Ədalət Abdinov, Azərbaycan Kommunistlər Birliynin sədri

Böyük Vətən müharibəsində qələbəmizin 74-cü ildönümü münasibəti ilə
İkinci Dünya müharibəsi 1939-1945-ci illəri əhatə etmişdir. 1939-cu il sentyabrın 1-də nasist Almaniyasının Polşa üzərinə hücumu ilə başlanmış, 1945-ci il sentyabrın 2-də Yaponiyanın təslim olması ilə başa çatmışdır. Müharibədə dünyanın 61 dövlətindən 120 milyon adam iştirak etmişdi. İdeoloji və siyasi yönümündən asılı olmayaraq, 50- dən çox dövlət antifaşist koalisiyasında birləşmiş, dünyanı faşizm taunundan xilas etmişdir.
1941-ci il iyunun 22-də keçmiş SSRİ ərazisinə soxulmuş Hitler ordusu yolu üzərindəki bütün şəhər və kəndləri viran etmiş, bir neçə aydan sonra artıq ölkənin Moskva və Leninrad (Sankt - Peterburq) kimi paytaxt şəhərlərinə yaxınlaşmışdı. Belə bir şəraitdə faşizmə qarşı amansız mübarizəyə SSRİ-nin tərkibində olan Azərbaycan da qoşulmalı olmuşdu. Azərbaycan xalqı Böyük Vətən müharibəsinin əsas ağırlığını öz üzərinə götürmüş ölkələrdən biri idi. Ərazisində müharibə getməsə də, bu cənub ölkəsinin vətəndaşları istər ön, istərsə də arxa cəbhədə böyük şücaətlər göstərərək qələbəyə böyük töhfələr vermişdir. Müharibənin ilk illərindən etibarən Azərbaycan SSR-də 87 qırıcı təyyarə və 1124 özünümüdafiə batalyonu təşkil olunmuşdu. 600 mindən çox vətəndaş isə səfərbərliyə alınaraq birbaşa ön cəbhəyə yola salınmışdı. Onların yarıdan çoxu müharibədə həlak oldu. Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci və s. milli diviziyalar Simferopolun, Odessanın və digər şəhərlərin, 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad olunmasında fəal iştirak etmiş, 416-cı diviziya Qafqazdan Berlinə qədər böyük və şərəfli bir döyüş yolu keçmiş, Berlinin süquta yetirilməsində xüsusi qəhrəmanlıq göstərmişdir. Müharibə illərində 100-dən çox Azərbaycan vətəndaşı SSRİ-nin ən ali mükafatına - “Sovet İttifaqı Qəhrəmanı” fəxri adına layiq görülmüşdü. 30 nəfər “Şərəf” ordeni, 170 min nəfər isə müxtəlif orden və medallarla təltif olunmuşdu. Sovet İttifaqı Qəhrəmanı adına ilk layiq görülmüş SSRİ vətəndaşları arasında İsrafil Məmmədovun da adı vardı. Bu ada iki dəfə layiq görülmüş həmyerlimiz, general Həzi Aslanovun şöhrəti isə bütün ittifaqa yayılmışdı. 1941- ci ildə Azərbaycanın neft hasilatı tarixində rekord miqdarda - 23,5 milyon ton neft istehsal olunmuş- du. Alman faşizmi üzərində qələbədə Bakı nefti misilsiz rol oynamışdır. Zəngin təbii sərvətlərə və əlverişli coğrafi mövqeyə malik olan Azərbaycanı işğal etmək Hitler Almaniyasının planlarına daxil idi. Fürer Bakı neftini ələ keçirmək arzusunda idi.
Böyük Vətən müharibəsində azərbaycanlılar çox böyük qəhrəmanlıqlar göstəriblər. Əfsanəvi Brest qalası döyüşlərində Azərbaycandan onlarca döyüşçü – hərbi həkim M.Qədirov, siyasi işçi A.Kastryulin, əsgərlər İ.Səfərov, İ.Dadaşov, A.İmanov, M.Məmmədov, A.Qafarov, A.Mənsurov, V.Xanikin, X.Məmmədov, Ə.Əliyev, D.Abdullayev fövqəladə mərdlik göstərmişlər. Həkim M.Qədirov arasıkəsilməyən atəş altında cərrahiyyə əməliyyatları aparmaqla yanaşı, şəhərin müdafiəsinin son gününədək, sağ qalmış kiçik bir qrup döyüşçü ilə düşmənin hücumlarının qarşısını alaraq, əlbəyaxa döyüşdə bir neçə faşisti məhv etmişdi. 1941-ci il iyunun 30-da düşmən mühasirəsindən çıxmaq uğrunda baş vermiş əlbəyaxa döyüşdə A.İmanov və İ.Səfərov xüsusilə fərqlənmiş, faşistləri geri oturtmuşdular.1 Leytenant D.Cəfərovun başçılığı altında kiçik döyüşçü dəstəsi yeddi gün düşmən hücumlarına sinə gəlib, onlarca faşisti məhv etmişdi. Prut çayı yaxınlığında gedən döyüşdə siyasi işçi Kamal Qasımov altı döyüşçü ilə birlikdə üç gecə dalbadal, arasıkəsilməyən amansız atəş altında üç körpünü partladaraq düşmənin çaydan keçməsinin qarşısını almış, dördüncü gün əlbəyaxa döyüşdə igidliklə şəhid olmuşdu.
Leninqrad müdafiəçisi, snayper M.İsmayılov iyulun 22-də sərhədi keçmək istəyən on bir düşməni sərrast atəşlə sıradan çıxarmış və igidliyinə görə Lenin ordeninə layiq görülmüşdü. O vaxt "Bolşevik" jurnalı yazırdı ki, "ilk döyüşdə nəzarətçi-snayper M.İsmayılov düşmənin bütöv bir dəstəsini məhv etdi".
