Burjua ideoloqlarının XIX əsrin əvvəllərində
Şimali Azərbaycanın Rusiya ilə birləşdirilməsi ilə bağlı ziddiyyətli fikirləri
obyektivliyi əks etdirmir. Bu çox böyük bir hadisə idi, onun Azərbaycan üçün
mütərəqqi əhəmiyyəti böyükdür.
Azərbaycanın Rusiya ilə birləşdirilməsi onu
geridə qalmış feodal ölkələri tərəfindən
və bunların arxasında duran ingilis və fransız müstəmləkəçilərin tərəfindən əsarət
altına alınmaq və qəsb edilmək təhlükəsindən xilas etdi, daxildə xanlar
arasındakı vuruşmalara, habelə xarici işğalçıların viranedici basqınlarına son
qoydu. Azərbaycanın feodal parakəndliyini aradan qaldırdı.
Azərbaycanın Rusiya ilə birləşdirilməsi
çarizmin qəddar müstəmləkəçilik zülmünə baxmayaraq, obyektiv surətdə ölkənin
iqtisadiyyat və mədəniyyətinin inkişafına kömək etdi. XIX əsrdə və XX əsrin əvvəllərində
çar mütləqiyyətin yerli zülmkarlarla ittifaqının əksinə olaraq, Azərbaycan
xalqının böyük rus xalqı ilə və Rusiyadakı digər xalqlarla ittifaqı yarandı və
möhkəmləndi.
Rusiyada kapitalizmin inkişafı Azərbaycanı
mütərəqqi inkişaf yoluna cəlb edirdi. XIX əsrin ikinci yarısında Azərbaycanda
kapitalist münasibətləri meydana gəlib inkişaf etməyə başlamışdı.
Mülkədar - bəylər hazırki dövrdə
olduğu kimi o vaxt da islahatın özləri üçün əlverişli şərtlərindən istifadə
edirdilər. 1870-ci ilədək kəndlilərin istifadəsində olan torpaqların üçdə birinə
qədəri kəndlilərin əlindən aldılar. Ən yaxşı əkin yerləri, cəmənlər, otlaqlar,
meşələr, suvarma sistemi islahatdan sonra yenə xanların, bəylərin əlində
qalmışdı. Onların çoxunun bu günlərdə olduğu kimi on min desyatinlərlə böyük
mülkləri var idi. 1870-ci il islahatından sonra Gəncə quberniyasında mülkədarların
əlində qalan torpaq kəndlilərindəkindən bir dəfə yarım, Bakı quberniyasında isə
iki dəfə yarım artıq idi.
1870-ci il islahatı Azərbaycanda
aztorpaqlı kəndlilərin torpağını daha da azaltdı və torpaqsız kəndlilərin
sayını çoxaltdı. İslahatdan 25 il sonra 1895-ci ildə Gəncə quberniyasındakı
keçmiş mülkədar kəndliləri içərisində 25 min nəfər, Bakı quberniyasında isə 12
min nəfərədək torpaqsız kəndli var idi. Özünün “Köçürtmə məsələləri” əsərində
V.İ.Lenin Dövlət Dumasında elan edilmiş
olan xarakterik rəqəmləri vermişdir. Bu rəqəmlərə görə XIX əsrin axırlarında Gəncə
quberniyasının Cəbrayıl, Zəngəzur, Şuşa və Cavançir qəzalarında keçmiş mülkədar
torpaqlarında yaşayan kəndlilərin adambaşına 0,6 desyatin (Metr sistemindən
qabaq tətbiq edilən 1,09 hektara bərabər rus yer ölçüsü – Ə.A.), Bakı
quberniyasının Lənkəran qəzasında isə 0,5 desyatin torpağı var idi. Cüzi miqdar
pay torpağı ilə keçinə bilməyən kəndlilər mülkədarlardan və xəzinədən ən əsarətli
şərtlərlə torpaq icarəyə götürməyə məcbur idilər.
Kəndlilər kiçicik bir parça
pay torpağından – kəndlilər tərəfindən satın alnana qədər mülkədarların mülkiyyətində
qalan bu torpaqlardan istifadə etmək müqabilində bəylər və xanlar üçün müxtəlif
mükəlləfiyyətlər daşımalı və onlara böyük miqdarda töyücü verməli idilər.
1870-ci il islahatı şərtlərinə görə kəndlilərin torpaq müqabilində daşıdıqları əsas
mükəlləfiyyətlər məhsul vergisi – mal cəhətdən (yaxud bəhrə), habelə keçmiş
biyarı əvəz edən pul mükəlləfiyyətindən ibarət idi. Malcəhatın həcmi ümumi məhsulun
1/10 hissəsi miqdarında müəyyən edilirdi. Lakin kəndlilərin torpağa olan kəskin
ehtiyacından istifadə edərək mülkədarlar malcəhatın miqdarını istədikləri qədər
artırıb, çox vaxt məhsulun üçdə birinə və hətta yarısına çatdırırdılar. Kəndliləri
Azərbaycanda hələ orta əsrlərdə mövcud olan bir çox mükəlləfiyyətləri yerinə
yetirməyə məcbur edirdilər.
İslahatın şərtlərinə görə rəsmən
belə idi ki, kəndlilər pay torpaqlarını mülkədarlardan satın ala bilərdilər.
