Recents in Beach

V.İ.LENİN - TARİXİ HƏRƏKƏTƏ GƏTİRƏN DAHİ

                                                          Ədalət Abdinov,                                                                                                 Azərbaycan Kommunistlər Birliyinin sədri
             VLADİMİR İLİÇ LENİNİN VƏFATININ 97- ci İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ



Sovet İttifaqı Kommunist Partiyasınin təşkilatçısı, Sovet dövlətinin banisi, bütün dünya zəhmətkeşlərinin böyük rəhbəri və müəllimi  Vladimir İliç Lenin öz inqilabi fəaliyyətinin lap başlanğıcından etibarən marksizm mövqeyində möhkəm dayandı, özünü fəhlə - kəndli  sinfinin  mənafeyi uğrunda yenilməz mübariz kimi, Marks və Engels işinin layiqli xələfi kimi göstərdi. Lenin marksist nəzəriyyənin inkişafında yeni bir mərhələ açdı.
V.İ.Lenin kapitalizmin inkişafının imperializm mərhələsinin qanunauyğunluqlarını tədqiq etdi, XIX əsrin axırları və XX əsrin əvvəllərindən beynəlxalq fəhlə hərəkatının, habelə bütün azadlıq hərəkatının təcrübəsini ümumiləşdirdi. Onun  nəzəri və əməli inqilabi fəaliyyəti beynəlxalq inqilabi hərəkat mərkəzinin Rusiyaya keçdiyi bir dövrdə davam edirdi.
V.İ.Lenin tarixin gedişinin irəli sürdüyü ən aktual suallara cavab verdi, sosialist inqilabı və kommunizm cəmiyyəti quruculuğu nəzəriyyəsini hərtərəfli inkişaf etdirdi. O, beynəlxalq inqilabi hərəkatı elmi cəhətdən əsaslandırılmış strategiya və taktika ilə silahlandırdı, fəhlə sinfinin sosializm ideallarını həyata keçirmək uğrunda mübarizəsinə rəhbərlik etdi.
Əgər Marks və Engels sosializmi utopiyadan elmə çevirdilərsə, həmin elmin sonrakı inkişafı, onun milyonlarla adamın sosial praktikasında təcəssümü Leninin adı ilə bağlıdır.
Vladimir İliç Lenin  22 aprel 1870-ci ildə  Simbirsk quberniyasının (indiki  Ulyanovsk)  Qorki qəsəbəsində  (indiki Leninskiye Qorki) xalq məktəblərinin inspektoru ailəsində anadan olmuşdur. Atası  İ.N. Ulyanov Həştərxan şəhərinin yoxsul meşşanları nəslindən,  anası M.A.Ulyanova həkim qızı idi. Ulyanovlar ailəsində 6 uşaq var idi: Anna, Aleksandr, Vladimir, Olqa, Dmitri və Mariya. Böyük qardaşı  A.İ.Ulyanov  çar  III Aleksandra sui-qəsd hazırlanmasında iştirakına görə 1887-ci ildə edam edilmişdir. Bacıları  A.İ.Yelizarova-Ulyanova, M.İ.Ulyanova, kiçik qardaşı D.İ.Ulyanov Kommunist Partiyasının görkəmli xadimləri olmuşlar. Lenin 1879-87 illərdə Simbirsk gimnaziyasında oxumuş və oranı qızıl medalla qurtararaq Kazan  Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Lakin tələbələrin inqilabi çıxışlarında fəal iştirakına görə 1887-ci ilin dekabrında həbs olunaraq universitetdən çıxarıldı və Kokuşkino kəndinə sürgün edildi.  Beləliklə, 17 yaşlı Lenin inqilabi mübarizə yoluna qədəm qoydu. 1888-ci ilin oktyabrında Leninin Kazana köçməsinə icazə verildi. Burada o, N.Y.Fedoseyevin marksist dərnəklərindən birində daxil olur, bütün vaxtını səylə marksizm nəzəriyyəsini öyrənməyə sərf edir, gənc Kazan marksistləri ilə görüşürdü. Lenin ilk rus marksistlərindən biri, elmi sosializmin möhkəm əqidəli  tərəfdarı və alovlu təbliğatçısı idi. K.Marks və F.Engelsin əsərləri onun dünyagörüşünün formalaşmasında həlledici rol oynamışdır.
Lenin 1891-ci ildə Peterburq universiteti yanında hüquq fakültəsi üçün ekstern qaydası ilə dövlət imtahanları verdi. 1892-ci ilin axırında Lenin vəkil köməkçisi təyin edildi və mart ayında, ailəsinin hələ 1899-cu ildə köçdüyü Samarada mahal məhkəməsində çıxış etməyə başladı. Samarada Lenin xalqçılığa qarşı ardıcıl mübarizəyə başladı. «Kommunist Partiyasının Manifesti» kitabını rus dilinə tərcümə etdi. Samara marksistlərinin ilk dərnəyini yaratdı. Leninin marksist əqidəsi məhz Kazanda və Samarada yaşadığı illərdə təşəkkül tapmış, həmin illər geniş inqilab meydanına çıxmaq üçün qüvvə toplamaq dövrü olmuşdur.
Lenin 1893-cü ilin avqustunda Peterburqa gedir, bu səfərindən Nijni Novqorod və Moskvadakı marksistlərlə əlaqə yaratmaq üçün istifadə edir. O, Peterburqda vəkil köməkçisi işləyirdi, lakin marksist dərnəyinə daxil olaraq bütün vaxtını və qüvvəsini inqilabi işə sərf edirdi. Leninin bu dərnəyə gəlməsi «öz nəticələri etibarı ilə xeyirli bir tufana» bənzədilirdi. Fəhlə sinfinin qələbəsinə sarsılmaz inamı, geniş biliyi, marksizmi dərindən başa düşməsi və xalq kütlələrini həyəcanlandıran həyati məsələlərin həllinə tətbiq etməyi bacarması onu Peterburq marksistlərinin tanınmış rəhbəri etdi. Lenin qabaqcıl fəhlələrdən V.A.Şelqunov, İ.V.Babuşkin və başqaları əlaqə yaratdı, fəhlələrin siyasi dərnəklərinə  rəhbərliyə başladı. 1894-cü ilin fevralında Lenin N.K.Krupskaya ilə tanış oldu, ümumi inqilabi iş onların dostluğunun əsasını qoydu.
Lenin Peterburqda inqilabi fəaliyyətinin ilk addımlarından xalqçılığa qarşı inadı mübarizə aparırdı. «Kəndli həyatında yeni təsərrüfat hərəkatı» (bu, Leninin bizə gəlib çatmış ilk əsəridir və 1893-cü ilin yazında Samarada yazılmışdır) «Bazarlar məsələsi deyilən məsələyə dair» (1893), ««Xalq dostları» nədir və sosial-demokratlara qarşı onlar necə mübarizə edirlər?» (1894), «Rusiyada kapitalizmin inkişafı» (1899) əsərlərində Lenin xalqçılığın ideyaca darmadağın edilməsini başa çatdırdı. Lenin bu zaman «leqal-marksizm»ə qarşı da mübarizə aparmalı oldu.
1895-ci ilin fevralında Peterburq, Moskva, Kiyev və Vilnüs sosial-demokratlarının müşavirəsində Leninin xaricə getməsi qərara alındı, lakin o, sətəlcəm olduğundan yalnız  aprelin axırlarında yola düşə bildi. Lenin 1895-ci ilin mayında Cenevrədə ilk dəfə G.V.Plexanovla, «Əmək azadlığı» qrupunun digər üzvləri ilə tanış oldu. Sonra Parisdə K.Marksın kürəkəni  Pol Lafarqla, Almaniyada V.Libknextlə görüşdü və 1895-ci il sentyabrın 7-də Rusiyaya qayıtdı. Lenin 1895-ci ilin payızında Peterburq «Fəhlə sinfinin azadlığı uğrunda mübarizə ittifaqı»nı yaratdı. Dekabrın 8(20)-dən 9(21)-nə keçən gecə Lenin və «Mübarizə ittifaqı»nın rəhbər qrupunun üzvlərinin çoxu həbs edildi. Lenin həbsxanada partiya proqramının layihəsi üzərində işləyir, tədqiqatlarını davam etdirirdi. 1897-ci ilin fevralında 3 illiyə Yenisey quberniyasının Şuşenskoye kəndinə sürgün edildi. H.K.Krupskaya da inqilabi fəaliyyətinə görə sürgünə məhkum olunmuşdu və Leninin nişanlısı kimi Şuşenskoyeyə göndərildi; 1898-ci il iyulun 10-da onlar burada evləndilər. Lenin sürgündə böyük nəzəri işlə məşğul olurdu. Sürgündə yazdığı «Rus sosial-demokratlarının vəzifələri» kitabçasında (1897) Lenin rus sosial-demokratiyasının siyasi proqramını və taktikasını əsaslandırmış, «vahid sosial demokrat fəhlə partiyası» yaratmağa çağırmışdı. Lenin «iqtisadçılığa» qarşı barışmaz mübarizə aparırdı və «iqtisadçılar»ın proqrammı («Sredo») əleyhinə «Rusiya sosial-demokratlarının protesti»ni yazdı. «Protest»in müzakirəsi üçün Lenin 1899-cu ilin yayında sürgündəki sosial-demokratların müşavirəsini keçirdi; sürgündə olan 17 sosial-demokrat «Protest»i yekdilliklə qəbul etdi. Lenin sürgündə marksist partiya yaratmağın təşkilat planını düşünmüşdü və bu planı RSDFP-nin 1-ci qurultayında partiyanın rəsmi orqanı qəbul edilmiş «Raboçaya qazeta» üçün nəzərdə tutulan «Bizim proqramımız», «Ən yaxın vəzifəmiz», «Vacib məsələ» məqalələrində şərh etdi, marksistlər arasında birinci olaraq fəhlə sinfinin partiya məsələsini yeni tipli partiya məsələsi kimi qarşıya qoydu.