Leninqrad səmasının müdafiəçilərindən biri - leytenant Hüseynbala Əliyev böyük igidlik göstərdi. Şəhər üzərində ilk hava döyüşlərində o, dörd düşmən təyyarəsini vurdu. 1941-ci il iyulun 17-də döyüş tapşırığını uğurla yerinə yetirib geriyə qayıdarkən o, buludlar arasından şığıyan üç düşmən təyyarəsini gördü. İgid təyyarəçi düşmən üzərinə sürətlə hücum etdi və dəqiq atəşlə "YU-88" faşist təyyarəsini vurdu. Qeyri-bərabər döyüşdə düşmənin ikinci təyyarəsini də vurdu, üçüncü təyyarə üzərinə tarana gedəndə Hüseynbalanın kabinəsində top gülləsi partladı. 80, o cümlədən üç ölümcül yara alan təyyarəçi təyyarəsini yerə endirə bildi, özü isə həlak oldu. Göstərdiyi igidliyə görə H.Əliyev ölümündən sonra Lenin ordeni ilə təltif edilmişdi.
Müharibənin dördüncü günü, iyunun 25-də Qara dəniz Donanmasının 63-cü aviasiya briqadasının təyyarəçisi Məzahir Abasov hitlerçilərin bazası Konstansanı bombalamaq tapşırığını yerinə yetirərkən iki "ME-109" təyyarəsinin hücumuna məruz qalmışdı. M.Abasov təyyarə motorunun zədə almasına baxmayaraq, düşmən təyyarələri ilə qeyri-bərabər döyüşə girmiş, onlardan birini vurmuş, digər təyyarəni isə qaçmağa məcbur etmişdi. Təyyarəsinin ikinci motoru da sıradan çıxdıqda, igid şahin onu ustalıqla dənizin səthinə oturtmuş və bir neçə gün su üzərində qalmışdı. M.Abasov igidliyinə görə Qırmızı Bayraq ordeni ilə təltif edilmişdi.
1941-ci ilin yayında Poltava yaxınlığında gedən döyüşlərdə R.Rəfiyevin tankçılar bölməsi düşmənin iki ağır tankını, 16 topunu və 50-dən artıq əsgərini məhv etmişdi.
1941-ci ilin payızında alman-faşist ordusu Baltikyanı ölkələri, Ukrayna və Belorusiyanı zəbt edib, Leninqradı mühasirəyə aldı, böyük qüvvələrlə Moskvaya doğru hücuma keçdi. Faşist komandanlığı Moskvanı hələ 1941-ci ilin yayında ələ keçirməyi planlaşdırsa da, sovet ordusunun müqaviməti buna imkan vermədi. Alman-faşist komandanlığı 1941-ci ilin sentyabrında Moskvanı almaq üçün yeni qoşun - canlı qüvvə və texnika gətirdi. Canlı qüvvəyə görə faşistlər Moskva müdafiəçilərindən 1,8 dəfə, tankların sayına görə 1,5, topların, minomyotların sayına görə 1,25 dəfə və təyyarəçilərin sayına görə 3,2 dəfə, çox idi.
1941-ci il sentyabrın 30-da alman-faşist qoşunları Moskva istiqamətində hücuma keçdilər. Ölkənin paytaxtı təhlükə altında idi.
Moskva uğrunda qanlı vuruşmalarda Azərbaycan döyüşçüləri də fərqlənmişdilər. Tank hissəsinin komandiri, kapitan Həzi Aslanov qeyri-adi sərkərdə bacarığı göstərərək, əsgərlərini və döyüş sursatı yüklənmiş beş avtomobili mühasirədən çıxarmış, daha sonra yaralanmış tankçını əvəz edərək, tankı faşistlərin səngərinə yönəltmiş və düşməni məhv etmişdi. H.Aslanov qəhrəmanlığına görə Qırmızı Ulduz ordeni ilə təltif olunmuşdu.
1941-ci ilin noyabrında Müseyib Allahverdiyevin komandanlığı altında sovet əsgərləri tərəfindən Moskva ətrafında taktiki cəhətdən çox vacib təpədə bir gün ərzində sayca çox düşmənin üç hücumu dəf olunmuş, yüzdən artıq düşmən, 2 tank və 2 özühərəkətedən top məhv edilmişdi. Bu şücaətə görə M.Allahverdiyev Qırmızı Ulduz ordeninə layiq görülmüşdü. Leytenant M.Paşayevin zenitçiləri Moskva ətrafında 10 düşmən təyyarəsini vurmuş, xüsusi fərqlənmiş komandir Qırmızı Ulduz ordeni ilə təltif olunmuşdu.
Pulemyotçu İdris Vəliyev məşhur Borodino çölündə gedən döyüşlərdə ağır yaralanmasına baxmayaraq, 75-dən artıq faşisti məhv etmişdi. 1941-1942-ci illərin qış hücumu zamanı qvardiyaçı pulemyotçunun hesabında 160-dan artıq məhv edilmiş faşist vardı. İ.Vəliyev "Qırmızı Bayraq" ordeni ilə təltif edilmişdi.
Moskva uğrunda döyüşlərdə Azərbaycan qızları Z.Seyidməmmədova, S.Quliyeva, N.Korneyeva, O.Şahbazova və başqaları igidliklə vuruşmuşdular. Cərrah Aliyə Rüstəmbəyova onlarca yaralının həyatını xilas etmişdi.
1941-ci il dekabrın 5-6-da sovet ordusunun əks-hücumunda -Moskva, Tula, Kalinin, Orlov və Smolensk vilayətlərinin azad edilməsi uğrunda döyüşlərdə Azərbaycan oğul və qızları qəhrəmanlıqla vuruşmuşdular. Qvardiya kapitanı Muxtar Süleymanov hücumların birində, əlbəyaxa döyüşdə altı faşist əsgərini və bir zabiti qılıncla məhv etmişdi. Volokolamsk şəhəri uğrunda döyüşlərdə komandanlıqla hissələr arasında əlaqə kəsildiyi zaman M.Süleymanov həlak olmuş rabitəçini şəxsən əvəz edərək, arasıkəsilməyən atəş altında əlaqəni bərpa etmiş, xidmətlərinə görə Qırmızı Bayraq ordeni ilə təltif olunmuşdu.