Lakin Rusiyadakı 1861-ci il islahatından fərqli olaraq, Azərbaycanda pay
torpaqlarını satın almaq məcburi deyildi, satınalma tədiyələri olduqca yüksək
idi. 1870-ci il kəndli islahatı təhkimçiliyin yığın-yığın qalıqlarını
saxlamışdısa da, Azərbaycanda kapitalizmin inkişafına xeyli kömək edirdi.
Azərbaycandakı 1870-ci il
islahatı bir çox kəndli qruplarına aid edilməmişdir. Belə ki, Bakı
quberniyasının Quba qəzasında, habelə Zaqatala mahalında kəndlilərin mülkədarlardan
asılılığı hələ uzun müddət qalmaqda idi. İslahat xəzunə torpaqlarında yaşayıb
dövlət kəndliləri adlanan kəndlilərə də toxunmadı, halbuki bunlar Azərbaycanda
kəndlilərin sayca ən böyük kateqoriyası idi.
Xəzinə torpaqlarında
yaşayan Azərbaycan kəndliləri mütləqiyyət dövləti tərəfindən xüsusi bir
amansızlıqla istismar edilirdilər. Çar çinovnikləri və bəylər dövlət kəndlilərini
yaxşı torpaqlardan qovub bu torpaqları öz əllərinə keçirirdilər. Rusiyanın
Avropa hissəsindəki aztorpaqlı quberniyalarından köçürülüb gətirilən kəndlilərə
də dövlət kəndliləri hesabına torpaq verilirdi. V.İ.Lenin Zaqafqaziyadakı dövlət
kəndlilərin vəziyyətini göstərərək, özünün “Köçürmə məsələləri” məqaləsində
Dövlət əmlakı nazirliyi tərəfindən toplanan məlumatı vermişdir. Həmin məlumata
görə hələ 80-ci illərdə Zaqafqaziyadakı kəndlilərin 22 mini torpaqsız idi, 66
min nəfərinin bir desyatin, 254 min nəfərinin bir desyatindən iki desyatinədək
və 5013 nəfərinin isə iki desyatindən dörd desyatinədək pay torpağı var idi. XIX
əsrin axırlarında – XX əsrin əvvəllərində Azərbaycandakı dövlət kəndlilərinin
pay torpaqları sürətlə azalırdı.
Azərbaycan kəndlilərinin
ağır vəziyyətini bir çox dövlət vergiləri və “ictimai mükəlləfiyyətlər” daha da
ağırlaşdırırdı. Çar Rusiyasında bir çox zəruri şeylərin qiymətini xeyli
bahalaşdırmaq vasitəsilə zəhmətkeşlərdən alınan dolayı vergilərin də əsas ağırlığı
kəndlilərin və fəhlələrin üzərinə düşürdü.
XIX əsrin axırlarında
tacir-sələmçi kapitalı Azərbaycan kəndlərinə soxulub kök salmaqda idi. Eyni vəziyyət
bu gün də mövcuddur. Bu hal zəhmətkeş kəndlilərin vəziyyətini daha da
ağırlaşdırırdı.
Qeyd etdiyimiz dövrdə
olduğu kimi bu gün də Azərbaycan kəndlərində kapitalist münasibətlərin inkişafı
kəndlilərin təbəqələşməsinə səbəb olur, kəndlilər içərisindən bir tərəfdən kənd
burjuaziyası – sahibkar adı altında müasir qolçamaqlar, o biri tərəfdən isə
muzdurlar dəstəsi, yəni öz iş qüvvəsini satmaqla yaşamağa məcbur olan kənd
proletariatı əmələ gəlməyə başlayıb. Hələ o vaxt “Kənd təsərrüfatı sənayesinin”
ehtiyaclarını öyrənmək üçün yaradılan Bakı quberniya komitəsinin hesabatında
deyilirdi ki, torpaq cəhətdən az təmin edilən... kəndlərdən çıxan torpaqsız kəndlilər
pay torpağı çox olanların yanına köçürülür və illər boyu bu cür asılı vəziyyətdə
qalırlar.
Azərbaycan kəndliləri
siyasi cəhətdən hüquqsuz idilər, çarizmin amansız müstəmləkə zülmü altında əzilirdilər.
Çar çinovnikləri və bəylər onlarla istədikləri kimi rəftar edirdilər.
Ağır istismara dözməyən Azərbaycanın
zəhmətkeş kəndliləri zülmkarlara qarşı dəfələrlə mübarizəyə qalxmışdılar.
İslahatdan sonrakı dövrdə Azərbaycanda kəndlilər çox vaxt bəylərin malikanələrini
dağıdırdılar, bəylərin zəbt etmiş torpaqları onların əlindən alırdılar. Mülkədarlara
və xəzinəyə tədiyyə və vergilər verməkdən,
mükəlləfiyyətlərdən imtina edirdilər. 70-90-cı illərdə Qazax qəzasının Quşçu kəndində,
Şamxor qəzasının Xılxanlı kəndində, Cəbrayıl qəzasının Qarabulaq kəndində,
habelə Gəncə, Quba, Naxçıvan və digər qəzalarda belə çıxışlar olmuşdu. Lakin bu
çıxışlar kortəbii, qeyri mütəşəkkil, yerli xarakterdə olub kəndlilərin məğlubiyyəti
ilə qurtarırdı.
