Ədalət Abdinov, Azərbaycan Kommunistlər Birliyinin sədri
Zəhmətkeşlərin azadlığı uğrunda böyük mübariz Abbasqulu bəy Şadlinskinin anadan olmasının 131-ci ildönümü münasibəti ilə
Sosialist inqilabının qələbəsi uğrunda mübarizədə, Sovet hakimiyyətinin qurulmasında və möhkəmləndirilməsində böyük Leninin rəhbərliyi altında diqqətəlayiq bolşevik qvardiyası yetişib möhkəmlənmişdi. Bu qvardiyanın həyatı və mübarizəsi bütün nəsillər üçün parlaq nümunədir. Leninçi bolşeviklər qvardiyasının layiqli nümayəndələrindən biri də Abbasqulu bəy Xanbaba bəy oğlu Şadlinskidir. Abbasqulu bəy Şadlinski çoşğun ictimai sarsıntılar və cəmiyyətin inqilabi surətdə dəyişdirilməsi dövründə ictimai-siyasi fəaliyyətə başlamışdır. Bolşevik ideyalarının təsiri altında o, zəhmətkeşlərin azadlığı və səadəti uğrunda mübarizə yoluna qədəm qoymuşdur. Mətin leninçi, ardıcıl beynəlmiləlçi, böyük qəlb sahibi olan Abbasqulu bəy Şadlinski var qüvvəsini, biliyini, bacarığını xalqın işinə xidmətə sərf etmişdir.
Şərəfli adı Zaqafqaziyada zəhmətkeşlərin mübarizə salnaməsinə həmişəlik daxil olmuş Abbasqulu bəy Şadlinski 24 fevral 1886-cı ildə İrəvan quberniyasının Böyük Vedi kəndində anadan olmuşdur. İki sinifli rus-tatar məktəbini bitirmiş və bir müddət mirab işləmiş, bundan əlavə atadanqalma kiçik torpaq sahəsini əkib-becərməklə məşğul olmuşdur.
1905-1907-ci illərdə Rusiyada imperializm dövrünün ilk xalq inqilabı başlandı, bu inqilab zəhmətkeş kütlələrinin ictimai və milli azadlıq uğrunda mübarizəsinin mühüm mərhələsi oldu. İnqilab çar mütləqiyyətinin əsaslarını laxlatdı, fəhlə sinfinin və kəndlilərin 1917-ci ildəki inqilabi çarpışmalarının müqəddiməsi oldu. Birinci rus inqilabı, həmçinin İranda 1905-1911-ci illər inqilabları Abbasqulu bəy Şadlinskinin ictimai-siyasi dünyagörüşünün formalaşmasına mühüm təsir göstərmişdir. Fevral inqilabından (1907) sonra o, həyatını xalq işi uğrunda mübarizəyə həsr etmiş, kommunistlərə rəğbət bəsləmişdir.
Çarizm və burjuaziya milli ədavəti qızışdırdığı, fəhlə sinfini, xalq kütlələrini milli əlamətə görə parçalamağa çalışdığı şəraitdə Abbasqulu bəy Şadlinski millətçilik və şovinizmə qarşı çəsarətlə şıxış edirdi.
Bolşevizmin çoşğun təbliğatçısı, proletar beynəlmiləlçiliyi və xalqlar dostluğu ideyalarının qızğın tərəfdarı A.Şadlinski 1914-1917-ci illərdə orduya səfərbərliyə etiraz edən kəndlilərin başçısı olmuş, yerli bəy və mülkədarların özbaşınalığına qarşı çıxmışdır.
Sovet hakimiyyətinin qələbəsi uğrunda, sosializm qurmaq uğrunda fədakarlıqla mübarizə aparan A.Şadlinski 1917-1918-ci illərdə Azərbaycan və ermənilərdən ibarət partizan dəstəsi yaratmış, burjua-millətçi ünsürlərə qarşı mübarizə aparmışdır. Xarici hərbi müdaxilə zamanı A.Şadlinskinin dəstəsi Cənubi Azərbaycanın Mərənd şəhərinə getmişdir.
Naxçıvanda Sovet hakimiyyəti qurulduqdan sonara Hərbi İnqilab Komitəsinin dəvəti ilə Naxçıvan şəhərinə qayıdan A. Şadlinski orada fəaliyyət göstərən qırmızı qvardiya dəstələri ilə birləşərək “Qırmızı tabor”un 1918-1921-ci illərdə komandiri olmuşdur. Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur və digər ərazilərdə müsavat və daşnak silahlı dəstələrinin darmadağın edilməsində XI Qızıl Ordu hissələrinə A.Şadlinskinin başçılıq etdiyi “Qırmızı tabor” böyük kömək göstərmişdir. "Qırmızı tabor"çuların müsavat və daşnaklara qarşı döyüşlərdə göstərdikləri igidlik və şücaətlərinin qarşılığında, onlardan 19 nəfər "Qırmızı bayraq" ordeni ilə təltif olunmuşdur.