Lenin 1900-cu il yanvarın 29-da (fevralın 10-da) ailəsi ilə Şuşenskoyeni tərk etdi, yolüstü Ufada dayandı (N.K.Krupskaya 1 il də Ufa quberniyasında sürgündə qalmalı idi). Ufada sürgündə olan sosial-demokratlarla görüşür, Moskvaya, gizli surətdə Peterburqa gedir və həmfikirləri ilə əlaqə yaradır. Fevralda yeni yaşayış yerinə – Pskova gəlir; qəzetin – gələcək «İskra»nın təşkili sahəsində böyük iş aparır. 1900-cu ilin iyulunda Lenin xaricə gedib, orada «İskra»nın nəşrini qaydaya saldı. 1900 - 1905-ci illərdə Lenin Münxendə, Londonda, Cenevrədə yaşamışdır. 1901-ci ilin dekabrında Vladimir İliç «Zarya» jurnalında çap edilmiş «Aqrar məsələ və «Marksın» tənqidçiləri» məqaləsinin 1-4-cu fəsillərini ilk dəfə Lenin təxəllüsü ilə imzaladı (ümumiyyətlə Leninin 160-dan çox təxəllüsü olmuşdur: V.İlyin, V.Frey, İv. Petrov, K.Tulin, Karpov və s.). Görünür həmin təxəllüsü təsadüfi götürmüşdü, lakin ola bilər ki, «Lenin» təxəllüsünün meydana gəlməsi belə bir hadisə ilə də əlaqədardır: İskra«da Plexanovla birlikdə işlədiyi zaman Plexanovun təxəllüsü Volgin (Volqa çayının adından götürülmüşdür) idi, Vladimir İliç də öz əsərlərini Lena çayının adından götürdüyü təxəllüslə imzalamağa başlamışdı.
Leninçi «İskra» Rusiyada yeni tipli marksist partiya uğrunda mübarizəyə başladı. Leninin rəhbərliyi ilə «İskra»ya yardım qrupları və qəzetin agentləri şəbəkəsi yaranırdı. «İskra»nın təkrar çapı üçün Bakıda və Kişinyovda gizli mətbəələr təşkil edildi. 1902-ci ildə Leninin partiyanın yaradılmasında böyük rol oynamış «Nə etməli?» kitabı çapdan çıxdı. Leninin rəhbərliyi sayəsində «İskra» redaksiyası inqilabi partiya proqramı yarada bildi. Lenin RSDFP-nin 2-ci qurultayının hazırlanmasına çoxlu vaxt sərf edirdi: partiyanın nizamnaməsini, qurultayın iş planını, qətnamələrin layihəsini hazırlamışdı. RSDFP-nin 2-ci qurultayı (1903) yeni tipli marksist partiya – bolşeviklər partiyası yaratdı. Partiyanın təşkilat prinsiplərinin hazırlanmasında və menşevizmin partiya üçün ciddi təhlükə olduğunu izah etməkdə Leninin «Bir addım irəli, iki addım geri» (1904) kitabının böyük əhəmiyyəti oldu. Lenin, bolşeviklər RSDFP-nin 3-cü qurultayını çağırmaq uğrunda mübarizəyə başladılar. Qurultay 1905-ci ilin aprelində Londonda Leninin rəhbərliyi ilə öz işinə başladı. Özünün dediyi kimi, «mənfur uzaqlarda» iztirab çəkməyə məcbur olan Lenin birinci rus inqilabının inkişafını diqqətlə izləyirdi. Lenin «Demokratik inqilabda sosial-demokratiyanın iki taktikası» (1905) kitabında Rusiyada birinci burjua-demokratik inqilabında bolşevik taktikasını işləyib hazırladı,  sosialist inqilabı haqqında marksizm təlimini yeni ideyalarla zənginləşdirdi, menşeviklərin opportunizmini tənqid etdi.
1905-ci ilin noyabrında Peterburqa gələn Lenin bolşevik MK-sına və Peterburq komitəsinə, «Vperyod», «Proletari», «Novaya jizn» qəzetlərinə, silahlı üsyan hazırlanmasına rəhbərlik edir, partiya yığıncaqları, konfrans və müşavirələrdə çıxış edir, partiya işçiləri ilə görüşür, bolşevik mətbuatı üçün məqalələr yazırdı. Lenin gizli yaşayırdı və bir neçə dəfə Peterburqdan Finlandiyaya getməli olmuşdu. Orada, Tammerforsda bolşeviklərin 1-ci konfransına (1905, dekabr) rəhbərlik etmişdi. 1906-cı ilin aprelində Lenin RSDFP-nin 4-cü (Birləşdirici) qurultayında iştirak etmək üçün Stokholma yola düşdü. Lenin qurultaydan sonra coşqun fəaliyyətə başladı, geniş fəhlə kütlələrinə qurultaydakı mübarizə haqqında məlumat verdi, qurultayın bolşevik nümayəndələrinə müraciətnamə yazdı, «RSDFP Birləşdirici qurultayı haqqında məruzə (Peterburq fəhlələrinə məktub)» kitabçasını nəşr etdirdi. Lenin partiyanın yeni qurultayını, çağırmaq vəzifəsini irəli sürdü. Polisin təqibi üzündən 1906-cı ilin yayında Lenin Finlandiyaya getdi, 1907-ci ilin dekabrına qədər (fasilələrlə) Kuokkalada yaşadı; MK-ya və Peterburq komitəsinə bilavasitə rəhbərlik üçün gizli surətdə Peterburqa gəlirdi. Lenin «Proletari» qəzetinin redaktoru oldu; qəzetdə onun 100-dən çox məqaləsi dərc edilmişdi. 1907-ci il aprelin axırlarında Lenin Kopenhagenə getdi, orada bolşevik nümayəndələrinin müşavirəsini çağırdı. RSDFP-nin 5-ci qurultayını da burada çağırmaq nəzərdə tutulmuşdu. Lakin Danimarka polisinin tələbi ilə nümayəndələr ölkəni tərk etdilər. Qurultay Londona köçürüldü. Lenin yolda Berlinə gəldi və A.M.Qorki, K.Kautski, R.Lüksemburqla görüşdü. 1907-ci ilin aprel-mayında Londonda RSDFP-nin 5-ci qurultayı oldu. Lenin qurultaya rəhbərlik etdi; burjua partiyalarına münasibət haqqında onun məruzəsi qurultayın işində çox mühüm yer tutdu, bu barədə Lenin qətnaməsi qəbul olundu. Lenin RSDFP MK tərkibinə seçildi, Lenin başda olmaqla Bolşevik mərkəzi yaradıldı. 1907-ci ilin iyununda Lenin Rusiyaya qayıtdı. Polis departamenti Peterburq jandarm rəisindən Lenin haqqında olan bütün məlumatın xəbər verilməsini və onun Finlandiyadan gətirilməsi məsələsinin qaldırılmasını tələb etdi. Bolşevik mərkəzi Leninin xaricə getməsi haqqında qərar çıxardı. Lenin böyük bir risklə (portda deyil, adaların birində gəmiyə minməyə məcbur oldu. Yolun bir hissəsini gecə, Fin körfəzində hələ bərkiməmiş buzun üstü ilə getməli oldu və buz sındığından o, az qala boğulmuşdu) 1907-ci ilin dekabrında xaricə gedib çıxa bildi. Onun ikinci mühacirəti 10 il çəkdi.
1908-ci ilin yanvarında Lenin Krupskaya ilə Cenevrəyə gəldi və dərhal «Proletari» qəzetinin nəşrini bərpa etməyə başladı. Lenin irtica şəraitində mətbuat orqanını partiya uğrunda mühüm bir vasitə sayır, partiyanı və fəhlə sinfini inqilabın yeni yüksəlişinə hazırlamaq silahı hesab edirdi. 1908-ci il aprelin 2-ci yarısında Lenin A.M.Qorki ilə görüşmək üçün Kapri adasına (İtaliya) gəldi. 1908-ci ilin axırlarında «Proletari»nin nəşri, o zaman rus mühacirlərinin mərkəzi olan Parisə köçürüldü; Lenin və Krupskaya da oraya gəldilər. Parisdə onların həyat şəraiti ağır idi. Lenin şəhər kənarında ucuz mənzil tutmuşdu və Milli kitabxanadan istifadə etmək üçün velosipedlə bütün şəhərdən keçib getməli olurdu. Lenin Parisdə bolşevik qrupunun işində fəal iştirak edir, Fransa fəhlə hərəkatını öyrənirdi. 1908-ci ilin dekabrında (1909-cu ilin yanvarında) Lenin RSDFP-nin 5-ci Ümumrusiya konfransında əsas məruzə ilə çıxış etdi. Leninin təklifi ilə konfrans təsviyəçiliyi qətiyyətlə pislədi, partiya təşkilatlarını təsviyəçiliyə qarşı barışmaz mübarizəyə çağırdı. İrtica illərində Lenin bolşevizmin aqrar proqramının işlənib hazırlanması, fəlsəfə əleyhinə, partiyanın marksist fəlsəfə baxışlarını müdafiə etmək məsələləri ilə ciddi məşğul olurdu. 1909-cu ilin mayında marksizm fəlsəfəsinin əsaslarını təftiş etmək cəhdlərinə qarşı ardıcıl və barışmaz mübarizə nümunəsi olan «Materializm və empiriokritisizm» kitabı çapdan çıxdı. Bu dahiyanə əsər marksizm fəlsəfəsinin inkişafında yeni, Lenin mərhələsidir. Lenin partiyanın əməli fəaliyyətini onun nəzərə əsaslarının ideya saflığı uğrunda, marksizm təliminə sədaqət uğrunda mübarizə ilə sıx əlaqələndirirdi. Lenin partiyanı qoruyub saxlamaq və möhkəmlətmək uğrunda mübarizə apararaq, ilk növbədə fəhlələrdən partiya kadrları hazırlamaq işinə böyük diqqət yetirirdi. 1909-cu ilin iyununda Parisdə «Proletari»nin geniş redaksiyasının müşavirəsi keçirildi. Otzovistlərə qarşı mübarizədə Lenin otzovizm və ultimatizm  məsələsinə dair çıxış edərək həm sağdan təsviyəçiliyə, həm də «sol»dan təsviyəçiliyə qarşı mübarizə aparmalı olurdu. Lenin həm də özünün «franksiyaçılıqdan kənarda» olmasına dair saxta ibarələr arxasında aparırdı. Trotskinin ikiüzlü, böhtançı və mənsəbpərəst olduğunu ifşa edən Lenin onu «iuduşka» adlandırmışdı.
