Millətlərin və xalqların tam hüquq bərabərliyini təmin edən dövlət
Ədalət Abdinov,
Azərbaycan Kommunistlər Birliyinin sədri
Müzəffər Oktyabr inqilabı nəticəsində əsatətdən xilas olmuş xalqlar 96 il əvvəl könüllü surətdə Sovet Sosialist Respublikaları İttifaqında birləşdilər. M.İ.Kalinin SSR İttifaqının təşkilini elan edən qurultayın – sovet respublikalarının birinci, birləşdirici qurultayının işinə yekun vuraraq demişdir: “Bəşəriyyətin ən böyük mütəfəkkirləri neçə min illərdən bəri nəzəri problem üzərində düşünərək elə formalar axtarırlar ki, bunlar xalqların əzab-əziyyət çəkmədən, qarşılıqlı surətdə mübarizə aparmadan, dostluq və qardaşlıq şəraitində yaşamasına imkan yaratsın. Yalnız indi, bu gün əməli olaraq həmin binanın təməl daşı qoyulur”.
Kapitalizmin inkişafı milli zülmün ləğv edilməsinə gətirib çıxarmadı, əksinə, milli zülm müstəmləkə zülmü ilə birləşib şiddətləndi. Bir ovuc kapitalist dövləti yüz milyonlarla adamı əsarət altına alaraq onları geriliyə məhkum etdi, onların tərəqqi yolunu kəsdi.
Marksizm ilk dəfə olaraq cəmiyyətin sosial, sinfi strukturu, mülkiyyətin hökmran tipi ilə milli məsələnin üzvi əlaqəsini aşkara çıxartdı. Başqa sözlə desək, milli münasibətlərin kökləri sosial zəminə bağlıdır. Məhz buna görə Marks və Engels belə bir fundamental nəticə çıxarmışlar: sosial zülmün aradan qaldırılması milli zülmün aradan qaldırılması üçün şərt və zəmindir. Marks demişdir: “...Proletariatın burjuaziya üzərində qələbəsi eyni zamanda zülm altında olan millətlərin azadlığa çıxması üçün siqnaldır”. Marksizmin baniləri tərəfindən elan edilmiş ölməz şüar: “Bütün ölkələrin proletarları, birləşin!” şüarı həm sosial, həm də milli əsarətin bütün formalarına qarşı zəhmətkeşlərin beynəlmiləl mübarizəsinə çağırış oldu.
K.Marksın və F.Engelsin işini yeni tarixi şəraitdə V.İ.Lenin davam etdirdi. Rusiya üzərində inqilabın ilk şimşəkləri çaqxdığı zaman V.İ.Lenin inqilabi hərəkata başçılıq etdi. Düzgün olaraq “xalqlar həbsxanası” adlandırılan ölkədə bolşeviklər partiyasının strategiyası və taktikası işlənib hazırlanarkən milli məsələ təbii ki, ilk yerlərdən birini tutdu.
Millətlərin öz müqəddaratını təyin etmək hüququ onların həqiqətən və möhkəm bir surətdə yaxınlaşmasını təmin etməyin yeganə etibarlı vasitəsi kimi Leninin diqqət mərkəzində idi. Yalnız millətlərin öz müqəddaratını təyin etmək hüququ çarizmi devirmək, yeni cəmiyyət yaratmaq uğrunda mübarizədə bütün millətlərin könüllü surətdə sıx birləşməsinin ideya-siyasi əsası ola bilərdi. Lenin məsələni belə qoyurdu. Lenin partiyasının milli siyasətinin məğzi belə idi.
Oktyabr inqilabı siyasi şüarları və tələbləri gündəlik təşkilatçılıq işi zəmininə keçirdi. Həyat özü, çox şətin siyasi və iqtisadi vəzifələr, xarici siyasət və müdafiə vəzifələri xalqların sıx birləşməsini, Rusiya imperiyasının xarabalıqlarında meydana gəlmiş respublikaların birləşməsini tələb edirdi.
Bu gün aydın görünən mətləblər o təlatümlü keçid dövründə heç də aydın deyildi. Milli proqramın ümumi ideyalarını və ilkin şərtlərini özündə təcəssüm etdirməli olan konkret dövlət formaları, siyasi təsisatlar axtarışı kəskin mübahisə şəraitində gedirdi. Respublikaları konfederasiya çərçivəsində yayğın və formasız bir şəkildə birləşdirmək proqramından onları sadəcə olaraq muxtariyyət əsasında RSFSR tərkibinə daxil etmək tələbinədək ən müxtəlif rəylər toqquşurdu. Yeganə düzgün yolu – sosialist federalizmi yolunu tapmaq və müdafiə etmək üçün V.İ.Lenin dühası və nüfuzu lazım gəldi.
V.İ.Leninin göstərdiyi yolun mahiyyəti nədədir? Qısaca belə demək olardı: bu, azad xalqların ittifaqının tam könüllülüyü idi, sosialist respublikaları federasiyasının maksimum möhkəmliyi üçün təminat olan könüllülük idi. Bu, bütün millətlərin və xalqların tam hüquq bərabərliyi idi, onların yalnız hüquqi cəhətdən deyil, həm də faktik bərabərsizliyini aradan qaldırmaq üçün yeridilən ardıcıl xətt idi. Bu, qardaşlıq ittifaqları çərçivəsində hər bir respublikanın, hər bir xalqın azad inkişafı idi. Bu, beynəlmiləlçilik şüurunun ardıcıl surətdə tərbiyə edilməsi, ölkənin bütün millətlərini və xalqlarını bir-birinə yaxınlaşdırmaq xəttinin dönmədən yerinə yetirilməsi idi.
Məhz Sovet İttifaqının təşkil edildiyi ildə V.İ.Lenin özünun milli məsələ barəsində düşüncələrini parlaq surətdə əks etdirən sözlər yazmışdır. Budur həmin sözlər: “Tərkibində çətin ki, başqa ölkələrdə tapıla biləcək qədər çoxlu millət olan bir dövlətdə milli məsələni həll etmək sahəsindəki beş illik təcrübəmiz bizi tamamilə inandırır ki, belə hallarda millətlərin mənafeyinə yeganə düzgün münasibət onları ən çox kifayətləndirməkdən və elə bir şərait yaratmaqdan ibarətdir ki, bu şərait həmin zəmin üzərində hər cür münaqişə baş verməsi imkanını aradan qaldırsın. Təcrübəmiz bizə belə bir qəti qənaət hasil etdirmişdir ki, müxtəlif millətlərin mənafeyinə yalnız çox böyük diqqət yetirilməsi münaqişələr üçün zəmini aradan qaldırır, qarşılıqlı etimadsızlığı aradan qaldırır, hər hansı bir intiriqa qorxusunu aradan qaldırır və elə bir etimad, xüsusilə də müxtəlif dillərdə danışan fəhlələr və kəndlilər arasında elə bir etimad yaradır ki, bunsuz nə xalqlar arasında sülh münasibətləri, nə də müasir mədəniyyətdə olan bütün qiymətli nailiyyətlərin az-çox müvəffəqiyyətli inkişafı əsla mümkün deyildir”.
Leninin vəsiyyətləri, milli siyasətin Lenin prinsipləri çox düzgün və həqiqət idi. Bunlara arxalanaraq, onları praktikada ardıcıl bərqərar edərək biz qüdrətli dövlət – Sovet Sosialist Respublikaları İttifaqı yaratmışdıq. Bu dövlətin təşkili nəinki sosializmin inkişafında böyük addım, həm də ümumdünya tarixinin gedişində ən mühüm dönüş məqamlarından biri olmuşdur.
0 Комментарии