis" sözündən yaranıb, yəni ümumi, ortaq mülkiyyətə əsaslanan deməkdir. İdeoloji məna baxımından kommunist bütün istehsal vasitələrinin tam ümumi mülkiyyətdə olduğu, sinifsiz, dövlətsiz və bərabər hüquqlu cəmiyyət qurmaq ideyasını müdafiə edən şəxs və ya cəmiyyətin adıdır.
- Belə çıxır ki, sosialist ilə kommunist bir evdən çıxır, amma yolları ayrıdır?
- Mahiyyət etibarı ilə sosialist və kommunist sözləri bir-biri ilə sıx əlaqəlidir, amma eyni mənanı daşımır. Onların fərqi əsasən ideoloji mərhələlərdə və məqsədlərdədir. Əvvəla sosialistin uğrunda mübarizə apardığı sosializm nədir- sualına cavab axtaraq.
Sosializm kapitalizmdən sonra gələn, amma kommunizmdən əvvəl olan keçid mərhələsidir. Bu mərhələdə istehsal vasitələrinin (zavodlar, torpaq, resurslar və s.) çoxu dövlətin və ya ictimai mülkiyyətin olur. Məqsəd bərabərsizliyi azaltmaq, hər kəsə ədalətli əmək haqqı və sosial təminat verməkdir.
Sosializmdə dövlət mövcuddur və iqtisadiyyatı idarə edir. Burada “Hər kəsə əməyinə görə” şüarı irəli sürülür. Yəni kim çox işləyir, bir qədər çox da qazanır.
Qeyd etdiyim kimi burada fərqlər mövcuddur. Kommunistlərin uğrunda mübarizə apardıqları kommunizm sosializmdən sonrakı nəzəri son mərhələdir. Bu mərhələdə bütün istehsal vasitələri tam ictimai mülkiyyətdə olur. Siniflər, dövlət və pul sistemi ləğv olunur. İnsanlar “hər kəsdən bacarığına görə, hər kəsə ehtiyacına görə” prinsipinə əsasən yaşayırlar. Yəni artıq “maaş”, “özəl mülkiyyət” anlayışları yoxdur.
Kommunistlər qeyd etdiyim kimi fərdi mülkiyyətin tam ləğvini tələb edirlər. Nəzərə almırlar ki, insan təbiətində şəxsi maraq və mülkiyyət istəyi güclüdür. İnsanlar fərdi təşəbbüs olmadan eyni motivasiya ilə işləmək marağında deyillər.
- Cavabınızdan belə aydın olur ki, sosialistlər K.Marks, F.Engels, V.İ.Lenin kimi ideoloqların baxışlarını tam qəbul etmirlər?
- Sosialistlər Marks və Engelsin əsas fikirləri ilə razıdırlar ki, cəmiyyətin tarixi sinfi mübarizə ilə inkişaf edir. Kapitalizm mərhələsində burjuaziya (varlı sinif) və proletariat (fəhlə sinfi) arasında ziddiyyət yaranır. Bu ziddiyyət nəticəsində fəhlə inqilabı baş verir və sosialist cəmiyyəti yaranır. V.İ. Lenin Marksın ideyalarını Rusiya şəraitinə uyğunlaşdırdı. 1917-ci ildə baş verən Oktyabr inqilabı nəticəsində ilk sosialist dövləti- Sovet İttifaqı yarandı.
Sosialistlər V.İ.Leninin keçid mərhələsi kimi "Sosializm-kommunizmə gedən yoldur" fikrinin gerçəkliyinə xatircəm deyil, güman, şəkk və tərəddüdlə yanaşırlar. Tarix göstərdi ki, kommunistlərin kommunizm ideyası ideal utopik məqsəd olaraq qalır, real həyata keçməsi mümkün deyil. Çünki "tam kommunist cəmiyyəti"nin reallıqda baş tutmamasının əsas səbəblərindən biri onun insan təbiətinə zidd olmasıdır.
- Demək, sosialistlərlərin baxış bucağından görünən budur ki, kommunizm real deyil?
- Bilirsinizmi, kommunizm "nəzəri ideal"dır, sosializm isə "praktiki keçid mərhələsi" və ya daha real bərabərlik modeli kimi dəyərləndirilir. Tarixdə tam mənada "kommunizm qurluşu" heç vaxt olmayıb. Düzdür, kommunizmə keçid mərhələsi olan sosializm bir çox ölkədə- SSRİ, Çin, Kuba, Vyetnam, Şimali Koreya və s. qurulub. Ancaq Karl Marks və Fridrix Engelsin təsvir etdiyi bəşəriyyətin ən ali ictimai quruluşu kommunizm baş tutmamışdır. Bu, daha çox utopik (ideallaşdırılmış) mərhələ kimi qalıb. Heç bir ölkə bu mərhələyə faktiki çatmayıb. Bax, kommunistlərlə bizim fikir ayrılığımız burdan yaranır. Hələ 1960-1980-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi "kommunizmə keçid proqramları" qəbul etsə də, real nəticə əldə olunmadı. Beynəlxalq imperializmin qurduğu tələyə uyğun olaraq, 1980-ci illərin sonuna doğru iqtisadi geriləmə, korrupsiya və mərkəzləşmə sistemi böhran yaratdı.
Tam əminliklə qeyd etmək istəyirəm ki, kommunistlərin bütün istehsal vasitələri ümumi mülkiyyətdə olan, siniflər və istismar olmayan, dövlət və pul sistemi aradan qaldırılan, hər kəsin bacarığına görə işlədiyi, ehtiyacına görə yaşadığı ideal və nəzəri model- kommunizm cəmiyyəti qurmaq istəyinin gələcəyini görə bilmirəm. Marksın dövlətsiz cəmiyyət ideyası mübahisəlidir. Kommunizm qeyri-müəyyən vaxta qədər ideoloji və nəzəri məqsəd kimi qalacaq.
Şəhla Rzayeva


0 Комментарии