
1969-1982-ci illərdə Heydər Əliyevin Azərbaycana rəhbərliyi onun SSRİ-də ən görkəmli siyasi xadim, rəhbər və dövlət başçısı olduğunu göstərdi. 1982-ci ilin sonunda Moskvaya partiya və dövlət hakimiyyətinə yüksək vəzifəyə irəli çəkildi. SSRİ Ali Soveti Rəyasət Heyətinin 22 noyabr 1982-ci il tarixli qərarı ilə Heydər Əlirza oğlu Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. Bununla onun həyatında və fəaliyyətində yeni dövr başlandı. Bütün SSRİ-nin sosial-iqtisadi və mədəni inkişafına rəhbərlik etmək, Sovet hökumətinin iqtisadi inkişaf strategiyasını istiqamətləndirmək, görkəmli siyasi və dövlət xadimi kimi SSRİ-nin xarici siyasətinin həyata keçirilməsi, xarici dövlətlərlə qarşılıqlı münasibətlər yaradılması uğrunda məsuliyyətli və çətin vəzifələrin yerinə yetirilməsi kimi fəaliyyət dövrü başlandı.
SSRİ Nazirlər Soveti Rəyasət Heyətinin 15 dekabr 1982-ci il tarixli qərarı ilə Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əlirza oğlu Əliyevə:
a) SSRİ Yollar Nazirliyi, Dəniz Donanması Nazirliyi, Yol Tikinti Nazirliyi, Rabitə Nazirliyi, eləcə də, müttəfiq respublikaların avtomobil, çay nəqliyyatı və yol təsərrüfatı məsələlərinə nəzarət;
b) SSRİ Nazirlər Sovetinin Baykal-Amur dəmir yolu tikintisi məsələləri üzrə daimi komissiyasına rəhbərlik həvalə edilir.
SSRİ Nazirlər Soveti Rəyasət Heyətinin 1983-cü il fevralın 2-də keçirilən iclasında isə Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevə Ümumittifaq Səhiyyə Nazirliyi, Tibb Sənayesi Nazirliyi, Mədəniyyət Nazirliyi, Maarif Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi, Dövlət Texniki-Peşə Təhsili Komitəsi, Dövlət Teleradio Verilişləri Komitəsi, Dövlət Kinematoqrafiya Komitəsi, Dövlət Nəşriyyatı, İdman Komitəsi, SİTA, Dövlət Arxiv və Müəlliflik Hüququ Agentliyi üzrə məsələlərin baxılması tapşırılır.
Heydər Əliyev böyük ərazidə yerləşən Sovetlər İttifaqının nəqliyyat sisteminə, iqtisadiyyatın inkişafında onun həlledici roluna yüksək qiymət verirdi. O, nəqliyyatı bir növ bütün ölkənin qan dövranı - arteriya damarı hesab edirdi. Nəqliyyatın işinə özünün yaratdığı konsepsiya ilə rəhbərlik edirdi. Hesab edirdi ki, nəqliyyata rəhbərliyə iqtisadi, siyasi və psixoloji baxımından yanaşmaq lazımdır.
Heydər Əliyevin idarəetmə konsepsiyasına görə, nəqliyyatın iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, o, istehsalın kooperativləşdirilməsini, müttəfiq respublikaların təsərrüfat əlaqələrinin, ölkələrin və vilayətlərin, ərazi-istehsalat komplekslərinin səmərəliyini müəyyənləşdirir, onların vahid xalq təsərrüfatında birliyini təmin edir.
Siyasi cəhətdən - nəqliyyat insanların vahid ailənin üzvü olmasını hiss etməsinə şərait yaradır, şəhərlə kəndi yaxınlaşdırır, beynəlxalq əmək bölgüsündə iştirak etməyi xeyli asanlaşdırır.
Psixoloji cəhətdən - hər bir vətəndaş nəqliyyat xidmətindən gündəlik istifadə edir. Ona görə də nəqliyyat, xüsusilə şəhər nəqliyyatı, onun işinin keyfiyyəti əhalinin böyük kütləsinin psixoloji mühitinə, bütün xalqın əmək əhvali-ruhiyyəsinə ciddi təsir edir.
Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin nəqliyyat məsələlərinə nəzarət etməsi tezliklə özünün müsbət nəticəsini göstərdi, bu sahədə vəziyyət xeyli dəyişdi. Dəmir yolunun inkişafına dair hazırlanan kompleks planların həyata keçirilməsi nəticəsində təşkilatçılıq və təsərrüfatçılıq işi yüksəldi. Nəqliyyat işində canlanma başlandı.
1983-cü ildən başlayaraq nəqliyyat sahəsində irəliləyiş başlayır. Heydər Əliyevin iştirakı ilə kollegiya iclasları keçirilir, görülən işlər yekunlaşdırılır, istehsalın təşkilində və inkişafında yeni istiqamətlər müəyyən edilir.
Heydər Əliyev ən kiçik işlərdən böyük işlərədək olan müraciətlərə belə diqqətlə yanaşır, onların həll edilməsi üçün təcili tədbirlər həyata keçirirdi.
Hələ 1983-cü il yanvarın 13-də Krım vilayətinin Saki şəhərindən müharibə və əmək veteranı P. Okunevin Moskva - Yevpatoriya istiqamətində hərəkət edən qatarın gecikməsi və vaqon-restoranda qeyri-qənaətbəxş xidmət haqqında SSRİ Nazirlər Sovetinə məktubu daxil olmuşdu. Məktubla tanışlıq Heydər Əliyevi ciddi narahat etmiş, o, vəziyyəti dərindən öyrənmişdi. Nöqsanlar həm dəmir yol nəqliyyatına, həm də Ticarət Nazirliyinə aid olduğu üçün Heydər Əliyevin 26 yanvar tarixli göstərişi ilə hər iki nazirlik məktubla məşğul olaraq, artıq martın 1-də onlar nöqsanların aradan qaldırılması haqqında Nazirlər Sovetinə hesabat vermişdilər. Bu operativ münasibətin bütün dəmir yolunda işlərin və xidmətin qaydaya salınmasında ciddi təsiri oldu. SSRİ Yollar Nazirliyinin cavabında göstərilirdi ki, Nazirlər Soveti sədrinin birinci müavininin 26 yanvar tarixli göstərişinə əsasən, nöqsanların aradan qaldırılması üçün ciddi tədbirlər görülmüşdür və bununla əlaqədar olaraq mart ayında dəmiryol nəqliyyatında vəziyyətin yaxşılaşdırılması məsələsinə dair Nazirliyin Kollegiyasının geniş iclasının keçirilməsi nəzərdə tutulmuşdu. Ticarət Nazirliyi isə cavabında Krım istiqamətində hərəkət edən qatarlarda vaqon-restoranların xidmətini yaxşılaşdırmaq üçün tədbirlər planı hazırladığı və ciddi təşkilati tədbirlər gördüyü haqqında məlumat verirdi.
