21 aprel
2019-cu il tarixdə Bakı kommunistləri Sovet İttifaqı Kommunist
Partiyasınin təşkilatçısı, Sovet dövlətinin banisi, bütün dünya zəhmətkeşlərinin
böyük rəhbəri və müəllimi Vladimir Iliç Leninin anadan olmasının 149-cu illiyinə
həsr olunmuş dəyirmi masa keçirdilər.
İştirakçılar dahi Leninin portreti önünə tər
çiçəklər qoyaraq əziz xatirəsini yad
etdilər.
Azərbaycan Kommunistlər Birliyinin sədri
Ədalət Abdinov “Lenin və Bakı kommunistləri” mövzusunda məruzə etdi. O qeyd
etdi ki, Leninin təlimi sovet ölkəsinin bütün xalqlarının müqəddəratında çox
böyük tarixi rol oynamışdır. Lenin həqiqətən nəhəng fəaliyyət göstərdiyi bütün
illər ərzində Azərbaycan zəhmətkeşlərinin, onların qabaqcıl dəstəsi olan Bakı
proletariatının həyatına və mübarizəsinə böyük diqqət yetirirdi. «Rusiyada
kapitalizmin inkişafı» əsərində 19-cu əsrin 60-cı illərindən etibarən Bakıda
neft hasilatının inkişafından bəhs etmişdir. Lenin Rusiya fəhlə sinfinin inqilabi
mübarizəsində çoxmillətli Bakı proletariatına mühüm yer verir, Qafqazda leninçi
«İskra» məsləkli sosial-demokrat təşkilatlarının yaradılmasına və möhkəmləndirilməsinə
rəhbərlik edir, Bakıda işləyən inqilabçı sosial-demokratlarla sıx əlaqə
saxlayır, onlara göstərişlər və məsləhətlər verirdi.
Lenin Bakı iskraçılarının gizli mətbəə
yaradıb orada «İskra»nı çap etmək fikrində olduqları haqqında ona məlumat
vermiş L.M.Knipoviçə 1901-ci il mayın 15(28)-də yazmışdı: «Siz Rusiyada
«İskra»nı necə təşkil etmək fikrindəsiniz?». O zaman Bakıda işləyən mühəndis
P.E.Klassona Münxendən göndərdiyi məktubda ondan «işə pul yardımı» göstərməyi
xahiş etmişdi. «İskra»nın Bakıdakı agenti LJ.Qalperinə məktublarında Lenin
«İskra» qəzetinin Təbriz vasitəsi ilə Rusiyaya göndərilməsindən, «İskra»nın nəşrinin
Qafqazda təşkil olunmasından və heç olmazsa, bir nömrəsinin bütöv nəşr etməkdən
danışırdı. Bakıda Leninin köməyi ilə yaradılmış gizli «Nina» mətbəəsi 1901-ci
ilin dekabrında «İskra»nın 11-ci nömrəsinin matrisadan çap etmişdi.
Lenin
menşeviklərin təfriqəçilik fəaliyyətinə
qarşı Bakı bolşeviklərinin mübarizəsinə istiqamət verirdi. O, partiya
daxilindəki vəziyyətdən bəhs edən əsərlərində RSDFP Bakı Komitəsinin qətnaməsini
də (1904) xatırlatmışdı. Lenin RSDFP-nin 3-cü qurultayını çağırmaq və digər
partiya məsələləri barəsində Bakı Komitəsi ilə də fəal yazışırdı.
Lenin Rusiyada 1905-07-ci illər inqilabı
dövründə Azərbaycan zəhmətkeşlərinin mübarizəsini yüksək qiymətləndirmişdir. Həmin
illərə aid 40-a qədər əsərində Azərbaycanda baş vermiş inqilabi hadisələrdən və
bolşeviklərin fəaliyyətindən bəhs olunur. Lenin «proletar tətil mübarizəsinin
inadcıllığı cəhətdən» 1905-ci ildə Liflandiya quberniyasının birinci yerdə
durduğunu qeyd edərək yazırdı ki, onun ardınca «Bakı quberniyası gəlir; burada
hər bir fabrik-zavod fəhləsi, 456 dəfə… tətil etmişdir» (əsərləri, tam
külliyyatı, c.19, səh.336).
Vladimir İliç Leninin Bakı proletariatı ilə əlaqəsindən bəhs edən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Gülnisə Mənsimova qeyd etdi ki, inqilabın geri çəkildiyi, irticanın hücumu
dövründə də Bakı proletariatı mübarizəni dayandırmırdı. Bununla əlaqədar Lenin
1910-cu ildə yazmışdı: «1908-ci ildə tətilçilərin sayı çox olan quberniyaların
birincisi 47 min tətilçisi olan Bakı quberniyasıdır. Kütləvi siyasi tətilin
sonuncu mogikanları» (əsərləri, tam külliyyatı, c.19, səh.423). Lenin irtica dövründə və yeni inqilabi yüksəliş
illərində Bakı bolşevik təşkilatının fəaliyyətinə yüksək qiymət vermiş, onu
1910 və 1911-ci illər Rusiyası üçün nümunəvi və qabaqcıl sosial-demokrat təşkilatlarından
biri adlandırmışdı.
