Bu yazı Çe
Gevaranın 1928-1959-cu illərdəki həyatı haqqındadır.
Ernesto Çe Gevara, dünyada ən çox şəkli
yayılan 2 insandan biridir. 14 iyun 1928-ci ildə Argentinada Rosario şəhərində əslən
ispan və irland olan bir ailədə doğulmuşdu. 5 uşaqdan ən böyüyü Ernesto
Çe Gevara idi.
Çe
Gevaranın ulu babası Petrik Linç 1716-cı ildə İrlandiyada doğulmuşdur. Daha
sonralar İspaniyaya Bilbao şəhərinə köç
etmişdir. Həmin dövr Avropadan Latin Amerikaya köçün olduğu dövrlərə təsadüf
etdiyinə görə Linç Argentiya gəlmiş və burada məskunlaşmışdır. 1900-cü ildə Çe
Gevaranın atası Ernesto Linç anadan olmuşdur. 1927-ci ildə Celia de
la Serna Liosa ilə evlənmiş ən böyüyü Çe Gevara olmaqla 2 qız, 3 oğlan
övladları olmuşdur.
Çox kiçik
yaşlardan astma xəstəsi olan Gevara həmişə “sən xəstəsən bacarmazsan” deyilən
şeyləri mütləq bacardığını sübut edirdi. Kiçik yaşlardan etirazçı ruha sahib
olan Ernesto Gevara 12 yaşı olanda işıq pulunun və digər kommunal xərclərin
qiymətinin qalxmasına etiraz olaraq dostları ilə birlikdə məhəllədə dövlətə məxsus
olan bütün lampaları qırmışdılar. Astma xəstəsi olmasına baxmayaraq reqbi
oynamağı çox sevirdi. Dostları ona “Fuser” ləqəbini vermişdi. Bu sözün mənası
“qəzəbli”,”hirsli” deməkdir. Atası əla şahmat oynamağı ona öyrətdikdən
sonra Çe 12 yaşında yerli şahmat turnirlərinə qatılırdı.Yeniyetmə yaşlarından
mütaliə etməyi və fotoaparat ilə şəkil çəkməyi çox sevərdi. İlk mütaliə etdiyi
kitablar Çilili yazar və şair Pablo Nerudanın şeirləri (ölərkən üstündə
daşıdığı çantada Nerudanın kitabları olduğu deyilir) və Cek Londonun əsərləri
olmuşdu. Yeniyetmə olmasına baxmayaraq Ziqmund Freyd, Bertnard Rassel kimi
dahilərin də əsərlərini oxuyurdu.Çe həmişə astma xəstəliyindən qurtulmağın
yollarını axtarırdı. Həmçinin digər insanları da xəstəliklərdən xilas edə bilmək
üçün həkim olmağı seçdi. 1948-ci ildə dünyanın ən yaxşı 300
universiteti arasında yer alan “Bueonos Aires” universitetinin tibb fakültəsinə
daxil oldu. 3-cü kursda oxuyarkən (1951-ci il) eyni universitetin biokimya
fakültəsində təhsil alan Alberto Granada ilə həmişə arzuladıqları Latin Amerika səyahətinə
yollandılar. Səyahətə 1939-cu ilin Norton brendli motosikletlə başladılar. Bu səyahətə
Çe Gevaranın qeydləri əsasında 2004-cü ildə “Diarios de motocicleta” (Motosiklet Günlükləri) filmi çəkilmişdir
Səyahət zamanı bir çox problemlər yaranırdı. Aclıq, pulun azlığı
onlara əngəl törədirdi. Ona görə də, onlar Peruda San Pablonun cüzam
koloniyasında (red. cüzam infeksion xəstəlikdir, onlar burada xəstələrə könüllü
yardım edirdilər) bir neçə həftə qaldılar. Daha sonra səyahətə davam etdilər.
Səyahət Çeyə çox
şey öyrətdi və o, səyahət zamanı çox şey gördü. Səfalət, xəstəlik içərisində
yaşayan Latın Amerikalıların tək qurtuluş yolunun inqilab olduğuna inandı.
Sosial-bərabərsizlikdən marksist nəzəriyyə və sosializm sayəsində qurtuluş
olacağına inanırdı. San Pablonun evində 24 yaşını qeyd edərkən Çe belə deyirdi:
“Bu səyahət bizə Latın Amerikanın qeyri-bərabər təbəqələrə bölündüyünü isbat
etdi. Bizlər bu mübarizə üçün zəif olsaq da, Magellan boğazından Meksikaya qədər
etnoqrafik cəhətdən demək olar ki eyni olan mestizo ( yerlilər və avropalılar)
irqinin təbəqələrə bölünməsinə qarşı mübarizə aparacığıq. Geridüşüncəlilikdən,
təbəqələşmədən qurtulma arzusu ilə Peru və Latın Amerikanın şərəfinə qədəh
qaldırmaq istəyirəm”
Böyük səyahətdən geri dönən Çe səyahətlərinə davam edə
bilmək üçün Argentinaya qayıdır və 1953-cü ildə diplomunu alır.