Bir nəfər müharibə və əmək veteranının müraciəti ilə Heydər Əliyev bütün SSRİ məkanında kollektivləri bu istiqamətdə nöqsanların aradan qaldırılması və işlərin təşkilinin keyfiyyətinin yüksəldilməsinə səfərbər etmişdi.
1983-cü ildə Heydər Əliyevin ünvanına dəmir yolunda geriliyin aradan qaldırılması, qarşıda duran vəzifələrin həyata keçirilməsi haqqında zəhmətkeşlərin müxtəlif təklif və arzularını əks etdirən saysız məktublar daxil olurdu. Bunlarla yanaşı, sərnişin daşınmasının təşkilində ciddi çatışmazlıqlar, sərnişin qatarlarının gecikməsi, həm qatarlarda, həm də vağzallarda sərnişinlərə xidmətin pis təşkili, sərnişinlərə qulluq xidmətinin aşağı səviyyədə olması, baqajların itməsi və i.a. məsələlər barəsində şikayətlər gəlirdi. İkinci Dünya müharibəsinin iştirakçısı K. Ulmaqanbetov Aktübinsk vilayətinin Çelkarsk rayonundan yazırdı ki, rüşvətlə biletsiz sərnişinlər daşınır, az tapılan malların alveri edilir, Daşkənddən Moskvaya gedən qatarlarda özbaşınalığa, sui-istifadələrə yol verilir və i.a
Bütün məktubları, ərizələri, məlumatları ciddi nəzərdən keçirərək Heydər Əliyev 1983-cü il avqustun 13- də onları baxılmaq üçün SSRİ Yollar Nəqliyyatı naziri Konarevə göndərmişdi. O, nazirə məktubda yazırdı: «Xahiş edirəm zəhmətkeşlərin məktublarında qoyulan məsələlərə baxın və zəruri tədbirlər görün».
1984-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin ünvanına göndərilən məktubların, ərizələrin məzmununun ümumiləşdirilməsindən aydın olur ki, son dövrdə dəmir yolu nəqliyyatında müsbət meyllər nəzərə çarpdığını zəhmətkeşlərin özləri də qeyd edirdilər. Bu xalq təsərrüfatının başqa sahələrinin də müvəffəqiyyətini təmin edir. Bununla yanaşı, məktub müəllifləri istismar işində, əmək və istirahətin təşkilində, lokomotiv briqadalarının əmək haqqının ödənilməsində ciddi səhlənkarlıqlar olduğunu göstərirdilər.
1984-cü il avqustun 2-də Heydər Əliyev SSRİ Yollar Nəqliyyatı nazirinə yazırdı: «Xahiş edirəm zəhmətkeşlərin məktublarında qoyulan məsələlərə ciddi diqqət verin və dəmir yolu nəqliyyatında olan çatışmazlıqların aradan qaldırılması üçün zəruri tədbirlər görün".
1984-cü il yanvarın 17-də SSRİ Yollar Nazirliyi, Dəmiryol Nəqliyyatı və Tikinti-Nəqliyyat Fəhlələri Həmkarlar İttifaqının Mərkəzi Komitəsinin Rəyasət Heyətinin geniş kollegiya iclasında, yanvarın 23-də TikintiNəqliyyat Nazirliyi və Dəmiryol Nəqliyyatı, Tikinti-Nəqliyyat, Avtomobilqayırma və Yol Tikintisi Fəhlələri Həmkarlar İttifaqının Mərkəzi Komitələri Rəyasət Heyətləri ilə iclasda Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev iştirak edirdi.
Heydər Əliyev 1984-cü il yanvarın 23-də Nəqliyyat Tikintisi Nazirliyinin geniş kollegiya iclasında da geniş nitq söyləmişdi.
1983-cü ildə Nəqliyyat-Tikinti Nazirliyində istehsalın ümumi həcmi 1982-ci ilə nisbətən 1,9 milyon manat artmışdı. Yeni dəmiryol xətləri tikilir, dəmir yollarının elektrikləşdirilməsi həyata keçirilirdi. Baykal-Amur dəmiryol xəttinin tikintisi və metropolitenin tikintiləri böyük müvəffəqiyyətlə aparılırdı. Nəqliyyat-Tikinti Nazirliyinin 1983-cü ildəki fəaliyyətinin Heydər Əliyevi qane etdiyi bildirilir.
Bunlarla yanaşı, Heydər Əliyev əsas diqqəti qarşıda duran vəzifələrin yerinə yetirilməsi, mövcud çatışmazlıqların aradan qaldırılmasına yönəldir. Nazirliyin qarşısında əsaslı tikintinin keyfiyyətini yüksəltmək, onu özünün təsərrüfat-iqtisadi fəaliyyətinin əsas istiqamətinə çevirməkdən ibarətdir. Heydər Əliyev SSRİ Tikinti Nazirliyinin 23 yanvar 1984-cü il tarixli geniş kollegiya iclasında çıxışında cari ildə həyata keçiriləcək, görüləcək işlərin kəmiyyət və keyfiyyətini ətraflı göstərdi, qarşıda duran vəzifələrin yüksək səviyyədə icra edilməsində kollektivləri proqram sənədi ilə silahlandırdı. Ayrı-ayrı regionlar üzrə planların yerinə yetirilməsində əməyin səmərəli təşkilinin yollarını göstərdi. Məsələn, Sibir, Qazaxıstan, Kuzbas, Volqaboyunda podrat işlərin həcminin keçən ilkinə nisbətən 12-20 faiz artırılması imkanlarını aşkarladı.
Heydər Əliyev diqqəti belə bir məsələyə yönəltdi ki, ümumiyyətlə, podrat işlərin illik artım büreti beşillik plan tapşırıqları üzrə nisbətdə aşağı düşür. Məsələn, əgər doqquzuncu beşillikdə Nəqliyyat-Tikinti Sənayesi üzrə bu 6,8 faiz təşkil edirdisə, onuncu beşillikdə 4 faizə düşmüşdü, 1983-cü ildə isə yalnız 3,3 faiz təşkil edirdi. Heydər Əliyevin çıxışında Nəqliyyat-Tikinti Nazirliyinin bölmələrinin işi təhlil edildi və ciddi nöqsanlar üzə çıxarıldı. Tikinti-montaj işlərində səviyyənin aşağı düşdüyünü faktlarla sübut edən Heydər Əliyev bu meylin heç nə vermədiyini, onunla razı olmadığını göstərdi və nazirliyin bu məsələyə ciddi diqqət verməsini tələb etdi.
Kollegiyada çıxış edən Qorki dəmiryolunun rəisinin çıxışına münasibətini göstərərək onunla da razılaşmadığını göstərdi. Heydər Əliyev burada da problemlərin mövcud olduğunu meydana çıxardı. Belə ki, o, öz çıxışında vaqon təmiri üçün obyektlərin, elektrikləşmə üzrə işlərin, səyyar zavodların tikintisi, yaşayış və kommunal tikintisinin ciddi geriliklərilə razılaşmadığını açıq şəkildə bildirdi. Belə ki, nazirlik tərəfindən tikintimontaj işləri planı cəmi 70 faiz yerinə yetirilmişdi. Dəmir yollarının sənaye müəssisələrilə əlaqəli inkişaf etməməsi də yük daşınmasının ritmik inkişafına mane olurdu.