Azərbaycan kəndlilərin içərisindən
xalqın intiqamını almağa çalışan bir çox qaçaqlar çıxırdı. Onlar öz kəndlərini
tərk edərək, ayrı-ayrı dəstələr halında birləşib mülkədarlara və çar hökumət
orqanlarına qarşı silahlı mübarizə aparırdılar. Bu kimi xalq qəhrəmanlarından
biri Qaçaq Nəbi (XIX əsrin axırlarında) xüsusi şöhrət qazanmışdı. Lakin
qaçaqların mübarizəsi Azərbaycan kəndlilərinin vəziyyətini o qədər yaxşılaşdıra bilməzdi.
Mülkədarların – bəylərin və
xanların dözülməz istismarı, çarizmin zülmü altında əzilən Azərbaycan kəndliləri
arasında hələ patriarxal münasibətlərin qalıqları və dini mövhumat güclü idi.
Onlar fəhlə sinfinin rəhbərliyi və yardımı olmadan öz vəziyyətinin
yaxşılaşdırılmasına nail ola bilməzdilər.
Azərbaycanda xalq kütlələrinin
ağır vəziyyəti ölkənin XIX əsrdə yaşamış qabaqcıl nümayəndələrinin diqqətini cəlb
edirdi. Azərbaycan xalqının mədəniyyətinin əsrlər boyunca inkişafı və qabaqcıl
rus mədəniyyətinin səmərəli təsiri nəticəsində yetişmiş olan görkəmli alimlər,
yazıçılar, şairlər maarifçilər – Mirzə Fətəli Axundov, Abbasqulu Ağa Bakıxanov,
Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani Azərbaycanın həyatı ilə sıx bağlı idilər və
onlar öz xalqına ictimai tərəqqi yolunu göstərməyə çalışırdılar.
İslahatdan sonrakı dövrdə
Rusiyada kapitalizmin inkişafı ucqarları ketdikcə daha artıq bir dərəcədə öz təsiri
altına alır, bütün ölkə boyunca ictimai əmək bölgüsünün daha da genişlənməsi və
dərinləşməsinə səbəb olurdu. Belə bir şəraitdə Azərbaycanın təsərrüfatı getdikcə
daha artıq bir dərəcədə ümum Rusiya bazarına, onun vasitəsilə dünya bazarına
qovuşurdu. Azərbaycanın iqtisadiyyatı Rusiya iqtisadi sisteminin ayrılmaz bir
hissəsinə çevrilirdi.
Azərbaycanın ümum Rusiya
bazarına qoşulmasının mühüm cəhətləri ondan ibarət idi ki, ticarət əkinçiliyi
artırdı, kənd təsərrüfatın tam bir sıra sahələrində satlıq məhsul sürətlə
çoxalırdı, bu sahələrin bəzilərində əmtəə istehsalı kapitalist əmtəə
istehsalına çevrilirdi. İslahatdan sonrakı dövrdə, xüsusən XIX əsrin
axırlarından etibarən kapitalizm Azərbaycanın kənd təsərrüfatının bir çox sahələrini
sürətlə əhatə etməyə başlamışdı. Bu özünü texniki bitkilər istehsalında xüsusilə
güclü bir surətdə göstərirdi, çünki bu bitkilərin məhsuluna Rusiya bazarında
böyük tələb var idi.
Rusiya sənayesinin pambıq təlabatı
ilə sıx əlaqədar olaraq XIX əsrin axırlarından etibarən Azərbaycanda
pambıqçılıq sürətlə inkişaf etməyə başlamışdı. Moskva, Yaroslavl, Lodz və digər
toxuculuq firmalarının nümayəndələri Azərbaycana gəlib pambıq alırdılar. Artıq
XIX əsrin axırlarına yaxın Azərbaycanda 20 min desyatinə qədər pambıq əkilirdi.
Pambıqçılıq sahəsində çox geniş bir surətdə muzdlu əmək tətbiq olunurdu,
kapitalist münasibətləri özünü getdikcə daha artıq göstərirdi.
Nuxa və Şuşa qəzalarında ipəkçilik,
Nuxa, Cavad, Şamaxı və Gəncə qəzalarında, Zaqatala mahalında tütünçülük güclü
inkişaf edirdi. Kənd təsərrüfatının bu sahələrində də kapitalist münasibətləri
inkişaf edirdi. Azərbaycanda əmtəə istehsalının kapitalist əmtəə istehsalına
çevrildiyi kənd təsərrüfatı sahələrinə Quba qəzasında marenaçılıq (XIX əsrin 70
ci illərin ortasınadək), Gəncə, Şamaxı qəzalarında və başqa qəzalarda üzümçülük
və şərabçılıq, Lənkəran qəzasında və başqalarında isə düyü və qismən taxıl
istehsalı daxil idi.
Azərbaycanın kənd təsərrüfatında
buğda, arpa, düyü və digər dənli bitkilər istehsalı ən çox yer tuturdu. 1845-ci
ildən 1893-cü ilin axırınadək taxıl məhsulu üç dəfədən çox artmışdı. Lakin kənd təsərrüfatının bu sahəsində
muzdlu əmək yalnız bəzi rayonlarda, xüsusilə Muğanda tətbiq olunurdu. Əsrin
ikinci yarısında Azərbaycanda mal-qaranın sayı çoxalmışdı, heyvandarlığın
satlıq məhsulu artmışdı.