1953-cü ilin
dekabr ayının sonlarına yaxın Çe Gevara Qvatemalaya gəlir. Qvatemala onun vətəni
olmasa da, o inqilabçı kimliyini burada göstərdi və o məşhur “che” ləqəbini
burada aldı.”Che” Argentinalılara məxsus bir söz idi və “hey”,”dostum” mənasında
deyilirdi. Bibisi Beatrizə yazdığı məktubda belə deyirdi:
“Qvatemalada əsl inqilabçı olmaq üçün lazımlı olan hər şeyi edəcəm və mükəmməlləşəcəm”.
Qvatemalada prezident Jacobo Arbenz Guzmán tərəfindən döyüşürdü. Arbenz
Qvatemala İşçi Partiyası ilə birlikdə ABŞ və onun Qvatemalını kölə halına
salan şirkətlərinə qarşı torpaq reformu etmişdi. Onun bu reformu kəndilər və
işçilər tərəfindən dəstəklənsə də, böyük torpaq sahibləri və CİA tərəfindən dəstəklənmədi.
Çe Gevara burada Perulu sosialist qadın Hilda Gadeya (red. Hilda Gadea
APRA üzvü idi) ilə sıx əlaqələrdə idi. Çexoslovakyadan 2 min tonluq
(red. 15 may 1954) silah yardımı gəldikdən sonra viza ala bilmək üçün Salvadora
gedən Gevara dərhal geri qayıtdı. Silahlı digər komunist gənclər və milislə
birlikdə CİA agenti olan mayor Karlos Armasa (Carlos Castillo Armas) qarşı
döyüşürdü. Burada Çe daha çox həkim kimi fəaliyyət göstərmişdir. Sonralar
prezident Arbenz xaricilərin ölkəni tərk etməsini istəyəndə Çe Gevara sevgilisi
Hilda Gadeyanın həbsdə olduğuna görə ölkəni tərk etmədi və Argentina səfirliyində
gizləndi. Arbenz məğlub oldu və bütün bu olanlar Çe Gevaraya ABŞ-ın
işğalçı, imperialist və bütün dünyada bərabərsizlik, təbəqələşmə
yaradan bir ölkə olduğunu bir daha göstərdi (red. Arbenz bir müddət
Avropada yaşasada 1960-cı ildən sonra Fidel Kastronun dəvəti ilə Kubada
yaşayır). Hilda həbsdən çıxdıqdan sonra Çe Gevara ilə birlikdə Meksikaya gəlirlər
(red. bəzi mənbələrdə Çe Gevaranın daha öncə gəldiyi deyilir). Meksikaya gəlməsi
Çe Gevaranın həyatında bir dönüm nöqtəsi oldu. 1954-cü ildən tanıdığı Niko
Lopez (Nico Lopez) onu burada sürgündə olan Raul Kastro və digər kubalilarla
tanış etdi. Bir neçə həftə sonra Kubada həbsdən çıxan Fidel Kastro da Meksikaya
gəldi. Və o möhtəşəm görüş baş tutdu (8 iyul 1955). Raul Kastronun dediklərinə
görə Çe və Fidel bütün gecə bağlı qapılar arxasında ciddi söhbət etdilər. Söhbətdən
sonra Çe Gevara Fidel Kastronun əsl lider olduğuna qərar verdi və bundan sonra
kubalı olmasa da, Kuba uğrunda döyüşməyi qərara aldı. Çünki Çe həmişə deyirdi:”harada
əzilən xalq varsa, mən onun yanındayam”.
Beləliklə o məşhur
“26 iyul” əməliyyatı başlayır. Kuba prezidenti diktator Fulhencio
Batista ( Fulgencio Batista) ölkəni ABŞ köləsi etmişdi. Böyük şəkər istehsal edən
Kubanın gəlirləri ABŞ xəzinəsinə axırdı. Bunu aradan qaldırmaq üçün inqilaba
hazırlıq gedirdi, inqilabçılara silah tutmaq, atəş açmağı öyrətmək üçün təşkilatlanmışdılar.
Alberto Mayo adlı mayor onlara müəllimlik edirdi. Çe Gevara qrupun həkimi olsa
da, hərbi biliklərə də yiyələnmişdi.
Elə bu ərəfədə Çe Gevara 1955-ci il 18 avqustda Hilda
Gadea ilə evlənir. Bu evlilikdən 15 Fevral 1956-ci ildə Hilda Beatriz adlı qız
övladları olur.
25 Noyabr 1956-cı ildə Granma gəmisi (red. hal hazırda
eyni adlı Kuba dövlət qəzeti fəliyyət göstərir) ilə Meksikanın Veracruz vilayətinin
Tuxpan şəhərindən 82 kubalı inqilabçı (red. içlərində bir tək Çe Gevara kubalı
deyildi).
