Recents in Beach

STALİNİN QAYIDIŞI

                                                                     Ədalət Abdinov,
                                  Azərbaycan Kommunistlər Birliyinin sədri 

21 dekabr 2018-ci il İ.V.Stalinin anadan olmasının 139-cu ildönümüdür.


Onun xalqa firavanlıq, xoş güzəran bəxş edən sovet dövləti idarəetmə ağlının hüdudu sonsuz idi. Yaranışın yaraşığına ümumxalq inamı, etimadı, istəyi, sevgisi tükənmirdi. İnsanlıq yükünü haqqın, ədalətin zirvəsinə aparmağı bacardığı üçün güclü idi, adı uca səslənirdi.
Antikommunist rəqibləri adam idi, Stalin isə polad iradəli İNSAN idi – dəyişməz, dayanıqlı, sözü bütov, qətiyyətli, qanunsuzluğa qarşı amansız, vətən, xalq naminə övladından keçən məğrur ata!..
Stalin özündən sonrakı rəhbərlərdən fərqli olaraq, Dünyabaxış Yiyəsi idi. Bu səbəbdən onun rəhbərlik etdiyi ölkə güclü, qüdrətli, qalib, xalqı isə xoş günlü idi.
Stalin sovet xalqı ilə birlikdə hüquqdan haqqa doğru şərəfli yüksəliş yolu keçdi.
Kapitalizm Stalinin düşmənidir, çünki bu amansız qurluş zülmdür, zülmkardır, zülm artırandır.
Stalin zülmü ərşə qaldıran ağalığın kökünü kəsdi, insanlığa yol açdı.
Kapitalizm əsarətdir, sosializm azadlıq – Stalin azadlığı qorudu, yaşatdı, bərqərar etdi.
Stalin antiinsani mülkiyyəti, antiinsani istehsalatı, antiinsani ticarəti rədd etdi. Əməkçi üzərində mülkiyyətçi ağalığına son qoydu.
Stalin iqtisadiyyatın insaniliyə xidmətinə nail oldu – istehsalat insana yox, insan istehsalata sahib oldu.
Stalin dünyada yeganə dahi rəhbərdir ki, onun hakimiyyəti dövründə pul ağalığına son qoyulmuş, pul maddi nemət zənginliyin yaradılmasına xidmət etmişdir. Varidatçılıq rifahçılığı əvəz etmişdi.
Stalinin məhv etdiyi ağaların nəvə-nəticələri bu gün peyda olublar, insanı əsarətə salan, ömrünə, həyatına ağır yük olan kapitalist iqtisadiyyatını bərpa ediblər. Onlar ictimai mülkiyyəti ələ keçiriblər, fəhlələrin, kəndlilərin əməyinə sahib olublar, özgə əməyini istismarla, fırıldaqla var-dövlət əldə edirlər.
Stalinizmə əməl olunsaydı insan əməyini satın alan mülkiyyətçilik yenidən yaranmazdı. Sadə əməkçi ağaların gəlir alətinə çevrilməzdi. Sahibkarın əməkçi üzərində hakimiyyəti artmazdı. Əməkçinin sahibkardan asılılığı yaranmazdı. Təzə feodallar kəndliyə torpaq əkən, məhsul becərən alət kimi baxmazdılar.
Stalin insana dövlət tərəfindən təminatlı yaşamaq, yaratmaq imkan verdi.
Sosialist Əməyi Qəhrəmanı, Azərbaycanın Xalq Şairi, SSRİ Dövlət mükafatı laureatı, Azərbaycan SSR əməkdar incəsənət xadimi Rəsul Rza Stalinə bizim köhnə bakılımız deyirdi. Bəli, bu dahi rəhbərin ömrünün bir hissəsi bizim doğma Bakı ilə bağlıdır.
Burjua ideoloqları Stalin repressiyaları haqqında çox cəfəngiyyat uydururlar. O vaxtın qanunlarına əsasən Stalin repressiyalardan nə kənarda qala bilərdi, nə də onu saxlaya bilərdi. Ölüm cəzası haqqında hər hansı bir hökm SSRİ Ali Məhkəməsindən keçirdi. Ali məhkəmə qaydaya görə haqqında ölüm hökmü çıxarılmış insanlar barədə məlumatı Mərkəzi Komitənin məhkəmə komissiyasına göndərirdi, hansı ki, Stalin də bu komissiyanın üzvü idi. Bu komissiya ölüm hökm ilə məhkum olunanları bağışlaya bilərdi, güllələnməni 20 il və ya daha çox həbs cəzası ilə əvəz edə bilərdi.
Əvvəla güllənənlərin siyahısı olan sənədlərdə Stalinin imzası çox azdır. İkincisi Ali məhkəmənin Mərkəzi Komitəyə göndərdiyi bütün bu qərarlar indiyə qədər “Tamamilə məxvidir” qrifi altında saxlanılır, heç kəsə verilmir. Burjua hakimiyyəti niyə bu sənədləri açıq elan etmir? Çünki həqiqəti əks etdirən bu sənədlər hamının üzünə açıq olsa, aydın olar ki, Stalin qanlı tiran deyil. Əks təqdirdə həmin sənədləri çoxdan açıq elan etmişdilər.
Stalin yeganə qüdrətli rəhbərdir ki, dünya birliyi təşkilatları onunla razılaşmaq məcburiyyətində qalırdılar. Bu həm də onun siyasi ləyaqət ucalığı idi. İndi isə ölkələrin varlığı tapdalanır, utanmadan bunu siyasi fəallıq adlandırırlar.
Kapital dünyasının süni, yalan bər-bəzəyi altında yoxsulluq və səfalət genişləndikcə, əməkçi insan üzərində həyasızcasına Ağalığın zülmü artıqca, rəiyyətçilik çoxaldıqca Stalinin qayıdışı – haqqa söykənən idarəçiliyi labüddür! 







Отправить комментарий

0 Комментарии