Recents in Beach

Masallı kommunistləri: ən təhlükəli virus kapitalizmdir

Telman Nurullayevin rəhbərlik etdiyi Azərbaycan Kommunist Partiyasında birləşən Masallı kommunistləri sosializm uğrunda mübarizədə böyük ictimai əhəmiyyətə malik olan və çoxsaylı tədqiqat metodlarından istifadə etməklə mövcud problemli vəziyyət üçün açıq siyasi qərarlar qəbul edir və onu həyata keçirməyə çalışırlar. Marksizm-leninizm təliminin metodlarından, diaqnozlarından, təhlil və seçimlərindən istifadə etməklə onların fəaliyyəti  rayonda sosial, siyasi, iqtisadi və digər mühüm prosesləri əhatə edir. Əsas hədəf isə insanlara fəlakət gətirən vəhşi kapitalizmdir.

Azərbaycan Kommunist Partiyası Masallı Rayon Komitəsinin birinci katibi Nizami Fətullayev: "Ötən əsrin 90-cı illərin əvvəllərində Azərbaycanda peyda olan “bic” kapitalizmin fəsadları Masallı rayonunda da yayılmaqdadır. İlk öncə rayonda mənəviyyatın inkişafının və maddiyyatın tənəzzülünün əlamətlərini görürük. Ancaq onu da yaxşı bilirik ki, sola-sağa vuran bir quruluş iflasa və məhvə məhkumdur. Kommunistlər çalışmalıdırlar ki, kapitalizm rejiminin fəsadları xalqa aydın olsun. Və xalq da öz növbəsində kapitalist qurluşunun köklərinin məhv edilməsində maraqlı olmalı, onu yerə çırpmaq üçün mövqe sərgiləməlidir".
"Keçmiş sovetlər birliyinin ərazisində, o cümlədən Masallı rayonunda  “bic” kapitalizmin yaranması ilə tənəzzülü üst-üstə düşdü - Nizami Fətullayev dedi - Çünki bu qurluşun qanedici siyasi dəlilləri və siyasi haqlılığı yoxdur. Siyasi haqlılığı olmadığına, öz varlığı və siyasəti üçün dəlilsiz qaldığına görə “bic” kapitalizmin mənəvi gücsüzlüyü labüddür və süqutu da təbiidir. Bu gün kapitalist donuna girən varlı biclər o qədər harınlaşıblar ki, hətta siyasi haqlıqlarını itirdiklərinin fərqində deyillər".
Masallı kommunistlərin lideri daha sonra qeyd etdi ki, “bic” kapitalizmi qucaqlayan Azərbaycan iqtisadiyyatı, milli sərvət, elmi və hərbi inkişaf baxımından hansı səviyyədədir, bu sol nəzəriyyəsi ilə ciddi araşdırma tələb edir. Ancaq qeyri qanuni burjuaziya obyektiv  təhlükə qarşısındadır və daxildən haqlı təhdid olunur - iddiasına bəraət qazandırmamaq olmur. Süni burjuaziya bu gün böyük və həllolunmaz problemlər içindədir. Kapitalın qözqamaşdıran gözəlliyi altında gizlənmiş xroniki xəstəliklər metastaz verməkdədir və böhranın ağrılarını hər kəs hiss etməkdədir".
Azərbaycan Kommunist Partiyası Masallı Rayon Komitəsinin büro üzvü Vəkil Ağayev: "Siz insanı bank, ipoteka, kredit, icarə və s. gürbəcür metodlarla girov saxlayan Qərb dövlətlərinə fikir verin. Onların başında ABŞ dayanır. Onların hakimiyyət kürsüləri oliqarxların kartel və vahid idareedici quruma tabe olan müəssisələrin inhisar birliyi forması - trestlər üzərində dayanır, alətləri də onlar tərəfindən yaradılmış elmin bəşər övladının əlehinə yönəlmiş qoludur. Elmin antiinsani təmayüllərindən, silahdan, casusluqdan və informasiya oğurluğundan istifadə edirlər, dünyanın müxtəlif yerlərində cinayətlər törədirlər. Baxın, belə