Böyük Oktyabr Sosialist İnqilabının qələbəsinə və sovet sosialist respublikaları yaradılmasına qədər dünyada ümumiyyətlə “sosial siyasət” kimi bir anlayış mövcud deyildi. Nə özünü təmin edən ABŞ-da, nə də inkişaf etmiş Avropada. Buna inanmaq çətindir, amma bu gün Qərbdə mövcud olan bütün sosial sahənin formalaşması Sovetlər ölkəsinin xidmətidir.
Qonşularımız Sovet İttifaqını “şər imperiyası” və “xalqlar həbsxanası” kimi təqdim etməyə öyrəşiblər. Adi insanların təsəvvüründə SSRİ haqqında söhbət düşəndə dərhal Stalin, repressiyalar, güllələnmələr və QULAQ (İslah-Əmək Düşərgələri Baş İdarəsi) obrazı canlanır.
Tarixə belə münasibət yalnız Qərbdə deyil, ölkəmizdə də, xüsusilə gənclər arasında geniş yayılıb. Gənclərin ardınca SSRİ-ni daha yaşlı nəsil də tənqid edir. Guya ölkədə total senzura hökm sürürdü, hər şeyə qadir SSRİ Dövlət Təhlükəzislik Komitəsi tüğyan edirdi və hamı Sovet Ittifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin qocalmış rəhbərlərinin göstərişi ilə sıraya düzülüb addımlayırdı. Sovetlər ölkəsinin tənqidçiləri danışırlar ki, mağazalarda heç nə yox idi, insanlar spirtli içki mağazalarına hücum çəkirdilər, hamı ac və eyni cür geyinmişdi. Və yalnız 1990-cı ildə ilk Amerika fast-food restoranının açılması bütün ölkəni qaçılmaz məhv olmaqdan sözün əsl mənasında xilas etdi.
Lakin sovet vətəndaşlarının Qərbdəki qonşularından fərqli olaraq, başqa üstünlükləri də var idi.
Məsələn, qeyd etdiyim kimi SSRİ yaranana qədər dünyada ümumiyyətlə “sosial siyasət” anlayışı mövcud deyildi. Nə özünü təmin edən ABŞ-da, nə də inkişaf etmiş Avropada. Buna inanmaq çətindir, amma bu gün Qərbdə mövcud olan bütün sosial sahənin formalaşması Sovetlər ölkəsinin xidmətidir. SSRİ Qərbin hakim elitalarını həm ciddi qıcıqlandırır, həm də çox qorxudurdu. Kommunizmin sadə avropalılar üçün bu qədər cəlbedici olmaması üçün onlar da müxtəlif sosial təminatlar, müavinətlər və zəhmətkeşlər üçün digər güzəştlər tətbiq etməyə başladılar. Üstəlik, ötən əsrin sonlarında Qərbdə işsizlərə, pensiyaçılara və ehtiyacı olan insanlara verilən ödənişlər o qədər artdı ki, hətta biz də onlara həsəd aparmağa başladıq.
Bu gün çox az adam xatırlayır ki, məhz Oktyabr inqilabından sonra Sovet Rusiyasında dünyada ilk dəfə 8 saatlıq iş günü hüququ tətbiq edilmişdi. Sonralar müəssisə və təşkilatlarda əməyin mühafizəsi ilə bağlı tədbirlər həyata keçirilməyə başlandı. Bundan əlavə, həmkarlar ittifaqları bütün işçiləri rəhbərliyin özbaşınalığından hər vasitə ilə qorumağa başladılar.
Bu cür sosial yeniliklərə bu gün demokratiyaları və insanlara qayğıları ilə çox fəxr edən Qərb ölkələrinin çatmasına hələ çox vardı. Həmin dövrdə, məsələn, ABŞ və İngiltərədə azyaşlı uşaqların əməyindən geniş istifadə olunurdu. Onlar fabrik və zavodlarda sutkada 10–12 saat işləyir və bunun müqabilində qəpik-quruş alırdılar. Bu praktika XX əsrin 40-cı illərinin əvvəllərinə qədər davam etdi.
SSRİ-də qanunvericilik səviyyəsində hər bir insanın əmək hüququ təsbit edilmişdi. Yəni dövlət hər kəsi işlə təmin etməyi öz üzərinə götürürdü. Vətəndaş müharibəsindən sonra isə ölkədə işdən korluq yox idi. Bütün ölkə ərazisində nəhəng tikintilər gedirdi. Maqnitoqorsk metallurgiya kombinatı və Dnepr Su Elektrik Stansiyası tikilirdi. Nəhəng fabrik və zavodlar yağışdan sonra çıxan göbələklər kimi sürətlə artırdı.
Azərbaycan Sovet Sosialist Respublikasında da böyük quruculuq işləri aparılırdı.
Böyük Vətən müharibəsindən sonra dağıdılmış şəhərləri və sənaye müəssisələrini bərpa etmək lazım gəldi. Baykonur kosmodromu və Baykal-Amur magistralı tikildi. Bu gün də məhz Sovet İttifaqında yaradılmış bir çox nailiyyət və qurğulardan istifadə edirik.
Bundan əlavə, SSRİ-də işləyən hər bir vətəndaşın mənzil hüququ var idi.