Dəmir yolların çəkilişi Azərbaycan
təsərrüfatında kapitalist münasibətlərin inkişafına kömək edirdi. 1883-cü ildə
Bakı və Gəncə quberniyalarından keçən dəmir yol xətti Bakını Tiflislə birləşdirirdi.
1900-cü ildə Zaqafqaziya dəmir yolu Avropa Rusiyasının dəmir yol şəbəkəsi ilə birləşdirildi.
Dəmir yollar çəkilməsi, habelə Xəzər dənizində
ticarət gəmiçiliyinin genişlənməsi Azərbaycanın kənd təsərrüfatı və sənaye
məhsulunu Rusiya bazarına və xarici bazarlara ixrac etmək imkanlarını
artırırdı.
Belə bir şəraitdə Azərbaycan qəzalarının
bu və ya digər kənd təsərrüfatı xammalları istehsalında ixtisaslaşması prosesi
getdikcə daha artıq bir dərəcədə dərinləşirdi.
Kənd təsərrüfatında kapitalist
münasibətlərin artması nəticəsi olaraq Azərbaycanda kənd təsərrüfatı məhsulların ilk emalı üçün müxtəlif sənaye müəssisələri
meydana gəlirdi.
Artıq XIX əsrin axırlarında
burada bir çox ipəksarıyan müəssisələr var idi ki, bunlar da başlıca
olaraq Nuxa və Şuşa rayonlarında idi. Hələ 60-cı illərin əvvəllərində Nuxanın kənarında
Alekseyevin və Voronin qardaşlarının böyük bir ipəksarıyan fabrikləri
tikilmişdi, burada 432 dəzgah və 500-dən artıq fəhlə çalışırdı. Sonralar ipəkçiliyin
müvəqqəti tənəzzülü ilə əlaqədar olaraq, həmin fabriklər daha işləmədi.
Rəsmi ststistika məlumatına
əsasən XIX əsrin axırlarına yaxın Bakı və Gəncə quberniyalarında 500-dən
artıq ipəksarıyan müəssisə var idi.
Lakin həmin müəssisələr arasında, müasir texnika ilə təchiz olunmuş fabriklərlə
yanaşı olaraq, hərəsinin bircə ipəksarıyan
dəzgahı olan və muzdlu əməkdən cüzi
istifadə edən sənətkar kəndli “emalatxanaları”da çox idi. Nisbətən iri ipəksarıyan
emalatxana və fabriklərin sayı: Nuxada və Nuxa qəzasında 80, Şuşa qəzasında 25,
Qaryagin qəzasında 5 idi.
XIX əsrin axırlarında – XX əsrin əvvəllərində Azərbaycanda pambıqtəmizləmə
sənayesi yaranmışdı. Pambıqtəmizləyən zavodlar
başlıca olaraq, geniş dairədə pambıq əkən rayonların mərkəzlərində -
Ağdaşda, Göyçayda, Gəncədə, Yevlaxda, Ləkidə, Cavad qəzasının bəzi kəndlərində
və başqa yerlərində meydana gəlirdi. 1900-cü illərin əvəllərində Gəncə
quberniyasının pambıqtəmizləyən müəssisələrində 35 pambıqtəmizləyən maşın və 15
pres var idi. Bir qədər sonra, pambıq çiyidindən yağ hasil edən zavodlar
meydana gəldi. XX əsrin əvəllərinə yaxın Bakıda birinci toxuculuq fabriki
tikilmişdi ki, bu da azərbaycanlı kapitalist Tağıyevin idi.
Tütün sənayesi də inkişaf etməkdə idi. Artıq 80-ci illərdə Bakıda 5 tütün
fabriki var idi ki, bunların da ikisi xeyli böyük idi. Bundan başqa, Şamaxıda və
Nuxada 5 maxorka müəssisəsi işləyirdi.
XIX əsrin axırlarında Azərbaycanın Şamaxı, Göyçay, Şuşa, Gəncə və digər qəzalarında
bir çox şərabçılıq müəssisəsi var idi. Bunların içərisində xeyli iri müəssisələr
var idi, məsələn Kürdəmirdə və Şamaxı rayonunda şərab zavodları, Şuşa qəzasında
araq istehsal edən müəssisələr, Göyçayda konyak zavodları və başqaları. XIX əsrin
80-ci illərin ortalarından 90-cı illərin ortalarınadək 10 il ərzində təkcə Gəncə
quberniyasında şərab istehsalı, demək olar, beş dəfə artmışdı.
Azərbaycanda emal sənayesi sürətlə inkişaf edirdi. Ölkədə güclü neft, dəmir,
mis, alminum, xrom, kobalt, daş duz və s. qiymətli yataqlar var idi.
Hələ XIX əsrin axırlarında Gədəbəy rayonunda mis filizi istehsal olunur və
kiçik bir müəssisədə mis əridilirdi. 60-cı illərin ortalalarında alman Simens
firması burada o zamanın qabaqcıl
texnikası ilə təchiz olunmuş böyük bir misəridən zavod tikdirdi.
Zaqafqaziya dəmir yolu çəkilib qurtardıqdan sonra həmin müəssisə daha da genişləndirildi.
Gədəbəyin yaxınlığında – Qalakənddə ikinci böyük bir misəridən zavod tikildi.