1941-ci il dekabr ayının əvvəllərində Moskva uğrunda qızğın döyüşlər zamanı baş serjant İsrafil Məhərrəm oğlu Məmmədovun əfsanəvi igidliyi bütün ölkəyə yayıldı. İ.Məmmədovun xidmət etdiyi hissə Novqorod vilayətinin Pustınka kəndi yaxınlığında mövqe tutub, rabitə xəttini və komanda məntəqəsini müdafiə edirdi.
Güclü top atəşindən sonra sovet döyüşçülərinin tutduğu mövqeyə hücuma keçən minə qədər düşmən 30-40 metrə qədər yaxın buraxılaraq dəqiq atəşlə məhv edildi. Hitlerçilər yenidən hücuma keçdilər, doqquz saat davam edən şiddətli döyüşdən sonra İ.Məmmədovun başçılığı altında olan kiçik dəstə düşməni 100 metrə qədər geri atdı, lakin düşmən bütün qüvvələrini toplayaraq yenidən həmlə etdi. Vəziyyət ağırlaşmışdı. Sovet döyüşçülərinin yarıdan çoxu sıradan çıxmışdı. Qumbara və patronların çatışmadığını, döyüşçülərin yorulduğunu görən İ.Məmmədov düşməni 10-15 metr məsafəyə buraxmaq əmri verdi. Düşmən yaxın məsafədən atəşə tutuldu. İ.Məmmədov "Yoldaşlar, faşistləri nizə ilə məhv edək!" - deyə hayqıraraq 5 sağ qalmış döyüşçü ilə düşmən üzərinə şığıdı və əlbəyaxa döyüşdə onlarca faşist öldürüldü. Qalanlar geri çəkilməyə məcbur oldular. Beləliklə, İ.Məmmədov 10 saat ərzində hitlerçilərin bütöv bir batalyonunun hücumunun qarşısını almış, nəticədə yüzlərlə düşmən əsgəri və zabiti məhv edilmişdi. Döyüşlərdə xüsusi iradə, döyüş məharəti, şəxsi şücaət, qəhrəmanlıq göstərmiş İ.Məmmədov özü təkbaşına 700 faşist öldürmüşdü. 1941-ci il dekabrın 11-də SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə İ.Məmmədova Sovet İttifaqı Qəhrəmanı adı verildi. İsrafil Məmmədov xalqını, millətini ucaldan ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı idi."
Moskva uğrunda döyüş Sovet Silahlı Qüvvələrinin qələbəsi ilə başa çatdı. Sovet ordusunun 1942-ci il qış hücumunda iştirak edən azərbaycanlılar da igidliklə vuruşmuş, döyüş rəşadəti nümunələri göstərmişlər. Qərb cəbhəsində gənc zabit N.Bağırovun komandası altında tankçılar rotası bir neçə gün davam etmiş hücum əməliyyatlarında düşmənin 18 tankvuran topunu, 34 pulemyot yuvasını və yüzdən çox piyadasını məhv edərək, onu 6 yaşayış məntəqəsindən qovub çıxarmışdı. Döyüş xidmətlərinə və komandirlik bacarığına görə N.Bağırov "Qırmızı Ulduz" və I dərəcəli Vətən müharibəsi ordenləri ilə təltif olunmuşdu.
Kapitan A.Abbasovun komandiri olduğu batalyon sovet qoşunlarının Belqorod yaxınlığındakı əks-hücumlarında iştirak edərək, 17 yaşayış məntəqəsini faşistlərdən təmizləmişdi. Döyüşlərdə fərqlənmiş A.Abbasov "Qırmızı Bayraq" ordeninə layiq görüldü. Tanınmış atıcı S.Quliyev Qərb cəbhəsində faşistlərin güclü tank hücumunu dəf etdi, bir tankını vurdu. O, göstərdiyi bu igidliyə görə, "Qırmızı Bayraq" ordeni ilə təltif olundu.
Moskvanın müdafiəsi dövründə alman-faşist ordusu Krım üzərinə geniş hücuma keçdi. Oktyabrın 20-də Sevastopolun 250 gün davam edən müdafiəsi başlandı. Sevastopolun qəhrəman müdafiəçiləri sırasında yüzlərlə azərbaycanlı vuruşurdu. Qvardiyaçı yefreytor H.Həsənov yeddi döyüşçü ilə birlikdə sayca üstünlük təşkil edən faşistlərin ardıcıl hücumlarını dəf edərək, onları geri oturtmuşdu.
Bölmə başçısı B.Nağıyev düşmən səngərinə atılaraq süngüsü ilə üç faşisti öldürmüşdü. 19 yaşlı Mirzəcəlal Yusifov sayıqlıq göstərərək öz döyüş dəstəsi ilə birgə faşist sualtı qayığının yerini aşkarlayıb onu məhv etmişdi. Qəhrəman Sevastopolun müdafiəsində Azərbaycanın şöhrətli qızları A.Həsənova, Ş.Məmmədova, E.Rzayeva, L.Nazarenko mətanət və igidlik nümayiş etdirmişlər.
