Recents in Beach

Azərbaycan Respublikası Daxili işlər nazirinin keçmiş müavini, Daxili Qoşunların birinci komandanı, general-mayor Rafiq Ağayevə

Bu gün Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi uğurunda gedən müharibələrdə yaxından iştirak edən, istər Birinci Qarabağ müharibəsi, istərsə də 44 gün davam edən Vətən müharibəsində böyük qəhrəmanlıqlara imza atan DİN-nin Daxili Qoşunlarının yaranmasının 31-ci ildönümüdür. Bu əlamətdar gün münasibəti ilə Sizi Daxili Qoşunların birinci komandanı kimi səmimi qəlbdən təbrik edirəm.

Daxili Qoşunlar Birinci Qarabağ müharibəsinin gedişatında yaranan, döyüşlərdə möhkəmlənən, öz mövcudluğunu cəsarəti və qəhrəmanlığı ilə isbatlayan qoşun növüdür. 1992-ci il martın 12-də Daxili Qoşunların Biləcəri, Sumqayıt, Gəncə hərbi hissələri erməni işğalçılarına qarşı döyüşlərə başlayıb, Ağdam rayonunun Papravənd, Qalayçılar, Manikli, Baş Güneypəyə, Canyataq, Gülyataq kəndləri uğrundakı döyüşlərdə iştirak edib.

Sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində də Daxili Qoşunlar işğaldakı torpaqlarımızın azad edilməsində fəal iştirak edib, misilsiz qəhrəmanlıqlara imza atıb.

Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə Daxili Qoşunların 510 hərbi qulluqçusu həlak olub, 1166-sı yaralanıb, 268 nəfər itkin düşüb, 9 əməkdaş Milli Qəhrəman adına layiq görülüb.

Ümummilli lider Heydər Əliyevin 1995-ci il martın 9-da imzaladığı Fərmanla Azərbaycan Respublikası Daxili Qoşunlarının ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşə başladıqları günün - martın 12-nin Daxili Qoşunlar günü elan olunmuşdur.

Ötən illər ərzində Daxili Qoşunlar ölkənin ictimai-siyasi həyatında baş verən bütün proseslərin bilavasitə iştirakçısı olub, ciddi sınaq və çətinliklərdən dəyanətlə çıxıb.

Ölkə Prezidenti İlham Əliyevin Silahlı Qüvvələrə diqqəti və qayğısı nəticəsində Daxili Qoşunlarda da davamlı olaraq inkişaf prosesi gedir. Dövlət başçısının tələb və göstərişlərinin, xüsusi diqqət və qayğısının nəticəsi olaraq, Daxili Qoşunlar qarşıya qoyulan istənilən döyüş tapşırığını layiqincə yerinə yetirməyə qadirdir. Qoşunlar milli mənafelərimizin keşiyində ayıq-sayıq dayanır və ölkədə daxili sabitliyin dönməzliyinin qorunmasında əsas qüvvələrdən birinə çevrilib.

İstənilən cəmiyyətdə hər hansı tərəqqinin, inkişafın əsasında dayanan əsas amillərdən biri daxili sabitlik və təhlükəsizlik faktorudur. Daxili Qoşunların torpaqlarımızın qorunmasında fədakarlıq göstərdiyini və sonrakı illərdə ölkəmizdə müstəqilliyin, daxili sabitliyin qorunmasında əzmkarlıq nümayiş etdirdiyini, yüksək peşəkarlığa və mənəvi-psixoloji hazırlığa malik olan bir quruma çevrildiyini məmnunluqla qeyd edirik.

Sizin birinci komandan olduğunuz Daxili Qoşunlar və onların ərazi bütövlüyümüz uğrundakı mübarizəsi Azərbaycan tarixinin şanlı səhifələrindən biridir və bu tarix hər zaman qürur hissi ilə xatırlanacaq. Ehtiyatda olan zabit kimi Azərbaycan dövlətinə, dövlətçiliyinə, Vətənə, Ali Baş Komandana sədaqətlə xidmətiniz gənclərə nümunədir. Bir daha Sizi bu tarixi gün münasibəti ilə təbrik edirəm!

Ədalət Abdinov

Отправить комментарий

0 Комментарии