Sovet dövründə fəaliyyət göstərən Azərbaycan Kommunist Partiyasının sonuncu – XXXII qurultayı 1990-cı il sentyabrın 8–10-da Bakıda keçirilmişdir. Bu qurultay SSRİ-nin dağılması məqsədilə, M.S.Qorbaçov və onun komandası tərəfindən ölkədə yaradılmış dərin siyasi böhran və milli azadlıq hərəkatı adı altında hərc-mərcliyin gücləndiyi bir şəraitdə baş tutmuşdu.
Qurultayda əsas məruzəni Azərbaycan KP MK-nın birinci katibi Ayaz Mütəllibov etdi. Onun məruzəsi "Sov.İKP-nin XXVIII qurultayının yekunları və respublika partiya təşkilatının təxirəsalınmaz vəzifələri haqqında" adlanırdı. Məruzənin əsas tezisləri bunlar idi:
Sov.İKP-nin XXVIII qurultayının qərarlarına sadiqlik - Sovet İttifaqı Kommunist Partiyasının XXVIII qurultayının qəbul etdiyi siyasi xətt dəstəklənirdi. Azərbaycan Kommunist Partiyasının fəaliyyətini həmin qərarlara uyğun qurmasının vacibliyi vurğulanırdı.
Partiyanın yeniləşdirilməsi - onun cəmiyyətdə nüfuzunu bərpa etmək üçün islahatların aparılmasının zəruriliyi qeyd olunurdu.
Demokratikləşmə, aşkarlıq (qlasnost) və partiya daxilində yenilənmə ideyaları müdafiə edilirdi.
İqtisadi böhran və bazar islahatları - respublikanın ağır iqtisadi vəziyyəti etiraf edilirdi. İqtisadi idarəetmənin təkmilləşdirilməsi, müəssisələrin daha müstəqil fəaliyyət göstərməsi və bazar münasibətlərinə mərhələli keçid haqqında danışılırdı.
Milli münasibətlər və Qarabağ məsələsi - Ermənistan–Azərbaycan münaqişəsinin siyasi yolla həllinin vacibliyi vurğulanırdı. Respublikada sabitliyin və ictimai asayişin qorunmasının zəruri olduğu bildirilirdi.
20 Yanvar hadisələrindən sonra yaranmış vəziyyət - respublikada siyasi gərginliyin mövcudluğu etiraf olunurdu. Bununla yanaşı, çıxış Sovet rəhbərliyinə qarşı açıq tənqid xarakteri daşımır, daha çox partiyanın mövqeyini əsaslandırmağa yönəlmişdi.
Azərbaycan Kommunist Partiyasının gələcək vəzifələri - partiya təşkilatlarının fəallaşdırılması; ideoloji işin gücləndirilməsi; dövlət idarəçiliyində nizam-intizamın möhkəmləndirilməsi; sosial-iqtisadi problemlərin həllində partiyanın aparıcı rolunun saxlanılması təklif edilirdi.
Bununla belə, sonrakı qiymətləndirmələr göstərir ki, məruzə və qurultay çıxışları beynəlxalq imperializm tərəfindən yaradılmış dərin siyasi böhranı aradan qaldıra bilmədi. Ayaz Mütəllibovun çıxışı formal olaraq Sov.İKP Nizamnaməsinə sədaqət nümayiş etdirsə də, M.S.Qorbaçovun gizli idarəçiliyi ilə respublikada gedən proseslər partiyanın əvvəlki mövqeyini qorumasını artıq qeyri-mümkün edirdi.
Sonuncu qurultayın səhvləri:
Respublikanın müstəqilliyi barədə elə həmin qurultayda qərar qəbul edilməli idi.
Respublikada hərbi vəziyyət elan olunmalı idi. İdarəetmə dəyişdirilməli, hakimiyyət tam və ya qismən hərbi administrasiyaya ötürülməli idi.
Vətəndaşların sərbəst hərəkət azadlığı müvəqqəti olaraq məhdudlaşdırılmalı, komendant saatı (gecə saatlarında küçəyə çıxmaq qadağası) tətbiq olunmalı idi.
Demokratiya adı ilə "mitinq xəstəliyi" yayıb hərc-mərclik yaradanlar dərhal həbs olunmalı idi.
Çin Kommunist Partiyası ilə sıx əlaqə yaradıb, ölkəni Çin sosialist idarəetmə üsuluna keçirmək üçün tarixi qərar qəbul etməli idi və s.
Ədalət Abdinov


0 Комментарии