Lenin mühacirətdə 2-ci İnternasionalın opportunizmi əleyhinə də mübarizə aparırdı. O, Beynəlxalq sosialist bürosunun iclaslarında iştirak edir, beynəlxalq fəhlə hərəkatına dair məruzələr edir, məqalələr yazırdı. 1910-cu ilin yayında Lenin ailəsi ilə birlikdə Biskay körfəzi sahilindəki Pornik qəsəbəsində istirahət etdikdən sonra, yayın axırlarında 2-ci İnternasionalın 8-ci konqresində iştirak etmək üçün Kopenhagenə gəldi. Konqresin işi zamanı Lenin gizli marksist partiyasını təsviyəçilərə, trotskiçilərə qarşı qoruyub saxlamaq uğrunda birgə mübarizə üçün yenidən Plexanovla yaxınlaşdı. Sentyabrın ortalarında Lenin üç ildən bəri görmədiyi 75 yaşlı anası ilə görüşmək üçün Stokholma getdi. O, anasına çox incə mehribanlıq və qayğıkeşlik göstərirdi. Mariya Aleksandrovna burada birinci dəfə oğlunun kütlə qarşısında açıq çıxışını dinlədi (bu, Leninin anası ilə son görüşü idi; 1916-cı ildə anası vəfat etdi). Sentyabrın axırlarında Lenin Parisə qayıtdı. Rusiyada yeni inqilabi yüksəlişin başlanması ilə əlaqədar Lenin leqal marksist mətbuatını bərpa etmək vəzifəsini qarşıya qoydu. Onun təşəbbüsü ilə 1910-cu ilin dekabrında Peterburqda «Zvezda» qəzeti, Moskvada «Mısl» leqal bolşevik jurnalı nəşrə başladı. Fəhlələr içərisindən partiya kadrları hazırlamaq məqsədi ilə Lenin 1911-ci ilin yazında Paris yaxınlığında partiya məktəbi təşkil etdi.
 Lenin rəhbər partiya mərkəzini bərpa etmək üçün (Rusiyada işləyən bütün MK üzvləri – bolşeviklər həbs olunmuşdular) xaricdə yaşayan MK üzvlərinin müşavirəsini keçirdi (1911, Paris). Müşavirə Ümumrusiya konfransını çağırmaq üçün Xarici təşkilat komissiyası yaratdı. Təşkilat komissiyası Rusiya təşkilat komissiyası düzəltməyi tapşırdı (Leninin Rusiya partiya mərkəzi adlandırdığı bu komissiya 1911-ci ilin sentyabrında Bakıda yerli partiya təşkilatları nümayəndələrinin müşavirəsində yaradıldı). 1912-ci ilin yanvarında Leninin rəhbərliyi ilə Praqada RSDFP-nin 6-cı konfransı keçirildi. Konfrans təsviyəçi menşevikləri partiyadan xaric etdi, inqilabi yüksəklik şəraitində RSDFP-nin siyasi xəttini və taktikasını müəyyənləşdirdi.
Rusiya ilə daha yaxından əlaqə saxlamaq, partiya təşkilatlarının işini istiqamətləndirmək. «Pravda» qəzetinə [1912-ci il aprelin 22-dən (mayın 5-dən) çıxırdı], 4-cü Dövlət dumasındakı bolşevik fraksiyasına rəhbərlik etmək üçün Lenin 1912-ci ilin iyununda Polşaya-Krakova köçdü və Birinci dünya müharibəsi başlanana qədər burada yaşadı. Həmin dövrdə Leninin rəhbərliyi ilə MK-nın partiya işçiləri ilə keçirdiyi müşavirələrin partiyanı və onun birliyini möhkəmlətməkdə böyük rolu olmuşdur. Lenin partiyaya rəhbərlik sahəsində fəaliyyəti ilə yanaşı partiyanın milli məsələyə dair nəzəriyyəsi və siyasətinin hər tərəfli əsaslandırılmasına da böyük diqqət yetirirdi. Leninin həmin dövrdə milli məsələyə dair yazdığı «Milli məsələyə dair tənqidi qeydlər», «Millətlərin öz müqəddəratını təyin etməsi hüququ haqqında» əsərləri yaradıcı marksizmin ideya xəzinəsinə görkəmli hədiyyədir.
İmperialist müharibəsi başlananda Lenin Poronində idi və ilk günlərdən müharibənin əleyhinə qətiyyətlə mübarizə aparmağa başladı. İyulun 25-də (avqustun 7-də) uydurma çuğulluğa əsasən Leninin mənzilində axtarış keçirildi və o, çar hökumətinin xeyrinə casusluqda ittiham olundu (mənzildə axtarış aparan polis məmuru aqrar məsələyə dair əlyazmasındakı rəqəmləri şifrli sənət hesab etmişdir). Ertəsi gün Lenin tutulub həbsxanaya salındı. Polşa və Avstriya sosial-demokratlarının köməyi sayəsində avqustun 6(19)-da buraxıldı; avqustun 23-də (sentyabrın 5-də) ailəsi ilə birlikdə İsveçrəyə gəldi və 1917-ci ilin martına (aprelinə) qədər burada yaşadı. 1914-cu il avqustun 24-26-da (sentyabrın 6-8-də) Lenin Berndə yerli bolşevik qrupunun müşavirəsində müharibəyə münasibət haqqında məruzə etdi: onun «Avropa müharibəsinə inqilabi sosial-demokratiyanın vəzifələri» tezisləri qətnamə kimi qəbul olundu. Lenin tezislər üzərində işləyib bunları manifestə çevirdi.  Müharibə dövrünün çətinliklərinə baxmayaraq, Lenin partiyanın Mərkəzi orqanı olan «Sosial-demokrat» qəzetinin yenidən nəşrinə nail oldu. Lenin opportunizmə və sentrizmə (kautskiçiliyə) qarşı mübarizə aparır, beynəlxalq fəhlə hərəkatında inqilabi qüvvələri birləşdirərək yeni Kommunist İnternasionalının yaradılması üçün zəmin hazırlayırdı. Müharibə illərində yazdığı əsərlərdə  («Sosializm və müharibə», «Avropa Birləşmiş Ştatları şüarı haqqında», «İmperializm kapitalizmin ən yüksək mərhələsidir», «Proletar inqilabının hərbi proqramı», «Funiusun kitabçası haqqında», «Öz müqəddəratını təyin etmək haqqında diskussiyanın yekunları» və s.) Lenin inqilabi marksizmin bütün cəhətlərini – sosialist inqilabi haqqındakı təlimi, iqtisadi nəzəriyyəni, fəlsəfəni («Fəlsəfə dəftərləri») bir-biri ilə qırılmaz vəhdət halında daha da işləyib hazırladı və inkişaf etdirdi. Leninin sosialist inqilabı haqqında yeni nəzəriyyəsinin çox böyük tarixi əhəmiyyəti oldu.
Leninin və ailəsinin maddi vəziyyəti olduqca ağır idi. 1915-ci ilin martında mühacirətdə onlarla yaşayan Yelizaveta Vasilyevna (N.K.Krupskayanın anası) vəfat etdi. Lenin yoldaşlarından birinə məktubunda yazmışdı: «Şəxsən öz barəmdə deməliyəm ki, işləyib pul əldə etmək lazımdır… Doğrusu, lap korluq çəkirik!!! Son dərəcə bahalıqdır, dolanacaq üçün isə pul yoxdur!» (Əsərləri, c.35, səh.217).