1941 -1942-ci illərin qışında sovet ordusunun Kerç yarımadasındakı desant əməliyyatında 77-ci Azərbaycan atıcı diviziyası da iştirak edirdi. 1941-ci il dekabrın 23-dən 1942-ci il yanvarın 8-nə qədər diviziya Taman yarımadasından Ağ-Manay rayonuna çatdı, onun 105-ci atıcı alayı hitlerçiləri mühüm taktiki əhəmiyyəti olan Vladislavnovkadan çıxardı. 1942-ci ilin fevralında diviziya düşmənin 18-ci piyada diviziyasını sıxışdıraraq Jantar, Tulumçaq və Klet kəndlərini azad etdi. Azərbaycan tank diviziyası döyüşçüləri taktiki döyüş aparmaq ustalığı nümayiş etdirərək faşist diviziyasının 27 tankını sıradan çıxarmışdılar.
77-ci diviziya 1942-ci ilin martında geri çəkilməyə məcbur olan sovet qoşunlarının Taman yarımadasına itkisiz keçməsinə şərait yaratdı. Diviziyanın 105-ci atıcı alayı Otuztəpə rayonunda 12 tankı və 200 düşmən əsgərini məhv etdi. Krım uğrunda döyüşlərdə diviziya alayları düşmənin 34 tankını, 10 minomyot və top batareyasını, 1500 əsgər və zabitini sıradan çıxarmışdı. 77-ci diviziya Kerçdən Taman yarımadasına keçən son sovet hərbi hissələrindən biri oldu. Komissar Novruz Aslanovun batalyonu Azov dənizi sahilinə desant çıxarmaq istəyən 7 faşist qayığını batırmışdı.
77-ci diviziya Novorossiysk şəhəri uğrunda ağır döyüşlərdə də fərqlənmiş, düşmənin 19 tankını, 15 silahla dolu maşınını, 22 minomyot batareyasını və 40- dan çox topunu sıradan çıxarmış, 172 hitlerçini əsir götürmüşdü.
1942-ci ilin yay və payızında Böyük Vətən müharibəsinin gedişində həlledici rol oynamış Stalinqrad döyüşlərində hər iki tərəfdən 2 milyon hərbçi iştirak edirdi. Döyüşlərə 2 min tank, 1 min təyyarə, 26 min top və minomyot cəlb olunmuşdu.
1942-ci il iyulun 14-də Stalinqrad vilayətində hərbi vəziyyət elan olundu. Şəhər ətrafında müdafiə xətlərinin tikintisinə başlandı. Stalinqradı müdafiə edən ordunun tərkibinə əlavə qüvvələr daxil edildi. Bütün ölkə, bütün xalq "Bir addım da geri çəkilmək olmaz!" şüarı ilə Volqa istehkamının müdafiəsinə qalxdı. Sovet xalqının fədakar əməyi və böyük səyi nəticəsində Volqa çayı sahili alınmaz qalaya çevrildi.
Stalinqrad döyüşlərində sovet əsgərləri kütləvi qəhrəmanlıq nümayiş etdirərək, son nəfəslərinədək vuruşdular. Stalinqradı ölkənin bütün xalqlarının nümayəndələri müdafiə edirdilər. 1942-ci ilin oktyabrında leytenant Mikayıl Qədirov 11 döyüşçü ilə strateji əhəmiyyətə malik təpəni 12 gün müdafiə etdi. Hücuma keçən 400 faşistlə qeyri-bərabər döyüşdə düşmənin 120 canlı qüvvəsini sıradan çıxardı.18 Volqoqrad zəhmətkeş deputatları Soveti vilayət İcraiyyə Komitəsinin qərarı ilə leytenant M.Qədirovun döyüşçüləri tərəfindən müdafiə olunan bu təpəyə "On bir qəhrəman təpəsi" adı verildi.
İgid təyyarəçi Hüseynbala Əliyev Stalinqrad səmasını müdafiə edərkən faşistlərin 10 tankını, 2 zirehli maşınını, 5 zenit topunu, 26 avtomobilini, 190 əsgər və zabitini sıradan çıxarmışdı.
Stalinqrad uğrunda kişilərlə çiyin-çiyinə azərbaycanlı qadınlar da mərdliklə vuruşurdular. İlk azərbaycanlı qadın, hərbi təyyarəçi-kapitan Züleyxa Seyidməmmədova 40-dan artıq səma döyüşündə iştirak etmişdi. Onun döyüş xidmətləri Vətən müharibəsi ordeninə və medallara layiq görülmüşdü.20 Respublikanın onlarca qızı "Stalinqradın müdafiəsi uğrunda" medalı almışdı.
Stalinqrad yaxınlığında pulemyotçu Ə.Rəcəbov mühüm strateji əhəmiyyətli təpəni az qüvvə ilə müdafiə edərək düşmənin 200-dən artıq əsgər və zabitini öldürmüşdü. Sovet hökuməti Ə.Rəcəbovu döyüş xidmətlərinə görə Lenin ordeni ilə təltif etmişdi.
Qvardiya leytenantı A.Axundovun başçılıq etdiyi pulemyotçular şəhərdə gedən küçə döyüşlərində 525 faşisti sıradan çıxarmışdılar. Əsgəri rəşadətinə görə A.Axundov "Qırmızı Bayraq" və "Qırmızı Ulduz" ordenləri ilə təltif olunmuşdu.
1942-ci ilin sentyabrında Stalinqrad cəbhəsində snayperçilik hərəkatının təşəbbüskarı, snayper Baloğlan Abbasov 25 faşist əsgər və zabitini məhv etmişdi. B.Abbasovun hazırladığı snayperlər 50 gün ərzində 615, özü isə 106 hitlerçini öldürmüşdü. 1942-ci il noyabrın 19-da B.Abbasov həlak olmuş tank komandirini əvəz edərkən, faşistlərlə ağır döyüşdə şəhid olmuş, ölümündən sonra Qırmızı Bayraq ordeninə layiq görülmüşdü. Cəbhə Ali Şurasının qərarı ilə B.Abbasovun adı daimi olaraq diviziyanın şəxsi heyəti siyahısına daxil edilmişdi.
