XX əsrin əvvəllərində Cənubi Qafqazda
ilk Azərbaycan dili müəlliməsi, ilk Azərbaycan qadın jurnalisti və publisisti
olmuş Şəfiqə xanım Əfəndizadə Azərbaycan ictimai fikrinə, Azərbaycan qadınının
savadlanmasına öz dəyərli töhfələrini vermiş maarifpərvərlərimizdəndir.
Şəfiqə Əfəndizadə 1883-cü il mart
ayının 19-da Tiflis quberniyasının Axalsıx qəzasının Azqur kəndində tanınmış
pedaqoq Məhəmməd Əmin Hafiz Şeyxzadənin ailəsində anadan olmuşdur. Qeyd edək
ki, Şəfiqə xanımın adı Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi və III
Aleksandrovski kişi gimnaziyası tərəfindən verilmiş sənədlərdə “Əsma Soltan”
kimi qeyd edilmişdir.
Şəfiqə Əfəndizadə kiçik bacısı Səidə
ilə birgə ilk təhsilini evdə atasından almışdır. Sonradan ailələri Şəkiyə köçür
və Şəfiqə xanım hələ 14 yaşında ikən atasının orada açdığı məktəbdə qızlar üçün
təsis olunmuş sinifdə dərs deyir. 1901-ci ildə isə həqiqi müəllim kimi
Hacı Zeynalabdin Tağıyevin təsis etdiyi Aleksandriyski rus-müsəlman
qızlar məktəbində Azərbaycan dili fənnini tədris etməyə başlayır.
Şəfiqə xanım özü kimi pedaqoq olan
Əlaəddin Əfəndizadə ilə ailə qurur və 1907-ci ildə ilk övladı Adil, 1909-cu
ilin fevral ayında isə oğlu Fuad dünyaya gəlir. Bu səbəbdən o, 1906-1909-cu
illərdə işindən müvəqqəti ayrılmalı olur.
1909-cu il 13 oktyabr tarixli ərizə ilə
Bakı Məktəb Komissiyasının sədrinə müraciət edən Şəfiqə xanım I rus-tatar qadın
məktəbinə Azərbaycan dili müəllimi təyin edilir. 1911-ci ildə isə Şəfiqə xanım
öz xahişi ilə Sara xanım Vəzirovanın müdiri olduğu II rus-tatar qadın məktəbinə
keçirilir və 1918-ci ilədək həmin məktəbdə çalışır.
1918-ci ilin qanlı mart hadisələri
Bakının müsəlman əhalisini evlərindən didərgin salır, bəziləri ailəsini də
götürüb İrana, Türkiyəyə, Rusiyanın müxtəlif şəhərlərinə qaçır, vəziyyətin
sabitləşməsini gözləyirlər. Şəfiqə xanım da öz ailəsi ilə birgə bir müddət
Bakıdakı ağır vəziyyətə dözür, lakin avqustun sonlarında Bakını tərk edərək
əvvəl Ahısqaya, doğma Azqur kəndinə gedir, lakin Ahısqada vəziyyətin daha da
faciəli olduğunu görüb, oradan da İstanbula yollanır. Bu səfər Şəfiqə xanım
üçün çox üzücü olur. Səfər zamanı o, ailəsinin iki üzvünü itirir – həyat
yoldaşı Azqurda vəbadan, gənc bacısı Səidə isə İstanbulda vəfat edirlər.
1919-cu ilin aprelində Bakıda
vəziyyətin yaxşılaşdığını eşidən Şəfiqə xanım geri dönmək qərarına gəlir. Geri
döndükdən sonra Şəfiqə xanım müəllim kimi öz işinə bərpa oluna bilməsə də,
Azərbaycanın ilk parlamentində dəftərxana müdirinin köməkçisi vəzifəsinə təyin
olunur. Onu da qeyd etmək lazımdır ki, dəftərxananın 70-dən çox işcisindən 6-sı
qadın idi və bu, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının Azərbaycan qadınına
verdikləri dəyərin və etimadın bariz nümunəsi-dir.