Lenin Rusiyada inqilab baş verdiyini 1917-ci il martın 2(15)-də Sürixdə bildi və dərhal bu hadisələrə qiymət verməyə, bolşevik partiyasının yeni vəzifələrini müəyyən etməyə başladı. Çox çətinliklə, 1917-ci il aprelin 3-də (16-da) Lenin Petroqrada gəldi. İnqilabi Rusiya öz böyük rəhbərinin hədsiz sevinc və şadlıqla qarşıladı. Lenin Finlandiya vağzalında təbrik nitqi söylədi. O, Petroqrad fəhlə və əsgərləri qarşısında birinci çıxışını «Yaşasın sosialist inqilabı!» çağırışı ilə qurtardı. Sonra isə zirehli avtomobildə, o zaman bolşevik partiyasının Mərkəzi və Peterburq komitəsinin yerləşdiyi Kşesinskaya sarayına yollandı.  Həmin gecə buraya toplaşmış dostları və yoldaşları, bolşeviklərin MK və Peterburq komitəsinin üzvləri, Petroqrad partiya təşkilatının fəal işçiləri qarşısında nitq söyləyərək hazırkı vəziyyət haqqında baxışlarını izah etdi. Aprelin 4(17)-də səhər Lenin Tavriçeski sarayında bolşeviklərin yığıncağında «Hazırkı inqilabda proletariatın vəzifələri haqqında» məruzə etdi. Bu, partiyanı burjua-demokratik inqilabından sosialist inqilabına keçmək uğrunda elmi surətdə əsaslandırılmış mübarizə planı ilə silahlandırmış məşhur «Aprel tezisləri» idi. Lenin partiya MK-sının, «Pravda» qəzetinin, bolşeviklərin Petroqrad təşkilatının işini istiqamətləndirdi. Bolşeviklərin aprelin  4(27)-də keçirilən ümumşəhər konfransında Lenin hazırkı dövr, Müvəqqəti hökumətə münasibət haqqında məruzələrlə və son sözlə çıxış etdi; partiyanın paytaxt təşkilatı Leninin taktikasını bəyəndi. Aprelin 24-də (mayın 7-də) bolşeviklərin 7-ci Ümumrusiya konfransı açıldı. Lenin hazırkı dövr, aqrar məsələ, partiya proqramına yenidən baxılması haqqındakı məruzələrində partiyanın «Aprel tezisləri»ndə müəyyən olunmuş proqramını və taktikasını inkişaf etdirdi. Lenin rəhbərliyi altında bolşeviklər partiyanın siyasətini kütlələrə izah edir, siyasi və təşkilatçılıq işi  aparırdılar. Lenin özü tez-tez Petroqrad fəhlələri, əsgər və matroslar qarşısında çıxış edirdi. Kəndlii deputatları Sovetlərinin 1-ci Ümumrusiya qurultayındakı (1917, may) çıxışında o, mülkədar torpaqlarını dərhal zəbt etməyə çağırdı. 1-ci Ümumrusiya Sovetlər qurultayındakı (1917, iyun) nitqlərində Lenin Müvəqqəti hökumətin imperialist, xalqa zidd siyasətini, menşevik və esserlərin sazişçiliyini ifşa etdi, imperialist müharibəsindən yalnız qalibiyyətli sosialist inqilabı yolu ilə çıxmağın mümkün olduğunu göstərdi.
Lenin «Pravda»nın işinə istiqamət verir, demək olar, hər gün ona məqalələr yazırdı. Rusiyaya qayıtdığı vaxtdan iyul günlərinədək, yəni 90 gün ərzində Lenin 170-dən çox məqalə, kitabça, bolşevik konfranslarının və MK-nın qətnamə layihələrini, müraciətnamələr yazmışdı. İyunun axırlarına yaxın Lenin özünü son dərəcə yorğun hiss edirdi. O, istirahət üçün bir neçə günlüyə V.D.Bonç-Bruyuviçin Neyvola kəndindəki bağına (Finlandiya)  getdi. Lakin paytaxtda başlanan hadisələr onun istirahətini yarımçıq qoyub. İyul günlərindən (1917) sonra ikihakimiyyətlik qurtardı, inqilabın dinc inkişaf dövrü başa çatdı: Lenin «Bütün hakimiyyət Sovetlərə!» şüarını müvəqqəti olaraq geri götürməyi təklif etdi. Müvəqqəti hökumət Leninin həbs olunması haqqında əmr verdi. MK-nın qərarı ilə Lenin gizli vəziyyətə keçdi və avqustun 8(17)-də Razliv gölü sahilində komada, oktyabrın əvvəlinədək isə Finlandiyada yaşadı. Lenin gizli yaşadığı zaman hər gün partiyanın fəaliyyətinə, inqilabi mübarizəyə rəhbərlik edirdi. Onun həmin dövrdə yazdığı əsərlər – «Siyasi vəziyyət» tezisləri, «Şüarlara dair» kitabçası, «İnqilabın dərsləri» məqaləsi və s.  partiyanın 6-cı qurultayı (1917) qərarlarının əsasını təşkil etdi. Lenin qurultayın işinə gizli fəaliyyət yerindən istiqamət verirdi. Qurultay Lenin başda olmaqla MK seçdi. Lenin gizli yaşadığı zaman «Dövlət və inqilab», «Yaxınlaşan fəlakət və onunla necə mübarizə etməli» və s. əsərlərini yazdı. Kornilovçulluğa qarşı mübarizədə bolşeviklərin taktikasını işləyib hazırladı. Kornilov qəsdinin ləğvindən sonra Leninin göstərişi ilə partiya «Bütün hakimiyyət Sovetlərə!» şüarını yenidən irəli sürdü. Sentyabrın ortalarında Lenin partiyanın MK-sına, Petroqrad və Moskva komitələrinə «Bolşeviklər hakimiyyəti ələ almalıdırlar» məktubunu və MK-ya «Marksizm və üsyan” məktubunu, sentyabrın axırında «Böhran yetişmişdir» məqaləsini göndərdi. Bunlarda Lenin silahlı üsyanı dərhal əməli surətdə hazırlamaq zərurətini əsaslandırdı.
Oktyabrın əvvəlində Lenin üsyana bilavasitə rəhbərlik üçün gizli surətdə Vıborqdan Petroqrada gəldi. Oktyabrın 8(21)-də yazdığı «Kənar adamın məsləhətləri» məqaləsində silahlı üsyanın taktikasını şərh etdi. Şimal vilayəti Sovetləri  qurultayının bolşevik iştirakçılarına yazdığı məktubunda Lenin təkidlə qeyd edirdi ki, qəti hərəkət vaxtı çatmışdır, «ləngimək ölümə bərabərdir». Silahlı üsyan məsələsi oktyabrın 10(23)-da MK-nın iclasında müzakirə olundu. Leninin təklifi ilə MK silahlı üsyan haqqında qətnamə qəbul etdi. Üsyana siyasi rəhbərlik üçün Lenin başda olmaqla MK Siyasi bürosu yaradıldı. Oktyabrın 16(29)-da MK-nın geniş iclası oldu. Lenin məruzəsində silahlı üsyan xəttini əsaslandırdı, üsyan əleyhdarlarının (Kamenev, Zinovyev) mövqeyini kəskin tənqid etdi. İclasda üsyana rəhbərlik üçün A.S.Bubnov, F.E.Dzerjinski, Y.M.Sverdlov, İ.V.Stalin və M.S.Uritskidən ibarət Hərbi-inqilabi mərkəz təşkil olundu. Lenin üsyanın başlanması vaxtına xüsusi əhəmiyyət verirdi. Oktyabrın 24-də (noyabrın 6-da) MK-ya məktubunda dərhal hücuma keçməyi, Müvəqqəti hökuməti həbs edib hakimiyyəti ələ almağı tələb edirdi. Leninin təklifi ilə üsyan oktyabrın 24-də – 2-ci Sovetlər qurultayı açılana qədər başlandı. Kazak və yungerlərin əlinə keçmək təhlükəsinə baxmayaraq, Lenin həmin günün axşamı gizli surətdə Smolnıya gəlib üsyana bilavasitə rəhbərlik etdi. Oktyabrın 25-də (noyabrın 7-də) səhərə yaxın üsyan əslində qalib gəlmişdi. Səhər saat 10-da Leninin yazmış olduğu «Rusiya vətəndaşlarına» müraciətnaməsi elan olundu. Müraciətnamədə xəbər verilirdi ki, Müvəqqəti hökumət devrilmiş, hakimiyyət Sovetlərin əlinə keçmişdir. Saat 11-də Petroqrad Sovetinin təcili iclasında Lenin alovlu nitq söylədi. O dedi: «Zəruri olduğunu bolşeviklərin həmişə söylədikləri fəhlə və kəndlik inqilabı baş verdi…Bu zamandan etibarən Rusiyanın tarixində yeni bir dövr başlanır və indiki üçüncü rus inqilabı nəticə etibarı ilə sosializmin qələbəsinə gətirib çıxarmalıdır» (əsərləri, c.26, səh.234). Oktyabrın 26-da (noyabrın 8-də) Lenin 2-ci Sovetlər qurultayında sülh və torpaq haqqında məruzələrlə çıxış etdi. Qurultay Sülh haqqında dekret və Torpaq haqqında dekret qəbul etdi, Lenin başqa olmaqla ilk fəhlə-kəndli hökuməti – XKS yaratdı.
İnqilabın qələbəsinin ilk günündən Leninin bütün fikri, işi, iradə və qüvvəsi fəhlə sinfinin hakimiyyətini əldə saxlamağa və möhkəmlətməyə, sosializm quruculuğunu həyata keçirməyə yönəlmişdi. Lenin fəhlə sinfinin zəhmətkeş kəndlilərlə ittifaqını Sovet hakimiyyətinin sarsılmaz əsası hesab edirdi. Çoxmillətli Rusiyada Sovet hakimiyyətinin müqəddəratı bir çox cəhətcə milli məsələni onun necə həll edəcəyindən asılı idi. 1917-ci ilin noyabrında Leninin imzası ilə dərc edilən «Rusiya xalqlarının hüquq bəyannaməsi»ndə XKS Rusiya xalqlarının bərabərlik və suverenliyini, onların öz müqəddəratlarını azad surətdə müəyyən etmək və hətta ayrılıb müstəqil dövlət yaratmaq hüququnu, bütün milli və milli-dini imtiyazların və məhdudiyyətlərin ləğvini, Rusiya ərazisində yaşayan və azlıqda qalan millətlərin və etnoqrafik qrupların azad inkişafını elan etdi. Lenin milli siyasəti Sovet hakimiyyətinə bütün millətlərin çoxmilyonlu zəhmətkeş kütlələrini etimadını qazandırdı. Rusiya xalqlarını sıx birləşdirdi, çoxmillətli sosialist dövlətinin əsaslarını qoydu.
