Recents in Beach

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin məlumatı

22 yanvar 2022-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi katibliyinin yığıncağı keçirilmişdir.

Yığıncaqda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 2022-ci ilin birinci yarımilliyi üçün iş planı müzakirə olunmuşdur.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Telman Nurullayev iş planında nəzərdə tutulan məsələlər barədə ətraflı məlumat vermişdir. O, iş planının icrasına nəzarətin həyata keçirilməsi üçün MK katiblərinin xüsusi məsuliyyət daşıdığına diqqəti cəlb etmişdir.

Yoldaş Telman Nurullayev qeyd etmişdir ki, qarşıdakı yarım ildə iş planının mqvəffəqiyyətli nəticəsi xeyli dərəcədə ondan asılıdır ki, qəbul edilən qərarlar nə qədər düzgün hazırlanır, bu qərarlarda qarşıya qoyulan vəzifələr, onların yerinə yetirilməsi üçün müəyyən edilmiş müddətlər nə dərəcədə realdır.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təşkilat məsələləri üzrə katibi Rəhim Həsənov çıxışında bildirdi ki, Nizamnaməyə əsasən cari ildə partiyanın növbəti 41-ci qurultayı keçirilməlidir. Ona görə də partiya həyatının çox vacib olan bu mühüm məsələnin nəzərə alınmasını təklif etdi.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi Ədalət Abdinov  müzakirə olunan iş planına münasibət bildirərək vurğuladı ki, daim marksizm-leninizm ideologiyasını bərqərar etmək, insanları bunun düzgünlüyünə inandırmaq, partiyanın ideyalarının   hər bir adamın ən dərin şəxsi inamına çevrilməsinə nail olmaq – bu gün ideoloji işə verilən mühüm tələb bunlardır.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin nəzarət-təftiş komissiyasının sədri Şıxbaba Rzayev demişdir ki, hər bir kommunistin hər ay üzvlük haqqı vermək borcu partiya Nizamnaməsinin pozulmaz prinsiplərindən biridir. Əlbəttə, son illər üzvlük haqqının miqdarı sabit qalmamış, vəziyyətə uyğun olaraq dəyişdirilmişdir. Buna baxmayaraq, kommunistlərdən üzvlük haqqının vaxtında alınmasında  ciddi çatışmazlıqlar var. Birinci yarımilliyin iş planında partiya üzvlük haqqı məsələsinin yer tutması çox zəruridir.

Yığıncaq iştirakçıları yekdilliklə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 2022-ci ilin birinci yarımilliyi üçün iş planını təsdiq etdilər.

Yığıncaqda Azərbaycan Kommunist Partiyası sıralarına yeni qəbul olunmuş Məmmədov Taleh Sakit oğluna partiya bileti təqdim olunmuş, onun kommunist adını şərəflə doğurdacağına əminlik bildirilmişdir.

Yarım əsrdən çox Kommunist Partiyasının üzvü adını fəxrlə daşıyan Rzayev Şıxbaba Səfa oğlu “Sov İKP 50 il” döş nişanı ilə təltif edilmişdir.






 

Отправить комментарий

0 Комментарии