XX əsrin əvvəllərində Azərbaycanda mis filizi hasilatı ildə 3-4 milyon puda
(Metr sistemindən əvvəl işlədilmiş, 16,4 kiloqrama bərabər rus ağırlıq ölçüsü)
çatırdı. Daşkəsən rayonunda, Şamxor dəmir yol stansiyası yaxınlığında və başqa
yerlərdə də mis filizi hasil edilirdi. Bundan xeyli az miqdarda (ildə 200-300
min pud) dəmir filizi hasil edilirdi.
XIX əsrin axırlarında Azərbaycandakı kapitalist istehsalı sahələri sırasına
Rusiya bazarı ilə sıx əlaqəsi olan balıqçılığı da daxil etmək lazımdır. 1880-cı
ildən etibarən Azərbaycanda balıq ovunun inkişafını ləngidən iltizam sistemi ləğv
edildikdən sonra Xəzər dənizi və Kür çayı sahillərində balıq vətəkələri artmağa
başlamışdı. Bunların bəziləri iri kapitalist müəssisələri idi. Balıq ovunda və
tutulan balığın ilkin emalında minlərlə fəhlə işləyirdi. Azərbaycan
balıqçılığının məhsulu ildən ilə artırdı, bu məhsul Rusiyanın mərkəzi
quberniyalarına və xaricə ixrac edilirdi, ona böyük tələb var idi.
Beləliklə, islahatdan sonrakı dövrdə Azərbaycanda kapitalist münasibətləri
sürətlə inkişaf edirdi. V.İ.Lenin göstərirdi: “...Rus kapitalizmi Qafqazı dünya
əmtəə tədavülünə cəlb edirdi, onun yerli xüsusiyyətlərini – qədim patriarxal
qapalılıq qalıqlarını aradan qaldırır və öz fabrikləri üçün özünə bazar
yaradırdı. İslahatdan sonrakı dövrün əvvəllərində əhalisi az olan və ya əhalisi
dünya təsərrüfatından və hətta tarixdən də kənarda qalmış dağlılardan ibarət
olan bir ölkə - neft sənayeçiləri, şərab alverçiləri, buğda və tütün fabrikantları
ölkəsinə çevrilirdi...” (V.İ.Lenin. Əsərləri, 3-cü cild, səh.580).
70-ci illərdən etibarən Abşeron yarımadasında, Bakı şəhəri ətrafında neft sənayesi
sürətlə inkişaf etməyə başladı.
Neft sənayesinin inkişaf etməsi üçün ən mühüm şərtlərdən biri, az məhsuldar
olan icbari əməkdən azad muzdlu əməyə keçilməsi idi. Buna görədir ki, Abşeronda
keçmişdə neft mədənlərinə təhkim olunmuş kəndlilərin 1864-cü ildə icbari əməkdən
azad olmasının böyük əhəmiyyəti oldu.
Lakin bundan sonra da iltizam sistemi mövcud olduğuna görə neft sənayesinin
artımı ləngiyirdi. Rusiyada kapitalizmin inkişafı, ölkədəki sənaye yüksəlişi,
istehsalda və məişətdə getdikcə daha artıq neft məhsulları işlədilməsi 1872-ci
ildə iltizam sisteminin ləğv olunmasına səbəb oldu. Bu sistem əvəzinə neft sahələri
uzun müddətə icarəyə verilməyə başlandı. Neft sənayesi kapitalist inkişafı
yoluna qədəm qoydu.
Azərbaycanın neft sənayesində 70-ci illərin əvvəllərindən etibarən sənaye
çevrilişi baş verməkdə idi. Mədənlərdə geniş dairədə buxar mühərrikləri tətbiq
olunurdu, neft quyuları əllə qazılmaq əvəzinə maşınla qazılırdı, quyulardan
nefti vedrə ilə deyil, dartay üsulu – jelonka ilə çıxarırdılar. Azərbaycanın
neft mədənlərində birinci buxar maşını 1873-cü ildə tətbiq edilmişdi, 1901-ci
ildə artıq burada, ümumiyyətlə 70 min at qüvvəsindən güclü olan 2.769 mühərrik
işləyirdi. Azərbaycanın neft sənayesi energin ilə təchiz olunmaq cəhətdən çar
Rusiyasının bir çox başqa sənaye sahələrindən qabaqda idi. Quyuların sayı və dərinliyi
xeyli artırdı. 1880-cı ildə Bakı rayonunda 85 quyu istismar edildiyi halda,
1901-ci ilə yaxın bunların sayı artıb 1740-a çatmışdı.
Abşeronda Balaxanı, Sabunçu, Ramana, Suraxanı və Bibiheybət əsas neft
hasilatı rayonları idi.
Quyuların maşınla qazılmasına və neftin dartayla çıxarılmasına keçilməsi,
buxar mühərriklərinin geniş tətbiqi neft hasilatını sürətlə artırmaq imkanı
verdi. 1870-ci ildə Bakı rayonunda 1482 min pud neft hasil edilmiş olduğu
halda, 1880-cı ildə neft hasilatı 20900 min pud, 1890-cı ildə 240400 min pud,
1901-ci ildə isə 671200 min pud idi. V.İ.Lenin
özünün “Rusiyada kapitalizmin inkişafı” əsərində göstərirdi: “Cənubla bərabər Qafqazı da xatırlatmaq lazımdır, zira
Qafqazda mədən sənayesi islahatdan sonrakı dövrdə böyük bir sürətlə
artmışdır...Neftin demək olar hamısı Bakı quberniyasında hasil olunur, buna görə
də Bakı şəhəri “əhəmiyyətsiz bir şəhər ikən dönüb Rusiyada, 112 min əhalisi
olan birinci dərəcəli sənaye mərkəzi olmuşdur” (V.İ.Leniun. Əsərləri 3-cü cild, səh.479).