1942-ci il noyabrın 19-da qızıl ordu Stalinqrad cəbhəsində hücuma keçdi. Noyabrın 20-də isə Cənub-qərb və Don cəbhələri qoşunları düşmənə güclü zərbələr endirdi. Hücumun beşinci günü sovet qoşunları Kalaç rayonunda faşistlərin 6-cı ordusunun mühasirə dairəsini sıxışdırdılar. Düşmənin 22 diviziyası mühasirəyə alındı. Hitlerçilərin mühasirəni yarmaq üçün etdikləri bütün cəhdlər boşa çıxdı. 1943-cü il fevralın 2-də düşmən təslim oldu.
Stalinqrad ətrafında əks-hücumlar zamanı 55-ci xüsusi tank alayının komandiri podpolkovnik Həzi Aslanov mahir hərbi sərkərdə istedadı nümayiş etdirdi. 1942-ci il noyabrın 19-da onun tank alayı Barmanktsak gölü rayonunda hücuma keçərək bir neçə saat ərzində düşmənin 4 tankını, 5 minomyot batareyasını, bir ağır topunu, 3 piyada rotasını sıradan çıxardı və 700 hitlerçi əsgər və zabiti əsir aldı. Həmin gün H.Aslanovun tankçıları hücumu davam etdirərək Plodovito kəndini almanlardan təmizlədilər. Noyabrın 21-də H.Aslanovun tank alayı Stalinqrad-Silsk dəmir yoluna çıxdı və piyadalarla birgə Abqanerovo və Sovetski stansiyasına daxil oldu. H.Aslanovun tankçıları Kotelnikovo tərəfə hərəkət edərək, dekabrın 16-da Verxne-Kumsk kəndi yaxınlığında düşmənin mühasirəyə alınmış 6-cı ordusunun köməyinə 70 tankla tələsən Manşteyn qoşununun bir qrupunun qarşısını kəsdi. Aslanov tankçıları düşmənlə 6 gün davam edən ağır döyüşdə mətanət göstərərək, qat-qat artıq qüvvəyə malik faşistlərin 12 hücumunu dəf etdilər. Döyüşdə aslanovçular düşmənin 45 tankını, 9 minomyot batareyasını, 14 tank əleyhinə və 12 səhra silahını, 50 avtomobilini və 700-dən çox canlı qüvvəsini sıradan çıxardılar. 700 hitlerçini əsir götürdülər. 1942-ci il dekabrın 31-də SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Həzi Aslanova Sovet İttifaqı Qəhrəmanı adı verildi. H.Aslanovun 55-ci tank alayının 100-dən çox döyüşçüsü SSRİ-nin orden və medalları ilə təltif olundu, alay isə qvardiya alayına çevrildi.
Stalinqrad döyüşündə 4-cü süvari korpusunun komandir müavini H.A.Quliyev düşmənin müdafiə xəttini yararaq 1941-ci il noyabrın 19-da Aksaysk şəhərini azad etdi. 1942-ci ilin dekabrında Kolotnikovo rayonunda şiddətli döyüşdə bu qoşun hissəsi Manşteynin qoşunlarının bir neçə hücumunun qarşısını aldı. Lakin bu ağır döyüşlərdən birində general Y.Yaqubov şəhid oldu. O, ölümündən sonra Lenin ordeni ilə təltif edildi.
Kəşfiyyatçı Əli Kərimov general Paulüsun qərargahının yerləşdiyi "Univermaq" rayonuna gecə kəşfiyyatına getdi və qərargah zabitini əsir götürdü. Paulüsun əsir alınmasında şəxsən iştirak etdi. Döyüşlərdə göstərdiyi igidliklərə görə Ə.Kərimov "Qırmızı Ulduz" ordeni ilə təltif olundu.
Qvardiya baş leytenantı Həmzə Sadıxov Volqadakı döyüşlərdə fəal iştirakına və alman general-leytenantı Paulüsun əsir alınmasında iştirakına görə "Qırmızı Ulduz" ordeninə layiq görüldü.
Sovet ordusu Stalinqrad cəbhəsində faşist Almaniyasına ağır və sarsıdıcı zərbə vurdu. Faşistlər 1,5 milyon əsgər və zabit, 3 mindən çox tank, top, minomyot, 4,4 min döyüş və nəqliyyat təyyarəsi itirdilər. Stalinqrad qələbəsində SSRİ-nin bütün xalqları nümayəndələrinin, o cümlədən Azərbaycan əsgər və zabitlərinin də payı vardı. 1942-ci ilin axırında SSRİ Ali Soveti Rəyasət Heyətinin təsis etdiyi "Stalinqradın müdafiəsi uğrunda" medalı ilə 1600-dən artıq azərbaycanlı təltif olunmuşdu.
Volqa sahilində qələbənin böyük hərbi-strateji, tarixi və beynəlxalq əhəmiyyəti oldu.
Qafqaz uğrunda da ağır döyüşlər gedirdi. Qafqaz hitlerçilərin qəsbkarlıq planında iqtisadi, hərbi və siyasi cəhətdən əsas məntəqələrdən biri idi. Hitler ordusu yanacağa olan böyük ehtiyacını aradan qaldırmaq üçün, ilk növbədə, qızıl ordunu Qroznı və Bakı neftindən məhrum etmək istəyirdi. 1942-ci ilin yayında Hitler elan etmişdi ki, Almaniya Maykop və Qroznı neftini ələ keçirməsə, müharibəni davam etdirə bilməyəcəkdir.
Qafqazı zəbt etmək məqsədilə alman-faşist ordusunun qərargahı "Edelveys" adlı xüsusi plan hazırlamışdı.29 Düşmən üç istiqamətdə hücum edib qərb istiqamətində Qara dəniz sahilinə çıxmaq və oradan Zaqafqaziyaya hücum etmək, şərq istiqamətində Qroznı, Mahaçqala və Bakını zəbt etmək, mərkəz istiqamətində Böyük Qafqaz aşırımını keçərək Tbilisi və Kutaisini ələ keçirmək istəyirdi.