Şəfiqə Əfəndizadə Azərbaycan dilinin
tədrisilə məşğul olmuş ilk azərbaycanlı qadın olmaqla yanaşı, həm də ilk azərbaycanlı
qadın jurnalist hesab edilir. O, dövri mətbuatda fəaliyyətinə “Şərqi-Rus”
qəzetinin 16 aprel 1903-cü il tarixli 7-ci sayında nəşr olunmuş “Maarifpərvər
rüfətli Məhəmməd Ağa Şaxtaxtinski hüzuri-alilərinə” adlı yazısı ilə qədəm
qoyur və ölkədə sovet hakimiyyəti qurulanadək “Şərqi-Rus”la yanaşı “Həyat”,
“İrşad”, “İqbal”, “Yeni İqbal”, “Açıq söz”, “Azərbaycan” qəzetləri, “Dəbistan”,
“Dirilik”, “Məktəb”, “Füqəra füyuzatı”, “Mədəniyyət” jurnallarında öz
ictimai-siyasi, ədəbi-bədii yazıları ilə çıxış edir.
Bu yazılarında Şəfiqə xanım dövrün
ictimai-siyasi həyatında baş verən mühüm hadisələrə işarə edir, qadın
hüquqsuzluğu və savadsızlığından, bu savadsızlıq üzündən millətin gələcəyində
baş verə biləcək fəlakətlərdən, qaçqın problemindən, uşaqların təlim və tərbiyəsindən,
məktəb həyatından və bu kimi mühüm problemlərdən bəhs etməklə kifayətlənmir,
bu problemlərin aradan qaldırılması yollarını arayaraq, dövrün ziyalılarını
və maarifpərvərlərini birliyə, həmrəyliyə, köməyə səsləyir.
Ş.Əfəndizadənin qadınların acınacaqlı
vəziyyətindən bəhs edən məqalə və hekayələri onun özü üçün də böyük çətinliklər
yaradır, dəfələrlə bu yazılarına görə təhdid olunur. Bir dəfə (1918-ci ilə
qədərki dövrdə) onun başına belə hadisə gəlir: bir yazısında Ş.Əfəndizadə sanki
bir ailənin problemini gözü ilə görmüş kimi, təsadüfən adları da eyni
olmaqla, o ailənin güzəranını qələmə alır. Ailənin başçısı bundan xəbər tutub,
əvvəl məktəbə gələrək səs-küy qaldırır. Bir müddət sonra isə yenə də bir şəxs
Şəfiqə xanımın həyat yoldaşına məktub yazaraq ona: “Əgər sən də arvadınla
bacarmırsansa, onda biz yaxşı bacararız, o vaxt özünüzü sağ bilməyin”, - deyə
xəbərdarlıq edir. Bu vəziyyətlə bağlı Şəfiqə Əfəndizadə bir müddət mətbuatda
çıxış etmir. Öz xatirələrində Şəfiqə xanım bu barədə belə yazır: “Bundan
sonra neçə il susdum, daha qəzetələrə heç bir şey yazmadım”.
1923-cü ilin noyabr ayında Azərbaycan
qadınının mətbuat həyatında mühüm bir hadisə baş verir: AK(b)P MK Qadın
şöbəsinin orqanı olan “Şərq qadını” jurnalı təsis edilir. Redaktoru Ayna
Sultanova olan bu jurnalın redaksiya heyətində Şəfiqə Əfəndizadə də yer alır və
jurnalın bədii ədəbiyyat şöbəsinin müdiri təyin edilir. Şəfiqə xanım “Şərq
qadını”nda nəşr olunan “Qız ilə anası arasında mühavirə”, “Bəhirədən Münirəyə”,
“Al qırmızı kofta”, “İki sima”, “Rəna”, “Evlənmək” kimi hekayələrində də
Azərbaycan qadınının həyatını əks etdirir, onları cəhalətlə, əsarətlə
mübarizəyə səsləyirdi.
Şəfiqə xanım xeyriyyəçilik fəaliyyəti
ilə də məşğul olmuşdur. Birinci dünya müharibəsi illərində, daha doğrusu
1914-cü il dekabr ayının sonlarında Rusiyanın Qafqaz Ordusu və erməni silahlı
dəstələrinin Şərqi Anadoluda – Qars, Ərzurum və Ərdəhanda dinc əhaliyə qarşı
törətdikləri soyqırımı nəticəsində başsız, evsiz-eşiksiz qalmış yüzlərlə uşaq,
qadın və yaşlıya yardım üçün Azərbaycanda böyük bir hərəkat başlanır.
