Həyatımızda elə insanlar olur ki, onların varlığı təkcə bir peşə ilə məhdudlaşmır. Onlar həm müəllim, həm yol göstərən, həm də mənəvi dayaq olurlar. Masallı rayonunun Bədəlan kənd orta məktəbində ədəbiyyat müəllimim Əvəz Nəbioğlu da məhz belə insanlardan idi. Onun vəfat xəbəri məni dərin kədərə qərq etdi. Çünki mən yalnız bir müəllimi deyil, həm də böyük ürəyə, zəngin dünyagörüşə və nəcib xarakterə malik bir insanı itirdim.
Əvəz müəllim bizə təkcə dərs keçmirdi. O, sözün gücünü, kitabın dəyərini, insanlığın və mərhəmətin əhəmiyyətini öyrədirdi. Onun dərsləri sadəcə proqram mövzularından ibarət olmurdu; hər dərs həyat haqqında yeni bir düşüncə, yeni bir baxış idi. O, şagirdlərinin qəlbində ədəbiyyata sevgi oyadır, bizi düşünməyə, hiss etməyə və insan olmağın dəyərini anlamağa çağırırdı.
S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin üçüncü - dördüncü kurslarda Əvəz Nəbioğlunun artıq respublika mətbuatında şeirləri dərc olunurdu. "Azərbaycan" jurnalında dərc olunan şerinin son misraları belə idi:
Mən səni sevməyi bilirəm ancaq,
Səni unutmağı öyrənməmişəm.
Şair-publisist Əvəz Nəbioğlu Nizami adına Ədəbiyyat İnstitutunun qiyabi aspiranturasına daxil olmuşdu. "Bədii yaradıcılığın psixologiyası" kimi mürəkkəb bir mövzuda yazdığı elmi iş EA-nın "Xəbərləri"ndə çap olunmuşdu. Ancaq elm yolunu davam etdirmədi. Ailə-məişət qayğıları onun bir alim kimi parlamağına imkan vermədi. Bədəlan kənd orta məktəbində bir müddət direktor da oldu. "Haralardasan" şeir kitabı işıq üzü gördü.
Onun səmimi münasibəti, qayğıkeş davranışı və hikmətli sözləri yaddaşımda həmişə yaşayacaq. Hər dəfə bir kitab açanda, bir şeir oxuyanda onun səsini, tövsiyələrini xatırlayacağam. Çünki o, bizə yalnız bilik deyil, həm də həyat dərsi verirdi.
Bu gün biz böyük bir insanla vidalaşırıq. Amma onun öyrətdiyi dəyərlər, bizə aşıladığı sevgi və qoyduğu izlər heç vaxt silinməyəcək. Əvəz müəllim hər zaman xatirələrimizdə, qəlbimizdə yaşayacaq.
Əvəz Nəbioğlu yaşadığı Bədəlan kəndini özünə dünya sandı. Və yazdı:
Dünya varlığımdan xəbər tutmadı,
Bu gəlməklə gəlməməyin nə fərqi,
Bu olmaqla olmamağın nə fərqi.
Burda qalacağam mən elə burda,
Yiyə durammadım verdiyim sözə.
Həsrət o diyara, həsrət o gözə,
Daha çalınmadı köç təbilləri,
Verdim küləklərə ötən illəri.
Burda qalacağam, mən elə burda,
Burda öləcəyəm, mən elə burda.
Ruhu şad, məkanı cənnət olsun. Onun xatirəsi daim hörmət və ehtiramla anılacaq.
Ədalət Abdinov


0 Комментарии