Recents in Beach

İslam Şərqində ilk dəfə Azərbaycanda vahid Kommunist Partiyasının quruımasından 99 il ötür!

Ölkəmizdə müxtəlif sosial-demokrat təşkilatlarının yaradılması tarixi ən azı sənaye fəhlələrinin formalaşması qədər qədimə dayanır. Məhz bu müddət ərzində Bakı proletariatı öz inqilabi mübarizəsinin kəskinliyinə görə, nəinki Zaqafqaziya, hətta ümumrusiya səviyyəsində avanqard qüvvələrdən biri olduğunu ortaya qoymuşdu. 1898-ci ildə yaradılan Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının (RSDFP) 1903-cü ildən Bakı komitəsi fəaliyyət göstərirdi. 1904-cü ildə isə onun nəzdində “Hümmət” (ərəbcə “enerji” deməkdir) təşkilatı və bu qurumun eyni adlı qəzeti fəaliyyət göstərməyə başladı. “Hümmət” eyni zamanda bütün müsəlman dünyasında ilk kommnunist təmayüllü siyasi təşkilat hesab olunur. Bu qurumun həmin dövrdəki yaradıcıları və fəal üzvləri arasında Nəriman Nərimanov, Məşədi Əzizbəyov, Sultan Məcid Əfəndiyev, Dadaş Bünyadzadə, Xanlar Səfərəliyev, Məmməd Məmmədyarov və s. kimi yoldaşların adını çəkmək olar. İlk Rus inqilabı illəri (1905-1907) ümumrusiya əhalisinin, o cümlədən milli ucqarların müstəmləkə zülmünə qarşı olan nifrətini, bərabərlik və demokratiya uğrunda inqilabi mübarizə aparmaq qətiyyətini açıq şəkildə ortaya qoydu.
1917-ci ilin martında, Rusiyada Fevral burjua inqilabından bir neçə gün sonra, "Hümmət"in bir çox keçmiş üzvü təcili olaraq konfrans keçirib, təşkilatn RSDF(b)P-nin Bakı Komitəsi ilə birləşməsi məsələsini müzakirə etdilər. Lakin təşkilatın öz ənənələri olduğu və müsəlman kütlələrinin psixologiyası nəzərə alınaraq, səs çoxluğu ilə  partiyanın RSDF(b)P ilə birləşməməsi və "Hümmət" adının saxlanılması qərara alındı. Təşkilatın müvəqqəti komitəsi yaradıldı. 1917-ci il iyunun 16-da, N.Nərimanov başda olmaqla, "Hümmət"in daimi şəhər komitəsi seçildi. Komitəyə 14 üzv, o cümlədən Sultanməcid Əfəndiyev, Həmid Sultanov, Əsədulla Axundov, Məşədi Əzizbəyov, Ağababa Yusifzadə, Bünyad Sərdarov, Möhsün İsrafilbəyov, Tağı Şahbazi daxil idi. Bolşeviklərin proqramını təşkilatın əsas proqramı kimi qəbul etmək qərara alındı. İyulun 3-dən N.Nərimanovun redaktorluğu ilə "Hümmət" adlı qəzet çap olunmağa başladı. Bakının Binəqədi, Suraxanı, Sabunçu rayonlarında, Gəncə, Lənkəran, Şamaxı və Naxçıvanda təşkilatın şöbələri yaradılmışdı.
