Bu gün Azərbaycan ictimai-siyasi həyatında iz qoymuş, beynəlxalq kommunist və fəhlə hərəkatının fəallarından biri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təşkilat məsələləri üzrə katibi Rəhim Həsən oğlu Həsənovun vəfatının ikinci ildönümü münasibətilə əqidə yoldaşları tərəfindən Abşeron rayonundakı Qobu qəsəbəsindəki qəbrstanlıqda onun məzarı ziyarət edilmişdir.
Rəhim Həsənovun əbədiyyətə qovuşduğu tarix – 5 aprel 2024-cü il onun həyat və fəaliyyətinə bir daha nəzər salmaq, ideoloji mübarizədə və təşkilati işdə göstərdiyi xidmətləri xatırlamaq üçün həm də mühüm bir fürsətdir.
Rəhim Həsənov Azərbaycan cəmiyyətinin mürəkkəb sosial-siyasi dövrlərindən birində yetişmiş, gənc yaşlarından ictimai fəaliyyətə qoşulmuşdur. Onun dünyagörüşünün formalaşmasında sosial ədalət, bərabərlik və zəhmətkeşlərin hüquqlarının müdafiəsi kimi ideyalar mühüm rol oynamışdır.
O, təhsil aldığı illərdən etibarən ictimai fəallığı ilə seçilmiş, tələbə və gənclər arasında təşkilatçılıq qabiliyyəti ilə tanınmışdır. Bu xüsusiyyətlər sonradan onun siyasi fəaliyyətində əsas dayaqlardan birinə çevrilmişdir.
Rəhim Həsənov sovet dönəmində Sumqayıt Şəhər Partiya Komitəsində, müstəqillik dövründə isə 1994-cüldən başlayaraq ömrünün sonuna
qədər Azərbaycan Kommunist Partiyasında məsul vəzifələrdə çalışmış, xüsusilə
təşkilati məsələlər sahəsində böyük təcrübə toplamışdır. O, partiyanın Mərkəzi
Komitəsində təşkilat məsələləri üzrə katib kimi fəaliyyət göstərərək partiya
strukturlarının gücləndirilməsi, rayon təşkilatların fəaliyyətinin
əlaqələndirilməsi, gənc kadrların irəli çəkilməsi və hazırlanması, ideoloji
işin sistemləşdirilməsi istiqamətlərdə mühüm işlər görmüşdür:
Onun rəhbərliyi ilə aparılan təşkilati tədbirlər
partiyanın fəaliyyətinin daha səmərəli qurulmasına, üzvlər arasında
nizam-intizamın möhkəmlənməsinə və ideoloji birliyin gücləndirilməsinə xidmət
etmişdir.
Rəhim Həsənov yalnız ölkə daxilində deyil, beynəlxalq
səviyyədə də fəal olmuşdur. O, müxtəlif ölkələrin kommunist və fəhlə partiyaları
ilə əlaqələrin qurulmasında və inkişaf etdirilməsində iştirak etmiş, beynəlxalq
konfrans və görüşlərdə Azərbaycan kommunistlərinin mövqeyini təmsil etmişdir.
Bu fəaliyyət onun siyasi
baxışlarının daha da genişlənməsinə, həmçinin qlobal fəhlə hərəkatının
problemlərinə yaxından bələd olmasına şərait yaratmışdır.
Rəhim Həsənov təkcə siyasi xadim kimi deyil, həm də
yüksək insani keyfiyyətlərə malik bir şəxsiyyət kimi xatırlanır. Bu müdrik
insanı tanıyanlar onun:prinsipiallığını,
sadəliyini, insanlarla səmimi ünsiyyət qurmaq bacarığını və əqidəsinə
sədaqətini xüsusilə qeyd edirlər. O, hər zaman öz məsləkinə sadiq qalaraq,
çətinliklər qarşısında geri çəkilməmiş, ideyaları uğrunda mübarizəni həyatının
əsas məqsədi hesab etmişdir.
Rəhim Həsənovun
vəfatından iki il keçməsinə baxmayaraq, onun ideyaları və fəaliyyəti onu
tanıyanların və davamçılarının yaddaşında yaşayır. Onun təşkilati təcrübəsi,
siyasi baxışları və mübarizə ruhu bu gün də bir çoxları üçün örnək hesab
olunur.
Bugünkü mərhələdə onun irsinin
öyrənilməsi və təbliği, xüsusilə gənc nəsil üçün mühüm əhəmiyyət kəsb edir.
Çünki o, yalnız keçmişin nümayəndəsi deyil, həm də gələcək üçün müəyyən
dəyərlər və prinsiplər qoyub getmiş bir şəxsiyyət idi
5 aprel 2026-cı il – Rəhim Həsən oğlu Həsənovun
vəfatının ikinci ildönümü – onun həyat yoluna hörmət və ehtiramla yanaşmaq,
gördüyü işləri dəyərləndirmək və xatirəsini yaşatmaq üçün mühüm bir gündür.
Onun həyat devizi olan sosial
ədalət, bərabərlik və təşkilatlanma ideyaları bu gün də aktuallığını qoruyur.
Rəhim Həsənovun adı Azərbaycan kommunist
hərəkatının tarixində özünəməxsus yer tutur və gələcək nəsillər tərəfindən də
xatırlanacaqdır.
Ədalət Abdinov




0 Комментарии