Recents in Beach

21 Azər hərəkatının yaranmasında Azərbaycan Kommunist Partiyasının rolu


Bu gün dekabr ayının 12-si (Azər ayının 21-i) Güney Azərbaycan Milli Məclisinin işə başlamasının və Seyid Cəfər Pişəvəri başda olmaqla, Azərbaycan Milli Hökumətinin yaranmasının 80 illiyi tamam olur. Xalqımızın və millətimizin yaddaşında, taleyində və tarixində önəmli yer tutan 21 Azər Hərəkatının təşkilatlanmasında Azərbaycan Kommunist Partiyasının xüsusi rolu olmuşdur.
1945-ci ildə Cənubi Azərbaycanda baş vermiş 21 Azər Hərəkatının (Azerbaycan Demokrat Firqəsinin yaradılması və Milli Hökumətin qurulması) əsas siyasi və ideoloji dayaqlarından biri Sovet Azərbaycanı və onun siyasi rəhbərliyi – Azərbaycan Kommunist Partiyası idi.

Cənubi Azərbaycanda formaca milli, məzmunca sosialist modelinə malik Azərbaycan Muxtar Demokratik Respublikasın (Azərbaycan Milli hökuməti) Sovet Ittifaq; Kommunist Partiyas;n;n 1941-1946-cı illərdə formalaşdırdığı "Cənubi Azərbaycan" siyasəti əsasında yaradılmışdı.

"Cənubi Azərbaycan" siyasətinin formalaşmasında Mir Cəfər Bağırov başda olmaqla Sovet Azərbaycanının mərkəzə təsirlərinin rolu böyük idi. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mir Cəfər Bağırov ilkin mərhəldə Cənubi Azərbaycanın birbaşa Sover Azərbaycanına ilhaq edilməsi üçün 1941-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Əziz Əliyevin rəhbərlik etdiyi qrupu Təbrizə göndərmişdi. 1942-ci ildə Əziz Əliyev geri qayıtdıqdan sonra M. C. Bağırov İran Azərbaycanında ayrıca muxtar milli sosialist dövlətinin qurulmasını və fürsət düşdükdə bu dövlətin gələcəkdə Azərbaycan SSR-ə birləşdirilməsini planlaşdırmışdı. 1945-ci ilin dekabrın 12-də Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə Milli Hökumətin qurulması Bağırovun "Bütöv Azərbaycan" siyasətinin bir parçası idi. Bu respublika qurulmamışdan əvvəl Bağırovla Pişəvəri arasında danışıqlar olmuşdu. Pişəvəriyə bu tapşırığı verən də Bağırov idi.
Azərbaycan Kommunist Partiyası uzun illər Cənubi Azərbaycanla bağlı məsələlərdə kommunist ideologiyasını əsas istiqamət kimi yayırdı. Şimalda qurulmuş sovet sistemi Cənubda da milli hüquqların genişləndirilməsi, ana dilinin bərpası, sosial islahatlar və anti-mərkəziyyətçi fikir formalaşdırılmasına ideoloji zəmin yaratdı. Bu ideoloji təsir 21 Azər Hərəkatında iştirak edən ziyalıların və fəalların düşüncəsinə ciddi təsir etmişdi. Beləliklə, Azərbaycan Kommunist Partiyası bu mühüm prosesə əsaslı ideoloji dəstək vermişdir.
Azərbaycan Kommunist Partiyası 21 Azər Hərəkatının siyasi təşkilatlanmasında yardımçı olmuşdu. 21 Azər Hərəkatın rəhbəri Seyid Cəfər Pişəvəri uzun müddət Sovet Azərbaycanında yaşamış və Azərbaycan Kommunist Partiyası ilə sıx əlaqədə olmuşdu. Azərbaycan Kommunist Partiyası və partiyanın Bakı rəhbərliyi Pişəvərinin Cənuba qayıdışını və orada siyasi təşkilatlanma prosesini dolayısı ilə stimullaşdırırdı. Bu təşkilatlanma nəticəsində 1945-ci ilin noyabrında Azərbaycan Demokrat Firqəsi (ADF) yaradıldı.
Azərbaycan Kommunist Partiyası Azərbaycan Demokrat Firqəsinə kadr və intellektual yardım göstərmişdir. Partiya Cənubi Azərbaycana müəllimlər, mətbuat işçiləri jurnalistlər, idarəçilik təcrübəsi olan şəxslər göndərmişdir. Onlar Cənubda məktəblərin açılmasında, qəzetlərin (xüsusilə “Azərbaycan” qəzeti) yaradılmasında, maarifçilik və təşkiletmə işlərində mühüm rol oynadılar.
Azərbaycan Kommunist Partiyası Cənubi Azərbaycanda Milli hökumətə mədəni və təhsil resurslarının təmin edilməsində kömək etdi. Sovet Azərbaycanı Cənubi Azərbaycana dərsliklər, məktəb avadanlığı, çap materialları, ana dilində mətbuat dəstəyi göndərirdi. Bu, hərəkatın “Azərbaycan türkcəsinin rəsmi dil olması” kimi tələblərinin həyata keçirilməsinə şərait yaratdı.
21 Azər Hərəkatının yaranması İranın daxili siyasi zəifləməsi və II Dünya müharibəsindən sonra bölgədə SSRİ–Qərb qarşıdurmasının güclənməsi fonunda baş verdi. SSRİ rəhbərliyi Cənubi Azərbaycan məsələsində müəyyən maraq göstərirdi və bu siyasətin icrasında Azərbaycan Kommunist Partiyasının rəhbərliyinin, şəxsən M.C.Bağırovun rolu nəzərə çarpırdı. Bu dəstək hərəkatın qısa müddətdə genişlənməsinə və 1945-ci il sentyabrın 3-də Azərbaycan Demokrat Firqəsinin, dekabrda Azərbaycan Milli Hökumətinin qurulmasına təkan verdi.
Azərbaycan Kommunist Partiyasının təşviqi ilə Cənubda özünümüdafiə dəstələri, yerli idarəetmə şuraları, kənd və şəhər komitələri yaradıldı. Bunlar Milli Hökumətin dayaqlarını təşkil etdi və yerli özünütəşkil formalarının gücləndirilməsinə səbəb oldu.
Beləliklə, Azərbaycan Kommunist Partiyası 21 Azər Hərəkatının ideoloji formalaşması, təşkilatlanması, kadr təminatı və mədəni-siyasi güclənməsində mühüm rol oynamışdır. Bu rol birbaşa hərbi müdaxilə deyil, daha çox siyasi, ideoloji və təşkilati dəstək şəklində idi. Bunun sayəsində hərəkat qısa müddətdə genişlənərək, Cənubi Azərbaycanda Milli Hökumətin qurulmasına nail oldu.

Ədalət Abdinov

Отправить комментарий

0 Комментарии