Azərbaycan neft sənayesi öz çoşğun inlişafı nəticəsində 1898-ci ildə neft
hasilatı cəhətdən ABŞ-a yalnız çatmaq deyil, hətta onu ötmüşdü. 1901-ci ildə
bütün dünyada hasil edilən neftin yarısından çoxu Bakıda hasil edilmişdi.
Neft hasilatı sənayesi ilə yanaşı olaraq neft emalı sənayesi də inkişaf edirdi.
Kerosin, sürtgü yağları, sonra isə benzin istehlakının sürətlə artması neft məhsullarının
istehsalının artırılmasını tələb edirdi. XIX əsrin 70-90—cı illərində Bakının ətrafında
neft emal edən zavodlardan ibarət bütöv rayonlar əmələ gəlmişdi. 1893-cü ildə
Bakıda neft emal edən zavodların sayı 114-ə çatmışdı. V.İ.Leninin yazdığı kimi “...neft hasilatı və emalının artıq dərəcədə
inkişafı Rusiyada kerosin istehlakını qüvvətləndirmiş, Amerika məhsulunu
sıxışdırıb tamamilə aradan çıxartmışdı” (V.İ.Lenin.
Əsərləri 3-cü cild, səh.479).
Neft sənayesinin inkişafı böyük kapitallar qoyulmasını tələb edirdi. İlk
zamanlar iltizam sistemi ləğv edildikdən sonra Bakıda neft sənayesi müəssisələri
yerli kapitalistlər – azərbaycanlı və rus kapitalistləri tərəfindən yaradılırdı.
Burada azərbaycanlı kapitalistlərdən Nağıyevin, Tağıyevin, Əsədullayevin,
Muxtarovun və başqalarının, rus kapitalistlərindən Kokorev, Şibaev, Benkendorf
və başqalarının neft sənayesi firmaları meydana gəlmişdi.
Çox keçmədən xarici kapital da Azərbaycan neft sərvətlərinə əl uzatmağa
başladı. Artıq 70-ci illərdə Bakıda Nobel qardaşlarının alman kapitalı ilə sıx əlaqədar
olan firması işləməyə başlamışdı. Tez bir zamanda bu firma çox böyük bir neft
inhisarına çevrildi, onun çoxlu mədənləri, neft emalı zavodları,
emalatxanaları, Xəzər dənizində neft daşıyan donanması və s. müəssisələri var
idi.
80-ci illərdən etibarən Bakıda Paris bankiri Rotşildin firmasının təmsil
etdiyi fransız kapitalı da özünə yer tutdu. Bu firma sürətlə öz fəaliyyət dairəsini
genişləndirir və Nobel qardaşları firması ilə rəqabətə başlayır.
Bir qədər sonra, 90-cı illərin ikinci yarısında ingilis kapitalı da Azərbaycanın
neft sənayesinə soxulur. İngilis kapitalistləri yerli neft sənayeçilərindən bir
sıra mədən və zavodları satın alıb, bir neçə böyük firma təşkil etmişdilər.
XIX əsrin 80-90-cı illərində ABŞ kapitalistləri də Azərbaycanın neft sərvətlərini
ələ keçirməyə cəhd edirdilər. Artmaqda olan Azərbaycan neft sənayesini özləri
üçün təhlükəli rəqib hesab edən Amerika neft inhisarları hər vasitə ilə Bakı
neft rayonuna soxulmağa, onu özlərinin nüfuz dairəsinə çəkməyə çalışırdılar.
ABŞ-ın ən böyük neft inhisarçısı olan “Standart Oyl” bu cəhətdən xüsusi bir fəaliyyət
göstərirdi.
Neft istehsalına nisbətən az kapital qoyan xarici kapitalistlər Azərbaycanın
zəngin neft yataqlarından ziyankarcasına istifadə və Bakı fəhlələrini
amansızcasına istismar etməklə hədsiz-hesabsız mənfəət götürürdülər.
XIX əsrin axırlarında, xüsusilə XX əsrin əvvəllərində neft sənayesində
istehsalın təmərgüzləşməsi və kapitalın mərkəzləşməsi prosesi baş verməkdə idi.
Bakının iri neft sənayeçiləri xırda firmaları ələ keçirmək və öz rəqiblərinə
qarşı müvəffəqiyyətlə rəqabət aparmaq üçün öz aralarında ittifaqlar
bağlayırdılar, sindikatlar yaradırdılar.
Artıq XIX əsrin axırlarında, Azərbaycan neft sənayesinin sürətlə inkişaf
etdiyi dövrdə burada, kapitalist istehsal üsuluna xas olan ziddiyyətlər
aşkar təzahür etməyə başlamışdı. Arabir neft sənayesində ifrat istehsal
böhranları baş verirdi, bunların ardınca isə durğunluq və yenidən canlanma
dövrləri gəlirdi.