Bütün bunlar bir daha Bakı şəhərinin inqilabi ənənələrlə necə zəngin olduğunu ortaya qoyur. Təsadüfi deyildir ki, 1917-ci ilin qırmızı günlərində, oktyabrın 25-dən 26-na keçən gecə şanlı Petroqrad fəhlələri Müvəqqəti Hökuməti ayaqlar altına alıb darmadağın etdikdən cəmi 6 gün sonra (2 (15) noyabr) bütün keçmiş çar Rusiyası müstəmləkələri içərisində ilk dəfə Bakı proletariatı hakimiyyətin sovetlərin ixtiyarına keçdiyini elan etdi. 1918-ci il aprelin 25-də isə Bakı XKS-nin başçılığı altında bütün Azərbaycan ərazisində sovet hakimiyyəti quruldu. Bakı Kommunası məşhur Paris Kommunasından sonra sosialist əsaslarının bərqərar edildiyi ikinci şəhər qurumu hesab edilir. Sovet Bakısı həmin illərdə Azərbaycan və hətta bütün Zaqafqaziyada sosialist inqilabının sarsılmaz qalası, fəhlə və kəndlilərin istinadgahı idi. Lakin bununla belə Bakı XKS eser-daşnak-menşevik əksinqilabının Antanta imperializminə alçaqca satılması və türk-alman işğalı nəticəsində iyulun 31-də devrildi, hakimiyyət Britaniya imperialistlərinin əlində oyuncaq olan Sentrokaspi “hökuməti”nin əlinə keçdi. Avqustun 14-də 26 komissar qondarma Sentrokaspi diktaturası tərəfindən həbsə alındı və sentyabrın 20-də isə Bakı proletariatından gizlin şəkildə uzaq Türkmənistanın Zakaspi çöllərində güllələndilər. Bu müddət ərzində isə bizim doğma Bakımız sentyabrın 15-də türk-alman tapdağı altına düşdü, 2 gün sonra isə Osmanlı paşalarının əlində Azərbaycan xalqı üçün “zopaya çevrilmiş” Müsavat “hökumət"i Gəncədən Bakıya köçdü.
1918-ci ilin Bakı dərsləri Azərbaycan kommunistlərinə iki mühüm nəticəni çıxarmaqda yardımçı olmuşdu: 1) Bakı Proletariatı ilə Azərbaycan kəndi arasında sovet quruculuq tədbirləri əsnasında sıx qardaşlıq əlaqələri qurulmasının zəruri olduğu. 2) Sosialist inqilabı zamanı Azərbaycan xalqının yerli məişət xüsusiyyətləri, adət-ənənələri, milli özünəməxsusluğu ilə qəti şəkildə razılaşmalı və addımları buna uyğun atmaq gərəkliyini. 
Bu postulatdan yola çıxan Azərbaycan bolşevikləri durmadan çalışaraq, dahi Leninin rəhbərliyi altında ölkəmizdə sovet hakimiyyətini yenidən bərpa etmək üçün çalışırdılar. Noyabrın 17-də isə Bakı şəhəri ikinci dəfə Britaniya imperialistlərinin pəncəsi altına düşdü. Bu müddət ərzində Müsavat diktatura rejiminin istibdadı altında əzilən Azərbaycan zəhmətkeşləri nifrətlə ondan üz çevirirdilər. Azərbaycanda ilk sovet hakimiyyətinin süqutundan sonra ölkəmizdə 3 kommunist təmayüllü təşkilat fəaliyyət göstərirdi: 1) 1917-ci ildə fəaliyyətini bərpa etmiş “Hümmət” təşkilatı əsasən türk-müsəlman əsilli fəhlələr arasında təbliğat-təşviqat işləri aparırdı. 2) Əsasən rus-erməni fəhlələri arasında təbliğat işləri aparan RK(b)P-nin Bakı Komitəsi. 3) 1916-cı ildə İran Azərbaycanından gələn fəhlələr arasında təbliğat aparmaq məqsədilə qurulmuş “Ədalət” inqilabi təşkilatı.
1918-19-cu illər ərzində bu pərakəndəliyə baxmayaraq, yerli bolşeviklər xeyli iş görmüşdülər. Bu zaman Azərbaycanın kommunist təşkilatları dahi Leninin belə bir göstərişini ciddi rəhbər tuturdular ki, blok və əməli saziş bağlanan partiya və siyasi qrupların bolşevizmə yabançı baxışları və hər cür opportunist meylləri əleyhinə ideya mübarizəsi aparılmalıdır. Belə bir taktika kommunistlərin gücünün artmasını və ən geniş xalq kütlələri içərisində onların nüfuzunun qüvvətlənməsini təmin edirdi, onlara burjua və xırda burjua partiyaları tərəfindən aldadılıb, təsir altına alınmış kütlələri Kommunist Partiyasının tərəfinə çəkmək imkanı verirdi.