Heydər Əliyev 1983-cü ildə Nəqliyyat-Tikinti Nazirliyinin və Yollar Nazirliyinin fəaliyyətini yekunlaşdıraraq təəssüflə qeyd etmişdi ki, onlar qarşısında əvvəl qoyulan vəzifələr yerinə yetirilməmişdir.
Bunlar barədə hələ əvvəllər də tapşırıqlar verilməsinə baxmayaraq, Baş nazirin birinci müavini məsələni qəti və prinsipial qoyur: «Nəqliyyat-Tikinti naziri, Yollar naziri və hər iki nazirliyin kollegiyaları bir ay müddətində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi tədbirlərini hazırlayıb Nazirlər Sovetinə təqdim etməlidirlər. Tədbirlər konkret, dəqiq, real olmalıdır, biz isə Nazirlər Sovetində bu tapşırıqların yerinə yetirilməsini nəzarət qaydasında, - baxmayaraq ki, ikinci dəfə veririk, - bu məsələni birinci kvartalın yekunlarında dinləyirik».
Kollegiya iclasında Heydər Əliyevin iştirakı və dərin məzmunlu, ətraflı çıxışı nazirliklərin və bütün kollektivlərin fəaliyyətində böyük proqram senədir kimi qəbul edildi. Eyni zamanda kollektivlərin 1984-cü il sosialist öhdəliklərində SSRİ Nazirlər Soveti sədrinin birinci müavininin tövsiyələri və məsləhətləri öz əksini tapacağı qeyd edildi.
1983-cü il martın 4-də SSRİ Nazirlər Sovetinin Baykal-Amur dəmiryol xəttinin tikintisi üzrə komissiyanın Heydər Əliyevin sədrliyi ilə ilk iclası keçirildi. İclasda komissiyanın üzvləri, Sov.İKP MK-nın, SSRİ Nazirlər Sovetinin, SSRİ Dövlət Plan Komitəsinin, SSRİ Dövlət Tikinti, SSRİ Tikinti Bankı və SSRİ nazirliklərinin məsul işçiləri iştirak edirdilər.
İclasda: 1) Baykal-Amur dəmiryol xəttinin tikintisi üzrə 1982-ci il planının yerinə yetirilməsi vəziyyəti və 1983-cü il planının yerinə yetirilməsinin təmin edilməsi haqqında; 2) Baykal-Amur dəmiryol xəttinin bütün sahələrində qatarların birbaşa hərəkətinin açılışının təmin edilməsi və Sov.İKP XXVI qurultayının qərarına əsasən on birinci beşillikdə onun ayrı-ayrı hissələrinin daimi istismara verilməsi; 3) BAM-da Şimali Muysk və Kadarsk tunellərinin tikintisinin gedişi və Şimali Muysk tunelindən dəmiryolu dövrəsinin tikintisi kimi zəruri məsələlər müzakirəyə qoyulmuşdu. Məsələlərin müzakirəsindən aydın oldu ki, 1982-ci il planında BAM-da obyektlərin tikintisi 109 faiz, bilavasitə xəttin tikintisi 112 faiz yerinə yetirilmişdir. Yollar Nazirliyi və Nəqliyyat-Tikinti Nazirliyi 1982-ci ildə Ural-Postışevo xəttinin daimi istismara verilməsi, mənzil, məktəb, uşaq bağçaların və xəstəxanaların tikintisi planını yerinə yetirmişlər. Bunlarla yanaşı tikintinin həyata keçirilməsində ciddi çatışmazlıqlar da meydana çıxarıldı. Nöqsanların, çatışmazlıqların, geriliklərin və i.a aradan qaldırılması üçün nazirliklər, təşkilatlar, idarələr, hami təşkilatlar, maliyyə orqanları qarşısında konkret, ciddi vəzifələr qoyuldu.
Aşkar oldu ki, nə Yollar Nazirliyi, nə də Nəqliyyat-Tikinti Nazirliyi tərəfindən 1983-cü ilin əvvəlinə kimi SSRİ Nazirlər Sovetinin göstərişinə uyğun olaraq buraxılış komplekslərinin təsdiq edilmiş planı və qatarların xətti üzrə birbaşa hərəkətinin müəyyən edilmiş kompleksi hazırlanmışdır. Ona görə də həmin nazirliklər qarşısında qeyd edilən çatışmazlıqların aradan qaldırılması və perspektiv inkişaf proqramı işləyib hazırlamaq və bu barədə 1983-cü ilin aprelində komissiyaya məlumat vermək vəzifəsi qoyuldu.
Şimali Muysk tunelinin tikintisinin qeyri-qənaətbəxş aparılması qeyd edildi. 6 il aparılan tikintidə 1983- cü il yanvarın 1-nə kimi 30 faiz iş görülmüşdü.
Ümumiyyətlə, Baykal-Amur tikintisi üzrə komissiyanın Heydər Əliyevin sədrlik etdiyi birinci iclasında çox ciddi çatışmazlıqlar və nöqsanlar aşkar edildi. Onların aradan qaldırılması üçün hərtərəfli, düşünülmüş kompleks tədbirlər proqramı müəyyən edildi.
1985-ci il yanvarın 25-də Heydər Əliyevin iştirakı ilə Nəqliyyat-Tikinti Nazirliyinin geniş kollegiya iclası keçirildi. İclasda 1984-cü ildə nazirliyin fəaliyyətinin yekunları və 1985-ci il planının və ümumiyyətlə, beşilliyin bütövlükdə həyata keçirilməsinin təmin edilməsi haqqında Nəqliyyat-tikinti nazirinin məruzəsi dinlənil di. 1984-cü il üçün müəyyən edilmiş planların yerinə yetirildiyi qeyd edildi. Kollegiya iclasında Heydər Əliyevin çıxışında 1984-cü ildə həyata keçirilən tədbirlərə, görülən işlərə yekun vuruldu və nəqliyyat-tikinti sahəsində qarşıda duran vəzifələrin səmərəli həyata keçirilməsini təmin etmək və beşillik planları tamamilə yerinə yetirmək əsas vəzifə kimi qarşıda qoyuldu.
Həmin il yanvarın 30-da isə Yol Nəqliyyatı Nazirliyinin, Dəmiryol Nəqliyyatı və Nəqliyyat-Tikinti Fəhlələrinin Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin geniş iclası keçirildi. İclasda Heydər Əliyev iştirak edirdi. İclasda dəmiryollarının, şöbələrin, sənaye müəssisələrinin və sahə tikinti təşkilatlarının fəaliyyəti hərtərəfli müzakirə edildi. 1984-cü il üçün nazirliyin yük dövriyyəsi və xalq təsərrüfatı yüklərinin daşınması sahəsində planların yerinə yetirilməsi qeyd edildi. Maraqlıdır ki, yük daşınması həcminin bütövlükdə artımı əmək məhsuldarlığının yüksəldilməsi hesabına mümkün olmuşdu. Bu da nəqliyyat və tikintidə əmək məhsuldarlığının artırılması haqqında Heydər Əliyevin göstərişlərinin həyata keçirilməsinin nəticəsi idi.