azğın elmə malik olan ölkələrin başçılarının danışıq tonu necədir. Kapitalist ölkə başçılarının çıxışlarının əksər hallarda kobud, təkəbbürlü və nifrətamiz olduğunun şahidi oluruq. Həmin qürur və təkəbbür bunları günbəgün bataqlığa batırır. Yanlış təməl üzərində qurulmuş bu sivilizasiyanın bataqlıqda boğulacağı gün uzaqda deyil. O bu bataqlıqda anbaan aşağıya doğru gedir və şübhəsiz, süqut edəcək. Bu qürur və axmaqcasına təkəbbür də onları gözləyən süqutun amillərindən biridir. Bunlar süqut edirlər. Bu gün bir qədər çığırıb-bağırırlar, amma özləri də bilmədən üzüaşağı hərəkətdədirlər.
Azərbaycan Kommunist Partiyası Masallı Rayon Komitəsinin nəzarət-təftiş bölməsinin sədri Tələt Əliyev: "Amerikanın maliyyə mərkəzi və iqtisadi paytaxtı olan Nyu-Yorkda, özü də dünya kapitalizminin əsas mərkəzi olan Uoll-strit prospektində minlərlə insan mitinq keçirib deyir ki, rədd olsun kapitalizm! Etiraz edənlər nə mühacirdirlər, nə qaradərili, nə də cəmiyyətin aşağı təbəqələrindən: onların arasında ali məktəb müəllimi var, siyasətçi var, tələbə var. Deyirlər ki, biz kapitalizm quruluşunu istəmirik. Əslində onlar istismarçı qurluşun zərbəsini alan bütün xalqın iradəsini ifadə edirlər".
"Kapitalist ölkələri özünün günbəgün artan hərbi və maddi qüvvəsinə rəğmən, siyasi məğlubiyyətin sonlarındadırlar - Tələt Əliyev vurğuladı - İnsanlara kapitalizm cəhənnəmini yaşadan ABŞ dünyadan təcrid olunmaqdadır Amerikaya qarşı nifrət heç zaman bugünkü kimi olmamışdır. Amerikalıların özləri bunu etiraf edirlər. Onların özləri etiraf edirlər ki, zorla, güclə dünyaya hakim olmaq mümkün deyil".
Azərbaycan Kommunist Partiyası Masallı Rayon Komitəsinin Qəzvinoba kənd ilk təşkilatın katibi Masan Əbilov: "Dünyanın xilası bütün istehsalatın və gəlirlərin bölüşdürülməsinin dövlətin nəzarəti altında olduğu iqtisadi, ictimai-siyasi formasıyada - sosializmdədir. İqtidar və istehsal vasitələrinin xalq tərəfindən idarə edildiyi bir cəmiyyət ən ədalətli bir cəmiyyətdir. Məhz sosializm cəmiyyəti insanın insan tərəfindən istismarına son qoyur, sosial bərabərlik və sosial ədalətin bərqərar edir, bütün bəlaların baiskarı xüsusi mülkiyyətin ləğvinə nail olur".
"Bu gün mən öz kəndimizin timsalında əminliklə bəyan edirəm ki, kommunist ideologiyanın ictimai həyata təsiri çox güclüdür - Masan Əbilov deyir - Kapitalizmin amansız caynağında əziyyət çəkən insanlar kommunistlərin mənəvi və əxlaqi dəyərlərinə daha çox önəm verirlər. Sosialist sistemi insana daha çox dəyər verir, burada mərhəmət və vəfa duyğusu daha güclüdür. Yaşlılara diqqət və hörmət göstərilir.
Masan Əbilov qeyd edir ki, sosializm fərdə şərait yaradır, kapitalizm isə onu əzir, məhv edir. Kənd camaatı onun tərəfdarıdır ki, insanlar fərdi xüsusiyyətləri ilə deyil, birliyə verdikləri güc və tövhələri ilə ön plana çıxsın. Bu səbəbdən də cəmiyyət inkişaf edəcək, oğurluq, sui-istifadə və rüşvətin kökü kəsiləcəkdir.


Ədalət Abdinov,
"Kommunist" onlayn qəzetinin baş redaktoru





Отправить комментарий

0 Комментарии