Qaçqınlara kömək üçün ziyalılar, zənginlər bir araya gəlirlər. Elə həmin
günlərdə Murtuza Muxtarovun həyat yoldaşı Liza xanım Muxtarova Hənifə xanım
Zərdabinin təşkil etdiyi ilk qadın xeyriyyə cəmiyyəti əsasında Bakı Qadın
Xeyriyyə Cəmiyyətini yaradır. Cəmiyyətin sədri Liza xanım Muxtarova, müavini
Rəhilə xanım Hacıbababəyova, katibəsi isə Şəfiqə xanım olur. Cəmiyyət
müxtəlif məclislər, bayram şənlikləri təşkil edərək pul toplamağa müvəffəq olur,
qəzet sütunlarında qaçqınlara ianə dəftəri açır və topladığı pullarla
Sarıqamış ərazisinə, müharibədən zərər çəkmiş məzlum türklərə kömək edirdi.
Şəfiqə xanım özü də iştirak etdiyi məclislərdə cəmiyyətin işini təbliğ edirdi.
Onun vasitəsilə dəfələrlə qaçqınlara, müharibə qurbanlarına xeyli yardım
toplanmışdı. Həmçinin, o, mətbuatda da bir sıra məqalələrlə çıxış edərək,
ictimaiyyətin nəzər-diqqətini qaçqın, müharibə qurbanları məsələsinə yönəltməyə
çalışırdı ki, onun “Allah düşgün olanlara yardım edəni sevər”, “Qurban bayramı
gəldi”, “Qardaş köməyi” (keçən yılkı xatirəmdən), “Təəccüb deyilmi?”,
“Millətini sevəni Allah da sevər” adlı məqalələri buna nümunə ola bilər.
Şəfiqə Əfəndizadə müxtəlif
qurultaylarda – 1906-cı ildə Azərbaycan müəllimlərinin I qurultayında, 1917-ci
ildə Bakıda Zaqafqaziya müsəlmanların, Kazanda Ümumrusiya müsəlman qadınları
və Moskvada Ümumrusiya müsəlmanları qurultayında, 1921-ci ildə Azərbaycanın
bitərəf qadınlarının I qurultayında iştirak etmişdir. Bu qurultaylar arasında
ən maraqlısı, əlbəttə ki, 1917-ci ilin aprel ayında Bakıda İsmailiyyə binasında
keçirilmiş Zaqafqaziya müsəlmanları qurultayıdır. Bu qurultaya hər bir sosial
təbəqənin nümayəndəsi dəvət olunsa da, əvvəlcə qadınlar dəvət olunmur və
onların hüquqlarını qoruyacaq “nümayəndə” kimi Qafqaz müsəlmanları qurultayının
rəyasət heyətinin üzvü, mühəndis İbrahim bəy Heydərov təyin edilir. Qadın
Xeyriyyə Cəmiyyətinin üzvləri bu məsələdən xəbər tutduqda, təcili iclas
çağırırlar, “Nicat” Xeyriyyə Cəmiyyətinə və qurultay komissiyasına üç
nəfərdən ibarət nümayəndə heyəti göndərərək öz hüquqlarını tələb edir və
bildirirlər ki, ya qadınlardan qurultaya nümayəndə seçilməlidir, ya da qadınlar
adından qurultayda kişinin çıxış etməsinə onlar razı olmayacaqlar. Bu
müraciətdən üç gün sonra qadınlara cavab verilir ki, qurultayda yalnız iki
qadın iştirak edə bilər. Daha bir şərt isə həmin iki qadının qurultay
iştirakçıları qarşısında kəlağayı və əlcəkdə çıxış etmələri olur. Nümayəndə
olaraq Şəfiqə Əfəndizadə və Nəcəf bəy Vəzirovun qızı Sara Vəzirova seçilirlər.
