ƏDALƏT ABDİNOV
Bu gün biz dünyada ən kütləvi gənclər təşkilatı olmuş Lenin komsomolunun yaranmasının 103-cü ildönümünü qeyd edirik.
İlk kommunist gənclər təşkilatı — «Rusiya Kommunist Gənclər Təşkilatı» (РКСМ) 29 oktyabr 1918-ci ildə yaranıb, 1924-cü ildə ona V.İ.Leninin adı verilib. 1922-ci ildə SSRİ-nin yaranması ilə əlaqədar komsomol 1926-cı ildə Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı (ÜİLKGİ) adını alıb.
Lenin komsomolu SSRİ-də dövlət işlərinin və ictimai işlərin idarə olunmasında, siyasi məsələlərin, təsərrüfat məsələlərinin və sosial – mədəni məsələlərin həllində fəal iştirak edirdi. ÜİLKGİ gənclərin kommunizm ideyaları ruhunda tərbiyəsində, onları yeni cəmiyyət quruculuğu işinə əməli surətdə cəlb etməkdə, hərtərəfli inkişaf etmiş yeni nəsil yetişdirməkdə partiyaya kömək edirdi.
Komsomol vətəndaş müharibəsi cəbhəsində böyümüş və mətinləşmişdi. 1918-1920-ci illərdə komsomol Qızıl Orduya təqribən 75 mindən artıq gənc döyüşçü göndərmişdi. Vətəndaş müharibəsi cəbhələrində mərdlik və igidliklərinə görə 5 mindən çox komsomolçu Qırmızı Bayraq ordeni ilə təltif edilmişdi.
Xalq təsərrüfatının bərpası dövründə komsomolşular fabrik və zavodların, şaxtaların, dəmir yol nəqliyatının bərpasında, kommunist iməcliklərində fəal iştirak edirdilər. Komsomolçular sosialist sənayeləşdirilməsi, kənd təsərrüfatın kollektivləşməsi, mədəni inqilabın həyata keçirilməsi dövründə də kommunistlərlə bir sırada irəli addımlayırdılar.
Böyük Vətən müharibəsi illərində sovet gəncləri müstəsna igidlik və mətanət göstərdilər. Müharibənin ilk ilində cəbhəyə təqribən 2 milyon komsomolçu gənc getmişdi. Onlar partizan dəstələri şəxsi heyətlərinin 30-45 faizini təşkil edirdilər. “Gənc qvardiya” (Krasnodon), “Partizan qığılcımı” (Nikolayev vilayəti), “Leninçi iskra” (Drujkovka), “Spartak” (kirovqrad vilayəti), Lyudinovo gizli komsomol qrupu (Kaluqa vilayəti) və başqaları əbədi şöhrət qazanmışlar. Arxada qalan komsomlçular fədakar əməkləri ilə düşmən üzərində qələbəni yaxınlaşdırırdılar.Həmin illərdə Azərbaycan komsomolçularının yarıdan çoxu Vətəni müdafiə etmək üçün cəbhəyə getmiş, Rusiya, Ukrayna və Belorusiyanın şəhər və kəndlərinin müdafiəsində, Leninqrad, Moskva, Sevastopol, Odessa, Stalinqrad, Kiyev, və Qafqaz uğrunda döyüşlərdə, partzan hərəkatında, Avropa ölkələrinin faşizmdən azad olunmasında, Berlin əməliyyatında misilsiz igidliklər göstərmişdir.
Müharibədən sonrakı dövrdə komsomolçuların fəal iştirakı ilə Xəzər dənizində əfsanəvi Neft Daşları şəhəri yaradılmış, Sumqayıt, Mingəçevir, Və Daşkəsən kimi yeni sisialist şəhərləri salınmışdır. Donbas şaxtalarının işə salınmasında, Bratsk SES-nın tikilməsində, Qazaxstan dəmir yol xətlərinin çəkilişində Azərbaycanın 9.500 komsomolçusu iştirak etmiş, 4 mindən artıq gənc komsomolun çağırışı ilə xam və dincə qoyulmuş torpaqlara işləməyə getmişdi.
Azərbaycan komsomolu respublikada kommunist əməyi hərəkatının təşəbbüsçülərindən olmuşdur. Azərbaycanın yüzlərlə komsomolçu və gənci Sibirdə neft yataqların kəşfində iştirak etmişdir. Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı kənd təsərrüfatı üçün gənclərdən, xüsusilə qızlardan mexanizatorlar hazırlamaq sahəsində geniş iş aparmışlar. Respublikada Sevil Qazıyevanın təşəbbüsü ilə başlanmış “Qızlar sükan arxasında!” hərəkatına yüzlərlə qız qoşuldu. Yenilikçi mexanizator, Sosialist Əməyi Qəhrəmanı Mənsur Kərimovun təşəbbüsü ilə “1+5” devizi altında başlanmış hərəkat nəticəsində bir ildə 4 mindən çox oğlan və qız mexanizator peşəsinə yiyələndi.
Komsomolun bütün fəaliyyəti kommunizm uğrunda mübarizə ilə, gənclərin Lenin vəsiyyətləri ruhunda tərbiyələndirilməsi ilə, ictimai həyat hadisələrinə gənclərdə sinfi münasibətin formalaşdırılması ilə, hərtərəfli inkişaf etmiş adamlar, böyük Lenin partiyasının işi uğrunda mətin və fədakar mübarizlər hazırlanması ilə qırılmaz surətdə bağlıdır.
Beynəlxalq imperializm SSRİ-nin süqutuna nail olduqdan sonra Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqının fəaliyyətinə də xitam verilmişdir. Buna baxmayaraq sonrakı illərdə Rusiyada komsomol təşkilatları öz fəaliyyətini bərpa etməyə nail olmuşlar.
Azərbaycan komsomolçuları da öz doğma təşkilatlarını bərpa etmək istiqamətində ciddi işlər görürlər. Gənclərin kommunist ideyalılığı, sosializmə sədaqət ruhunda, beynəlmiləlçilik ruhunda tərbiyələndirmək, sosialist cəmiyyətinin normalarını və mənəvi sərvətlərini fəal təbliğ etmək Azərbaycan komsomolunun başlıca vəzifəsi olmuş və başlıca vəzifəsidir.
Bütün nəsillərin komsomolçuları!
Komsomolun bu bayram günündə hər birinizi ürəkdən təbrik edirəm!
Komsomol bizim üçün gənclik qüvvəsi, dostluq, beynəlmiləlçilik, qurub-yaratmaq əzmi olaraq qalacaqdır.



0 Комментарии