Qafqaz uğrunda döyüşlər 1942-ci ilin iyulunda başlandı. Qafqazı zəbt etmək üçün faşist komandanlığı "A" ordu qrupu ilə 1-ci və 4-cü tank, 11-ci və 17-ci piyada ordusunu ayırmışdı. Düşmən qoşunları canlı qüvvəyə görə sovet qoşunlarından 1,5 dəfə, topların və minomyotların sayına görə 2,6 dəfə, tankların sayına görə 9,3 dəfə, təyyarələrin sayına görə 7,7 dəfə üstün idi.
1942-ci il sentyabrın 9-da Zaqafqaziya respublikalarında hərbi vəziyyət elan olundu. Sentyabrın 16-da DMK Mahaçqala, Dərbənd və Bakı ətrafında möhkəmləndirilmiş müdafiə sədlərinin yaradılması haqqında xüsusi qərar qəbul etdi.
1942-ci il avqustun 23-də Tbilisidə Zaqafqaziya xalqlarının antifaşist mitinqi keçirildi. Çıxışlar və qəbul olunmuş qətnamə Zaqafqaziya xalqlarının vətənin azadlığı və müstəqilliyi uğrunda sona qədər mübarizə əzmini nümayiş etdirdi. Mitinqdə Səməd Vurğun demişdi: "Qoy bu gün qəlbimizdə yanan hiddət alovu odlu lava seli kimi torpaqlarımız üzərində ölüm və viranəlik bayrağı qaldıranların üstünə tökülsün. Gözə - göz! Ölümə - ölüm!"
77-ci Azərbaycan atıcı diviziyası 1942-ci ilin mayından avqustuna qədər 47-ci ordunun tərkibində Novorossiysk müdafiə əməliyyatında fəal iştirak etmişdi. Avqustun sonunda diviziya Neberejevsk stansiyasında baş vermiş döyüşdə düşməni geri çəkilməyə məcbur etdi. Onun döyüşçüləri Qara-Koldunda yaşayış məntəqəsi uğrunda döyüşlərdə də düşmənə zərbələr endirmişdi. 1942-ci il avqustun 19 və 21-də diviziya Krımskidən cənubda düşmənin tank və piyada hissələri ilə vuruşaraq, onları tutduqları mövqedən geri oturtmuşdu.32 Novorossiysk uğrunda vuruşlarda 77-ci diviziya düşmənin 5 piyada alayını, 8 mindən artıq canlı qüvvəsini, 18 tankını, 40 minə qədər top və minomyotunu, hərbi texnikasını məhv etmişdi. Diviziyanın 320 döyüşçüsü və komandiri mərdlik və igidlik göstərdiklərinə görə SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olundular.33 Qafqaz uğrunda döyüşlərdə Azərbaycanın igid övladları hərbi rəşadətləri ilə şöhrətləndilər. Krasnodar yaxınlığında pulemyotçu Xanqulu Sadıqov bir döyüşçü ilə 1942-ci il avqustun 26-dan 29-dək mühüm yolayırıcını müvəffəqiyyətlə müdafiə etdi və sərrast atəşlə 300 faşisti öldürdü. X.Sadıqov igidliyinə görə Lenin ordeni ilə təltif edildi.
1942-ci ilin oktyabrında Tuapsenin şimal-qərbində dəniz piyadaları 323-cü batalyonunun rotası güclü düşmənlə döyüşə girdi. Hitlerçilərin bir neçə hücumu dəf olundu. Qafur Məmmodov səngərdən sıçrayaraq avtomatından açdığı atəşlə yarğanda gizlənmiş 13 faşisti məhv etdi. Qafur Məmmədov alman avtomatçısının rota komandiri Z.Santskini nişan aldığını görərək, sürətlə irəli atıldı və öz həyatı bahasına onu xilas etdi. 1943-cü il martın 31-də SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Q.Məmmədova ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verildi.
Azərbaycan xalqının şöhrətli oğlu leytenant İdris Süleymanov da düşmənlə döyüşdə igidlik göstərmişdi. Onun xidmət etdiyi batalyon Mozdok rayonunun mühüm yaşayış məntəqəsində mövqe tutmuşdu. Faşistlər hücum edən sovet döyüşçülərini güclü atəşlə dayandırmaq istəyirdilər. Böhranlı vəziyyətdə İdris Süleymanov döyüşçülərə: "Bir addım da geri çəkilməməli, irəli, yalnız irəli!" -deyə müraciət etdi. İ.Süleymanov yaralansa da, döyüş meydanını tərk etmədi, tankların irəliləməsinə mane olan pulemyotçunu sıradan çıxardı. O, ikinci yara alandan sonra da döyüşə başçılıq edir, öz iradəsi və qəhrəmanlığı ilə əsgərləri ruhlandırırdı. Döyüş qələbə ilə başa çatdı. İ.Süleymanov SSRİ Ali Soveti Rəyasət Heyətinin 1942-ci il tarixli 13 dekabr Fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.
Mozdok rayonunda 402-ci Azərbaycan atıcı diviziyasının 833 saylı alayının komandiri Akim Abbasovun döyüşçüləri düşmənin 100-ə qədər tankının hücumunun qarşısını alaraq, 96 tank, 2 zirehli maşın və çoxlu faşist məhv etmişdi. Göstərdikləri igidliyə görə alayın 72 döyüşçüsü orden və medallarla, mayor A.Abbasov "Qırmızı Bayraq" ordeni ilə təltif olunmuş, ona podpolkovnik rütbəsi verilmişdi.