Yeri gəlmişkən, analıq məzuniyyəti də SSRİ-dən qalan mirasdır. Məsələn, ABŞ-da qadın uşaq dünyaya gətirdikdən iki ay yarım sonra işə qayıtmasa, onunla uzun-uzadı danışmadan işdən çıxarıla bilər. O, doğuşdan əvvəl isə yalnız iki həftəlik məzuniyyətə çıxa bilər. Ümumiyyətlə, diqqət yetirin ki, həmin 12 həftəlik — özü də ödənişsiz — məzuniyyət ABŞ-da yalnız 1993-cü ildən tətbiq edilməyə başlanıb. O da hamıya şamil olunmur.
Sovet İttifaqında qadınlar iş yerlərini itirmək qorxusu yaşamadan rahat şəkildə analıq məzuniyyətinə çıxa bilirdilər. Körpələrə bir yaşına qədər pulsuz patronaj xidməti göstərilirdi. Üç il ərzində isə onlar süd mətbəxlərinin pulsuz xidmətindən yararlanırdılar.
SSRİ-də sovet hakimiyyəti yalnız insanın necə işləməsi ilə deyil, həm də işdən sonra gücünü necə bərpa etməsi ilə maraqlanırdı.
Məsələn, 1970–1980-ci illərdə bir işçi cəmi 12 rubla 12 günlük istirahət evinə göndəriş ala bilərdi! Həmin dövrdə sovet vətəndaşlarının orta əməkhaqqı 150–200 rubl təşkil edirdi. Bu, ona görə mümkün idi ki, göndərişin əsas hissəsi İctimai İstehlak Fondlarından ödənilirdi. Ümumiyyətlə, vətəndaşların bütün ödənişlərinin 50 faizindən çoxu bu fondların hesabına kompensasiya edilirdi.
Sanatoriyalarda gündə üç dəfə yemək nəzərdə tutulurdu. Üstəlik, müalicə almaq da mümkün idi. Təkcə Qara dəniz sahilində bütün ölkədə tanınan 100-dən çox sanatoriya fəaliyyət göstərirdi.
Bir sözlə, Sovet İttifaqında böyük məbləğdə pul xərcləmədən, bu gün olduğu kimi, gözəl istirahət etmək mümkün idi. Bu gün ailə kurorta getmək üçün göndəriş almaq istədikdə büdcəsini ciddi şəkildə sıxmalı olur. Səyahət üçün isə bir il ərzində pul toplamaq lazım gəlir.
SSRİ-nin dağılması ilə sanatoriyaların bir çoxu ya yararsız vəziyyətə düşdü, ya da bağlandı. Onilliklər ərzində yaradılmış bütün bu sağlamlıq və istirahət sistemi demək olar ki, məhv edildi. Bu gün, əlbəttə, onu bərpa etmək cəhdləri göstərilir. Lakin ümumittifaq səviyyəsinə çatmaq hələ çox uzaqdır.
Bu gün də SSRİ-dən bizə miras qalmış daha bir yenilikdən — yay uşaq düşərgələrindən istifadə edirik. Ölkəmizdə oğlan və qızların əksəriyyəti həmyaşıdları ilə birlikdə bir neçə düşərgə növbəsində iştirak edib, səhər gimnastikasına çıxıb, sıra düzülüşlərində dayanıb və “Zarnitsa” adlı hərbi-idman oyununda iştirak ediblər.
Bu gün uşağın sağlamlıq düşərgəsində 2–3 həftəlik istirahəti üçün valideynlər çoxlu sayda pul ödəməlidirlər. Sovet dövründə isə belə göndərişlər valideynlərə ya tamamilə pulsuz verilirdi, ya da cüzi məbləğə başa gəlirdi. Çünki onun böyük hissəsini həmkarlar ittifaqı ödəyirdi.
Sovet İttifaqında uşaqlar ümumiyyətlə ən imtiyazlı təbəqə hesab olunurdu. SSRİ-də dünyada ilk dəfə uşaqlar üçün kütləvi məktəbəqədər təhsil sistemi yaradılmışdı. Çoxlu sayda körpələr evi və uşaq bağçaları tikilirdi. Onlar həm gündüz, həm də gecə-gündüz fəaliyyət göstərirdi. Bütün bunlar ya pulsuz idi, ya da çox cüzi məbləğə başa gəlirdi.
Uşaqların sonrakı məktəb təhsili də valideynlər üçün ciddi problem yaratmırdı. Pulsuz dərsliklər, səhər yeməyi, nahar, dərsdən sonra uşaqların nəzarətdə saxlanıldığı uzadılmış gün qrupları mövcud idi.
Məhz SSRİ-də tarixdə ilk dəfə istənilən təhsil — ibtidai, orta və ali təhsil — dövlət hesabına maliyyələşdirilirdi.
Pulsuz ali təhsil sistemi də SSRİ-dən qalan mirasdır. Lakin bu gün dövlət hesabına, yəni büdcə hesabına oxumaq üçün yer əldə etmək olduqca çətindir. Ödəniş edib kommersiya qrupuna qəbul olmaq daha asandır. Üstəlik, bir semestr üçün müəyyən olunmuş məbləğdə ödəmək lazım gəlir. Bu məbləğ təhsilin bütün illəri ərzində davam edir.
Yekun olaraq qeyd etmək istərdim ki, bu gün həm gənc, həm də yaşlı nəsillərin bəhrələndiyi səxavətli sosial imkanları yaratmış həmin dövlət quruluşunu və onun sosial siyasətini amansızcasına pisləmək ədalətsiz və sadəcə məntiqsizdir.
Ədalət Abdinov


0 Комментарии