Qurultayda qadınların çıxışı
mühafizəkarlar arasında böyük səs-küyə səbəb olur. Sabiq Bakı qazısı Mir
Məhəmməd Kərim ağaya söz verildikdə o, kürsüyə qalxaraq qadınların kişi
qarşısında çıxışına öz mənfi münasibətini bildirir. Maarifpərvərlər buna etiraz
olaraq qazının çıxışını kəsirlər. Qazı sözünün kəsilməsindən çox narahat olub
kürsüdən enir. Bununla da onun tərəfdarları ilə ziyalı gənclər arasında iğtişaş
yaranır. Qadınları güclə aradan çıxarırlar. Qadın nümayəndələrin 1917-ci il
Ümumqafqaz müsəlmanlarının qurultayında iştirakı elə bunula da bitir, bir daha
onları iclasa buraxmırlar. Qurultaydan sonra küçələrdə mütərəqqi geyimli
müsəlman qadınlarına münasibət daha da pisləşir. Təzəpir məscidində böyük
mitinq təşkil olunur, bütün mollalar məscidə yığılırlar. Minbərdən bir çox
nitqlər söylənilir, şəriətdən, Qur`andan bəhs edilir. İş o dərəcəyə gəlir ki,
artıq dini bir dövlət yaradılması, “yolunu azmış” qadınların qarşısının qəti
surətdə alınması haqqında qərarlara yol açacaq fikirlər söylənilir. Tez bir
zamanda müfti, şeyxülislam və Məhəmməd Yusif Cəfərov özlərini yetirib camaatı
başa salır və mitinqi dağıdırlar. Bundan sonra qadınlara qarşı şiddət azalsa
da, gərginlik uzun müddət davam edir.
Şəfiqə Əfəndizadənin ölkənin ictimai
həyatında olduğu kimi, siyasi həyatında da yaxından iştirak etməsi Azərbaycan
qadını üçün bir yenilik idi. O, hətta Şamaxı Milli Komitəsinin xahişi ilə
1917-ci il oktyabrın 3-də Şamaxıda keçiriləcək bələdiyyə seçkilərində
qadınlar arasında rəhbərlik üçün Şamaxıya göndərilmişdir. Şəfiqə xanım
tərəfindən “Açıq söz” qəzetində dərc edilmiş “Şamaxıda qadınlar seçkisi” adlı
məqalədə həmin seçkilərdə qadınların iştirakının təşkili problemləri şərh
olunmuşdur.
1917-ci
il mayın 21-də ərzaq komitələrinə keçirilən seçkilər zamanı isə Şəfiqə
Əfəndizadə Fatmanisa Məlikova adlı bir qadın tərəfindən məhkəməyə veriləcəyi
ilə hədələnir. Həmin xanımın ittihamlarına cavab olaraq, Şəfiqə xanım “Açıq
söz” qəzetində “Fatmanisa xanıma cavab” adlı məqaləsini nəşr etdirir.
Həmin məqalədə o dövrdə seçkilər zamanı qadınların səs vermə qaydaları ilə
bağlı məlumatsızlığı və bunun yaratdığı problemlərdən bəhs olunur.
AXC-nin
süqutundan sonrakı illərdə də Şəfiqə Əfəndizadə öz pedaqoji fəaliyyətini
davam etdirir. O, Bakıda Qızlar üçün Birinci pedaqoji məktəbdə və müsəlman
qadınları arasında savadsızlığın ləğvi üzrə tədris mərkəzi olan Əli Bayramlı
klubunda çalışmış, Partiya Məktəbində dərs demiş və 1930-cu ildən təqaüdə
çıxaraq müəllimlik sənəti ilə vidalaşmışdır.
Şəfiqə
xanım Əfəndizadə 1959-cu ildə Bakı şəhərində vəfat etmişdir. Bakı şəhəri
Yasamal rayonunda 13 saylı məktəb onun adını daşıyır. Qeyd edək ki, bu
maarifpərvər qadının hər iki övladı da Azərbaycan xalqının layiqli
nümayəndələri olmuşlar. Onun böyük oğlu Adil Əfəndiyev alim, tərcüməçi,
jurnalist, şair, Bakı Sovetinin 2-ci, 4-cü, 5-ci, 6-cı, 8-ci və 9-cu
çağırışının deputatı olmuşdur. Adil Əfəndiyev on ilə yaxın bir müddət ərzində
“Azərnəşr”in müdiri kimi məsuliyyətli vəzifəni daşımışdır. Bir maraqlı faktı da
qeyd edək ki, Adil müəllim 1972-1973-cü illərdə bizim Arxivdə, o zamankı
Partiya Tarixi İnstitutunda tərcümə bölməsinin müdiri olmuşdur.
Şəfiqə
xanımın kiçik oğlu Fuad isə görkəmli alim, cərrah, Azərbaycan Ekspertimental və
Klinik Tibb İnstitutunun təşkilatçısı və ilk direktoru olmuşdur. 4 saylı Bakı
şəhər xəstəxanası fəaliyyət göstərdiyi illərdə Fuad Əfəndiyevin adını
daşımışdır.
0 Комментарии