Neft işinin inkişafı ilə əlaqədar olaraq, XIX əsrin axırlarında Bakıda
avadanlıq istehsalı və təmiri ilə məşğul olan onlarca mexaniki zavodlar və
emalatxanalar meydana gəlmişdi, elektrik stansiyaları, gəmi təmiri zavodları
tikilmişdi, dəmir yol deposunun emalatxanaları genişlənmişdi və i. a. 1900-cü
ildə Bakı sənaye rayonunda 84 neft emalı zavodu, 18 mexaniki və çuquntökmə
zavodu, 21 kərpic zavodu, 3 potaş zavodu, 5 sulfat turşusu zavodu, 1 spirttəmizləyən
zavod, 26 buxar dəyirmanı və düyütəmizləyən müəssisə, 2 tütün fabriki və 1
toxuculuq fabriki var idi. Sənaye inkişaf etdikcə Azərbaycanın şəhər əhalisi
sürətlə inkişaf edirdi. 60-cı illərin əvvəllərindən 90-cı illərin axırlarınadək Bakınən əhalisi 9 dəfədən çox artmışdı.
1903-cü ildə Bakı əhalisinin sayı 213 min nəfərdən artıq idi. 1886-cı ildən
1897-ci ildək Gəncənin əhalisi 63 faiz, Lənkəranın əhalisi 108 faiz,
Zaqatalanın əhalisi 147 faiz artmışdı.
XIX əsrin axırları - XX əsrin əvvəlləri üçün Azərbaycan əhalisinin sinfi tərkibi
dəyişilmişdi; keçmişdəki düşmən siniflərlə, yəni mülkədar, bəy-xan sinfi və məzlum
kəndlilər sinfi ilə yanaşı olaraq yeni antoqonist siniflər – burjuaziya və sənaye
proletariatı meydana gəlmişdi.
İslahatdan sonrakı dövrdə Azərbaycanda proletariatın təşəkkülü prosesi
başlanmışdı. V.İ.Lenin qeyd edirdi ki, maşınlı iri sənaye proletariat yaradır, “əhali içərisində xüsusi bir sinif yaradır
ki, bu sinif köhnə kəndlilərə büsbütün yabançı olur, onun həyatı kəndlilərindəkindən
başqa tərzdə qurulmuş olur, ailə münasibətləri
başqa qurluşda olur, onun həm maddi, həm də mənəvi təlabatı yüksək səviyyədə
olur” (V.İ.Lenin. Əsərləri, 3-cü cild, səh. 533-534).
Azərbaycanda proletar kadrlarının
yarandığı ən böyük mərkəz Bakı və onun sürətlə inkişaf edən neft sənayesi
idi. Bununla birlikdə qəzalarda – Gədəbəydə, Nuxada, Şuşada, Gəncədə, dəmiryolunda,
balıq vətəgələrində və digər kapitalist müəssisələrində də fəhlə sinfi kadrları
təşəkkül tapırdı.
Azərbaycan proletariatının təşəkkülünün əsas ictimai mənbəyi Şimali Azərbaycanın,
Avropa Rusiyasındakı bir sıra quberniyaların, Cənubi Azərbaycanın (İran Azərbaycanın),
Ermənistanın, Gürcüstanın və Dağıstanın var-yoxdan çıxmış kəndlilərindən ibarət
idi. Bakı proletariatının təşəkkülü prosesində Abşeron kəndlərindən olan fəhlələr
xüsusi ilə mühüm rol oynayırdılar; on illər uzunu neft mədənlərində işləyən bu
fəhlələr neft hasilatı və daşınması sahəsindəki istehsal vərdişlərini sonrakı nəsillərə
öyrədirdilər. Abşeronun Balaxanı, Suraxanı, Sabunçu, Əmircan, Bibiheybət və
başqa kəndlərindən olan neftçilər Azərbaycanın ilk köhnə fəhlə dəstələrindən
biri idi.
Abşeron kəndlilərinin ardınca Bakı və Gəncə quberniyalarının digər qəzalarından
da minlərlə kəndli Azərbaycanın neft istehsalında və digər sənaye sahələrində
işləməyə gəlirdilər. Cənubi Azərbaycanda (İran Azərbaycanı) şiddətli zülm
altında yaşayıb amansız istismar edilən çoxlu kəndlilər də Azərbaycanın sənaye
müəssisələrinə işləməyə gəlirdilər. Bunlarında böyük əksəriyyəti azərbaycanlılar
idi. Volqaboyu quberniyalarından və Avropa Rusiyasının digər quberniyalarından
da minlərlə kəndli Azərbaycana işləməyə gəlirdilər.
Azərbaycan proletariatının təşəkkülü prosesində ölkənin digər sənaye mərkəzlərindən
gələn köhnə fəhlələr mühüm rol oynayırdılar.
XIX əsrin axırlarında - XX əsrin əvvərində Azərbaycanda fəhlələrin sayı
xeyli çoxalmışdı. Bakı proletariatının sıraları xüsusi bir sürətlə artırdı. XX əsrin
əvvəlləri üçün (1901-ci il) Bakıda 65-70 min fəhlə var idi. Proletar kadrların
artması sürəti cəhətdən Azərbaycan neft sənayesi ölkədə əvvəllinci yerlərdən
birini tuturdu. Azərbaycan qəzalarındakı filiz sənayesində - mis və dəmir mədənlərində,
misəridən zavodlarda xeyli fəhlə işləyirdi. 1901-ci ildə filiz sənayesində -
mis və dəmir mədənlərində xeyli fəhlə işləyirdi. 1901-ci ildə filiz sənayesində
2 mindən artıq fəhlə var idi. Xəzər dənizi
və Kür çayı sahillərindəki balıq vətəkələrində minlərlə fəhlə işləməyə gəlirdi.