Nazirliyin geniş iclasında Heydər Əliyevin çıxışında irəli sürülən vəzifələr mühüm proqram sənədi kimi qəbul edildi.
Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsi ərəfəsində ölkədə nəqliyyatın işi tələbata cavab vermirdi. Planlar yerinə yetirilmirdi, ciddi çətinliklər və geridəqalma halları mövcud idi. 1981- 1982-ci illərdə dəmiryolu nəqliyyatında vəziyyət ağır idi. Xeyli kapital qoyulmasına baxmayaraq, dəmiryolunun inkişafı ildən-ilə geri qalırdı. 1982-ci ilin dekabrından dəmiryol nəqliyyatı sahəsinə Heydər Əliyevin nəzarət etməsi ilə vəziyyət dəyişdi. Artıq 1983-1984-cü illərdə dəmiryolu işçiləri yük daşınmasında geriləməyə son qoydular. 1984-cü ildə bütün göstəricilər üzrə plan artıqlaması ilə yerinə yetirildi. 1981-1982-ci illərdən qalan borclar ləğv edildi. Nəqliyyata geniş miqyasda köməyin təşkili, dəmiryol kollektivlərinin səfərbər edilməsi nəticəsində onların işində dönüş yarandı. 1985-ci ilin oktyabrında yük daşınmasında qalan borclar aradan qaldırıldı. On ayda plandan əlavə 7,5 milyon ton xalq təsərrüfatı məhsulları daşındı. Yükdaşıma sahəsində çalışan işçilərin əmək məhsuldarlığının artırılması sahəsində plan tapşırığı yerinə yetirildi. Bütün bu uğurlar Heydər Əliyevin 1985-ci il noyabrın 11-də Cənubi Ural dəmiryolunun Kurqan qovşağında partiyanın hesabat-seçki yığıncağındakı çıxışında qeyd edilmişdi. O, görülmüş işləri qeyd etməklə yanaşı, həm də qarşıda duran inkişaf istiqamətlərini müəyyən etmişdi. Heydər Əliyev ölkə dəmiryolçularının işinin əsas istiqamətini iqtisadi artımın intensiv amillərinə yönəldirdi. Dəmiryolunda elmi-texniki tərəqqinin sürətləndirilməsində işlərin intensivləşdirilməsini zəruri hesab edirdi. İşin gedişini təhlil edərək Kurqan qovşağında son beş ildə əmək prosesinin mexanikləşdirilməsinin yalnız 7 faiz artımını kifayət hesab etməmişdi. Heydər Əliyev iclasda obrazlı şəkildə qeyd edirdi ki, «Əgər gələcəkdə də bu sürətlə gedilsə, tam mexanikləşməyə səkkiz beşillik lazım olacaqdır! Əlbəttə ki, başa düşmək lazımdır. Biz XXI əsrə toxmaq və bel ilə gedə bilmərik». Heydər Əliyev dəmiryolunda işin keyfiyyətinin yüksəldilməsinin əsas amili kimi intizam və təşkilatçılığa, mütəşəkkilliyə xüsusi fikir verməyi qarşıya bir vəzifə kimi qoyurdu. «Dəmiryolu, hər şeydən əvvəl, dəmir intizam və mütəşəkkillikdir».
Dəmiryolunda intizam yaradılması və xidmətin yüksək səviyyədə həyata keçirilməsi ümumi işin yüksək səviyyədə həyata keçirilməsinin əsas şərtlərindən biri idi. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi dəmiryolunda vəziyyəti dərindən öyrənir və nöqsanları aradan qaldırmaq üçün təcili tədbirlər görür.
Baykal-Amur magistralının (BAM) tikintisini sürətləndirmək və keyfiyyətini yüksəltmək məqsədilə bu obyektə rəhbərlik edən Heydər Əliyev 1984-cü il iyunun 3-dən 10-na kimi tikinti regionunda olub, regionun əməkçiləri ilə görüşmüş, bütün tikinti obyektlərini nəzərdən keçirərək, dəmiryolu xətti boyunca tikilən yeni qəsəbələr və şəhərlərlə tanış olmuşdu. Fəhlə və mütəxəssislərlə görüşdə BAM-da bütün istiqamətlərdə qatarların hərəkətini təmin etmək üçün kollektivlərin öhdəliklərinin yerinə yetirilməsi məsələlərinə xüsusi diqqət yetirmişdi.
Şərqi Sibirdə və Uzaq Şərqdə nəqliyyat əlaqələrinin inkişaf perspektivi və onun bu zonanın sosial-iqtisadi inkişafında təbii sərvətlərinin kompleks mənimsənilməsində rolu səfərin əsas diqqət mərkəzində idi.
Heydər Əliyev başqa nəqliyyat vasitələrinin - xətlərinin vəziyyəti ilə də, Lena çayı üzərində limanda Şərqdə-Vrangel buxtasında, Vladivostok ticarət limanında vəziyyətlə də tanış olmuşdu. Xabarovsk və Primorsk diyarlarının partiya fəalları ilə görüşlərində ictimai istehsalın səmərəliliyinin artırılması vəzifələri, ideya-siyasi tərbiyə işinin möhkəmləndirilməsi məsələlərini müzakirə edərək özünün təklif, məsləhətlər və tapşırıqlarını vermişdi.
Heydər Əliyevi İrkutsk Vilayətinin, Buryat Muxtar Respublikasının, Çita Vilayətinin, Kursk Diyarının, Amur Vilayətinin, Xabarovsk Diyarının, Primorsk Diyarının partiya və sovet rəhbərləri, Uzaq Şərq hərbi dairəsinin, Sakit okean donanmasının rəhbərləri müşayiət edirdilər. Bu səfərdən qayıtdıqdan sonra, Sov.İKP MK Siyasi Bürosunun 5 iyul 1984-cü il tarixli iclasında Heydər Əliyevin Baykal-Amur dəmir yolunun tikintisi ilə əlaqədar olaraq bir sıra məsələlər üzrə məlumatı dinlənildi. SSRİ Dövlət Plan komitəsinin sədri, Nazirlər Soveti sədrinin müavini işləmiş N.K.Baybakov Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində fəaliyyəti haqqında göstərir ki, O, hökumətdə maşınqayırma və nəqliyyatdan tutmuş, sosial-mədəni sahəyədək çox müxtəlif sahələrə kuratorluq edirdi. Biz BAM-in tikintisinin gedişi barədə Siyasi Büroda bir neçə dəfə məruzə etmişdik. Məsələ ondadır ki, bu yol sadəcə, təsərrüfat əhəmiyyətli deyil, həm də hərbi-siyasi, strateji əhəmiyyətli bir yol idi.
