Recents in Beach

ÜRƏKLƏRDƏ HEYKƏLLƏŞƏN MƏŞƏDİ ƏZİZBƏYOV

                                          

Şanlı leninçi bolşeviklərdən və Azərbaycanda Sovet hakimiyyətinin qələbəsi uğrunda mübarizənin rəhbərlərindən biri olan Məşədi Əzizbəyovun həyatı və fəaliyyəti sosializmin təntənəsi naminə göstərilmiş unudulmaz rəşadətdir. Məşədi Əzizbəyov Lenin partiyasına, onun böyük işinə sədaqətlə xidmət etmək şüarı altında yaşamış və mübarizə aparmışdır. Hər il əzizbəyovsevərlər Suraxanı rayonun Hövsan qəsəbəsində onun uyduğu məzarı ziyarət edir,  qəbri üzərində gül-çiçək dəstələri qoyurlar.
Məşədi Əzizbəyov 1876-cı il yanvarın 18-də Bakıda bənna Əziz Əzimbəy oğlunun ailəsində dünyaya gəlmişdir. Əziz Əzimbəy oğlu 1889-cu ildə Sibir sürgünündə həlak olmuşdur. Məşədi Əzizbəyovun uşaqlıq və gənclik illəri ehtiyac və mərhumiyyətlər içərisində keçmişdir. Buna baxmayaraq 1889-cu ildə o, rus-tatar məktəbini bitirib Bakı realnı məktəbinə daxil ola bilmişdir. 1889-cu ildə Bakı realnı məktəbini qurtardıqdan sonra M.Əzizbəyovun Peterburq mülki mühəndislər institutuna daxil olmaq təşəbbüsü baş tutmur. Buna baxmayaraq o, Peterburqda qalır, mühazirələrə gedir, kitabxanada məşğul olur, qafqazlı tələbələrin həmyerlilər təşkilatı ilə sıx əlaqə saxlayır, paytaxtın fəhlə məhəlləsində yaşayır.
Məşədi Əzizbəyovun çarizmə qarşı ilk inqilabi çıxışlarından biri 1897-ci ildə Peterburqda olmuşdu. O, tələbə nümayişində fəal iştirak etmiş və buna görə həbs edilib Petropavlovsk qalasına salınmışdı. 1898-ci ildə 22 yaşlı Məşədi Əzizbəyov sosial-demokrat partiyası sıralarına daxil olur. Bu dövrdə o, marksizm-leninizm ədəbiyyatını yorulmadan öyrənir. M.Əzizbəyovun əli ilə haşiyələrində saysız-hesabsız qeydlər edilən kitablar hələ də qalmaqdadır.
1899-cu ildə M.Əzizbəyov Peterburq texnoloji institutuna daxil olur. 1901-1902-ci illərdə tələbə toplanışları, mitinqlər və nümayişlər dalğası bütün Rusiyanı bürümüşdü. Məşədi Əzizbəyov bu çıxışların fəal iştirakçısı idi. Nümayişçilərin polislə toqquşmaları zamanı M.Əzizbəyov özünü ən təhlükəli yerlərə atırdı. İnqilabi hərəkatda fəal iştirakına görə o, 1902-ci ildə yenidən həbs olunmuşdu.
Xarici müdaxiləçilərin, onlara nökərçilik edən musavatçıların, eserlərin, daşnaqların və menşeviklərin birləşmiş qüvvələrinin təzyiqi altında 1918-ci il iyulun 31-də Bakıda Sovet hakimiyyəti müvəqqəti süqut etdi. Bakı Xalq Komissarları Soveti, onun rəhbər xadimləri, o cümlədən Məşədi Əzizbəyov son nəfəsinə qədər Kommunist Partiyasının bayrağına sadiq qaldı, inqilabın daxili və xarici düşmənləri ilə sazişə girməkdən qəti imtina etdi. Ciddi təhlükə yarandığını nəzərə alaraq həmin günlərdə digər komissarlar kimi Məşədi Əzizbəyova da dəfələrlə təklif etmişdilər ki, Bakıdan getsin. Məşədi Əzizbəyov hər dəfə bu təklifə inqilabçı bolşevik cavabı vermişdi: "Fəhlələr mənə hakimiyyət tapşırmışlar, son dəqiqəyədək onu tərk edə bilmərəm".
Məşədi Əzizbəyov 1909-cu ildə Bakıda yaradılan İran İnqilabçılarına Yardım Komitəsinə başçılıq edib. Həmin ildə yenidən Nicat cəmiyyəti sədrinin müavini seçilən M.Əzizbəyov 1910-cu ildə Bakı şəhər duması üzvlüyünə namizəd irəli sürülüb, şəhər özünüidarəsi rəisi vəzifəsində çalışmış, 1911-ci ildə Bakı şəhəri əhalisinin yoxsul təbəqələrinə yardım göstərmək üçün şəhər özünüidarəsi yanında tikinti bürosu açıb, həmin il Bakı şəhər dumasının üzvü seçilib, burada yoxsulların mənafeyinin müdafiəçisi kimi çıxış edib. M.Əzizbəyov şəhər elektrik texniki vəzifəsində çalışıb, şəhər memarı olub, Şollar-Bakı su kəməri çəkilişiərnə baxan icraiyyə komissiyasının və elektrik komissiyasının üzvü seçilib, 1914-cü ildə Bakı fəhlələrinin ümumi tətilinin hazırlanmasmda iştirak edib.
Tarixdə heç nə unudulmur. Məşədi Əzizbəyov xalqımızın xoş güzəranı, firavanlığı naminə canını qurban vermişdir. O, son nəfəsinə kimi istismarçı burjuaziya ilə mübarizə apardı. İndi budur, həmin burjuaziyanın əlinə yenudən fürsət düşüb: Məşədinin ev muzeyini dağıtdılar, heykəlini uçurtdular. Ancaq hamısı əbəs yerə. Nə qədər Məşədiyə pislik etsələr, ondan qisas alsalar da xeyri yoxdur. Məşədi Əzizbəyov insanların qəlbində yaşayır, ürəklərdə özünə əbədi abidə ucaldıb.Onun ən böyük heykəli canından çox sevdiyi Azərbaycanın hər bir vətənsevər övladının ürəyindədir! Burjua ideologiyasının donorları cəmil həsənlilər "Məşədi Əzizbəyov qəhəraman deyil" yalanı üfürsələr də,  "Məşədi Əzizbəyov düşmən deyil"  həqiqəti də etiraf etməyə məcbur olurlar.
Məşədi Əzizbəyovun əziz xatirəsi hər birimizin qəlbində daim yaşayacaqdır.

Ədalət Abdinov



Отправить комментарий

0 Комментарии