Zaqafqaziya dəmir yolunda, habelə ipəksarıyan və tütün fabriklərində, pambıqtəmizləyən
zavodlarda, şərabçılıq və digər sənaye müəssisələrində çoxlu fəhlə məşğul idi.
Proletariatın təşəkkülü, proletar kadrlarının sayca xüsusilə keyfiyyətcə
sürətlə artması Azərbaycanın bütün iqtisadi və siyasi həyatına təsir göstərirdi.
Azərbaycan fəhlələrinin əsas özəyi olan Bakı proletariatı XX əsrin əvvəlləri
üçün qüdrətli siyasi qüvvəyə çevrilmişdi. Azərbaycandakı inqilabi mübarizənin
ön sıralarında gedən Bakı proletariatı geniş zəhmətkeş kütlələrini öz ətrafında
birləşdirir, tədricən Azərbaycan zəhmətkeş kəndlilərinin etibarlı rəhbəri
olurdu. Bakıda və Azərbaycanın bir sıra qəzalarında Azərbaycan milli proletar
kadrlarının əmələ gəlməsinin böyük tarixi əhəmiyyəti var idi.
Bakı proletariatı müxtəlif mənbələrdən təşəkkül tapdığına görə XIX əsrin
axırlarında – XX əsrin əvvəllərində onun tərkibi çoxmillətli idi. Həmin dövrdə
neft sənayesində və onunla əlaqədar olan istehsal sahələrində işləyənlərin çoxu
Azərbaycan fəhlələri idi. 1893-cü ildə neft hasilatında Azərbaycan fəhlələrinin
xüsusi çəkisi 31 faiz təşkil etdiyi halda, 1903-cü ildə 43 faizə çatmışdı. Bakı
proletariatının xeyli hissəsini ruslar, dağıstanlılar və başqaları təşkil
edirdilər. 1902-ci ildə Bakı neft sənayesində hesaba alınmış bütün fəhlələrin
29,4 faizi ruslar, 18,6 faizi dağıstanlılar idi.
Azərbaycan proletariatının mühüm cəhətlərindən biri, onun yüksək dərəcədə təmərgüzləşməsi
idi. Artıq XIX əsrin axırlarında Azərbaycan kapitalist neft sənayesində fəhlələr
sürətlə iri müəssisələrdə toplaşırdılar. XIX əsrin axırlarında – XX əsrin əvvlələrinin
neft sənaye fəhlələrinin təqribən
yarısı, 500 və daha çox iri müəssisələrdə toplaşmışdı. 1897-ci ildə bütün fəhlələrin
49,4 faizi yeddi neft sənayesi firmasında (bütün firmaların 6,7 faizində)
toplanmışdı. XIX əsrin axırlarında Azərbaycanın digər sənaye sahələrində də
proletariatın intensiv təmərgüzləşməsi prosesi baş verməkdə idi. Bu,
proletariatın keyfiyyət cəhətdən artması prosesində, fəhlələrin sinfi mənlik
şüurunun inkişafında, fəhlələrin istismarçılara qarşı mübarizə üçün birləşməsi
və təşkilində çox böyük rol oynayırdı.
Azərbaycan proletariatının əsas özəyi ağır sənayedə - heft hasilatı, neft
emalı, metal emalı, filiz sənayesi sahələrində işləyən fəhlələrdən ibarət idi. V.İ.Lenin göstərirdi: “...Yalnız maşınlı
iri istehsal fəhlələri oyadır, onları maarifləndirib birləşdirir, kütləvi hərakat
üçün obyektiv şərait yaradır (V.İ.Lenin.
Əsərləri, 20-cild, səh. 385).
Artıq XIX əsrin axırları üçün Bakıda, böyük istehsal stajı olan və
kapitalist istismar sistemini görmüş minlərlə fəhlə işləyirdi.
Beləliklə, XIX əsrin axırlarında – XX əsrin əvvəllərində Azərbaycanda
proletariatın intensiv təşəkkülü prosesi baş verməkdə idi. Həmin proses nəticəsində,
böyük marksizm-leninizm ideyalarını qavrayacaq sənaye fəhlə kadrları
yaranmışdı.
Azərbaycan proletariatı XX əsrin 20–ci illərindən başlayaraq 90-cı illərədək
çox böyük inkişaf yolu keçmişdir. Lakin 1985-ci ildə Sovet İttifaqı Kommunist
Partiyası Mərkəzi Komitəsinin Baş katibi vəzifəsini hiyləgərliklə ələ keçirməyə
nail olan Amerikanın agenti satqın Mixail Qorbaçov imperializmin dəstəyi ilə
“yenidənqurma” adlı məkrli planla SSRİ-nin dağılmasına müvəffəq oldu.
Proletariatın qüvvə kimi birləşdiyi iri sənaye və istehsal müəssisələri məhv
edildi. Proletariatın üzərində yırtıcı
kapitalizmin ağalığı başladı. Hazırda Azərbaycan proletariatı ən ağır, çətin
günlərini yaşayır.
0 Комментарии