Ədalət Abdinov,
Azərbaycan Kommunistlər Birliyinin sədri
“Azadlıq qan bahasına alınır, azadlıq silah götürüb qızğın döyüşlərdə vuruşmaqla əldə edilir..."
Peterburq bolşeviklərin 9 yanvar iştirakçılarına müraciətindən
XX əsrin əvvəllərində çar hökuməti artmaqda olan inqilabi hərəkatın hər vasitə ilə qarşısını almağa cəhd edirdi. Bu məqsədlə çar hökuməti hər cür vasitədən, o cümlədən ən alçaq vasitələrdən istifadə etdi. 1904-cü ildə keşiş Qapon siyasi polisin tapşırığı ilə Peterburq fəhlələri arasında Zubatov təşkilatına bənzər bir təşkilat yaratmışdı. 1905-ci il yanvarın əvvəllərində Putilov zavodunda tətil başlandıqda və digər zavodların fəhlələri də bu tətilə qoşulduqda, Qapon fitnəkarlıqla təkid etdi ki, çara ərizə vermək üçün fəhlələrin toplanıb Qış sarayı qarşısına getməsi təşkil edilsin.
Bolşeviklər buna mane ola bilmədilər. RSDFP-nın II qurultayından sonra, menşeviklərin təfriqəçi fəaliyyəti nəticəsi olaraq Peterburqda üç sosial-demokrat təşkilatı var idi: Peterburq bolşevik komitəsi, Peterburq menşeviklər qrupu və barışdırıcılar qrupu. Sosial-demokrat təşkilatların belə vəziyyətdə olması paytaxtda fəhlə hərəkatına mənfi təsir göstərirdi.
Bolşeviklər Qaponun fitnəkar fırıldağını ifşa edərək irəlicədən deyirdilər ki, çar fəhlələrə qanlı divan tuta bilər. Peterburq komitəsinin vərəqəsində deyilirdi:
“Azadlıq qan bahasına alınır, azadlıq silah götürüb qızğın döyüşlərdə vuruşmaqla əldə edilir. Çardan xahiş etmək və hətta tələb etmək də lazım deyildir, qəddar düşmənimizin qarşısında alçalmaq lazım deyildir, onu taxtından yıxmaq lazımdır... Fəhlələr yalnız özləri özlərini azad edə bilərlər, siz nə keşişlərdən, nə də çarlardan azadlıq görməzsiniz... Rədd olsun müharibə! Rədd olosun mütləqiyyət! Yaşasın xalqın silahlı üsyanı! Yaşasın inqilab!”.
Fəhlə yığıncaqlarında iştirak edən bolşeviklərin təsiri altında fəhlələrin ellik ərizəsinə siyasi aministiya, siyasi azadlıq, nazirlərin xalq qaşısında məsuliyyət daşıması, qanun qarşısında hamının bərabər olması, əməyin kapitala qarşı azad mübarizə aparması, vicdan azadlığı, səkkiz saatlıq iş günü tələbləri və sosial-demokrat proqramına uyğun gələn bir sıra digər tələblər daxil edildi. Ellik ərizə zəhmətkeşlərin çox ağır vəziyyətini ifadə edən bu sözlərlə qutarırdı:
”Səbrimiz tükənmişdir. Vəziyyətimiz elə dəhşətli bir vəziyyətə çatmışdır ki, bu dözülməz əzabları çəkməkdənsə ölmək yaxşıdır... Bizim yalnız iki yolumuz var: ya azadlıq və xoşbəxtliyə çatmalı, ya da qəbrə getməliyik...”.
Lakin o zaman fəhlələrin çox hissəsi hələ çara inanırdı. Yanvarın 9-da bazar günü 140 mindən artıq Peterburq fəhləsi, əllərində kilsə ələmləri, ikonalar və çarın şəkillərini tutub dinc bir surətdə Qış sarayına tərəf yönəldi.
Boşeviklərin irəlicədən dedikləri doğru çıxdı. Çarın əmri ilə qoşunlar silahsız fəhlələri, onların arvad-uşağını tüfəng atəşi ilə, qılınc və qamçı ilə qarşıladılar. Mindən artıq adam öldürüldü., beş min nəfərə qədər də yaralandı.
Paytaxtın zəhmətkeş əhalisini qəzəb bürüdü. Belə vəhşicəsinə divan tutulmasından hiddətlənən minlərlə adam qışqırıb deyirdi: ”Daha bizim çarımız yoxdur!”. Fəhlələr silahlanmağa başladılar. Onlar buradaca, Peterburq küçələrində əsgər və kazakların hücumlarını qəhrəmanlıqla dəf etdilər.
O zamandan bəri, 9 yanvar günü Qanlı bazar günü adlanır. Həmin günün Rusiya fəhlələrinin siyasi cəhətdən gözünün açılması üçün böyük əhəmiyyəti oldu. Onlar başa düşdülər ki, çar özü və çar hökuməti kimlərin mənafeyini müdafiə edir. Fəhlələrin çara olan inamı puça çıxdı. Qış sarayının qabağındakı gülləbarana cavab olaraq bütün ölkədə etiraz tətilləri başlandı. Yanvarın 10-da Peterburqda fəhlələrlə qoşunlar arasında silahlı toqquşmalar davam etməkdə idi. Moskvada yanvarın 10-da ümumi tətil başlandı. Riqa proletariatı yanvarın 13-də tətil elan edib siyasi nümayişə çıxdı. Polislə toqquşmada 70 nəfər öldürüldü, 200 nəfərə qədər da yaralandı. Yanvarın 14-də Varşavada, ümumi tətil başlandı. Yanvarın 18-də Tiflisdə başlanan ümumi tətilin ardınca Zaqafqaziya şəhərlərində, o cümlədən Bakıda bir sıra siyasi tətillər keçirildi.
9 yanvar hadisələri haqqında ilk xəbərlər gəlib çatdıqda V.İ.Lenin yazmışdı:
“Fəhlə sinfi böyük bir vətəndaş müharibəsi dərsi aldı; proletariatın inqilabi tərbiyəsi bir gündə, adi, sönük və fərəhsiz həyatın aylar və illəri ərzində irəliləyə bilməyəcək qədər irəlilədi. Qəhrəman Peterburq proletariatının: “ya ölüm, ya azadlıq şüarı!” şüarı indi bütün Rusiyaya yayılmaqdadır” (Əsərləri, 8-ci cild, səh.87-88).
1905-ci ilin 9 yanvar günü bütün ölkədə fəhlə kütlələrini çarizmlə mübarizəyə qaldırdı. 1905-ci ilin təkcə yanvar ayında 440 min, yəni o vaxtadək on il ərzindəkindən daha çox fəhlə tətil etmişdi.
9 yanvardan sonra hadisələr çoşğun inkişaf etməkdə idi. Ölkədə inqilab başlanmışdı.





0 Комментарии