Heydər Əliyev dəfələrlə tikinti obyektində olmuşdu. Heydər Əliyevə BAM tikintisində mane olanlar, əleyhdarlar da var idi. Bəziləri Heydər Əliyevə qarşı çıxaraq hesab edirdilər ki, birxətli yol tikmək lazımdır. «Heydər Əliyev bütün opponentlərinə layiqli və çox əsaslandırılmış cavablar verir, öz nöqteyi-nəzərini müdafiə edirdi. Ümumiyyətlə, O, prinsipial adam idi... Zənnimcə, O, təkcə Azərbaycanın deyil, həm də bütün SSRİ-nin xalq təsərrüfatının inkişafına böyük töhfə vermişdir».
1984-cü ildə Baykal-Amur magistralı hesabına SSRİ-də dəmiryolunun uzunluğu üç yüz min kilometrdən çox artmışdı. Qatarların vaxtından əvvəl hərəkətinin başlanması ölkə həyatında görkəmli hadisə idi. 1985-ci ildə BAM xəttinin tikintisinin ikinci mərhələsi başlandı. Lakin BAM sənaye və yaşayış diyarı kimi hələ yeni istifadə olunurdu. Heydər Əliyev BAM ətrafını mühüm sənaye bazasına, yaşayış sahəsinə çevirmək planını həyata keçirməyi irəli sürürdü. Sosial-iqtisadi və mədəni mərkəzə çevirməyə çalışırdı. O deyirdi ki, BAM sahəsində əhali artır, gənc inşaatçıların çoxu sibirli, uzaqşərqli olmağı qərara almışlar. Buna görə də yaşayış binaları tikintisinin, sosial-məişət əhəmiyyətli obyektlərin salınmasını sürətləndirmək lazımdır. BAM xəttinin tikintisini Heydər Əliyev Sibirin və Uzaq Şərqin böyük kəşfi kimi qiymətləndirirdi. Çünki bu tikinti ilə dəmiryolu xətti zonasında faydalı qazıntılarla zəngin olan böyük bir ərazi təsərrüfat dövriyyəsinə daxil olurdu. Ölkənin ehtiyat mənbələri misli görünməmiş şəkildə artırdı.
Heydər Əliyev böyük uzaqgörənliklə Altay Diyarının gələcək inkişaf perspektivlərini, onun ehtiyat mənbələrini müəyyən edirdi. Eyni zamanda diqqəti istifadə edilməmiş mənbələrə yönəldir, diyarda ictimai istehsalın intensivləşdirilməsi vəzifələrini müəyyən edirdi. O, obrazlı şəkildə qeyd edirdi: «Təsdiq edirlər ki, Altay adının kökü «qızıl» sözündəndir. Həqiqətən, ölkədə «qızıl»ın mənası yüksəkdir. Bu həm Altay dağlarının gözəlliyi, həmdə taxıl zəmilərinin qızılı və əmək adamlarının qızıl əlləridir...»
Azərbaycanlı SSRİ rəhbəri Sibirdəki daş kömür, neft, qaz və başqa qiymətli sərvətlərin istifadəyə verilməsi ideyasını irəli sürüb həyata keçirilməsinə rəhbərliyi təmin etməklə bölgənin təsərrüfatının inkişafında böyük xidmətlər göstərirdi. Bütün bu xidmətlərinə görə Heydər Əliyev 1985-ci ildə Altay Diyarından RSFSR Ali Sovetinə deputat seçilmişdi.
Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövrdə dəmiryolu sahəsinin kuratoru kimi Sovet İttifaqının dəmiryol nəqliyyatının potensialın genişləndirilməsi ilə bağlı xeyli işlər görmüşdü. Şimali Amur tuneli kimi mühüm bir obyektin əsası məhz onun kuratorluq etdiyi dövrdə qoyulmuşdu.
Maraqlıdır ki, 2002-ci ilin oktyabrında Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Dəmiryol Nəqliyyatı Şurasının 33-cü iclası Bakıda keçirildi. Bu iclasda iştirak edən Rusiya Federasiyasının yollar naziri Gennadi Fadeyev Heydər Əliyevin Moskvada işlədiyi illərdəki fəaliyyətini yüksək qiymətləndirdi. Azərbaycanı Qafqazda təhlükəsizlik, sabitlik adası kimi səciyyələndirdi və bütün bunların Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu vurğuladı. Rusiyanın dəmiryolları naziri böyük razılıqla qeyd etdi ki, o uzun müddət belə bir şəxsiyyətlə (Heydər Əliyevlə) işlədiyinə görə fəxr edir.
Heydər Əliyev Moskvada işləyərkən ilk vaxtlarda dəmiryolunda taxıl, kömür, taxta-şalban daşınmasında böhran müşahidə olunurdu. BAM-ın tikintisi çətinliklərin aradan qaldırılmasına kömək etdi. O vaxt Heydər Əliyevin kadrların seçilməsinə, bu sahədə rəhbərliyə müdrikcəsinə yanaşması ölkə dəmiryolçuları arasında ona böyük hörmət qazandırmışdı. İndi də Rusiya dəmiryolçuları Heydər Əliyevi heç vaxt unutmamışlar. Ona görə də Rusiya Federasiyasının prezidenti Vladimir Putinin tapşırığı ilə yollar naziri Gennadi Fadeyev dəmiryol nəqliyyatının inkişafında böyük xidmətlərinə görə Heydər Əliyevə «Transsibir magistralının 100 illiyi» medalını, habelə nazirliyin kollegiyasının xatirə hədiyyəsini təqdim etmişdi.
1986-cı il sentyabrın 3-də Novorossiyskdə «Admiral Naximov» gəmisinin batması ilə yaranan gərgin vəziyyətin sakitləşdirilməsi, onun nəticələrinin aradan qaldırılmasında Heydər Əliyevin rəhbərliyi ilə Dövlət Komissiyası yaradılır. Dövlət Komissiyasının fəaliyyəti nəticəsində əhali arasında narahatçılıq sakitləşdirildi, qəzanın nəticələrinin aradan qaldırması üçün təcili tədbirlər həyata keçirildi. Görüşlərdən birində komissiyanın öz işini necə qurması sualına cavab olaraq Heydər Əliyev bildirmişdi: «Bizim işimiz səhər saat altıda başlayır. Dövlət Komissiyası bütün gün ərzində işləyir. Bir çox məsələlər yerindəcə həll edilir. Komissiyanın üzvləri hər gün qəzanın şahidləri, batanların qohumları ilə görüşür. Biz olduğumuz yerlərdə, küçələrdə belə birbaşa sualla müraciət edirlər. Komissiya üzvləri hər gün mehmanxanalara, nəqliyyat qovşaqlarına, ictimai-iaşə müəssisələrinə, tibb müəssisələrinə gedir. Biz hesab edirik ki, belə görüşlər lazımdır, onlar bizim işimizin tərkib hissəsidir. Bunlarla yanaşı, komissiya dənizdə işlərə operativ rəhbərlik edir, çünki orada çoxlu məsələlər meydana çıxır. Ardıcıl olaraq gündə iki dəfə hökumət komissiyasının iclası keçirilir».