Lenin Qafqazda milli məsələ ilə dərindən
maraqlanır, müxtəlif millətlərin qabaqcıl fəhlələrini birləşdirən Qafqaz
bolşevik təşkilatlarının inqilabi işini yüksək qiymətləndirirdi. O, Qafqaz
bolşeviklərinin milli məsələni proletariatcasına həll etmək təcrübəsini, beynəlmiləlçiliyini
nümunə göstərirdi.
Lenin Azərbaycan bolşevikləri və zəhmətkeşlərinin
sosialist inqilabının qələbəsi uğrunda fədakar mübarizəsini diqqətlə izləyir,
1918-ci il mayın 14-də Bakı bolşeviklərinə yazırdı: «Sizin möhkəm və qəti siyasətiniz
bizi sevindirir» (Əsərləri, c.35, səh.314).
Lenin Bakı kommunasının işinə və müdafiəsinə
hərtərəfli köməyin təşkilatçısı idi. Bakı kommunasının müvəqqəti süqutundan
sonra da Lenin Azərbaycan zəhmətkeşlərinin sosial və milli zülmdən azad edilməsi
uğrunda bolşeviklərin mübarizəsini daim izləyirdi. O, 1919-cu ilin fevralında fəhlələr
və matroslar arasında inqilabi əhvali-ruhiyyənin artdığı haqqında Bakıdan məlumat
alan kimi dərhal bu məlumata cavab vermiş, ciddi tədbirlər görüb, bakılıların əhvali-ruhiyyəsindən
sürətli və həlledici hərəkət üçün istifadə etməyə çağırmışdı. (əsərləri, c.44,
səh.163).
Tədbirdə Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin büro üzvü Dilbər Ağayeva çıxış edərək görkəmli şəxsiyyət, dünya şöhrətli
siyasətçi Vladimir İliç Leninin Sovet Sosialist Respublikaları İttifaqı tarixində oynadığı roldan, sovet dövlətçiliyi
qarşısındakı xidmətlərindən danışaraq bildirdi ki, SSRİ-nin qurucusu və memarı
olan bu dahi rəhbərin həyat və fəaliyyəti
hər bir insan üçün nümunədir. Vaxtilə SSRİ-də birləşmiş xalqların hələ neçə-neçə
nəsli Vladimir İliç Lenin ideyalarından, onun böyük dövlətçilik məktəbindən ölkələrin
inkişafı və rifahı naminə faydalanacaqdır. Dahi şəxsiyyət düşünülmüş və məqsədyönlü siyasəti ilə
sosializmi görmək istədiyi ən yüksək səviyyəyə yüksəltmək üçün möhkəm təməl
formalaşdırmışdı. Dünya, o cümlədən Azərbaycan kommunistləri
sosializmin qələbəsi naminə imperializmlə mübarizədə dahi Leninin siyasətini əzmlə
davam etdirirlər.
Dilbər Ağayeva bu gün Vladimir İliç Leninin işıqlı ideyaları dünya, o cümlədən Azərbaycan
xalqına xidmət etdiyini söyləyib: "Gənc nəsil Vladimir İliç Leninin
irsini, ideyalarını dərindən öyrənməlidir. Mən əminəm ki, hər bir azərbaycanlı dahi Leninə öz dərin hörmətini qəlbində saxlayır".
Kommunistlərdən Əlləz Həsənov və Ərəstun Qurbanov öz çıxışında Lenin haqqında ürək sözlərini bildirərək
qeyd etdilər ki, bu dahi insan zəhmətkeşlərin yaddaşında qurucu və xilaskar dövlət
xadimi, lider və xalq məhəbbətini
qazanan öndər kimi qalmışdır. SSRİ xalqlarının tarixi taleyində, mənəvi, siyasi
və ictimai həyatında, dövlət quruculuğunda dahi Stalinlə bərabər onun qədər misilsiz xidmətlər göstərən ikinci
dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, sadə fəhlə və kəndlilərin,
ziyalıların iftixarı, ürəklərimizdə özünə yer tapan əbədi liderimiz, güvənc
yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük kommunistdir.
İştirakçılara Vladimir İliç
Leninin anadan olmasının 149-cu ildönümünə töhfə olaraq yeni abdinov.com
saytı təqdim olunmuşdur. Saytın baş redaktoru Ədalət Abdinov
bildirmişdir yeni marksist-leninçi elektron nəşri kommunist məfkurəsinə maraqla
xidmət edəcəkdir. Saytın yaradıcı kollektivi sovet jurnakistikasının təcrübəsini,
sovet dövlətçilik yaddaşının qorunması ilə bağlı səyləri bu nəşrin fəaliyyətində
davam etdirəcəklər.
Tədbirdə təklif olundu ki, Azərbaycan
kommunistlərin təşəbbüsü ilə hər il Vladimir İliç Leninin anadan olduğu 22
aprel tarixdə respublikanın müxtəlif guşələrində ağacəkmə aksiyası keçirilsin.
Azərbaycan Kommunistlər Birliyinin mətbuat xidməti


0 Комментарии