Recents in Beach

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsini

                                                      BƏYANATI

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi hesab edir ki, hökumət ölkənin sosial-mədəni həyatının maddi bazasının vaxtı çatmış problemlərinin lazımınca qiymətləndirilməməsinə yol vermişdir. Cəmiyyətin bütün üzvlərinin tam rifahına nail olunmamış və bununla da sosial sahənin artan əhəmiyyəti hərtərəfli nəzərə alınmamışdır. Burada respublika Prezidentinin sosial siyasətlə bağlı ciddi göstərişlərinə bəzi cavabdeh məmurların tələb olunan səviyyədə əməl etməməsini də qeyd etmək lazımdır. Halbuki sosial ədalət prinsipinin ciddi surətdə həyata keçirilməsi xalqın yekdilliyinin, ictimai- siyasi sabitliyin və inkişaf dinamizminin vacib şərtidir.

Indiyədək ölkəyə neft-qaz satışından 200 milyard dollaradək vəsait daxil olub, amma bunun müqabilində ölkədə əksər əhali çörək dərdi çəkir. Halbuki bu qədər pulla biz ata-babalarımızdan, övladlarımız da bizdən yaxşı yaşamalı idi. Bu pulla 18 yaşdan yuxarı olan hər kəsə mənzil, avtomobil, hər şagirdə yeni nəsil kompüter,  gənclərə yaxşı təhsil, ahıl yaşlı əhaliyə layiqli təqaüd vermək olardı. Ancaq biz bunu görmədik.

Zəhmətkeşlərin azalan real gəlirləri, rifahı ölkənin iqtisadi imkanlarına uyğun gəlmir. Sosial məsələlərin həllinə, adamların marağının və ehtiyaclarının təmin olunmasına qayğı lazımi səviyyədə deyil. Ölkədə həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilən ehtiyatların həcmi artırılmalı, ictimai həyatın bütün cəhətlərinə sosial siyasətin təsiri gücləndirilməlidir.

Əhalinin tam və səmərəli məşğulluğu, ictimai tələbat nəzərə alınmaqla əmək qabiliyyətli bütün vətəndaşlara istəyinə, qabiliyyətinə, təhsilinə və peşə hazırlığına uyğun olaraq seçdiyi fəaliyyət sahəsində işləmək imkanı verilməsi təmin edilməlidir. Işsizlik, yoxsulluq rəsmi statistikada göstərilənlərin əksinədir. Insanların aldığı maaş, təqaüd onların ehtiyaclarını ödəmir. Adambaşına düşən real gəlir qeyri qənaətbəxşdir.                                            

 Qiymətlərin bahalaşması tendensiyaya çevrilib və davamlı xarakter alır. Un, un məmulatları və çörək bazarlarına daha ciddi nəzarət olunmalıdır. Hökumətin 50 kq-lıq bir kisə unun topdansatış qiymətini 35,9 manat, 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiymətini 50 qəpik, 650 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiymətini 65 qəpik qaldırıb, tavan qiymətlərini müəyyənləşdirməklə işsizləri, yoxsul ailələri çətin vəziyyətdə qoyub.

İdxal, xüsusilə də ölkəyə qida mallarının gətirilməsinin yüksələn xətlə artması iqtisadiyyatda "Holland xəstəliyi"nin simptomplarıdır ki, bunun qarşısı alınmalıdır.

İstehlak və istehlakçı qiymətləri indekslərinin hər ikisi artır. Inflyasiya davam etməkdədir. Təkcə daxili xərc amilləri, xüsusən dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin liberallaşdırılması adı ilə kommunal tariflərin qaldırılması ötən illik inflyasiyanın 1/4-ni formalaşdırıb.

Rəsmi statistikaya inansaq, ölkədə ümumi daxili məhsul artır, reallıq isə ondan ibarətdir ki, bu pozitiv artım ilə əhalinin pisləşən həyat səviyyəsi arasında fərq var. Son 1 ildə iqtisadi artım müsbət olsa da qiymət bahalaşmasına görə əhalinin real gəlirləri daha çox dəyərsizləşib, gerçək xərcləri artıb və atmaqda davam edir.                               

Pensiyaların, müavinətlərin, maaşların və təqaüdlərin bu ilki artımları və onun sosial-iqtisadi təsirləri, yeni artımlardan əldə edilən vəsaitlərin artan qiymətlərdən yaranan xərcləri də ciddi araşdırma tələb edir. Pensiya qanunvericiliyindəki dəyişikliklə minimum aylıq əmək pensiyasının məbləği 2022-ci ilin əvvəlindən 20 faiz artımla 200 manatdan 240 manata çatdırılıb. Təəssüf ki, artan bütün pensiyalar deyil, cəmi 65 min pensiyaçını əhatə edən minimum pensiyalardır.

Problemlərdən biri də minimum pensiya məbləği ilə pensiya çıxmaq üçün tələb olunan minimum sığorta məbləği arasındakı asılılıqdır ki, bu da aradan qaldırılmalıdır.

Cari il yanvarın 1-dən heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının, baytarlıq şəhadətnaməsinin və arayışının verilməsi və yaxud ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulması, qida təhlükəsizliyi sertifikatının verilməsi üçün dövlət rüsumları əsassız olaraq artırılıb. Bu da bütün növ ət və ət məhsullarının, balıq və balıq məhsullarının, yumurtanın, süd və süd məhsullarının, balın qiyməti yenidən bahalaşmasına səbəb olacaqdır.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi ölkəmizdə uşaq pulunun bərpasını təklif edir. Uşaqların normal böyüdülməsi üçün valideynə şərait yaratmaq məqsədi ilə dünyanın əksər ölkəsində aylıq uşaq pulu və doğuşa görə birdəfəlik sosial müavinət verilir. Azərbaycanda isə hansısa səbəbdən buna ehtiyac duyulmur. Üstəlik, respublikamızda uşaq yeməklərinin qiymətləri də orta statistik vətəndaşın cibinə uyğun deyil. Ölkə vətəndaşlarına ən azından minimum əmək haqqı məbləğində aylıq uşaq pulu verilməlidir.

İctimai həyatın bütün sahələrini əhatə edən, dərindən düşünülmüş, bitkin, güclü sosial siyasətə ehtiyac var. Azərbaycan Kommunist Partiyası hökumətdən sosial məsələlərə daha artıq diqqət yetirmiyi tələb edir. Hökumət sosial sahənin tələbatına doğru qəti dönüş etməlidir.

Telman Nurullayev,

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi.


Bakı şəhəri, 12 yanvar 2022-ci il.




Отправить комментарий

0 Комментарии