Ölkəmizdə günü-gündən artan fəhlə-kəndli hərəkatı, yaxınlaşan inqilabın ayaq səsləri Müsavat hökumətini sadəcə lərzəyə salırdı, onlar öz Britaniya və Denikinçi ağaları ilə birlikdə bunun qarşısını almaq üçün hətta ən alçaq üsullara belə əl atmaqdan çəkinmirdilər. 1919-cu il bizdən Azərbaycanda sovet hakimiyyəti uğrunda mübarizədə xalqın ən yaxşı oğulları, bütün həyatını zəhmətkeşlərin azad edilməsi, kommunizm uğrunda mübarizə işinə həsr edən - Qazıməmməd Ağasıyev, Müqtədir Aydınbəyov, Əsədulla Qafarzadə, Fyodor Qubanov, Balaəmi Dadaşev, Haşım Əliyev, Mirfəttah Musəvi, Bünyad Sərdarov, Əmiraslan Süleymanov kimi yoldaşları aldı. Belə qəhrəmanlar haqqında V. İ. Lenin yoldaş yazırdı: “Fəhlə sinfinin ən yaxşı adamları həlak olurdular; onlar özlərini qurban verirdilər, zira başa düşürdülər ki, həlak olsalar da, nəsilləri xilas edəcəklər, minlər və minlərlə fəhlələri və kəndliləri xilas edəcəklər.” (Əsərləri 30-cu cild, səh.516)
Lakin nə bu cür əksinqilabi terror, nə də Qazax-Ağstafa, Gəncə, Lənkəran və Azərbaycanın digər bölgələrindəki kəndli hərəkatlarını vəhşicəsinə yatırtması Müsavat müstəmləkə rejimini labüd süqutdan xilas edə bilməzdi. Bu dövrdə ölkəmizdə kommunistlərin sayı artıq 7 minə yaxınlaşırdı, onların ətrafında isə minlərin və hətta yüzminlərin qüvvəsi toplanmışdı. Bakı fəhlələrinin 1919-cu ilin martın 20-də komissarların vəhşicəsinə gülləbaran edilməsinin yarımilliyində, eləcə də 1 May əmək bayramı ilə əlaqədar olaraq, keçirdiyi çoxminlik siyasi tətillər proletariatın mübarizə əzmini bir daha ortaya qoydu.
RK(b)P-nin Bakı Komitəsi, “Hümmət” və “Ədalət”in rəsmən ayrıca yaşaması günün vəzifələri və tələblərinə daha uyğun gəlmir, partiya işini çətinləşdirir, qüvvələri səpələyirdi. 1919-cu ilin axırlarına yaxın Bakı proletariatı və və Azərbaycan zəhmətkeş kəndlilərinin qarşısında çox mühüm və təxirəsalınmaz vəzifə dururdu: xalqa zidd  müsavat üsuli-idarəsini yıxıb, yerində Sovet hakimiyyətini bərpa etmək!
Həmin ilin avqust ayından etibarən isə artıq vahid partiyanın qurulması ilə bağlı danışıqlara başlandı. Məhz bu zaman Ruhulla Axundov yoldaşın redaktəsi altında çapa başlayan “Kommunist” qəzeti də bunun ilk işartılarından idi.
Azərbaycanda kommunist təşkilatlarının birinci qurultayı 1920-ci il fevralın 11-də Bakıda fəhlə klubu binasında Müsavatın polis rejimindən gizli surətdə öz işinə başladı.Qurultayda həlldedici və məşvərətçi səslə, habelə dəvət olunanlar sifəti ilə 120 nəfərdən artıq nümayəndə iştirak edirdi. Rusiya bolşevikləri və ümumdünya proletariatının böyük lideri  V.İ.Lenin qurultaya fəxri sədr seçildi. Qurultay III İnternasionala, RK(b)P MK-ya, ÜRMİK-ə, partiyanın Qafqaz Ölkə Komitəsinə, Qızıl Orduya, Qızıl Dağıstana, Mərkəzi fəhlə konfransına, habelə Nərimanov Nərimanov yoldaşa təbrik göndərdi.
Qurultayın gündəliyində yerlərdən məruzələr, təbliğat haqqında, hazırkı vəziyyət haqqında, Zaqafqaziyada inqilab və əksinqilab haqqında, siyasi partiyalara münasibət haqqında məruzələr, habelə MK seçkiləri dururdu.
Birinci məsələ barəsində Gəncə, Şamxor, Şamaxı, Şuşa, Lənkəran, Qazax, Salyan, Göyçay, Nuxa, Quba, Cavanşir qəzalarının, Zaqatala mahalının, Gəncə dəmir yol nahiyəsinin, Qaryagin və Dəvəçi nahiyələrinin, Xaçmazın, Bakı şəhər və qəza komitələrinin, habelə Gənclər ittifaqı komitəsinin nümayəndələri çıxış etdilər.
