Recents in Beach

Maaşların uçurumu: məmurun 17 min manatı, vətəndaşın 220 manatı

 

Azərbaycan cəmiyyətində sosial ədalət haqqında danışarkən ən əvvəl bir suala cavab vermək lazımdır: ölkənin sərvəti və iqtisadi imkanları müxtəlif sosial təbəqələr arasında necə bölüşdürülür?
Bu gün təqdim olunan rəqəmlər bu sualı çox aydın şəkildə ortaya qoyur. Məlumatlara əsasən, baş nazirin aylıq maaşı 17 160 manat, baş nazirin birinci müavininin 15 950 manat, baş nazir müavininin 14 850 manat, nazirin 13 750 manat, mərkəzi icra hakimiyyəti orqanı rəhbərinin isə 13 200 manatdır. Bakı şəhər icra hakimiyyətinin başçısı üçün də 13 200 manat, Gəncə və Sumqayıt şəhər icra hakimiyyəti başçıları üçün 9 900 manat göstərilir.
Bunları sıravi vətəndaşın gəlirləri ilə yanaşı qoyanda məsələ artıq sadəcə «maaş fərqi» olmur. Bu, cəmiyyətin sosial təbəqələşməsinin ölçüsünə çevrilir.
2026-cı ildə Azərbaycanda minimum aylıq əməkhaqqı 400 manat, pensiyaçılar üçün yaşayış minimumu 245 manat, ölkə üzrə yaşayış minimumu isə 300 manat müəyyən edilib.
Daha diqqətçəkən rəqəm isə budur: əmək pensiyası almayan və müəyyən şərtlərə cavab verən yaşlı şəxslərə verilən yaşa görə sosial müavinət hazırda 220 manatdır.
17 160 manatla 220 manatın müqayisəsi nə deyir?
Sadə hesab aparaq.
17 160 manatlıq maaş 220 manatlıq yaşa görə müavinətdən 78 dəfə çoxdur!
Baş nazirin maaşı ilə 400 manatlıq minimum əməkhaqqını müqayisə etdikdə isə fərq 42,9 dəfədir!
13 200 manatlıq maaşla 400 manat minimum əməkhaqqı arasında fərq 33 dəfədir!
Əlbəttə, yüksək vəzifənin məsuliyyəti, səlahiyyəti və peşə tələbləri ilə sıravi işçinin əməkhaqqının eyni olması tələb edilmir. Məsələ bu deyil. Əsas sual başqadır:
Bu fərq ölkənin sosial reallığı, yaşayış xərcləri və vətəndaşların gəlirləri ilə nə dərəcədə əsaslandırılır?
Orta maaş rəqəmi də hər şeyi demir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar–iyul aylarında ölkədə muzdla çalışanların orta aylıq nominal əməkhaqqı 1 176,7 manat olub və illik ifadədə 7,2 faiz artıb. Eyni dövrdə istehlak qiymətləri indeksinin artımı 5,7 faiz göstərilib.
Lakin orta maaş rəqəmi cəmiyyətin bütün təbəqələrinin real vəziyyətini göstərmir. Çünki yüksək gəlirlərlə aşağı gəlirlərin bir rəqəmdə ortalaması sıravi işçinin cibində nə qədər pul qaldığını göstərmir.
Məsələn, 400–600 manat civarında qazanan insan üçün ərzaq, kommunal xidmətlər, nəqliyyat, dərman, kirayə və digər xərclərin hər biri büdcənin böyük hissəsini aparır. İşsiz insan üçün isə vəziyyət daha ağırdır.
Yaranmış anormal vəziyyətdə insanların psixoloji durumu gərginləşməkdədir. İşsizlik, yoxsulluq, borclanma və maliyyə stressi insanın psixoloji rifahına ciddi təsir göstərir.
Azərbaycan neft-qaz gəlirləri olan ölkədir. Dövlət Statistika Komitəsinin məlumatında 2026-cı ilin yanvar ayında neft-qaz sektorunda orta əməkhaqqının 4 064,7 manat, qeyri-neft-qaz sektorunda isə 1 050,1 manat olduğu göstərilir.
Deməli, problem yalnız «pul yoxdur» məsələsi kimi qoyula bilməz. Əsas məsələ mövcud iqtisadi resursların bölüşdürülməsi və sosial siyasətin prioritetləridir.
Bir tərəfdə aylıq gəliri on minlərlə manatla ölçülən yüksək vəzifəli şəxslər, digər tərəfdə isə 220 manatlıq yaşa görə müavinətlə yaşayan insanlar var.
Bu müqayisə istər-istəməz belə bir sual doğurur:
Dövlətin sosial siyasətində insanın əməyinin, qocalığının və gündəlik yaşayışının dəyəri necə müəyyən edilir?
Ədalət yalnız maaş cədvəli deyil.
Sosial ədalət yüksək vəzifəli şəxsin maaşının aşağı salınması ilə avtomatik təmin olunmur. Dövlət idarəçiliyində məsuliyyətli vəzifələrə layiqli əməkhaqqı verilməsi normal prinsipdir. Amma bunun digər tərəfi də var: zəhmətkeş insanın əməkhaqqı da onun normal həyatını təmin edə bilməlidir.
Minimum əməkhaqqının 400 manat, ölkə üzrə yaşayış minimumunun 300 manat, pensiyaçılar üçün yaşayış minimumunun 245 manat olduğu şəraitdə sosial siyasətin əsas hədəflərindən biri insanların minimum sosial ehtiyaclarını real şəkildə qarşılaya biləcək gəlir səviyyəsinə çatdırmaq olmalıdır.
Ona görə də məsələni «məmur niyə çox maaş alır?» sualı ilə məhdudlaşdırmaq düzgün deyil. Əsl sual budur:
Nə üçün yüksək vəzifələrə görə on minlərlə manatlıq gəlir normal hesab edilir, amma illərlə çalışan, əmək verən, cəmiyyətin sərvətini yaradan sıravi insanın layiqli həyat səviyyəsini təmin edən gəlir məsələsi hələ də bu qədər ciddi problemdir?
Əgər iqtisadi inkişafın son nəticəsi vətəndaşın gündəlik həyatında hiss olunmursa, yalnız makroiqtisadi göstəricilərin yüksəlməsi sosial rifahın tam mənzərəsini yaratmır.
Dövlətin gücü yalnız büdcənin böyüklüyü ilə deyil, həmin büdcənin və milli sərvətin vətəndaşın həyatında nə qədər ədalətli şəkildə hiss olunması ilə də ölçülür.
Bu baxımdan, maaşlar arasındakı böyük uçurum Azərbaycan cəmiyyətində gəlirlərin bölüşdürülməsi, sosial müdafiənin səviyyəsi və dövlət vətəndaş münasibətlərinin sosial tərəfi haqqında ciddi müzakirə tələb edən məsələdir.

Ədalət Abdinov

Отправить комментарий

0 Комментарии