Sovet hökumətinin nəhəng işinə Lenin başçılıq edirdi, fəhlələr, əsgərlər, matroslar və kəndlilər onun yanına gəlirdilər. Lenin onların hamısını qəbul edir, diqqətlə dinləyir, məsələlərini həll edir, fəhlələri və kəndliləri öyrədir, özü də onlardan öyrənirdi. Lenin gənc Sovet respublikasının həyatının hər cəhətinə rəhbərlik edir, partiya və dövlət siyasətinin bütün əsas məsələlərini işləyib hazırlayırdı. O, sosialist inqilabının yaradıcı, qurucu xarakterini dəfələrlə qeyd edirdi. Lenin göstərirdi ki, proletar inqilabının əsas vəzifəsi yeni iqtisadiyyat, sosialist iqtisadiyyatı yaratmaqdır. Leninin təklifi ilə ümumdövlət iqtisadi mərkəzi – AXTŞ, xalq milli işlər komissarlığı, ümumrusiya Fövqəladə Komissiyası yaradıldı.
Lenin son dərəcə gərgin işdən həddindən artıq yorulmuşdu və XKS dekabrın 23-də ona bir neçə günlük məzuniyyət verilməsi haqqında qərar qəbul etdi; Lenin məzuniyyəti N.K.Krupskaya və bacısı Mariyə İliniçna ilə birlikdə Finlandiyada, sanatoriyalardan birində keçirdi. Dekabrın 28-də isə Petroqrada qayıtdı və birinci sovet yeni ilini Vıborq rayonu fəhlələri ilə birlikdə qarşıladı. 1918-ci il yanvarın 1-də Lenin əsgərlər qarşısında çıxışından qayıdarkən terrorçular onun avtomobilini gülləyə basdılar. Onunla birlikdə gedən İsveçrə kommunisti F.Platten tez Leninin başını aşağı əydi; Platen yüngül yaralandı, Lenin, xoşbəxtlikdən salamat qaldı.
Yanvarın əvvəllərində Lenin birinci Sovet Konstitusiyasının əsasını təşkil edən «Zəhmətkeş və istismar olunan xalqın hüquq bəyannaməsi»ni yazdı. «Bəyannamə»də Sovet hakimiyyətinin vəzifələri müəyyən olunmuşdu. Yanvarın 10-da açılmış 3-cü Ümumrusiya Sovetlər qurultayında Lenin XKS-nin fəaliyyəti haqqında məruzə etdi. Bu, Sovet hökumətinin xalq qarşısında ilk hesabatı idi.  qurultay Sovet hökumətinin siyasətini bəyəndi, «Bəyənnamə»ni qəbul etdi.
Lenin Sovet dövlətinin  müharibədən çıxmasını və möhkəm sülhə nail olmağı sosializm uğrunda mübarizənin başlıca şərti sayırdı. Sülh məsələsi MK-nın iclaslarında dəfələrlə müzakirə edilmişdir. MK üzvlərinin çoxu əvvəl Leninə tərəfdar çıxmırdı. Leninin qətiyyəti, onun mövqeyinin möhkəmliyi sayəsində Almaniya ilə Brest sülhü (1918) imzalandı. Partiyanın 7-ci qurultayı (1918) Lenin xəttini bəyəndi. Qurultay partiyanın adını dəyişmək haqqında Leninin yazdığı qətnaməni qəbul etdi; partiya Rusiya Kommunist (bolşeviklər) Partiyası – RK(6)P adlanmağa başladı.
Leninin təklifi ilə PK(6)P MK və Sovet hökuməti 1918 il martın 11-də Moskvaya köçdü. Moskva Sovet dövlətinin paytaxtı oldu. XKS və ÜPMİK Kremldə yerləşdi. Bir müddət Moskvanın «Nasional» mehmanxanasında yaşadıqdan sonra Lenin də Kremlə köçdü. Martın 14-də Moskvada Ümumrusiya fövqəladə 4-cü Sovetlər qurultayı toplandı. Qurultay Brest sülhü barədə Leninin məruzəsini dinləyərək müqavilənin təsdiq olunması haqqında qətnamə qəbul etdi. Beləliklə, Leninin müdrikliyi, prinsipiallığı və polad iradəsi müharibə və sülh kimi ən mühüm bir məsələdə yeganə düzgün siyasətin həyata keçirilməsini təmin etdi. Sovet hakimiyyətini möhkəmlətmək, sosializm quruculuğunu genişləndirmək üçün zəruri olan dinc tənəffüs qazanıldı.
Lenin Böyük Oktyabr sosialist inqilabından sonra yazdığı ilk böyük əsəri olan «Sovet hakimiyyətinin növbəti vəzifələri»ndə sosializm quruculuğunun planını verdi, kapitalizmdən sosializmə keçid dövrünün ən mühüm problemlərini işıqlandırdı, Sovet dövlətinin iqtisadi siyasətinin əsaslarını işləyib hazırladı. 1918-ci il aprelin 29-da Lenin ÜPMİK-in iclasında Sovet hakimiyyətinin növbəti vəzifələri haqqında məruzə etdi.; ÜPMİK onun irəli sürdüyü müddəalara tərəfdar çıxdı. Lenin «Elmi-texniki işlər planının ilkin qeydləri»ndə (1918, aprel) təsərrüfat orqanları və alimlər qarşısında «Rusiya sənayesinin yenidən təşkili və iqtisadi yüksəlişi planını» tez tərtib etmək vəzifəsini qoydu. Lenin ərzaq işinin təşkilinin bütün xırda cəhətlərinə dərin diqqət yetirir, taxıl uğrunda bu mübarizəni sosializm uğrunda mübarizə adlandırırdı. On minlərlə qabaqcıl fəhlələr ərzaq dəstələri düzəltdilər və Leninin çağırışı ilə kəndlərə getdilər. Leninin təklifi ilə yoxsul komitələri yaratmaq haqqında dekret verildi. Sovet hakimiyyətinin ilk günlərindən mədəni quruculuq məsələləri Leninin fəaliyyətində böyük yer tuturdu. O qeyd edirdi ki, Qızıl Oktyabr ən böyük miqyasda mədəni inqilab üçün geniş yol açmışdır. 1918-ci ilin iyununda Lenin xalq maarifi işinin təşkili haqqında dekret imzaladı. Elmi-texniki qüvvələri sosializm quruculuğuna cəlb etmək tədbirlərinin Lenin həmişə hərarətlə qarşılayırdı. O, qiymətli bədii kolleksiyaları milliləşdirmək, incəsənət abidələrini və qədim abidələri mühafizə etmək tədbirlərinin təşəbbüsçüsü idi.
Lenin Sovet hakimiyyəti orqanlarının möhkəmləndirilməsinə, onun bütün qanun və sərəncamlarının tez və dürüst yerinə yetirilməsinə böyük əhəmiyyət verirdi. Lenin göstərirdi ki, əgər fəhlə və kəndliləri biz səylə intizama öyrədiriksə, onda biz öz-özümüzdən başlamağa borcluyuq. O, yerlərdə Sovet hakimiyyətinin möhkəmləndirilməsinin həmin dövrdə dövlət quruculuğunun ən mühüm vəzifələrindən sayır, eyni zamanda yerliçilik, separatizm, vilayətçilik təzahürlərinə qarşı qəti mübarizə aparırdı. Lenin qanunları və qoyulmuş qaydalara dürüst əməl etməkdə şəxsi nümunə göstərir, özü üçün heç bir istisnaya yol vermirdi (1918-ci ilin mayında XKS-nin işlər müdiri V.D.Bonc-Bruyeviçə və XKS-nin katibi N.P.Qorbunova Leninin əmək haqqını, özünün yazdığı kimi, özbaşına və qanunsuz axtardıqlarına görə, şiddətli töhmət elan etmişdi). Lenin dövlətdən oğurlamağa və rüşvətxorluğa qarşı, dələduzlara və müftəxorlara qarşı amansız mübarizə aparmağı tələb edirdi. «Dərhal, nümayişkaranə bir sürətlə qanun layihəsi vermək lazımdır ki, rüşvət (pul qoparmaq, pulla ələ almaq, rüşvət almağa vasitəçi olmaq və i.a. v. s.) üstündə verilən cəza gərək ən azı on il həbsdən və əlavə olaraq on il icbari işdən ibarət olsun» (əsərləri, c.35, səh.317).
Lenin marksistlərdən birinci olaraq proletar dövlətinin silahlı qüvvələri məsələsini işləyib hazırladı, sovet ordusunun təşkili və quruculuğunun elmi əsaslarını müəyyən etdi. 1918-ci ilin martında hərbi işçilərin Leninin sədrliyi ilə keçirilən müşavirəsində ordunun təşkili məsələləri müzakirə olundu.
1918-ci ilin iyulunda 5-ci Ümumrusiya Sovetlər qurultayı Leninin göstərişləri əsasında və onun iştirakı ilə hazırlanmış RSFSR-in birinci Konstitusiyasını təsdiq etdi.
Dünyada ilk fəhlə-kəndli hökumətini devirməyə çalışan beynəlxalq imperializmin yardımı ilə daxili əksinqilabçılar vətəndaş müharibəsinə başçılıq etdi. O, indi həm də görkəmli strateq, hərb işinin və hərb sənətinin dərin bilicisi kimi fəaliyyət göstərirdi. Lenin «Hər şey cəbhə üçün, hər şey qələbə üçün!» şüarını irəli sürdü. Leninin bilavasitə rəhbərliyi altında hərbi əməliyyat planları hazırlanır, Qızıl Ordu böyüyüb mətinləşirdi.
