İndiki nəsil o qanlı-qadalı illərdə baş verən hadisələr barədə daha dolğun və obyektiv məlumat almağa ehtiyac duyur. Qanlı-qadalı döyüşlərdə canını qurban vermis və əbədiyyətə qovuşmuş igidlərin şərəfinə Vilvan kəndinin mərkəzində ucaldlmış abidənin mühüm tarixi, siyasi və əməli əhəmiyyətə malikdir.
Ümummilli liderimiz Heydər Əliyev vaxtilə müharibə, əmək və
silahlı qüvvələr veteranları ilə görüşdə demişdir ki, Azərbaycan xalqı, ictimaiyyəti müharibədən sonrakı illərdə sizi yüksək qiymətləndirdiyi kimi, sizin fəaliyyətinizi,
əməyinizi, xidmətlərinizi, rəşadətinizi bu gün də qiymətləndirir və bundan
sonra da qiymətləndirəcəkdir. Təəssüf ki, həlak olmuş müharibə iştirakçılarının
rəşadətini, əziz xatirəsini özündə təcəssüm etdirən abidəyə yerli icra və bələdiyyə
orqanlarının laqeydliyi, biganəliyi belə deməyə əsas verir ki, ulu öndərin
tövsiyələrinə Vilvan kəndində əməl olunmur. Bu isə dünya sivilizasiyasını
faşizm təhlükəsindən qurtarmaqda yardımını əsirgəməyən və ölümün gözünə dik
baxan vilvanlı igidlərin ruhu qarşısında bağışlanmaz haldır.
Abidənin ərazisinin bir hissəsinin satılması faktını Lənkəran
Şəhər İcra Hakimiyyətinin 24.10.2014-cü il tarixli D-13/2 nömrəli
məktubunda təsdiq olunur. Vilvan kənd sakini Dadaşov Rafiq Salah oğluna
ünvanlamış həmin məktubda yazılır: “Sözü gedən yerdə 300 kv.m. torpaq Vilvan bələdiyyəsinin
2007-ci il 06 avqust tarixli 31 saylı qərarı ilə Nail Rzayevə sahibkarlıq fəaliyyəti
üçün alqı-satqı qaydasında satılmışdır”.
İcra hakimiyyəti
rəsmi məktubunda bələdiyyənin satdığı torpağı abidənin ətrafındakı abidə kimi
qeyd edir. Vilvan bələdiyyəsinin sədri N.Quliyeva 20.IV.2015-ci il tarixli 18
nömrəli məktubunda isə rəsmiləşdirdiyi alqı-satqını onunla əsaslandırır ki, bu
torpaq sahəsinin abidənin ərazisi olması barədə heç bir qanunamüvafiq sənəd
yoxdur.
Yerli icra
və bələdiyyə orqanların təzadlı, ziddiyyətli mövqeyi hüquqi məsuliyyət yaradır.
Lakin bizi məsələnin mənəvi-əxlaqi tərəfi daha çox düşündürür. İnsanlar Vətən
uğrunda, torpaq uğrunda şirin canlarından keçiblər, həlak olublar. Onların adı
olan yerə hər kəs hörmət və ehtiram göstərməyə
borcludur. İkinci dünya müharibəsində həlak olan vilvanlıların ruhu gəzən
o torpağı satan bələdiyyə də, alver məqsədi ilə orada gözü olan vətəndaş da
bunu anlamalı, dərk etməlidir.
Uzun illər
abidənin ərazisinin işbazlardan qorunması, saxlanılması üçün vətəndaş nümunəsi
göstərən Vilvan kənd sakini Rafiq Dadaşovun abidənin bugünkü acınacaqlı vəziyyəti
barədə dedikləri bizdə kədərli təəssürat
yaratdı. Abidənin obelisk, yəni yuxarıya doğru getdikcə nazikləşən, yonulmuş
daş sütundan ibarət hissəsi tamamilə sökülüb bərbad vəziyyətə düşüb. Üzərində
“!941-1945” yazılmış süni ot örtüyü cürüyüb yararsız haldadır
Abidənin
palçıq üzərində olan giriş qapısı – kiçik ölçülü dəmir çərçivə sıradan çıxmaq
üzrədir. Ərazini kiçik bağça ilə ayıran ağ rəngli yaraşıqlı bordür sökülüb, sındırılıb və yerə sərilib. Burada
sanitariya qaydalarına da əməl olunmur, zibil qalaq-qalaqdır, belə getsə abidənin
ərazisi “zibil poliqonu”na çevriləcək.
Abidəni
ziyarətə gələn yaşlı adamlar üçün ərazidəki kiçik bağçada skamiyalar
qoyulmamış, gecə vaxtı buranın işıqlandırılması isə ümumiyyətlə unudulmuşdur.
Bu abidənin sənətkarlıq qiyməti ilə bərabər, vilvanlılar üçün bəlkə daha da böyük qiyməti qəhraman
oğullarının fədakarlığını, igidliyini göstərməsidir. Əgər burada laqeydlik, biganəlik,
baxımsızlıq hökm sürürsə, yerli hakimiyyət xoşagəlməz vəziyyət dərhal
araşdırılmalı, cavabdeh şəxslərdən məsuliyyət
tələb olunmalıdır.
Ədalət Abdinov

0 Комментарии