Qurultay keçirildiyindən hökumət orqanlarının xəbər tuta biləcəkləri ehtimalını və bununla da onun işinin dayana biləcəyini nəzərə alaraq, məruzələrdən sonra dərhal Mərkəzi Komitənin seçkiləri başlandı. Qurultay Mərkəzi Komitəni 43 nəfərdən ibarət olaraq seçdi. Seçilənlər içərisində K.Ağazadə, Ə.Bayramov, D.Bünyadzadə, Ə.H.Qarayev, M.B.Qasımov, İ.İ.Dövlətov, S.Yaqubov, V.Q.Yeqorov, A.B.Yusifzadə, V.İ.Naneyşvili, M.Q.Pleşakov, H.Sultanov, N.İ.Tyuxtenev, M.-D. Hüseynov var idilər. Həmçinin Təftiş komissiyası da seçildi. Birinci plenumda MK Rəyasət heyəti sədrliyinə M-.D. Hüseynov seçildi.
Fevralın 12-də qurultay təşkilat məsələsinə dair D.Bünyadzadənin və V.Q.Yeqorovun məruzələrini müzakirə etdi. M.D.Hüseynov və V.İ.Naneyşvili hazırkı vəziyyət haqqında məruzə etdilər.
Təşkilat məsələsinə dair qətnamədə deyilirdi: «Kommunizm mübarizəsinin vahidliyi nəfinə olaraq [və] məhəlli şəraiti nəzərə alıb qurultay tərz-hərəkət (taktika) təsəvvüratına görə bütün kommunist firqələrinin «Azərbaycan Kommunist (bolşevik) Firqəsi» adı altında birləşməsini lazım görür ki, bunun da başında növbəti qurultaylarda seçiləcək Mərkəzn Komitə durmalıdır». 
Qurultay qərara aldı: «Azərbaycan Kommunist Firqəsini ümum Qafqasya nahiyə (ölkə-red.) kommunist təşkilatının hissəsi elan edir və kommunistlərin Qafqasya Nahiyə Komitəsini öz ali rəhbər təşkilatı ədd edir» (sayır-red.) («Füqəra füyuzatı» jurnalı, 1921, № 3, səh. 70.)

Qurultay bütün ictimai-siyasi təşkilatlarda və həmkarlar ittifaqları təşkilatlarında partiyanın nüfuzunu qüvvətləndirməyi, müəssisələrdə, idarələrdə və kəndlərdə yeni partiya özəkləri təşkil etməyi bütün kommunistlərə və partiya təşkilatlarına bir vəzifə olaraq tapşırdı.
AK(b)P birinci qurultayı Azərbaycan partiya təşkilatını silahlı üsyan hazırlamağa doğru yönəltdi. Hazırkı vəziyyət haqqında qətnamədə deyilirdi:
«Azərbaycan Kommunist Firqəsinin qurultayı mövcud hökuməti yıxmaq və işçilər-kəndlilər hakimiyyəti qurmaq üçün kəndli (və) fəhlələri feli çıxışa hazırlamağı özünə lazım bilir...
Azərbaycan Kommunist Firqəsinin birinci qurultayı bəy-xan millətçi sərvətdarlıq hakimiyyətinin bütün Qafqasyada devrilməsi və işçi-əkinçi Şura hökuməti qurmaq üçün Azərbaycan, Gürcüstan və Ermənistanın bütün işçi və əkinçilərini mübarizəyə dəvət edir və ümid edir ki, Zaqafqasya işçi sinfi və əkinçiləri, başda Bakı zəhmətkeşləri olmaq üzrə üzərlərində olan böyük tarixi vəzifəni şərəflə ifa edərlər.
Yaşasın Azərbaycan və bütün Zaqafqasyada işçi-əkinçi inqilabı! 
Yaşasın Azərbaycan Şura hökuməti! 
Yaşasın Zaqafqasya Şura cümhuriyyətləri ilə Şura Rusiyasının ittihadı! 
Yaşasın dünya inqilabı! »

AK(b)P-nin birinci qurultayı Azərbaycanda burjua-mülkədar quruluşu üzərinə böyük hücumun siyasi və təşkilat cəhətdən hazırlanması idi.
