Recents in Beach

Cənub bölgəsi kommunistlərinin Lənkəranda müşavirəsi keçirilmişdir


İyunun 26-da cənub bölgəsi kommunistlərinin Lənkəranda müşavirəsi keçirilmişdir. Müşavirədə Azərbaycan Kommunist Partiyasının siyasətinin magistral istiqamətindən irəli gələn məqsəd və vəzifələr, həmçinin rayon partiya təşkilatlarında keçiriləcək hesabat-seçkilər və ilin sonunda keçirilməsi nəzərdə tutulan növbəti qurultaya hazırlıq vəziyyəti müəyyən edilmişdir.

Müşavirəni Azərbaycan Kommunist Partiyası Lənkəran Rayon Komitəsinin birinci katibi Əlirza Cəfərov açmış və tədbirin keçirilməsi üçün sözü Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Telman Nurullayevə vermişdir.

Azərbaycan KP MK-nın birinci katibi Telman Nurullayev beynəlxalq kommunist hərəkatındakı yeniliklər, habelə ölkəmizin  cənub bölgəsində sol qüvvələrə rəhbərlik edilməsi, təşkilat-partiya və ideya tərbiyəsi işinin təkmilləşdirilməsi, cənub bölgəsində insanların solçuluq istiqamətində fəallığının yüksəldilməsi barəsində fikirlərini müçavirə iştirakçıları ilə bölüşmüşdür.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi Ədalət Abdinov çıxış edərək bildirmişdir ki, dünyada kapitalizmin böhranının dərinləşdiyi bir vaxtda gedən proseslərin düzgün qiymətləndirilməsi, kapitalizmin gətirdiyi fəlakətlərinin Azərbaycan vətəndaşı tərəfindən düzgün və dərindən dərk edilməsi həyatı zərurətə çevrilmişdir. Bununla əlaqədar ideoloji iş, xüsusilə bu işin həlledici sahəsi olan təbliğat işinin gücləndirilməsi və səmərəliliyinin artırılması son dərəc böyük əhəmiyyət kəsb edir.

Aydındır ki, təbliğat işinin əsas mənası onun təsirli olmasındadır - Ədalət Abdinov demişdir – Kapitalizmin insanların düçar etdiyi bəlaların təhlili və ondan xilas olmağın yolları ideoloji işimizin əsas bazasını təşkil etməlidir. Cəmiyyətimizin gündən – günə sosial iqtisadi böhranın artan səviyyəsi təbliğat işimizə yeni yanaşmanı, onun səmərəliliyinin artırılması, uslub və metodlarının təkmilləşdirilməsini şərtləndirir.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təşkilat məsələləri üzrə katibi Rəhim Həsənov qurultaya hazırlıq, ilk partiya təşkilatlarında hesabat və seçkilər, partiya təşkilatlarında sənədlərlə işə dair təlimat, partiya üzvünün şəxsi uçot vərəqəsi, üzvlük haqqının ödənilməsi barədə tövsiyyə xarakterli çıxış etdi.

Müşavirədə kommunistlərdən Ağadadaş Əliyev, Atakişi Rəhimov, Zaur Mehdiyev, Sərdar Əhədov (Lənkəran), Vüqar Aslanov (Astara), Mübariz Əliyev (Biləsuvar) və Nizami Fətullayev (Masallı) çıxış etmişlər.

Müşavirədə uzun müddət partiyada səmərəli fəaliyyətinə görə Masallı Rayon Pariya Komitəsinin birinci katibi Nizami Həzərxan oğlu  Fətullayev "Karl Marksın anadan olmasının 200 illiyi" madalı ilə təltif edilmişdir.

Azərbaycan KP MK-nın mətbuat xidməti




  










Отправить комментарий

0 Комментарии