1918-ci il avqustun 30-da Lenin keçmiş Mixelson zavodunda (indiki Vladimir İliç adına zavod) fəhlələr qarşısında çıxış etdi. Mitinqdən sonra Lenin avtomobilə yaxınlaşarkən terrorçu-eser qadın Kaplan atəş açaraq, çərtilmiş və zəhərli güllələrlə onu iki yerdən ağır yaraladı. Lenini Kremlə, mənzilinə apardılar. Hakimlər onun həyatını xilas etmək üçün bütün lazımi tədbirləri görürdülər. Leninə xaincəsinə qəsd bütün ölkəni sarsıtdı, partiya və xalq rəhbərin səhhətinin vəziyyətini dərin həyəcanla izləyirdi. Leninin sağalmağa başlaması bütün ölkə üçün şadlıq oldu. Ona fəhlə və kəndlilərdən minlərlə təbrik gəlirdi. Sentyabrın 12-də Qızıl Ordunun Simbirski ağlardan azad etməsi haqqında teleqrama Lenin belə cavab vermişdi: «Simbirskin – mənim doğma şəhərimin – alınması, yaralarıma ən çox şəfa verən ən yaxşı sarğıdır». Sentyabrın 16-da həkimlər Leninin işə başlamasına icazə verdilər. O, yenə partiyaya, ölkəyə rəhbərliyi davam etdirdi. 1918-ci il noyabrın 6-da Lenin 6-cı Ümumrusiya Sovetlər qurultayında Böyük Oktyabr sosialist inqilabının ildönümü haqqında nitq söylədi. Noyabrın 30-da Leninin başçılığı ilə Fəhlə və Kəndli Müdafiə Şurası yaradıldı (1918-ci il dekabrın 1-dən 1920-ci il fevralın 27-dək onun 100-dən artıq iclası olmuş,  2 iclasdan başqa, bütün iclaslarda Lenin sədrlik etmişdi). Leninin rəhbərliyi altında partiya və hökumət ölkənin iqtisadiyyatını hərbi qaydada yenidən qurdu, fövqəladə təbirlər sistemi hazırlanıb həyata keçirildi. Lenin nəzəri işini də  davam etdirirdi. Oktyabr - noyabr aylarında o, marksizmi təhrif etmək və bayağılaşdırmaq cəhdlərinə qarşı yönəldilmiş «Proletar inqilabı və xain Kautski» əsərini yazdı. 1919-cu ilin yanvarında Lenin Avropa və Amerika fəhlələrinə müraciətlə onları 3-cü İnternasional təsis etməyə çağırdı. Martın əvvəllərində Moskvada Kommunist İnternasionalının 1-ci konqresi oldu. 1919-cu ilin martında PK(b)P-nin 8-ci qurultayı toplandı. Lenin MK-nın hesabatı, partiya proqramı və kənddə iş haqqında məruzələr etdi. Qurultay Leninin rəhbərliyi altında hazırlanmış yeni partiya Proqramını qəbul etdi.
Lenin kapitalizmdən sosializmə keçid dövrünün nəzəri problemlərini işləyib hazırladı. N.K.Krupskaya yazırdı: «İliçin kabinetinə girəndə görürdün ki, durub Marksın və Engelsin əsərlərini dönə-dönə oxuyur… İliç, əməli məsələlərin həllini nəzəriyyədə axtarırdı». 1919-cu ildə yazdığı «Böyük təşəbbüs», «Proletariat diktaturası dövründə iqtisadiyyat və siyasət» və s. əsərlərində Lenin proletariat diktaturası təcrübəsini ümumiləşdirərək, keçid dövrü haqqında marksizm təlimini inkişaf etdirdi, iki sistemin mübarizəsi şəraitində kommunizm quruculuğunun ən mühüm məsələlərini işıqlandırdı.
Vətəndaş müharibəsi qələbə ilə başa çatdıqdan sonra Lenin iqtisadiyyatın bərpası və daha da inkişaf etdirilməsi uğrunda partiyanın və xalqın mübarizəsinə başçılıq etdi. Leninin rəhbərliyi ilə Sovet dövlətinin ilk perspektiv xalq təsərrüfatı planı – QOELRO planı işlənib hazırlandı.
Lenin PK(b)P-nin 9-cu qurultayında (1920) MK-nın hesabat məruzəsində, təsərrüfat quruculuğu və kooperasiya haqqındakı nitqlərində partiyanın bu sahədəki vəzifələrini işıqlandırdı. Qurultayın axırıncı günü nümayəndələrdən bir qrupu Leninin andan olmasının 50 illiyinin yaxınlaşması ilə əlaqədar son iclası Leninin şərəfinə həsr etmək təklifini irəli sürdü. Lakin Lenin bunu bəyənmədi. Özü barəsində tərif  nitqləri söyləməsini sevməyən Lenin iki natiqin çıxışından sonra qurultaydan getdi. Qurultay V.İ.Leninin Əsərləri külliyyatını nəşr etməyi qərara aldı. 1920-ci il aprelin 22-də partiya və xalq Leninin anadan olmasının 50 illiyini qeyd etdi. Bu münasibətlə Moskva partiya komitəsi aprelin 23-də təntənəli iclas  çağırdı. İclasda A.M.Qorki, A.V.Lunaçarski, M.S.Olminski, İ.V.Stalin və b. çıxış etdilər. Lenin iclasın ancaq axırında gəlmiş və iclasdakıların təkidli xahişi ilə söylədiyi qısa nitqini bütünlüklə partiyaya həsr etmişdi.
1920-ci ilin aprel-mayında Lenin «Kommunizmdə» «solluq» uşaq xəstəliyi» adlı dahiyanə əsərini, iyulda Kominternin 2-ci konqresinin ən mühüm qərarlarının layihələrini (Kominternin əsas vəzifələri haqqında, milli, müstəmləkə, aqrar məsələləri barədə tezislər və s.) yazdı.
Dinc quruculuq dövrünə keçilməsi və yeni iqtisadi siyasətə dönüş müxalifətçi qruplara qarşı kəskin mübarizə şəraitində baş verirdi. RK(b)P-nin xətti əleyhinə çıxan trotskiçilər və buxarinçilər partiyanı həmkarlar ittifaqları haqqında diskussiya açmağa məcbur etdilər. Lenin onların səhv baxışlarını kəskin tənqid etdi və partiyanın 10-cu qurultayında diskussiyaya yekun vurdu; «hərbi kommunizm» siyasətindən yeni iqtisadi siyasətə (nep) keçmək vəzifəsini irəli sürdü.
1921-ci ilin qışından Lenin həkimlərin təkidi ilə tez-tez işinin arasını kəsib, müalicə olunmağa və dincəlməyə məcbur idi. Dekabrın axırlarında 11-ci Ümumrusiya partiya konfransı və 9-cu Sovetlər Qurultayı oldu. Lenin konfransa gələ bilmədi, lakin qurultayın işində fəal iştirak etdi və hökumətin fəaliyyəti haqqında geniş məruzə etdi. Dekabrın 31-də MK Siyasi Bürosu Leninə 6 həftəlik məzuniyyət verilməsini qərara aldı - sonra partiyanın 11-ci qurultayında qərar uzadıldı. 11-ci qurultayda (1922) Lenin MK-nın siyasi hesabatını verdi. Bu, onun çıxış etdiyi axırıncı partiya qurultayı idi.  Aprelin 23-də bədənindəki güllələrdən birini çıxarmaq üçün (o birisinə toxunmağı həkimlər qorxulu sayırdılar) Lenini operasiya etdilər. Həkimlərin təkidi ilə mayın 20-də o, Qorkiyə köçdü. Səhhəti bir qədər yaxşılaşandın sonra, iyulun ortalarında yenə də  iş barəsində yazışmağa başladı və ona kitablar göndərilməsini tələb etdi (Leninskiye Qorkidəki muzeydə o zaman Leninin istifadə etdiyi ədəbiyyat:  müxtəlif dillərdə 32 adda qəzet və 137 jurnal, bir çox kitab qalmışdır). 1922-ci il oktyabrın 2-də Lenin Moskvaya qayıdıb işə başladı. Dekabrda yenidən xəstələnənə qədər – 2 ay yarım ərzində o, yenə gərgin işləyirdi. Noyabrın 13-də Kominternin 4-cü konqresində «Rusiya inqilabının beş ili və dünya inqilabının perspektivləri» haqqında məruzə etdi, noyabrın 20-də Moskva Sovetinin plenumunda nitq söylədi. Oktyabrın 2-dən dekabrın 16-dək Leninin işi barəsində qısa katib qeydinə deyilir: «…224 əməli məktub və kağız yazmış, 171 adam (125 dəfədə) qəbul etmiş, XKS, ƏMŞ, Siyasi Büro və komissiyaların 32 iclas və müşavirəsinə sədrlik etmişdir».
Dekabrın 7-də Lenin bir neçə gün dincəlmək üçün Qorkiyə getdi, 12-də isə Moskvaya qayıtdı və kabinetində müavinləri ilə 2 saat söhbət etdi. Bu, leninin Kremldə öz kabinetindəki axırıncı iş günü idi. Leninin səhhəti getdikcə ağırlaşırdı, onun sağ qolu və sağ ayağı tutulmuşdu və cari məsələlərin həllində bilavasitə iştirak edə bilmirdi. Lakin Lenin felən öz işini davam etdirir. SSRİ-nin yaradılmasına, partiyanın 12-ci qurultayına hazırlıq işlərinə rəhbərlik edirdi.
