Ədalət Abdinov,
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi
Dünya siyasətində kapitalizmin hegomonizm ideologiyası iflasa uğramaqdadır. Beynəlxalq həyatda kəskin dönüş mərhələsi başlanır. Kommunist düşüncəsi imperializmin təcavüzkar planlarını alt-üst edir. Sosializmin mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirən yeni İttifaq yaranmaq üzrədir. İnsanların kommunist ideologiyasına meylliliyi güclənməkdədir. Əsrlər boyu imperializmin öz qanlı caynağına aldığı ölkələrdə də solçuluq xilas yolu kimi qəbul edilməkdədir.
Azərbaycan Kommunist Partiyasının Proqram və Nizamnaməsini
qeyd-şərtsiz qəbul edib bəyənənlərin, Proqram və Nizamnamənin bütün müddəalarına
şərik olanların sayı da artmaqdadır. İnsanlar kommunistlərin sırasına şüurlu
surətdə, öz əqidəsinə görə qoşulurlar. Bu, həmin adamların kommunist
dünyagörüşünə malik olduğuna, onların ideya, təşkilat və siyasi mövqelərinin
aydın olduğuna sübutdur.
Proqram və Nizamnaməni qəbul etməklə kommunist öz öhdəsinə bu
sənədlərin tələbləri əsasında hərəkət etmək vəzifəsini götürür. Proqram və
Nizamnamə partiyalılığın meyarıdır. Bunları rəhbər tutaraq, kommunistin fikir və
hərəkətlərinin, davranışının nə dərəcədə düzgün, partiya xəttinə nə dərəcədə
uyğun olduğunu müəyyən etmək mümkündür.
Həyatın sübut etdiyinə görə, partiya ancaq həmfikir adamları
öz sıralarında birləşdirdiyi zaman döyüş qabiliyyətinə malik olur. Buna görə də
o, partiya sıralarına daxil olmaq istəyən adamın Proqram və Nizamnamə ilə tanış
olub-olmadığını, bunları qəbul edib-etmədiyini, partiyanın baxışlarına şərik
olub-olmadığını qəbul zamanı ciddi surətdə aydınlaşdırır. Partiya öz üzvlərindən
hər birinin öz bilik dairəsini müntəzəm surətdə genişləndirməsinə, Proqram və
Nizamnaməni dərindən öyrənməsinə çalışır, marksizm-leninizm nəzəriyyəsinə yiyələnməkdə
kommunistə kömək edir.
İdeya və təşkilat baxışlarının vəhdəti hərəkət birliyi üçün zəruri
və çox mühüm şərtdir. Partiyanın Proqram və təşkilat prinsiplərini ancaq “ümumən
və bütövlükdə” qəbul edən, bəzi partiya məsələlərdə isə partiyanın mövqeyindən
fərqli mövqe tutan, yaxud partiyanın nöqteyi-nəzərinə qeyd-şərtlə tərəfdar
çıxan və şübhə ilə yanaşan adamlar partiyaya yol tapdıqda, partiya sıralarına
labüd olaraq inamsızlıq və səndələmə ünsürləri gətirirdilər. Təəssüf ki, belə
faktlar var. Həmin boşboğazların səbatsızlığı, yanlış mövqeyi, adətən mübarizənin
həlledici anlarında, ən çətin dövrlərdə aşkara çıxır.
Əgər partiya dözüb belə arzuolunmaz şəxsləri öz tərkibində
saxlasaydı, onda Leninin sözləri ilə desək, əvvəl ideya, sonra isə təşkilat cəhətdən
hökmən parçalanıb dağılardı. Məlumdur ki, hər hansı bir partiya özünü necə
inqilabçı partiya adlandırsa da, əgər onun sıralarında marksist Proqram və
Nizamnamə müddəalarından kənara çıxan adamlar fəaliyyət göstərmişlərsə, belə
bir partiyanın fəhlə sinfinə və bütün zəhmətkeşlərə heç bir zaman az-çox xeyri
dəyməmişdir.
Kommunist və fəhlə partiyalarının ideya və təşkilat əsaslarını
imperializmin bütün vasitələri ilə laxlatmağa cəhd etdiyi hazırki
zamanda hər cür səbatsızlıq və dağınıqlıq təzahürləri xüsusilə dözülməzdir.
Azərbaycan Kommunist Partiyasının Proqramını və Nizamnaməsini, ancaq tamamilə qəbul
edən şəxs Azərbaycan Kommunist Partiyasının üzvü ola bilər.
Kommunist Partiyası inqilabi fəaliyyət partiyasıdır.
Kommunist Partiyası ona görə qələbələrə nail olmuşdur ki, nəzəriyyə ilə
praktikanın, sözlə işin, qərarla icranın vəhdəti onun fərqləndirici xüsusiyyətidir.
Lenin qeyd edirdi ki, kommunist ancaq o adamdır ki, “işdə partiyanın taktiki xəttini
yeritsin”, partiya üzvləri “göstərməlidirlər
ki, işdə kommunizm prinsiplərini tətbiq edirlər” (V.İ.Lenin. Əsərləri, 17-ci
cild, səh.217; 30-cu cild, səh.179). Buna görə də Azərbaycan Kommunist
Partiyası sosializm uğrunda mübarizədə fəal iştirak etməyi öz sıralarında
üzvlük şərtlərindən ən əsası sayır. Partiyamız Leninin belə bir göstərişinə əməl
edir: on nəfər işləyən adamın özünü partiya üzvü adlandırmaması bir nəfər
boşboğaz adamın partiya sıralarında ola bilməsindən daha yaxşıdır”.
Kommunistin fəallığı, ən əvvəl, onun tapşırılmış işə münasibətində
təzahür edir. Hər bir kommunist partiyanın siyasi xətti naminə çalışdığı sahədə
nə mümkünsə, hamısını etməyə borcludur. O, sovet həyat normalarının təbliğinin
nümunəsi olmalıdır.
İnsanların kommunist tərbiyəsi, onların marksizm-leninizm
dünyagörüşü ilə silahlandırılması kapitalizmin eybəcərliklərinin ifşasında,
sosializm quruculuğunda olduqca böyük rol oynayır. Kommunist bu işlərdə ən
yaxından iştirak etməlidir. O, partiyanın sözünü cəmiyyətə çatdırmalı, adamlara
kommunist ideyalılığı aşılanmasına kömək etməli, burjua ideologiyasına qarşı barışmaz
mübarizə aparmalıdır.
Kommunist bütün partiya ilə birlikdə çalışmalıdır ki,
kapitalizm bəlasından əziyyət çəkən cəmiyyətimizin hər bir üzvü sosializmin
şüurlu və fəal qurucusu olsun və bu işdə öz üzərinə düşən məsuliyyəti hiss
etsin. Solçuların birləşdiyi təşkilatların fəallıq və təşəbbüskarlığını yüksəltməyə,
onların fəaliyyətini yaxşılaşdırmağa kömək
göstərmək, ictimai həyatda yaxından iştirak etmək və bitərəfləri də bu həyata
cəlb etmək kommunistin balavasitə vəzifəsidir.

0 Комментарии