Qafqazın müdafiəsində əsasən Zaqafqaziya xalqlarından təşkil olunmuş 18 milli və 15 qarışıq diviziya iştirak etmişdi. Bunlardan 77, 223, 402 və 416-cı diviziyalar milli Azərbaycan diviziyaları idi. 227, 271-ci diviziyaların isə şəxsi heyətinin 30 faizdən 70 faizə qədərini azərbaycanlı döyüşçülər təşkil edirdi.
Qafqazda beş ay davam edən döyüşlərdə yüz mindən çox əsgər və zabit itirilmişdi. Qafqaz cəbhəsində sovet ordusunun ciddi müqaviməti və alman qoşunlarına vurduğu zərbələr düşmənə manevr etməyə, qüvvələrin bir hissəsini Stalinqrad qoşunlarına köməyə göndərməyə imkan vermədi.
Faşistlərin Stalinqrad ətrafında məğlubiyyətindən sonra Şimali Qafqazda Sovet Hərbi Qüvvələrinin düşmənə qarşı geniş hücumu başlandı. Cənub və cənubqərb cəbhələri qoşunlarının Rostov və Donbas istiqamətində şiddətli hücumu düşmənin Qafqaz ordu qrupu üçün təhlükə yaratdı. Mühasirəyə düşmək qorxusu düşməni 1943-cü il yanvarın ilk günlərində yeni müdafiə sədlərinə çəkilməyə məcbur etdi. Zaqafqaziya cəbhəsinin Şimal, daha sonra isə Qara dəniz qrupu müvafiq olaraq Krasnodar istiqamətlərində hücuma keçdilər. Fevralın əvvəllərində Şimali Qafqazın, demək olar ki, bütün ərazisi -Kubanın aşağı hissəsi, Novorossiysk, Taman faşist işğalçılarından azad edildi.
Qafqazın müdafiəsi uğrunda döyüşlərdə leytenant Ziya Bünyadovun bölməsi düşmənin xeyli canlı qüvvə və texnikasını məhv etmişdi. Mozdok rayonunda gedən döyüşlərdə Z.Bünyadov dörd əsgərlə birlikdə düşmənin benzin anbarını partlatmış və iki tankını yandırmışdı. Z.Bünyadov bu əməliyyata görə "Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdu.
Şimali Qafqazın azad olunması uğrunda gedən döyüşlər respublikanı təmsil edən milli diviziyaların fəal iştirakı ilə gedirdi. 1942-ci il noyabrın 30-da 416-cı diviziya 44-cü ordunun tərkibində iki günlük döyüşdən sonra İşçersk stanitsası rayonunda düşmənin müdafiə xəttini yararaq Novolednyov və Kapustino yaşayış məntəqələrini azad etmişdi. Bu döyüşlərdə azərbaycanlılar böyük dəyanət və igidlik göstərmişlər. Döyüşçü M.Cabbarov üç düşmən tankını sıradan çıxarıb. Ağır yaralanmış bölmə komandiri kiçik leytenant K.Hacıyev topdan atəşlə hitlerçilərin hücumunun qarşısını almış,41 onun yaralı yoldaşı İ.Məmmədov düşmən tankını sıradan çıxararaq qəhrəmancasına həlak olmuşdu. Leytenant V.Mirzəyev dörd faşist tankını məhv edərək, sovet qoşunlarına irəliləmək üçün yol açmışdı. Döyüşçü A.Salayev düşmənin müdafiə xəttini keçmiş, qırx metrlik məsafədən atəş açaraq 15 faşisti məhv etmişdi. O, bu xidmətlərinə görə "Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdu.
416-cı diviziya 1942-ci ilin dekabrında hərbi bölmələrlə birlikdə Starolednev şəhərini azad etmiş, düşmənin Kapustino rayonundakı müdafiə xəttini yarıb, şimal-şərq istiqamətində döyüşən sovet ordusu hissələrinin irəli getməsinə imkan yaratmışdı.
Qafqaz uğrunda döyüşlərdə Azərbaycanın cəsur qızları S.Bayramova, Z.Səlimova, L.Abdullayeva, R.Babayeva, T.Fəttahova, R.Əhmədova, M.Dəmirova, S.Polişeva, S.Xəlilova, P.Manafova da şücaət göstərmişlər.
1942-ci il dekabrın 11-də 416-cı Azərbaycan diviziyası 414-cü gürcü atıcı diviziyası ilə əlaqədə İşçersk və Naursk stanitsalarını azad etmişlər. l943-cü ilin yanvarında 416-cı diviziyanın Qrafskoye stanitsasını düşməndən azad etmək uğrunda hücumunda zabit Əhmədovun topçuları 17 faşist tankını, 70 atəş nöqtəsini, yüzlərlə əsgər və zabitini sıradan çıxarmışdı.
1943-cü ilin yanvar və fevral aylarında 416-cı diviziyanın əsgərləri şərəfli döyüş yolu keçdilər, onlarca yaşayış məntəqəsini düşməndən təmizlədilər. Döyüş xidmətlərinə görə diviziyanın 300 döyüşçüsü yüksək dövlət təltiflərinə layiq görüldü.
223-cü Azərbaycan atıcı diviziyası 1943-cü ilin yanvarında Mozdok, Proxladnı, Georgiyevsk şəhərlərinin azad olunmasında fəal iştirak etmişdi. 223-cü diviziya Petropavlovsk yaşayış məntəqəsində alman diviziyasını darmadağın edərək 275 faşisti əsir götürmüş, külli miqdarda hərbi texnika və sursat ələ keçirmişdi. 1943-cü ilin sentyabr-dekabr aylarında diviziya 400 km döyüş yolu keçmiş, onun 380 əsgər və zabiti SSRİ orden və medalları ilə təltif olunmuşdu.44 223-cü diviziya Mineralnıye Vodının azad olunmasında bilavasitə iştirak etmiş, diviziyanın döyüşçüləri üç ay ərzində 50 yaşayış məntəqəsini və bir neçə şəhəri alman-faşist işğalçılarından təmizləmişdi.