Qurultaydan sonra kommunistlər fəhlələr və zəhmətkeş kəndlilər arasında böyük iş görməyə başladılar. Təşkilatları birləşdirmək üçün Bakı rayonlarında konfranslar və yığıncaqlar keçirilirdi.
Fevralın 19-da Zavaqzal rayonunda çağırılan konfrans yerli RK(b)P, «Hümmət» və «Ədalət» təşkilatlarının əməli surətdə birləşdirilməsi məsələsini müzakirə etdi. Zavaqzal rayonunun fevralın 20-də olmuş birinci birləşmiş partiya konfransı AK(b)P I qurultayı haqqında məruzə dinlədi. Konfransın qəbul etdiyi qətnamədə deyilirdi ki, konfrans «qurultayı ürəkdən alqışlayır və onu Azərbaycan fəhlələrinin və kəndlilərinin bütün öz qəddar düşmənləri olan burjuaziya və onun nökərləri -müsavatçılar əleyhinə qarşıdakı ümumi mübarizədə qələbənin rəhni hesab edir... Konfrans öz tərəfindən bildirir ki, öz ali orqanlarının ilk çağırışı ilə o, sıralarını sıx birləşdirib döyüşə getməyə hazırdır. »
Beləcə, öndər Leninin də bildirdiyi kimi: “Artıq buz qırılmış, yol açılmışdı!”. Azərbaycan zəhmətkeşləri və onun inqilabi qüvvəsinin avanqardı olan – AK(b)P burjuaziya ilə qəti döyüşə hazırlaşırdı. Bu hadisədən cəmi 2 ay sonra islam şərqinin ilk sosialist respublikası olan Azərbaycan SSR-ni salamlayacağımız təsadüfi deyil. Aprel Sosialist İnqilabı məhz Kommunist Partiyası təşkilinin işidir.
Bu haqda görkəmli inqilabçı Əliheydər Qarayev yoldaş özünün "Vahid Təşkilatın gücü ilə" adlı məqaləsində yazır: “Fevralın 11-də, Bakıda Mərkəzi fəhlə klubu binasında, olduqca gərgin bir şəraitdə birinci qurultay çağırılır. Qurultayın nümayəndələri xəlvətcə, müxtəlif fənd işlətməklə, bir-bir fəhlə klubunun böyük salonuna gəlib çıxırlar. Salonda hamı səssiz-səmirsiz əyləşmişdir. 120-dək nümayəndə vardır. Hər tərəf qapanmışdır, qaranlıq və sakitlik hökm sürür. Hamıya elan edilmişdir ki, qurultay necə olur-olsun elə bu gün öz işlərini qurtarmalıdır. Qurultayın gündəliyində cari vəziyyət və Azərbaycan K(b)P-nin vəzifələri haqqında məsələ durur. Hamının nəzəri rəyasət heyətinə dikilmişdi. Sakitlikdir... Məruzəçi Azərbaycandakı vəziyyət haqqında aramla məruzə edir. Hər bir nümayəndə müsavatçıların bəy-xan zülmünü devirmək işində ölkəmizin fəhlə sinfi qarşısında çox böyük məsuliyyət daşıdığını hiss edir. Məruzədən sonra müzakirə başlanır. Qurultayın hər bir nümayəndəsi yığcam və aydın danışıb təşkil olunmuş özəklərin sayı, öz rayonundakı əhvali-ruhiyyə, partiya təşkilatımızın döyüş bacarığı, müsavatçıların zorakılıqları və özbaşınalığı haqqında məlumat verir. Qarabağın nümayəndəsi səhnədə görünür. O, qurultayı xəbərdar edir ki, indi bir-biri ilə əlbir işləyən müsavatçılar və daşnaqlar Qarabağda milli qırğın hazırlayırlar. Həmin nümayəndə qurultayı xəbərdar edir ki, müsavatçılar və daşnaqlar fəhlə sinfini və bütün Azərbaycan kəndlilərini millətlər arasında qırğın salmaq yoluna sövq etməyə cəhd edirlər...”

P.S. Məqalə Azərbaycan Kommunist Partiyası tarixinin fəal tədqiqatçısı Urfan Məmmədlinin facebook səhifəsindən götürülmüşdür.

Отправить комментарий

0 Комментарии