1922-ci il
dekabrın 30-da Moskvada SSRİ-nin təşkili haqqında bəyənnamə və müqavilə qəbul
edilmişdir. Dünyada ilk sosializm ölkəsindən ayrıldığımız zaman məsafəsi
artıqca vətəndaşına verdiyi dəyərlər baxımından sovet dövlətin tarixdəki mühüm rolunun əhəmiyyəti daha da çoxalır. SSRİ vahid məkanda birləşən
xalqlara nə verdi? “Amac-az.com” saytının bu və digər suallarını Azərbaycan Kommunistlər Birliyinin sədri Ədalət
Abdinov cavablandırır.
-Ədalət müəllim, Sovet Sosialist Respublikaları
İttifaqın inkişafının ən mühüm yekunları hansılar idi?
-Sovet İttifaqının keçdiyi yol bütöv, parlaq bir
dövrdür. Tarixdə, demək olar, heç bir başqa ölkə gerilik, dağıntı vəziyyətindən
böyük sürətlə qüdrətli, böyük dövlət səviyyəsinə, xalqının mədəniyyəti ən yüksək
olan və rifahı dönmədən artan bir dövlət səviyyəsinə yüksəlməmişdir.
Soruşursunuz ki, SSRİ-nin inkişafının ən mühüm
yekunları hansılar idi? Əvvəla, Marksın
və Leninin belə bir təliminin tarixən doğruluğu
tamamilə təsdiq edilmişdir ki, milli məsələnin həlli yalnız sinfi təməl
üzərində tapıla bilər. Sosial antoqonizmlərlə birlikdə milli ədavət, irqi və
milli hüquq bərabərsizliyinin və zülmün bütün növləri ləğv edilmişdi.
İnandırıcı surətdə göstərilmişdir ki, milli məsələnin
sosialistcəsinə həllində rəhbər, istiqamətverici qüvvə, milli məsələnin bu cür
həllinin düzgünlüyünün təminatçısı Kommunist Partiyasıdır, onun elmi surətdə əsaslandırılmış
siyasətidir.
Bütün respublikaların dinamik, ümumdövlət planı ilə
istiqamətləndirilən iqtisadi inkişafı əsasında vahid ittifaq xalq təsərrüfatı
kompleksi yaranmışdı.
Respublikaların sosial strukturu keyfiyyətcə dəyişilmişdi:
onların hər birində müasir fəhlə sinfi yetişmişdi, kəndlilər yeni yolla, kolxoz
yolu ilə gedirdilər, həqiqi vətənpərvər ziyalılar yaranmışdı. Dövlət həyatının
və ictimai həyatın bütün sahələrində ixtisaslı kadrlar tərbiyə edilmişdi.
Mütərəqqi ənənələr mənəvi sərvətlərin intensiv
mübadiləsi əsasında çoxmillətli sosialist mədəniyyəti çiçəklənmişdi. Bir sözlə,
yeni tarixi birlik – sovet xalqını əmələ gətirən sosialist millətləri
formalaşmışdı.
-Qərb mətbuatı hələ sovet dönəmində
yazırdı ki, SSRİ-də respublikaların mənafelərinin tənzimlənməsində ayrı-seçkiliyə
yol verilir. Bu barədə nə deyə bilərsiniz?
-Bu iddialar burjua ideologiyasının daşıyıcıları
olan “Azadlıq”, “Amerikanın səsi” və imperializmin digər təbliğat nökərlərinin
uydurmasıdır. SSRİ-də respublikaların mənafeləri getdikcə daha sıx çulğaşır,
Sovet İttifaqında millətlərinin və xalqlarının yaradıcı səylərini vahid məcraya
yönəldən qarşılıqlı yardım, qarşılıqlı əlaqələr getdikcə daha səmərəli olurdu.
SSRİ-də sosialist millətlərindən hər birinin hərtərəfli inkişafı qanunauyğun
surətdə onların bir-birinə getdikcə daha çox yaxınlaşmasına doğru aparırdı.
Müttəfiq respublikalardan hər biri – Rusiya
Federasiyası, Ukrayna və Belorusiya, Özbəkistan və Qazaxstan, Gürcüstan və Azərbaycan,
Litva və Moldaviya, Latviya və Qırğızstan, Tacikistan, Ermənistan, Türkmənistan
və Estoniya – təkrar edirəm, müttəfiq respublikalardan hər biri Sovet
İttifaqının iqtisadiyyat və mədəniyyətinin ümumi yüksəlişinə əvəzsiz töhfə
verirdi. Bu isə SSRİ-nin yaradıcı qüvvələrinin sadəcə cəmlənməsi deyildi,
qat-qat artması idi.