Fəlakətin səbəblərinə dair suallara cavab verərkən Heydər Əliyev bildirirdi ki, intizam uğrunda mübarizə sözdə deyil, işdə aparılmalıdır. İntizam və mütəşəkkillik hansı vəzifədə olmasından asılı olmayaraq hər bir işçi üçün eyni olmalıdır. «Admiral Naximov» gəmisi bunu sübut etdi. Ondan nəticə çıxarmaq lazımdır. Heydər Əliyevin göstərişləri nəinki həmin dövr üçün, bütün zamanlarda hər bir şəxs üçün iş qaydası, fəaliyyət proqramı oldu.
1980-ci ilin əvvəllərindən SSRİ-də istehsalın təşkili, inkişaf etdirilməsində yeni metod tətbiq edilməyə başlandı. Bu məqsədlə əmək kollektivlərinin bütün sahələrdə fəaliyyətinin genişləndirilməsi və yüksəldilməsi, onların səlahiyyətlərinin artırılması, fəallığının yüksəldilməsini təmin edən «SSRİ-də Əmək Kollektivləri və onların müəssisələrin, idarələrin, təşkilatların idarə edilməsində rolunun artırılması haqqında» qanun layihəsi barədə Heydər Əliyev SSRİ Ali Sovetinin 8-ci sessiyasında (16 avqust 1983-cü il) məruzə etmişdi. Məruzə mətbuatda dərc edilmiş və geniş müzakirə edilmişdi. Müzakirə prosesində irəli sürülən bütün təkliflər, qeydlər, düzəlişlər dərindən öyrənilmiş, ümumiləşdirilmişdi. Qanun layihəsi böyük siyasi, iqtisadi və sosial əhəmiyyətli bir sənəd kimi, qanunçuluq aktı kimi təqdim edilirdi. Məruzədə qeyd edilirdi ki, «bizim qanun müəssisələrin idarə edilməsində əmək kollektivlərinin səlahiyyət və imkanlarını genişləndirərək azad əmək cəmiyyəti və sosial ədalət prinsiplərinə, öz mahiyyəti ilə vahid ümumxalq cəmiyyətinə çevrilmiş cəmiyyətin prinsiplərinə əsaslanır».
Qanun layihəsi əmək kollektivləri ilə dövlət hakimiyyət orqanları arasında qarşılıqlı münasibətləri və onların idarəçilikdə iştirakı prinsiplərini müəyyən edirdi. Heydər Əliyev məruzədə əmək kollektivlərinin idarəçilikdə səlahiyyətlərinin genişləndirilməsində aşağıdakı yeni təklifləri ön plana çəkirdi:
Birincisi, əmək kollektivlərinin idarəçilik işinə daxil olan istehsalat, sosial və tərbiyə məsələlərində fəaliyyət dairəsi genişlənir.
İkincisi, əmək kollektivləri təkliflər və məsləhətlər hazırlamaqla məhdudlaşmır. Qanun onlara bir çox məsələlərdə yerinə yetirilməsi məcburi olan sərbəst qərar qəbul etmək hüququ verir.
Üçüncüsü, əmək kollektivlərinin səlahiyyətlərinin həyata keçirilməsinin forma və metodları təkmilləşir, onların idarə, təşkilat, müəssisələrin bilavasitə idarə edilməsində iştirakı dərinləşir və genişlənir.
Əmək kollektivlərinin fəaliyyəti və səlahiyyəti genişləndirilir. Hər şeydən əvvəl, planlaşdırma işinin təşkilində onların iştirakı təmin edilirdi. Heydər Əliyev göstərirdi ki, planlaşdırma indi daha yuxarıdan bürokratik göstərişlərə yox, hər bir müəssisənin, idarənin, təşkilatın tələbləri və cəmiyyətin ehtiyatlarının nəzərə alınmasına əsaslanmalıdır. Planlaşdırmada əmək kollektivinin iştirakının xüsusi təsiri olmalıdır. Ona görə də qanunda nəzərdə tutulurdu ki, planlar əmək kollektivlərində baxılandan sonra dövlət orqanlarının təsdiqinə verilsin.
Xalq kütlələrinin təşəbbüsü ilə meydana çıxan qarşılıqlı təkliflər planlaşma praktikasını daha da zənginləşdirirdi. Çünki dövlət planına əlavələr edilir, aşkar edilən ehtiyatlar, yeni imkanlar cəmiyyətin xidmətinə verilirdi. Qanun iqtisadi və sosial proqramları geniş əhatə edirdi. İqtisadiyyatın əsasən intensiv inkişaf yolunu, səmərəliliyin artırılması və əmək kollektivlərində işin keyfiyyətini təmin edirdi. Qanunda texnikadan istifadə edilməsi, kadrların ixtisaslaşması, əməyin təşkilinin mütərəqqi formalarını, kütlələrin təşəbbüskarlığının artırılması sahəsində kollektivlərin hüquq və vəzifələri müəyyən edilirdi.
Heydər Əliyev məruzəsində qanun layihəsinin yığıncaqlarda geniş müzakirə olunduğunu qeyd etmiş, mətbuatda layihə haqqında verilən yazıların əhəmiyyətini dəqiqləşdirmişdi. Müzakirələrdə əməyin briqada formasında təşkili geniş müdafiə edilmişdi.
Ən mühüm məsələlərdən biri mənzil problemi idi. Qanuna əsasən əmək kollektivləri mənzil tikintisi ilə məşğul olmalı, müəssisənin fondu hesabına mənzil tikintisi haqqında qərar qəbul etməlidir. Yeni qanunda ən mühüm cəhətlərdən biri də işləyən qadınlar haqqındadır. Qadınların həm ailədə, həm də kollektivlərdə əməyini nəzərə alaraq onlar üçün əlverişli şərait yaradılması müəyyən edilirdi.
Heydər Əliyev məruzəsində geniş müzakirə prosesində irəli sürülən təkliflər, düzəlişlər, əlavələr haqqında məlumat verdi və qeyd etdi ki, bütün bunlar qanun layihəsinin dəqiqləşdirilmiş mətnində öz əksini tapmışdı.
SSRİ Ali Sovetinin sessiyası Heydər Əliyevin məruzəsini və məruzə ətrafında çıxışları dinləyərək «SSRİ- də əmək kollektivləri və onların müəssisələrin, idarələrin, təşkilatların idarə edilməsində rolunun artırılmasına dair qanun»u qəbul etdi.