1922-ci ilin sonu – 1923-cu ilin əvvəlində özünün son məqalə və məktublarını («Qurultaya məktub», «Dövlət Plan Komissiyasına qanunvericilik vəzifələri verilməsi haqqında», «Milliyyətlər və ya «muxtariyyətləşdirmə» məsələsinə dair», «Xatirat dəftərlərindən səhifəciklər», «Kooperasiya haqqında», «İnqilabımız haqqında», «Fəhlə kəndli müfəttişliyini biz necə yenidən qurmalıyıq (Partiyanın XII qurultayına təklif)», «Az olsun, yaxşı olsun») diktə edib yazdırdı.
Lenin sovet respublikalarının könüllülük və hüquq bərabərliyi əsasında vahid ittifaq dövlətində birləşməsinin prinsiplərini işləyib hazırladı və onun həyata keçirilməsinə rəhbərlik etdi. 1922-ci il dekabrın 30-da 1-ci Ümumittifaq Sovetlər qurultayında SSRİ yaradıldı. Lenin xəstə olduğundan qurultayda iştirak edə bilmədi, lakin qurultayın bütün işi, SSRİ-nin yaradılmasına dair Bəyənnamə və İttifaq Müqaviləsi Lenin göstərişlərin9in təcəssümü idi. SSRİ MİK-in 2-ci sessiyası (1923, iyul) SSRİ Konstitusiyasını təsdiq etdi. Həmin sessiyada N.Nərimanovun təklifi ilə Lenin yekdilliklə SSRİ XKS-nin sədri seçildi.
1923-cü il martın 10-da Leninin xəstəliyi yenidən kəskinləşdi və onun dili tutuldu. Halı bir qədər yaxşılaşanda, mayın 15-də onu avtomobillə Qorkiyə gətirdilər. İyulun axırından etibarən Leninin səhhəti yaxşılaşmağa başladı. Oktyabrın 19-da o, Moskvaya gəldi, ertəsi gün şəhəri gəzdi, öz kitabxanasından bəzi kitablar götürüb Qorkiyə qayıtdı. Bu, Leninin Moskvaya  son gəlişi idi. Oktyabrın ikinci yarısından etibarən xəstəliyinin yeni kəskinləşmə əlamətləri görünsə də, onun ümumi əhvalı pis deyildi. Hətta zənn edilirdi ki, Lenin yaya qədər sağalacaqdır. Lakin onun səhhəti birdən birə olduqca ağırlaşdı və 1924-cü il yanvarın 21-də axşam saat 6-50 dəqiqədə Lenin beyninə qan sızma nəticəsində vəfat etdi. Yanvarın 21-dən 22-nə keçən gecə RK(b)P MK-nın təcili plenumu toplandı. Yanvarın 22-də səhər saat 6-da radio Sovet İttifaqına və bütün dünyaya kədərli xəbər yaydı. Ertəsi gün RK(b)P MK-nın “Partiyaya, bütün zəhmətkeşlərə” müraciətnaməsi dərc edildi. Yanvarın 23-də Leninin canəzəsi qoyulmuş tabut xüsusi qatarla Moskvaya gətirildi və İttifaqlar Evinin Sütunlu salonunda qoyuldu. Həmin gün Leninlə ümumxalq vidalaşması başlandı. Yanvarın 26-da II Ümumittifaq Sovetlər qurultayının Leninin xatirəsinə həsr edilmiş matəm iclası oldu. Birinci olaraq SSRİ MİK-in sədri M.İ.Kalinin çıxış etdi. Qurultayda N.K.Krupskaya, İ.V.Stalin, K.Setkin, N.Nərimanov və başqaları çıxış etdilər. Qurultay Leninin xatirəsini əbədiləşdirmək məqsədi ilə yekdilliklə qərar çıxartdı; zəhmətkeş bəşəriyyətə müraciətnamə qəbul olundu. Qurultay  qeyd etdi ki, Leninin kommunizm ideyalarını bütün dünyaya çatdıran əsərlərinin geniş və kütləvi surətdə yayılması onun üçün ən yaxşı abidə olacaqdır. Petroqrad fəhlələrinin xahişi ilə qurultay Petroqradı Leninqrad adlandırmağı qərar aldı. Leninin vəfatı Azərbaycan xalqını da ürəkdən kədərləndirdi. Azərbaycanın hər yerində matəm mitinqləri və nümayişləri keçirildi. Yanvarın 27-də səhər Leninin cənazəsi Qızıl meydana gətirildi. Saat 4-də dəfn mərasimi oldu. İliçin cənazəsi Kreml divarının yaxınlığında xüsusi tikilmiş mavzoleyə qoyuldu. Bu anda ölkənin hər yerində müəssisələrdə iş beş dəqiqəliyə kəsildi, qatarlar, gəmilər, avtomobillər dayandı. Həmin gün bir çox kapitalist ölkəsinin əməkçiləri də beş dəqiqəliyə işi dayandırdılar. Dünyanın sadə adamları öz müəllimi, rəhbəri, ən yaxşı dostu və müdafiəçisi ilə dərin bir kədər içində vidalaşırdılar.
Lenin tarixə marksizmin üç tərkib hissəsini – fəlsəfəni, siyasi iqtisadı, elmi kommunizmin hərtərəfli inkişaf etdirmiş görkəmli mütəfəkkir, ilk yeni tipli proletar partiyası olan bolşevik partiyasının yaradıcısı, dünyada birinci müzəffər sosialist inqilabının rəhbəri, tarixdə ilk proletar dövlətinin banisi, imperializmə qarşı çarpışan yenilməz mübariz kimi daxil olmuşdur. Leninin adı bütün qitələrdə inqilabi hünərlərin rəmzidir. Leninizm – xalqların böyük mübarizə bayrağıdır. Zaman Leninin dühasına hakim deyildir. Leninin işi məğlubedilməzdir. «Marks-Engels-Lenin böyük təlimi, Lenin fikri, ictimai inkişafın Lenin təhlilinin dərinliyi və uzaqgörənliyi, onun iş üslubu, onun böyük işinin bütün davamçıları üçün sönməz mayak, etibarlı istiqamətləndirici, müasir həyatı başa düşməkdə, dövrümüzdə sosializm uğrunda mübarizələrin qarşısında, sosializm və kommunizm qurucuları qarşısında duran problemləri həll etməkdə müdrik məsləhətçi olmuş və həmişə olacaqdır» (L.İ.Brejnev).                                    
Leninin təlimi sovet ölkəsinin bütün xalqlarının müqəddəratında çox böyük tarixi rol oynamışdır. Lenin həqiqətən nəhəng fəaliyyət göstərdiyi bütün illər ərzində Azərbaycan zəhmətkeşlərinin, onların qabaqcıl dəstəsi olan Bakı proletariatının həyatına və mübarizəsinə böyük diqqət yetirirdi. «Rusiyada kapitalizmin inkişafı» əsərində 19-cu əsrin 60-cı illərindən etibarən Bakıda neft hasilatının inkişafından bəhs etmişdir. Lenin Rusiya fəhlə sinfinin inqilabi mübarizəsində çoxmillətli Bakı proletariatına mühüm yer verir, Qafqazda leninçi «İskra» məsləkli sosial-demokrat təşkilatlarının yaradılmasına və möhkəmləndirilməsinə rəhbərlik edir, Bakıda işləyən inqilabçı sosial-demokratlarla sıx əlaqə saxlayır, onlara göstərişlər və məsləhətlər verirdi. Lenin Bakı iskraçılarının gizli mətbəə yaradıb orada «İskra»nı çap etmək fikrində olduqları haqqında ona məlumat vermiş L.M.Knipoviçə 1901-ci il mayın 15(28)-də yazmışdı: «Siz Rusiyada «İskra»nı necə təşkil etmək fikrindəsiniz?». O zaman Bakıda işləyən mühəndis P.E.Klassona Münxendən göndərdiyi məktubda ondan «işə pul yardımı» göstərməyi xahiş etmişdi. «İskra»nın Bakıdakı agenti LJ.Qalperinə məktublarında Lenin «İskra» qəzetinin Təbriz vasitəsi ilə Rusiyaya göndərilməsindən, «İskra»nın nəşrinin Qafqazda təşkil olunmasından və heç olmazsa, bir nömrəsinin bütöv nəşr etməkdən danışırdı. Bakıda Leninin köməyi ilə yaradılmış gizli «Nina» mətbəəsi 1901-ci ilin dekabrında «İskra»nın 11-ci nömrəsinin matrisadan çap etmişdi. Lenin menşeviklərin təfriqəçilik fəaliyyətinə  qarşı Bakı bolşeviklərinin mübarizəsinə istiqamət verirdi. O, partiya daxilindəki vəziyyətdən bəhs edən əsərlərində RSDFP Bakı Komitəsinin qətnaməsini də (1904) xatırlatmışdı. Lenin RSDFP-nin 3-cü qurultayını çağırmaq və digər partiya məsələləri barəsində Bakı Komitəsi ilə də fəal yazışırdı. Lenin Rusiyada 1905-07-ci illər inqilabı dövründə Azərbaycan zəhmətkeşlərinin mübarizəsini yüksək qiymətləndirmişdir. Həmin illərə aid 40-a qədər əsərində Azərbaycanda baş vermiş inqilabi hadisələrdən və bolşeviklərin fəaliyyətindən bəhs olunur. Lenin «proletar tətil mübarizəsinin inadcıllığı cəhətdən» 1905-ci ildə Liflandiya quberniyasının birinci yerdə durduğunu qeyd edərək yazırdı ki, onun ardınca «Bakı quberniyası gəlir; burada hər bir fabrik-zavod fəhləsi, 456 dəfə… tətil etmişdir» (əsərləri, tam külliyyatı, c.19, səh.336).  İnqilabın geri çəkildiyi, irticanın hücumu dövründə də Bakı proletariatı mübarizəni dayandırmırdı. Bununla əlaqədar Lenin 1910-cu ildə yazmışdı: «1908-ci ildə tətilçilərin sayı çox olan quberniyaların birincisi 47 min tətilçisi olan Bakı quberniyasıdır. Kütləvi siyasi tətilin sonuncu mogikanları» (əsərləri, tam külliyyatı, c.19, səh.423).  Lenin irtica dövründə və yeni inqilabi yüksəliş illərində Bakı bolşevik təşkilatının fəaliyyətinə yüksək qiymət vermiş, onu 1910 və 1911-ci illər Rusiyası üçün nümunəvi və qabaqcıl sosial-demokrat təşkilatlarından biri adlandırmışdı. Lenin Qafqazda milli məsələ ilə dərindən maraqlanır, müxtəlif millətlərin qabaqcıl fəhlələrini birləşdirən Qafqaz bolşevik təşkilatlarının inqilabi işini yüksək qiymətləndirirdi. O, Qafqaz bolşeviklərinin milli məsələni proletariatcasına həll etmək təcrübəsini, beynəlmiləlçiliyini nümunə göstərirdi. Lenin Azərbaycan bolşevikləri və zəhmətkeşlərinin sosialist inqilabının qələbəsi uğrunda fədakar mübarizəsini diqqətlə izləyir, 1918-ci il mayın 14-də Bakı bolşeviklərinə yazırdı: «Sizin möhkəm və qəti siyasətiniz bizi sevindirir» (Əsərləri, c.35, səh.314). Lenin Bakı kommunasının işinə və müdafiəsinə hərtərəfli köməyin təşkilatçısı idi. Bakı kommunasının müvəqqəti süqutundan sonra da Lenin Azərbaycan zəhmətkeşlərinin sosial və milli zülmdən azad edilməsi uğrunda bolşeviklərin mübarizəsini daim izləyirdi. O, 1919-cu ilin fevralında fəhlələr və matroslar arasında inqilabi əhvali-ruhiyyənin artdığı haqqında Bakıdan məlumat alan kimi dərhal bu məlumata cavab vermiş, ciddi tədbirlər görüb, bakılıların əhvali-ruhiyyəsindən sürətli və həlledici hərəkət üçün istifadə etməyə çağırmışdı. (əsərləri, c.44, səh.163).