İyirmi muxtar respublika, on səkkiz muxtar vilayətdə
və mahalda yaşayan bütün millətlər və xalqlar qardaşlıq ailəsində öz
imkanlarını müvəffəqiyyətlə açıb göstərirdilər. Milyonlarla almanlar,
polyaklar, koreyalılar, kürdlər, başqa millətlərin nümayəndələri də tam hüquqlu
sovet vətəndaşları idi, Sovet İttifaqı onlar üçün vətənə çevrilmişdi.
-Ancaq hakim kommunist ideologiyası rus xalqını həmişə fərqləndirirdi.
-Bu fikirlə qətiyyən razılaşmıram. Əslində SSRİ
xalqları rus xalqına xüsusi minnətdarlıq sözləri ilə müraciət edirdilər. Onun təmənnasız
qardaşlıq yardımı olmadan respublikaların heç birinin nailiyyətləri mümkün
olmazdı. Hər hansı millətdən olan milyonlarla adamın həyatına təbii surətdə
daxil olmuş rus dili ölkənin iqtisadi, siyasi və mədəni həyatında, onun bütün
millətlərinin və xalqlarının bir-birinə yaxınlaşmasında, onların dünya
sivilizasiyası sərvətlərinə qovuşmasında müstəsna əhəmiyyətli amil idi.
-İddia olunur ki, SSRİ-də milli məsələnin
həlli dekorativ xarakter daşıyırdı?
- Bu da
burjua ideologiyası xidmətçilərinin uydurmasıdır. SSRİ-də məqsəd
V.İ.Leninin sözləri ilə desək “nəinki təkcə millətləri bir-biri ilə
yaxınlaşdırmaqdan, həmçinin onları birləşdirməkdən” ibarət idi. Satqın Qorbaçov
hakimiyyətinə qədər SSRİ-də milli münasibətlərdə baş verən real keyfiyyət dəyişiklikləri
sübut etdi ki, isismarçı qurluşdan bizə miras qalan şəkildə milli məsələ müvəffəqiyyətlə
həll edilmişdir. Tarixdə ilk dəfə olaraq ölkənin çoxmillətli tərkibi onun zəiflik
mənbəyindən qüdrət və tərəqqi mənbəyinə çevrilmişdi.
Sualınıza cavab olaraq, L.İ.Brejnevin sözlərini
xatırlatmaq istəyirəm: “Ölkəmizdə... tarixdə misli görünməmiş elə münasibətlər
yaranmışdır ki, biz bunları haqlı olaraq xalqların Lenin dostluğu adlandırırıq.
Bu dostluq bizim misilsiz nailiyyətimizdir, sosializmin ən əhəmiyyətli və hər
bir sovet adamı üçün, ən əziz olan nailiyyətlərdən biridir”.
Bu günkü ziddiyyətli şəraitdə biz bütün millətlərdən
olan sovet adamlarının bir çox nəsillərinin, kişilərin, qadınların, fəhlələrin
və kəndlilərin, ziyalıların, partiya və sovet işçilərinin, silahlı qüvvələr
döyüşçülərinin, kommunistlərin, bitərəflərin – sosializm qurmuş, onu ağır
müharibədə qoruyub saxlamış və xalqların bərabərliyi, dostluğu və qardaşlığı
haqqında minillik arzunu kerçəkliyə çevirmiş adamların hamısının xidmətlərini
layiqincə qiymətləndirməyə borcluyuq.
-Dediklərinizdən belə aydın olur ki,
SSRİ-də milli məsələ ilə bağlı bütün problemlər həll olunmuşdu ?
-Yox, bu belə deyil. Milli məsələnin həllindəki müvəffəqiyyətlər
heç də o demək deyildi ki, bir çox millətlərin və xalqların vahid dövləti çərçivəsində
həyat və əmək faktının özünün doğurduğu bütün problemləri yox olmuşdu. Nə qədər
ki, millətlər mövcuddur, nə qədər ki, milli fərqlər qalır, bu çətin ki, mümkün
olsun. Bunlar isə uzun zaman, sinfi fərqlərdən daha çox müddətdə mövcud
olacaqdır.
-SSRİ-nin
bərpası mümkündürmü?
-Xeyir, hazırki şəraitdə bu mümkün deyil –
baxmayaraq ki, keçmiş ittifaq respublikalarının hamısında vəhşi kapitalizmin ağrılarını yaşayandan sonra xalqların böyük əksəriyyətində
belə bir istək, arzu var. Mövcud ictimai-suyasi vəziyyət buna imkan vermir. Yaxın zamanlarda SSRİ
modelində bu və ya digər formanın yaradılacağını istisna etmirəm..
Vüsal Abbasov,
amac-az.com


0 Комментарии