1984-cü il dekabrın 14-də SSRİ Tibb Elmlər Akademiyasına Lenin ordeninin təqdim edilməsi münasibətilə təntənəli iclasda Heydər Əliyevin nitqi böyük rəğbətlə qarşılandı. O, dərin, məzmunlu nitqində SSRİ-də tibb elminin və səhiyyənin inkişafında 1944-cü ildə yaradılan SSRİ Tibb Elmləri Akademiyasının qısa tarixi müddətdə dünyada tibb elminin ən qüdrətli mərkəzlərindən birinə çevrilməsində böyük inkişaf yolu keçdiyini və şöhrət qazandığını göstərdi. Sovet cəmiyyətinin bütün dövrlərində tibb sahəsinin alimləri fundamental aktual tədqiqatlar aparmaqla, elmi yeni kəşflərlə zənginləşdirməklə praktiki səhiyyənin tələbatına cavab vermişlər. Eyni zamanda sovet tibb alimlərinin dünya elminin inkişafına böyük töhfələr verdiyini xüsusi qeyd etdi. Heydər Əliyev tibb elminin inkişafının xüsusiyyətlərini işıqlandırmaqla ölkədə tibbi yardımın yeni prinsipial formasının əhəmiyyətini xüsusi qeyd etdi. Nazirlər Sovetində, SSRİ-də, həm də tibb və səhiyyə məsələlərinə rəhbərlik edən Heydər Əliyevin qarşıya qoyduğu vəzifələr bu sahənin böyük bilicisinin, nəzəriyyə və praktikasının görkəmli nümayəndəsinin, təşkilatçısının təfəkkürünün məhsulu idi.
Tibb elmi sahəsində də böyük dünyagörüşə malik olan Heydər Əliyev tibb elmi və səhiyyənin qarşısında duran vəzifələri ətraflı işıqlandırırdı. Böyük uğurlarla yanaşı, SSRİ-də tibbi yardımın səviyyəsinin hələ adamların artan tələbatına cavab vermədiyini göstərirdi.
Qarşıda duran vəzifələrdən danışan Heydər Əliyev diqqəti ölkə üçün həyati əhəmiyyət kəsb edən müalicə müəssisələrinin işinin xeyli yaxşılaşdırılması, xəstəliyin azaldılması, tibb elminin, səhiyyə qurumlarının və başqa sosial institutların birgə fəaliyyəti nəticəsində ömrün uzadılması, ürək-damar xəstəliklərinin azaldılması, gənc nəslin sağlamlığının möhkəmləndirilməsi problemlərinə yönəldirdi. Bu problemlərin həll edilməsində elmi tədqiqatların, bütün sağlamlıq mühafizə sisteminin işinin intensivləşdirilməsi, onun keyfiyyətinin yüksəldilməsi, elm və texnikanın nailiyyətlərinin sürətlə mənimsənilməsi ana xətt olmalı idi. Azərbaycanın böyük oğlunun bütün İttifaqda tibb elmi və səhiyyəsinin inkişaf etdirilməsində qarşıya qoyduğu vəzifələr o dövrün tələblərinə cavab verirdi və bütün ölkədə insanların sağlamlığı keşiyində duran tarixi əhəmiyyətli perspektiv proqram idi.
Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işlədiyi vaxt humanist, sülhsevər siyasətin təbliğ edilməsi və həyata keçirilməsində, bəşər sivilizasiyasının bərqərar olması, cəmiyyətin gələcək taleyi naminə xidmətləri danılmazdır. Onun 1985-ci il sentyabrın əvvəlində Moskvada keçirilən beynəlxalq kitab sərgisi yarmarkası iştirakçılarına və qonaqlara SSRİ Nazirlər Soveti adından göndərdiyi təbrik məktubu ümumbəşəri və böyük humanist arzuları əks etdirən bir tarixi sənəddir. Təbrik məktubunda deyilirdi: «SSRİ hökuməti Beşinci beynəlxalq Moskva kitab sərgisi yarmarkası iştirakçılarını və qonaqları ürəkdən təbrik edir! Onun «Kitab» sülhün və tərəqqinin xidmətindədir» xeyirxah devizi ədəbiyyatın əsl humanist mahiyyətinin ən gözəl ifadəsindən başqa bir şey deyildir. İnsanlara bilik, zənginlik, əbədi mənəvi sərvət gətirir, adamlar və xalqlar arasında qarşılıqlı anlaşma körpüsü yaradır, ədalət və sülhü qoruyurdu».
Dahi siyasətçi beşinci beynəlxalq kitab sərgisi yarmarkasının faşizm üzərində qələbənin qırxilliyinin bayram olunduğu dövrdə keçirildiyini qeyd edərək xatırladır ki, beynəlxalq birliyin yadındadır ki, dünyada nə qədər sayagəlməz qurbanlar olmuşdur. Kitabları ocaqlarda yandıran faşist vandallarının vəhşiliyi üzündən dünya mədəniyyəti böyük itkilərə düçar olmuşdur. Tarixin dərsləri bizim hamımızı dünyada sülhün, sivilizasiyanın taleyi, bəşəriyyətin gələcəyi uğrunda daha böyük məsuliyyətə çağırır. Bu baxımdan təbrik məktubunda Heydər Əliyev dühasından öz ifadəsini tapan aşağıdakı sətirlər böyük çağırış idi: «Qoy ənənəvi Moskva kitab sərgisi yarmarkası Helsinki müşavirəsinin «Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Yekun Aktı»nın yerinə yetirilməsinin inandırıcı sübutlarından biri olsun. Bütün nəşriyyatçıları və kitab yayanları əsl humanizmin təsdiq edilməsi, sosial ədalət, dünyada nüvə təhlükəsinin ləğv edilməsi uğrunda mübarizədə birləşdirsin». Nazirlər Sovetinin beynəlxalq Moskva kitab sərgisi yarmarkası iştirakçılarına və qonaqlara təbrik məktubunun mətni SSRİ Nazirlər Sovetinin 5 sentyabr 1985-ci il tarixli qərarı ilə təsdiq edilmişdi.
1987-ci il martın 15-18-də Heydər Əliyevin Volqoqrad Vilayəti zəhmətkeşləri ilə görüşü keçirilirdi. Görüş və söhbətlərin əsas məzmunu əhalinin artan tələbatının ödənilməsi məsələlərinə həsr edilmişdir. Yeni şəraitdə təsərrüfatçılığa keçid dövründə yüngül sənayenin işi əsas diqqət mərkəzində idi. Görüş zamanı aydın oldu ki, bir çox müəssisələr tam təsərrüfat hesablı fəaliyyətə başlamağa hazırlıqlı olmamışdı Heydər Əliyev Kamninski pambıq-parça kombinatında, corabtrikotaj və ayaqqabı fabriklərindəki görüşlərində vəziyyətlə ətraflı tanış oldu və bu müəssisələrdə bazar tələbatına uyğun məhsul buraxılmadığını aşkar etdi.
