Proletar, sosialist beynəlmiləlçiliyi marksizm – leninizmin başlıca prinsiplərindən biri, sosializm uğrunda mübarizədə qüdrətli və sınanmış silahdır. O, kommunist təşkilatın Lenin milli siyasətinin mahiyyətini, kommunist hərəkatın beynəlxalq fəaliyyətinin əsas məzmununu təşkil edir. Beynəlmiləl tərbiyə zəhmətkeşlərin kommunist tərbiyəsi sahəsində kommunist təşkilatının bütün işinin tərkib hissəsidir.
SSRİ daxilində bu siyasətin həyata keçirilməsinin ümumiləşdirici nəticəsi öz əksini milli məsələnin – ictimai həyatın ən kəskin, ən çətin məsələlərindən birinin həll olunmasında tapırdı. Lenin milli siyasəti SSRİ-nin milli - dövlət qurluşunda, SSRİ-nin bütün millət və xalqlarının iqtisadi və mədəni tərəqqisində, xalqların həyatverici dostluğunda, bərabərlik, mehriban əməkdaşlıq və könüllülük əsasında bir-birinə hərtərəfli yaxınlaşmasında, adamların yeni sosial və beynəlmiləl birliyinin – vahid sovet xalqının yaranmasında təcəssüm edirdi.
Sovetlər birliyində millətlərin və xalqların bir-birinə daha da yaxınlaşması obyektiv proses idi. Kommunistlər bu prosesin süni surətdə sürətləndirilməsinin əleyhinə idi, buna heç ehtiyac da yox idi, bu proses sovet həyatının bütün gedişindən irəli gəlirdi. Eyni zamanda kommunistlər millətlərin bir-birinə yaxınlaşması prosesini ləngitmək, bu və ya digər bəhanə ilə həmin prosesə mane olmaq, milli əlahiddəliyi süni surətdə möhkəmlətmək məqsədi ilə göstərilən hər hansı cəhdləri yolverilməz hesab edir. Çünki bu, cəmiyyətimizin inkişafının əsas istiqamətinə, kommunistlərin beynəlmiləlçilik ideallarına və ideologiyasına, sosializm quruculuğunun mənafelərinə zidd olardı.
Beynəlxalq aləmdə Sov.İKP-nin və sovet dövlətinin proletar, sosialist
beynəlmiləlçiliyi öz ifadəsini sosializm ölkələri dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində, dünya kommunist və fəhlə hərəkatının birlik və yekdilliyinin möhkəmləndirilməsinə qayğı göstərilməsində, xalqların milli azadlıq mübarizəsinin, zəmanəmizin bütün tərəqqipərvər qüvvələrinin müdafiə edilməsində tapırdı. Kommunistlər mübariz inqilabi şüara – “Bütün ölkələrin proletarları, birləşin”! şüarına bu gün də sadiqdir və onu ardıcıl olaraq həyata keçirirlər.
Bu gün proletar beynəlmiləlçiliyindən əl çəkməyi təklif edənlər də var. Fikrimcə, proletar beynəlmiləlçiliyindən əl çəkmək kommunist təşkilatlarını, ümumiyyətlə fəhlə hərəkatını qüdrətli və sınanmış silahdan məhrum etmək olardı. Yeri gəlmişkən deyim ki, sinfi düşmən özünün antikommunist fəaliyyətini beynəlxalq miqyasda fəal şəkildə əlaqələndirir. Biz proletar beynəlmiləlçiliyini müdafiə etməyi hər marksist – leninçi üçün müqəddəs vəzifə hesab edirik.
Kommunist təşkilatların sülh, gərginliyin zəiflədilməsini dərinləşdirmək uğrunda, sürətlə silahlanmanı cilovlamaq, nüvə müharibəsi təhlükəsini aradan qaldırmaq uğrunda mübarizəsi – planetimizdə bütün adamların zəruri, ən ümdə həyati mənafeyinə uyğun olan bu mübarizə kommunistlərin beynəlmiləlçiliyinə parlaq sübutdur. Sülh ən mühüm sərvət, fəaliyyətimizin hər bir sahəsində müvəffəqiyyət üçün həlledici amil, fəhlə sinfinin beynəlmiləl vəzifələrinin müsbət həll olunması üçün başlıca şərtdir.
Proletar, sosialist beynəlmiləlçiliyi ictimai tərəqqinin möhtəşəm qüvvəsidir. Ona görə də kommunistlər sosialist beynəlmiləlçiliyini hər vasitə ilə möhkəmləndirilməsinə, onun prinsiplərinin yayılmasına və inkişaf etdirilməsinə müntəzəm qayğı göstərirlər. Dünya kommunist və fəhlə partiyaların toplantılarında proletar beynəlmiləlçiliyi, xalqlar dostluğu ideyaları dərindən işlənib hazırlanır, inkişaf etdirilir və həyata keçirilir.
Ədalət Abdinov



0 Комментарии