Lenin Azərbaycanda Sovet hakimiyyətinin qələbəsinin ilhamçısı, Sovet Rusiyası tərəfindən ona kömək edilməsinin təşkilatçısı idi. Azərbaycanda Sovet hakimiyyətinin qurulmasına köməyin zəruriliyini göstərərək, 1920-ci il martın 17-də Qafqaz cəbhəsinin HİŞ-nə teleqramında bildirirdi ki, səyi buna yönəltsinlər (əsərləri, c.35, səh.430). Lenin Azərbaycanda Sovet hakimiyyətinin qələbəsini yüksək qiymətləndirirdi və 1920-ci il mayın 5-də RSFSR XKS adından Azərbaycan Sovet Sosialist Hökumətinə göndərdiyi teleqramda yazmışdı: «Yaşasın Azərbaycan və Rusiya fəhlələrinin və kəndlilərinin ittifaqı» (əsərləri, c.31, səh.126). 1920-ci il noyabrın 27-də PK(b)P MK Siyasi Bürosunun Lenin tərəfindən yazılmış qərarında Azərbaycanın qorunulması başlıca vəzifə kimi irəli sürülmüşdü (əsərləri,  c.42, səh.216). Lenin Azərbaycan neft sənayesinin bərpa və inkişafına çox fikir verir, Bakı neftçilərinin, bütün Azərbaycan zəhmətkeşlərinin maddi vəziyyətinin yaxşılaşdırılmasına qayğı göstərirdi. O, 1921-ci il mayın 27-də yazırdı: «Bakıya diqqət və qayğını artırmaq lazımdır» (əsərləri, c.35, səh.486). Lenin Sovet Azərbaycanı iqtisadiyyatının digər sahələrinin inkişafı məsələləri ilə də yaxından maraqlanır, çoxlu məktub və teleqramlarında suvarmanı, əkinçiliyi və maldarlığı inkişaf etdirmək zərurətini dəfələrlə göstərirdi. 1921-ci il oktyabrın 21-də ƏMŞ-ə məktubunda yazırdı: «Qafqazda, Azərbaycanda (Muğan düzü) … pambıq məsələsini daha səylə irəlilətmək lazımdır» (əsərləri,  c.45, səh.336). Lenin Azərbaycanda sosializm quruculuğunun başqa məsələlərinə, milli siyasət məsələlərinə, partiya və dövlət orqanlarının kadrlarla möhkəmləndirilməsinə də xüsusi diqqət yetirirdi.
Lenin xalqlar arasında dostluq nümunəsi olan Zaqafqaziya federasiyası yaradılmasının təşəbbüsçüsü və təşkilatçısı idi və bu məsələlər ilə bilavasitə məşğul olurdu.  Leninin «Azərbaycan, Gürcüstan, Ermənistan, Dağıstan və Dağlılar respublikasındakı kommunist yoldaşlara» məktubu Azərbaycan, eləcə də bütün Qafqaz partiya təşkilatları üçün proqramın sənədi idi. Lenin Azərbaycanın nümayəndələrini, nümayəndə heyətlərini hörmət və məhəbbətlə qəbul edirdi.   N.Nərimanov, M.B.Qasımov, S.Ağamalıoğlu, D.Bünyadzadə, Q.Musabəyov, R.Axundov, M.D.Hüseynov, M.İsrafilbəyov, M.Hacıyev, M.Dadaşov və başqaları Leninlə görüşmüşlər. Lenin söhbət zamanı adətən hal-əhval tutur, respublikanın həyatı ilə əlaqədar məsələlərlə yaxından maraqlanır və çox qiymətli məsləhətlər verirdi.
Azərbaycan xalqı böyük Leninə sonsuz məhəbbətini və hədsiz minnətdarlığını qəlbində ədəbi yaşadır, onun adı və xatirəsi Azərbaycan xalqı üçün son dərəcə əzizdir.
Fəaliyyətdə olduğu müddətdə Sov.İKP Leninin ədəbi irsinin, həmçinin onun həyatı və fəaliyyəti ilə bağlı sənədləri öyrənilməsinə, qorunub saxlanmasına və nəşrinə mühüm əhəmiyyət verirdi. PK(b)P MK bu məqsədlə 1923-cü ildə V.İ.Lenin İnstitutu yaratmışdı. Sov.İKP MK yanında MLİ-nin Mərkəzi Partiya Arxivində Leninin 32 minə yaxın əsəri və sənədi saxlanılır. Leninin əsər və sənədlərinin 200-ə qədərində bilavasitə Azərbaycandan, onun tarixi və iqtisadiyyatı ilə əlaqədar məsələlərdən bəhs olunur. Onların bir qismi Leninin yazdığı məktub və qeydlərdir.
Lenin dünyada ən çox oxunan müəllifdir. YUNESKO-nun məlumatına görə Leninin əsərləri tirajına və tərcüməsinin sayına görə dünyada birinci yer tutur. Müxtəlif ölkələrdə təkcə 1979-cu ildə Leninin 201 əsəri tərcümə olunmuşdur. Sovet İttifaqında Leninin əsərləri SSRİ və dünya xalqlarının 117 dilində təqribən 14 min dəfə nəşr edilmişdir (təkcə 1980-ci ildə 15,3 mln. nüsxə). Leninin Əsərlərinin SSRİ-də 5 nəşri, Azərbaycan SSR-də 2 nəşri (4-cü nəşr tam. Əsərləri, tam külliyyatının 1-38 cildləri, 1982) olmuşdur. «Lenin məcmuələri» (1924-80-ci illərdə 39 cild buraxılmış), «Vladimir İliç Lenin» bioqrafik xronikası (1970-80-ci illərdə 11 cild buraxılmış) nəşr edilmişdir.
Sovet xalqı Leninin xatirəsini əziz tutur. Ümumittifaq kommunist Gənclər İttifaqı, Ümumittifaq Pioner Təşkilatı, çoxlu şəhər (o cümlədən Leninqrad və Ulyanovsk) onun adını daşıyırdı. Azərbaycan SSR-də Leninin adına rayon (Bakıda), kəndlər, ali məktəb, sənaye və mədəni-maarif müəssisələri, metropoliten, kalxoz və savxozlar, küçə və meydanlar və s. var idi. Respublikanın  demək olar, bütün şəhər və kəndlərində Leninə abidə ucaldılmışdı.
Xarici ölkələrdə (xüsusilə sosialist ölkələrində) Leninin adına şəhər, sənaye müəssisələri, küçə və meydanlar var, ona abidələr qoyulmuşdu.
1930-cü ildə SSRİ-də ən yüksək mükafat – Lenin ordeni, elm, texnika, ədəbiyyat və incəsənət sahəsində görkəmli xidmətlərə görə Lenin mükafatları (ilk dəfə 1925-ci ildə təsis olunmuşdur; 1935-57-ci illərdə verilmirdi), «Xalqlar arasında sülhlü möhkəmlətməyə görə» beynəlxalq Lenin mükafatları (1949) təsis edilmişdir. Lenin Mərkəzi Muzeyi və onun filialları nadir xatirə və tarixi abidələr idi. Digər xarici ölkələrdə, Finlandiya və Fransada da V.İ.Lenin muzeyləri var.
1970-ci ilin aprelində Sov.İKP, bütün sovet xalqı, beynəlxalq kommunist hərəkatı, tərəqqipərvər bəşəriyyət V.İ.Leninin anadan olmasının 100 illiyini təntənə ilə qeyd etmişdir. Azərbaycan Kommunist Partiyası dahi Leninin ölməz ideyalarına bu gün də sadiq qalır.







Отправить комментарий

0 Комментарии