1918-1919-cu illərin yay aylarında daşnak hərbi hissələrinin Vediyə hücumlarının qarşısının alınmasında böyük şücaət göstərən "Qırmızı tabor"çular, sonradan A.Şadlinskinin əmri ilə nizami daşnak ordusunun üstün qüvvələri qarşısında kəndi döyüşlə tərk etmiş, Vedibasar və Zəngibasar əhalisinin əksər hissəsi ilə İran ərazisinə keçərək, əvvəlcə Xoy şəhəri yaxınlığında, sonra isə Mərənd şəhəri ətrafında mövqe tutmuşdular.
28 iyul 1920-ci ildə Naxçıvanda sovet hakimiyyəti elan olunduqdan sonra Hərbi İnqilab Komitəsinin və Nəriman Nərimanovun dəvətini qəbul edərək, sentyabrın 17-də 200 nəfərlik "Qırmızı tabor" dəstəsi ilə Naxçıvana gəlmişdi; buradakı qırmızı qvardiya döyüşçüləri də onun dəstəsi ilə birləşmişdi. A.Şadlinski ilk vaxtlar Naxçıvan sərhədlərinin qorunmasına, sonra Zəngəzur istiqamətində öz dəstəsinin daşnak hissələri ilə fəal döyüş əməliyyatlarına başçılıq etmişdir. Onlar cəllad Dronun daşnak qüvvələrini darmadağın edərək, Naxçıvanda Sovet Hakimiyyətini qurmuş, burada ingilis-daşnak işğalına son qoymuşdur. O, bu xidmətləri müqabilində Nəriman Nərimanov tərəfindən "Qızıl Ulduz" medalı ilə təltif edilmişdir.
1921-ci ilin fevralından aprelin əvvəllərinə kimi İrəvanda daşnak qiyamının yatırılmasında qəhrəmanlıq göstərmişdi. Daşnaklarla döyüşlərdə göstərdikləri şücaətə görə, A.Şadlinski başda olmaqla, "Qırmızı tabor"un 19 nəfər üzvü Ermənistan SSR-nin "Qırmız bayraq" ordeni ilə təltif olunmuşdur.
1921-ci ilin yayınada A.Şadlinskinin döyüşçüləri Dərələyəz və Zəngəzurda daşnak quldurlarının darmadağın edilməsində qəhrəmanlıq göstərmişdilər.
Ermənistanda və Zəngəzurda daşnak fitnəkarlıqlarına son qoyulduqdan sonra, A.Şadlinski 1922-ci ilin sonunadək Naxçıvanda qalmış və buranın sərhədlərinin qorunmasına rəhbərlik etmişdi.
Bundan sonra Vediyə qayıdan Şadlinski 1922-1928-ci illərdə Ermənistanda bir sıra məsul təsərrüfat vəzifələrində çalışmış, sonra isə burada yaradılan Dəvəli sement zavodu tikintisinin rəhbəri təyin olunmuşdur.
Abbasqulu bəy Şadlinski banditlərlə vuruşmada 1930-cu ilin fevral ayında qəhrəmancasına həlak olmuşdur.
Abbasqulu bəy Şadlinski bolşeviklərə xas olan yüksək prinsipiallıq, düzlük, kommunist ideallarına hədsiz sədaqət, zəhmətkeşlərə məhəbbət, beynəlmiləlçilik, düşmənlərə qarşı barışmazlıq kimi gözəl keyfiyyətləri özündə təcəssüm etdirmişdi. Azərbaycan xalqının şanlı oğlu, böyük, məzmunlu və dərin mənalı həyat yolu keçmiş Abbasqulu bəy Şadlinskinin xidmətlərinə yüksək qiymət verilmişdir.
Zaqafqaziyada Sovet hakimiyyəti uğrunda mübariz Abbasqulu bəy Şadlinski 25 aprel 1921-ci ildə Ermənistan SSR-nin Qırmızı Bayraq ordeni ilə təltif edilmişdir.
Fərman Kərimzadənin "Qarlı aşırım" romanı və onun süjeti əsasında "Azərbaycanfilm" kinostudiyasında rejissor Kamil Rüstəmbəyov tərəfindən 1970-ci ildə çəkilən "Axırıncı aşırım" bədii filmi Şadlinskinin həyat və fəaliyyətindən bəhs edir.
Bu gün biz Abbasqulu bəy Şadlinskinin xatirəsini, öz həyatını xalqların gözəl gələcəyi uğrunda mübarizəyə həsr etmiş bütün bolşeviklərin ölməz hünərini minnətdarlıqla yad edirik.





0 Комментарии