Gəmi sahilə
yaxınlaşanda burada onların qarşısına Batistanın qoşunları çıxdı. Batistanın
hava qüvvələri ciddi zərbələr endirdilər.82 inqilabçıdan cəmi 20-si sağ qala
bilmişdi onlardan isə cəmi 12-si Siera Maestra dağlarında görüşə bildi. Ən
böyük itki isə Niko Lopezin ölümü olmuşdu. 12-i nəfərin içində önəmli şəxslər
var idi. Alberto Mayo, Kamilo
Senfueoqos(Camilo Cienfuegos) , Raul
Kastro, Fidel
Kastro və Çe
Gevara. İlk döyüş Çe üçün ağır keçdi. Çünki
dostlarını itirmişdi. və qeydlərində də yazdığı kimi həyatının ən böyük
seçimini etməli olmuşdu. Qeydlərində belə yazırdı: “Dostumu vurdular və onun
silahı yerə düşdü. Mən bu anda bir çətin seçim qarşısında qaldım ya həkim
çantamı daşıyacaqdım, ya da əsgər çantamı. İkisini birdən daşıya bilməzdim,
ağir idilər və ona görə də silahı götürdüm”
Çe Gevara bu
silahla 1956 – 1958-ci illərdə döyüşmüşdür. Bu illər ərzində “comandante” ləqəbini
qazanan Çe inqilabçılar arasında Fidel Kastrodan sonra ən əhəmiyyətli şəxs
hesab olunurdu. “İntihar dəstəsi” adlanan inqilabçıları da məhz Çe Gevara idarə
edirdi. 1958-ci ildə 200 professional
inqilabçıdan (red.Siera Maestrada kiçik “şəhərcik” qurmuşdular. Çe Gevara və
digərləri burada könüllü kəndlilərə hərbi biliklər öyrədirdilər) ibarət olsalar
da, Batista əsgərlərinə üstünlük qura bilirdilər. Diktator Batistanın “Verona” əməliyyatında
12 min əsgərlə Çe Gevara və digər yoldaşlarına qarşı vuruşsa da, inqilabçılar
minimum itki verdilər. Çünki Batistanın əsgərləri həvəssiz və təcrübəsiz idilər.
Onlar 240 nəfəri əsir götürərkən cəmi 3 nəfər itki vermişdilər. İnqilabçılar 30
dekabr 1958-ci ildə Çe Gevara, Xayme Veqa, və Kamilo Senfueoqosun başçılıq
etdiyi 3 dəstə ilə Santa Klara şəhərinə hücum etdilər. Veganın dəstəsini
məhv etsələr də, digər iki dəstə şəhəri ələ keçirdi . Vəziyyətin qəlizliyini
hiss edən Batista 1 yanvar 1959-cu ildə Dominikana qaçdı. 7 fevral günü Çe
Gevara “əbədi Kubalı” adlandırılıb Kuba vətəndaşlığına keçdi.
İnqilabdan sonra Çe Gevara Aleyda Març (Aleida March)
adında bir qadını sevdiyini açıqladı (red. Aleyda Març öz kitabında Çenin ona 1
yanvar 1959-cu ildə ona sevgi etiraf etdiyini, ancaq yorğun olduğuna görə ona
cavab verməyib yatdığını deyir. Aleydadeyir:”Çe məni ilk görəndə agent olduğumu
düşünmüşdü, ancaq bir gün gəldi mənə dedi ki “min maşına döyüşə gedirik” bundan
sonra o maşından birdə düşmədim). Aleyda Març da onun digər həyat yoldaşı kimi sosyalist idi. Çünki Çe
deyirdi:”sevdiyin qadın sosializmdən anlamırsa, səndə qadından anlamırsan
deməkdir”. Bu münasibətdən xəbər tutan Hilda Kubaya gələrək Çe Gevaradan
boşanma tələb etdi. 1959-cu il 22 mayda boşandılar. Və 2 iyun 1959-cu ildə
gözəl qadın Aleyda Març ilə evləndi. Toy mərasimində Çe həmişəki görünüşdə idi.
Yaşıl formasını ilə, məşhur üstündə ulduz olan papağını taxmışdı.
Kuba inqilabından
sonra Çe həbsxana müdürü olaraq fəaliyyət göstərməyə başladı. Fidel Kastro bu
vacib işi ona tapşırmışdı. Onun işi CİA agentlərini üzə çıxartmaq və onları cəzalandırmaq
idi. Çe Gevara inqilabçı
şəxsiyyətini bir daha göstərdi. Edam qərarı verilmiş 2000 məhbusun məhkəmə
işini yenidən araşdırdı və sonda yalnız 200-nün edamına qərar verdi. Çünki o
inqilabın ədalətindən qorxurdu. Bu haqda Çe öz kitabinda belə yazır: ” Amerikan
mediası məni 200 nəfərin edamında günahlandırır. Ancaq onlar unudurlar ki, biz
o 200 nəfəri edam etməsəydik onlar Kuba xalqına güllə atacaqdılar".
Ziya Mehdiyev











0 Комментарии