Recents in Beach

Kommunist düşərgəsi: təbliğat böhranı

                                                                                     
                             Ədalət Abdinov,                            Azərbaycan Kommunistlər Birliyinin sədri

Azərbaycanın kommunist düşərgəsində ən ciddi problemlərdən biri də odur ki, marksisim-leninizm nəzəriyyəsinin həyatla əlaqəsi qırılıb. Səbəbi də odur ki, bu təlim  ilə bağlı nəzəri təhsil yoxdur, olmayan şey ilə həyatın ən vacib tələbləri arasında əlaqə də mümkünsüzdür. Kommunistlər bilməlidirlər ki, Lenin bu nöqsanı amansızcasına tənqid edir, nəzəriyyə ilə praktika, fikir ilə əməl arasındakı uyğunsuzluğu “kapitalizm cəmiyyətindən bizə qalmış ən böyük bəla və fəlakətlərdən biri” (V.İ.Lenin. Əsərləri, 31-ci cild, səh.284) kimi qiymətləndirirdi.
Kommunist şəraitin imkan verdiyi səviyyədə marksisim-leninnizm nəzəriyyə ilə əməli fəaliyyətin qarşılıqlı əlaqəsini yaratmalıdır. Əlbəttə, bunun üçün ilk növbədə kommunist bilməlidir ki, nəzəriyyə nədir və praktika nədir, onların spesifikası nədən ibarətdir, onlar arasında nə kimi ümumi və fərqləndirici cəhətlər vardır, habelə bizi əhatə edən mühitdə baş verən hadisə və proseslərin obyektiv əlaqəsinin xarakterini də öyrənməlidir.
Marksizm-leninizm nəzəriyyəsi dedikdə, xalq kütlələrinin, ictimai siniflərin və siyasi partiyaların istehsal, ictimai-siyasi, dəyişdirici inqilabi fəaliyyətinin eimi surətdə hərtərəfli mənalandırılması, sistemləşdirilməsi və ümumiləşdirilməsi başa düşülür. Nəzəriyyə müəyyən baxışlar, anlayışlar, ideyalar və elmi biliklərin daim dəyişməkdə olan və mütərəqqi inkişaf edən müəyyən sistemini cəmləşdirir. Əsil elmi nəzəriyyə ictimai praktikanın dərin tələbləri arasında yaranır, ona düzgün yol göstərir və onun müvəffəqiyyət qazanmasına kömək edir.
Marksizm-leninizmə görə maddi istehsalın, mədəniyyətin, ictimai hərəkatın, sinfi mübarizənin müxtəlif sahələrində insanların konkret, müəyyən məqsəd güdən fəaliyyətidir, təsərrüfat həyatında, elmdə və sairədə aparılan təcrübə deməkdir.
Marksizm-leninizm elmi nəzəriyyəsi ilə iqtisadi və siyasi inkişafın bu nəzəriyyə tərəfindən kəşf edilmiş qanunlarının dərk olunmasına əsaslanan inqilbi-dəyişdirici ictimai praktika arasındakı ümumi cəhət bundan ibarətdir ki, bunların hər ikisi zəhmətkeşlərin mənafeyinə xidmət edir.
Nəzəriyyə ilə praktika arasındakı keyfiyyət fərqləri ondan irəli gəlir ki, onlar insanın məqsədəuyğun fəaliyyətinin müxtəlif formaları, müstəqil sahələri ilə əlaqədardır: nəzəriyyə onun mənəvi yaradıcılığının məhsulu, praktika isə onun maddi yaradıcılığının nəticəsidir. Bu mühüm fərqlərinə baxmayaraq, insan əməyinin həmin ən vacib sahələri bir-biri ilə üzvi surətdə əlaqədardır, qarşılıqlı surətdə şərtlənmişdir və birlikdə müasir cəmiyyətin məqsədəuyğun fəaliyyətinin vahid mənzərəsini təşkil edir.
Nəzəriyyə ilə praktikanın qarşılıqlı əlaqəsi, bir-birinə qarşılıqlı təsiri çox mürəkkəb, çoxcəhətli və çevikdir. Doğrudan da, axı daim inkişaf edən praktikanın qarşılıqlı təsirindən, əlaqəsindən bəhs edilir. Nəzəriyyə ilk növbədə praktika ilə ona görə daxilən, üzvi surətdəö əlaqədardır ki, o geniş mənada götürülən konkret ictimai praktikanın ümumiləşdirilməsi kimi yaranır. Məsələn, marksizm təlimi özündən əvvəlki qabaqcıl insan fikrinin nailiyyətlərinin yaradıcılıqla yenidən işlənmiş şəkildə bilavasitə davamı, inqilabi hərəkatın, sinfi mübarizənin sistemləşdirilmiş təcrübəsi kimi meydana gəlmişdir.
Dialektik və tarixi materializmin müntəzəm surətdə öyrənilməsi kommunistlərimizi gerçəkliyi təhlil etməyin elmi metodları ilə, təbiət və cəmiyyətdə baş verən hadisə və proseslərin mahiyyətini və mürəkkəb qarşılıqlı təsirini görmək bacarığı ilə silahlandırır. Marksizm-leninizm fəlsəfəsi nəzəriyyəsinə yiyələnmək kommunistə öz əməyinin ictimai mənasını və əhəmiyyətini,  ölkənin siyasi və ictimai-mədəni həyatında öz rolunu dərindən başa düşməkdə kömək edir.
Vaxtı ilə idealizm və metafiziklərə qarşı ardıcıl mübarizə apararaq F.Engelos yazırdı ki, “əlaqələri quraşdırıb faktlara tətbiq etmək olmaz, bunları faktlardan çıxarmaq və tapıb mümkün qədər təcrübə yolu ilə sübut etmək  lazımdır” (K.Marks və F.Engels. Əsərləri, 2-ci nəşri, 20-ci cild, səh.370-371). Kommunistlərimizin, xüsusilə partiya təhsilini təşkil etməyə cəhd edən kommunistlərimizin  bu fikri bilməsi çox vacibdir.
Gerçəkliyi təhlil etməyi və nəzəriyyəni həyatla əlaqələndirməyi inadla, səbirlə, müntəzəm surətdə öyrənməyi, birinci növbədə V.İ.Lenindən öyrənmək lazımdır. N.K.Krupskaya V.İ.Lenin haqqındakı xatirələrində leninizm metodunun dərin mahiyyətini bir neçə sözlə açıb göstərmişdir: “Hadisənin öyrənilməsi, onun xüsusiyyətlərinin müəyyən edilməsi, onun xüsusi çəkisinin müəyyənləşdirilməsi, konkret şəraitdə və inkişafda nəzərdən keçirilməsi leninizmin kerçəkliyə yanaşmasının xarakterini səciyyələndirən xüsusiyyətlərdir”.
Təbiidir ki, burada müxtəlif metodiki məsləhət və göstərişlər faydalı ola bilər. Lakin hər bir kommunistin bir sıra illər ərzində müstəqil oloaraq gördüyü səmərəli iş nəticəsində əldə edib topladığı təcrübəni heç bir şey əvəz edə bilməz. Buna görə də indi bu işin nəticələrini zərrə-zərrə toplayıb ümumiləşdirmək, marksizm-leninizm təhsili işini sistemə salmaq çox vacibdir.

Müəlliflə əlaqə: adalatabdinov@mail.ru


Отправить комментарий

0 Комментарии