Şimali Qafqazın faşistlərdən azad olunması uğrundakı döyüşlərdə 223-cü diviziyanın 1041-ci alayı xüsusilə fərqlənmiş, hərbi uğurlarına görə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin "Keçici Qırmızı Bayrağı" ilə təltif olunmuşdu.
Şimali Qafqazdakı 44-cü ordunun hücum əməliyyatlarında 402-ci Azərbaycan diviziyası da fəal iştirak etmişdi. 1942-ci il noyabrın 3-dən dekabrın 11-dək diviziya ona qədər yaşayış məntəqəsini azad etmişdi. Bu döyüşlərdə diviziyanın döyüşçüləri düşmənin 108 tank və zirehli maşınını sıradan çıxarmışdı.
1942-ci ilin dekabrında bu diviziyada Akim Abbasovun komandanlıq etdiyi 833-cü atıcı alay bir gündə düşmənin 100-ə qədər tankının 13 həmləsini qəhrəmancasına dəf etmiş, 36 tankı məhv edərək hücumun qarşısını almışdı. Hərbi nailiyyətlərinə görə A. Abbasov "Qırmızı Bayraq" ordeni ilə təltif edilmişdi.
1943-cü ilin fevralında Vasilçenko ətrafında baş vermiş döyüşlərdə 77-ci atıcı diviziyanın əsgərləri yüksək döyüş şücaəti göstərmişdilər. Diviziyanın alayları 7 yaşayış məntəqəsini düşməndən azad etmiş, 600-ə yaxın əsgər və zabit döyüş şücaətinə görə orden və medallarla təltif olunmuşdu. 1943-cü ilin noyabrında Dnepr çayının sol sahilində gedən döyüşlərdə 77-ci Azərbaycan diviziyası faşistlərin 50-yə yaxın tank və digər texnikasını məhv edərək 250 düşməni əsir götürmüşdü.
Kapitan M.Əliyevin komandanlığı altında atıcı batalyon düşmənin Krasnodar yaxınlığındakı hücumunun qarşısını alaraq onun 17 tankını yandırmış, külli miqdarda zirehli maşınını sıradan çıxarmış, yüzlərlə faşisti öldürmüşdü. Azərbaycan topçuları Y.Gözəlovun komandanlığı ilə Sambek ətrafında düşmənin 7 hücumunu dəf edib, 16 tankını məhv etmişdilər.
Qafqazda gedən hücum döyüşləri zamanı istehkamçı C.Allahverdiyev düşmənin qoyduğu 1150, T.Rəşidov isə 1000-dən artıq minanı zərərsizləşdirmişdilər.
Novorossiysk uğrunda döyüşlərdə Azərbaycanın A.Piriyev, D.Məmmədov, D.Məmmədova, E.Sadıxov kimi onlarca oğul və qızı şücaət göstərmişdi. Leytenant İsmayıl Hüseynov xüsusən fərqlənmişdi. Onun komandanlığı altında avtomatçılar düşmən arxasına keçərək, döyüş sursatı anbarını partladıb geri dönərkən faşistlərlə rastlaşırlar. Qeyri-bərabər döyüşdə ağır yaralanmış İ.Hüseynovu faşistlər diri tutmaq istəyirlər. Lakin bir neçə əl qumbarası ilə sarınmış igid komandir son qüvvəsini toplayıb düşmən üzərinə atılaraq 30-dan artıq faşisti məhv edir və özü də həlak olur. İ.Hüseynov ölümündən sonra Lenin ordeni ilə təltif olunmuş, adı əbədi olaraq hərbi hissənin şəxsi heyəti siyahısına daxil edilmişdi.
Qafqazın müdafiəsində Azərbaycanın igid oğulları kütləvi qəhrəmanlıq nümunələri göstərirdilər. Rota komandirinin siyasi işlər üzrə müavini Əbil Məmiş oğlu Əbilova düşmən tərəfindən tutulmuş kəndin alınması tapşırılmışdı. Ə.Əbilov 7 nəfərdən ibarət dəstəsi ilə gecə ikən kəndə daxil olaraq 60 hitlerçini mühasirəyə alıb, 35-ni məhv etmişdi. 18 nəfəri şəxsən Ə.Əbilov özü öldürmüşdü.
Sanitar təlimatçısı, gəncəli Müseyib Dilbazov döyüşlərin birində düşmənin şiddətli atəşi altında 23 yaralını xilas edərək, Terek çayından sahilə keçirmiş və səhiyyə məntəqəsinə çatdırmışdı. Bu igidliyə görə M.Dilbazov "Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdu.52 Tibb təlimatçısı Qüdrət İsmayılov 56 yaralı əsgəri silahları ilə birlikdə döyüş meydanından çıxarıb tibb məntəqəsinə gətirmişdi. İgidliyinə görə o, "Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdu.
Qafqaz uğrunda qanlı döyüşlər Sovet Silahlı Qüvvələrinin tam qələbəsi ilə başa çatdı. Hitler komandanlığının Qafqazı tutmaq planları iflasa uğradı.
Sovet ordusunun cəbhələrdəki uğurları DMK-nın Azərbaycan əhalisinin Orta Asiyaya köçürülməsi və Bakının, ilk növbədə, neft mədənlərinin minalanaraq dağıdılmasını nəzərdə tutan "xüsusi əməliyyat" planının gündəlikdən çıxmasına səbəb oldu.
SSRİ-nin dağılmasından, Azərbaycanın müstəqillik qazanmasından sonra da Qələbə Günü bütün MDB ölkələrində qeyd edilir. Azərbaycan da özünün qəhrəmanlarını unutmur. Qədirbilən Azərbaycan xalqı öz şanlı oğullarının xatirəsinə ölkənin hər yerində, hətta ən ucqar kəndlərdə də abidələr ucaldıb
0 Комментарии