Recents in Beach

AZƏRBAYCAN KOMMUNIST HƏRƏKATINDA MÜHÜM HADİSƏ: 2018-Cİ İL “KARL MARKS İLİ" ELAN OLUNMUŞDUR!


                                                   Ədalət Abdinov,
                          Azərbaycan Kommunistlər Birliyinin sədri

Elmi kommunizmin banisi və beynəlxalq proletariatın rəhbəri sayılan  Karl Marksın həyat yolu son dərəcə çətin olmuşdur. Bütün Avropa ölkələrinin mürtəce qüvvələri onu təqib edirdilər, burjuaziyanın ideoloji əlaltıları onu gözümçıxdıya salırdılar. Lakin proletar inqilabçısı kimi öz borcuna hədsiz sədaqətli olan Marks bütün sınaqlara mərdliklə dözürdü.
Karl Marks  kapitalizmdə baş verən proseslərin tarixi mənasını birinci olaraq başa düşmüş və onların elmi izahını vermişdir. Fəhlə sinfinin mövqelərinə keçərək K.Marks burjuaziyanın inqilabi yolla devrilməsi və proletariatın siyasi hakimiyyəti ələ alması haqqında bitkin və sistemli təlim yaratdı. O, sübut etdi ki, sosializm xəyalpərəstlərin uydurması deyil, burjua cəmiyyəti inkişafının zəruri nəticəsidir. K.Marks sosializmi utopiyadan elmə çevirdi.
Karl Marks sübut etdi ki, məhsuldar qüvvələrin və istehsal münasibətlərinin vəhdətindən ibarət olan maddi həyatın istehsal üsulu cəmiyyətin sosial, siyasi və mənəvi prosesləri üçün şərt olur.
Karl Marks kapitalist istismarının sirrini aşkar edən izafi dəyər haqqında təlim yaratdı.
Marksizmin fəlsəfi və iqtisadi təlimi sayəsində müəyyən edildi ki, cəmiyyətin inkişafı ictimai-iqtisadi formasiyaların dəyişilməsindən ibarət təbii-tarixi qanunauyğun bir prosesdir. Karl Marks F.Engelslə fasiləsiz yaradıcılıq əməkdaşlığı şəraitində yeni, dialektik materialist dünyagörüşü yaratmış və bütün ömrü boyu onu inkişaf etdirmişdir. Bu dünyagörüş kerçəkliyi dərk etmək və dəyişdirmək üçün güclü silah oldu. Proletariatın ideologiyasının elmi ifadəsi olan bu dünyagörüş azadlıq mübarizəsi və kommunizm cəmiyyəti quruculuğu nəzəriyyəsi kimi proletariata xidmət edir.
Marksizm nəinki kapitalizmin sosializm ilə əvəz edilməsinin labüdlüyünü əsaslandırdı, habelə bu vəzifəni yerinə yetirməyə qadir olan ictimai qüvvəni də aşkara çıxartdı.
Karl Marks sinfi mübarizə, sosialist inqilabı və proletariat diktaturası haqqında təlim yaradaraq, yeni ictimai qurluşun yeganə düzgün yolunu göstərdi.
Karl Marksın ideya – siyasi baxışlarının formalaşması Qərbi Avropa ölkələrində burjua inqilablarının yetişdiyi dövrə təsadüf etmişdi; yeni ictimai sinif – proletariat tarix səhnəsinə atılmış və proletar dünyagörüşünü, proletariatın azadlıq mübarizəsinin elmi nəzəriyyəsini işləyib hazırlamağa tələbat yaranmışdı.  Karl Marks silahdaşı F.Engelslə bunun öhdəsindən məharətlə gəlmişdr.
F.Engels Karl Marks haqqında yazırdı: “Marks bizim hamımızdan daha yüksək idi, daha uzaqları görürdü, hər şeyi hamımızdan çox və daha tez qavrayırdı. Marks dahi idi, biz isə, olsa – olsa istedad sahibi olan bir adam. Markssız bizim nəzəriyyəmiz heç də olduğu kimi olmazdı. Buna görə bu nəzəriyyə haqlı olaraq Marksın adı ilə adlanır”.
Karl Marks ideyaları və əsərləri Rusiyada XIX əsrin 40-cı illərində yayılmışdır. Fəhlə hərəkatı artdıqca, inqilabi – sosial demokratiya təşəkkül tapdıqca, bolşeviklər partiyasının fəaliyyəti genişləndikcə, polis və məhkəmənin təqiblərinə baxmayaraq, K.Marksın əsərlərinin gizli və açıq nəşri çoxalırdı. Rusiyada K.Marksın əsərləri 1905 – 1907-ci illər inqilabı zamanı xüsusilə çox nəşr edilmişdi. Böyük Oktyabr sosialist İnqilabının qələbəsindən sonra V.İ.Leninin təşəbbüsü və qayğısı sayəsində K.Marksın əlyazmalarını toplamaq və səliqə ilə saxlamaq sahəsində müntəzəm iş aparılmağa başladı.
K.Marksın əsərləri Azərbaycana  XIX əsrin son onilliklərində gəlməyə başlamışdı. 1885-ci ilin yanvarında hakimiyyət orqanları “Kommunist Partiyasının “Manifesti” əsərinin poçtla Moskvadan göndərilmiş nüsxəsini Bakıda tutmuşdu. “Kapital”ın 1–2-ci cildləri Bakının kitabxanalarına XIX əsrin 90-cı illərin axırlarında və sonrakı illərdə gəlib çıxmışdı. K.Marksın əsərlərinin mütəşəkkil yayılması RSDFP –nin Bakı Komitəsi yaradıldıqdan sonra başlanmışdı.
N.Nərimanov 1906-cı ildə “Hürriyyətə dair bir neçə söz” məqaləsində “Marksın gözəl fikirlərini dəyişib bir qeyri donda göstərən” təftişçiləri tənqid etmişdir. N.Nərimanov K.Marksın təlimi haqqında yazmışdır:“Tarix boyunca həmişə, yer üzündə haqsızlığı yox etmək üçün qanunlar yaradan hükəmalar və filosoflar meydana çıxır… Lakin haqq və ədalət xəyal olaraq qalırdı… Böyük ideyalar carcısı Karl Marks bizə yeganə düzgün yol göstərdi ki, bu yol insanları fəlakətlərdən səadətə doğru aparır, bu yol kommunizm yoludur… Qoca Şərq yeganə düzgün yol ilə kommunizmə getməlidir”.
Uzun illər ölkəmizin kommunistlərinə rəhbərlik etmiş Heydər Əliyevin qayğısı ilə 1969-cu ilin avqustunda Karl Marksın nəvəsi Pol Longe Bakıda olmuşdur.
Bu il dahi Karl Marksın anadan olmasının 200 ili tamam olur. Beynəlxalq kommunist və fəhlə partiyaların 2018-ci ilin “Karl Marks ili” elan edilməsi müraciətinə biz də qoşuluruq. Hər bir Azərbaycan kommunistinin, sosializm tərəfdarının 2018-ci ili “Karl Marks ili” kimi qəbul etməsi əbədiyaşar marksizmə dəyişməz  inam və etimadın yeni təzahürü olacaq və il ərzində bu istiqamətdə tədbirlərin keçirilməsi böyük əhəmiyyət kəsb edəcəkdir. 










Отправить комментарий

0 Комментарии