Heydər Əliyev yüngül sənaye, ümumiyyətlə xalq istehlakı malları istehsal edən başqa müəssisələrin, ticarət və xidmət sahələri işçilərinin fəallar yığıncağındakı çıxışında 1987-ci il yanvar ayından yüngül sənayenin təsərrüfat hesabı ilə işləməsinə baxmayaraq, bu sahədə ciddi nöqsanlar olduğunu göstərir. Belə ki, yüngül sənayedəki çatışmazlıqlarla yanaşı, əhalinin xalq istehlakı mallarına tələbatının artmasına baxmayaraq, yerli sənaye məhsulları bu tələbatı ödəmirdi. Yerli sənaye məhsulları ildə 48 milyon manatlıq məhsul buraxırdı ki, bu da olduqca az idi.
Volqoqrad vilayətində hər nəfərə düşən məhsul istehsalı Rusiya Federasiyasına nisbətən 211 manat azlıq təşkil edirdi. Kəmiyyətlə yanaşı, keyfiyyətin də aşağı olduğu qeyd edilirdi.
Volqoqrad traktor zavodu ilə tanışlıqda zavodun buraxdığı məhsulun səviyyəsinin möhkəm maddi bazanın tələblərinə və zavodun yüksək texniki səviyyəsinə cavab vermədiyi meydana çıxmışdı. Heydər Əliyev insanların həyat şəraiti ilə də yaxından maraqlanırdı. Mərkəzi bazarda, mağazalarda, ictimai xidmət müəssisələrində olur və camaatla söhbət edirdi. Klinik xəstəxanadakı görüşündə sağlamlıq idarələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında tapşırıqlar verirdi. Böyük nəqliyyat birləşməsi olan Volqoqradda M. Qorki adına dəmiryolu stansiyasında, çay nəqliyyatı vağzalında olur, sürətli tramvayda gəzintiyə çıxırdı. Məktəblərdə, uşaq bağçalarında, uşaq kombinatında olurdu. Politexnik institutunda şəhər ali məktəbləri rəhbərliyi ilə görüşündə ali təhsilin yenidən qurulması problemləri müzakirə edilirdi. Heydər Əliyevin Volqoqradda görüş və söhbətlərinin əhəmiyyəti Mərkəzi və vilayət qəzetlərində geniş işıqlandırılmışdır. Heydər Əliyev SSRİ hökuməti adından xarici dövlətlərin nümayəndə heyətlərini qəbul etməsi və onlarla söhbətləri hər zaman SSRİ rəhbərliyində yüksək səviyyədə qiymətləndirilirdi. 1983-cü il sentyabrın 8-də Sov.İKP MK Siyasi bürosunun iclasında Heydər Əliyevin Amerika hökumət nümayəndəsinin başçısı ABŞ kənd təsərrüfatı naziri C. Blokla danışıqlarının yekunları müzakirə edilirdi. Sov.İKP MK-nın Baş katibi K. U. Çernenko Heydər Əliyevin Amerika nümayəndə heyətinin başçısı, kənd təsərrüfatı naziri C. Blokla danışıqları haqqında məsələnin müzakirəsində qeyd etmişdi: «Yoldaş Əliyev ABŞ-ın kənd təsərrüfatı naziri C. Blokla danışıqları haqqında müfəssəl məlumat vermişdi. Bildiyiniz kimi, söhbət zamanı Sovet - Amerika münasibətlərinin vəziyyəti və xüsusilə, taxıl üzrə yeni müqavilənin əhəmiyyəti məsələlərinə toxunulmuşdur. C. Blok Amerika Birləşmiş Ştatlarına qayıtdıqdan sonra belə məzmunda məlumat vermişdir. Hesab edirəm ki, Əliyev yoldaşın apardığı söhbəti bəyənmək olar». Sov.İKP MK Siyasi bürosunun iclasında SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin ABŞ kənd təsərrüfatı naziri ilə söhbətinin məzmununun bəyənilməsi qərara alınır.
SSRİ-nin Şərq ölkələri, Afrika ölkələri, müsəlman dövlətləri ilə əlaqələrinin yaradılması və inkişafında Heydər Əliyevin böyük rolu vardır. Sovet hökuməti bu ölkələrlə münasibətləri, əlaqələri, adətən, Heydər Əliyevin vasitəsilə həyata keçirirdi.
Sovet İttifaqı Vyetnam Sosialist Respublikası ilə dostluq və əməkdaşlıq yaradılmasına böyük əhəmiyyət verirdi. 1983-cü ilin oktyabrında Sovet-Vyetnam dostluq və əməkdaşlıq haqqında müqaviləsinin beş illiyi münasibətilə Vyetnam Sosialist Respublikasında təntənəli tədbirlər keçirilirdi. Tədbirlərdə iştirak etmək üçün Heydər Əliyevin başçılığı ilə SSRİ nümayəndə heyəti Hanoya göndərilmişdi. Oktyabrın 28-də nümayəndə heyətini Vyetnam partiya və hökumət rəhbərləri, Vyetnam KP MK-nın baş katibi Le Zuan, VKP Siyasi bürosunun üzvü, VSR dövlət Şurasının sədri Çıonq Tin, VKP Siyasi bürosunun üzvü, Nazirlər Şurasının sədri Fam Van Donq yüksək səviyyədə qarşılamışdılar. Söhbət zamanı Heydər Əliyev Le Zuan və başqa rəhbərlərin onları səmimi, yüksək səviyyədə, qəbul etdiyindən razı qaldığını bildirmişdi.
Oktyabrın 31-də Hanoyda SSRİ ilə Vyetnam Sosialist Respublikası arasında bağlanan dostluq və əməkdaşlıq haqqında müqavilənin beş illiyi münasibətilə mitinq keçirildi. Mitinqdə Vyetnam tərəfindən mitinqi açan Nazirlər Sovetinin sədri Fan Van Donq VKP MK Siyasi bürosunun üzvü, Nazirlər Soveti sədrinin müavini To Xıu çıxışında beynəlxalq vəziyyətin gərginləşməsini təhlil edərək göstərdilər ki, Amerika dövləti başqa qüvvələrlə birlikdə itirdikləri mövqelərini qaytarmaq məqsədilə güclü silahlanma siyasəti həyata keçirir, hərbi üstünlüyünü təmin etmək məqsədilə Avropada ortamiqyaslı nüvə raketlərini yerləşdirməyə cəhd edir. Bu da sülh və sabitliyin pozulması üçün ciddi təhlükədir. Vyetnam rəhbərləri bildirirdilər ki, Sov.İKP MK-nın baş katibi Y.V.Andropovun 1983-cü il sentyabrın 28-də verdiyi bəyanatı və onun «Правда» qəzetindəki müsahibəsini Avropadan nüvə silahının çıxarılmasında prinsipial və məsuliyyətli bir addım hesab edirlər. Vyetnam xalqının Kuba və Nikaraqua xalqları ilə həmrəy olduqlarını, Cənub-Şərqi Asiyanın sülh zonasına, sabitlik və əməkdaşlıq zonasına çevrilməsi uğrunda ardıcıl mübarizə aparacaqlarını qeyd edirdilər.
Mitinqdə Heydər Əliyev böyük və məzmunlu nitq söyləyib, beş il əvvəl imzalanan müqavilənin hər iki ölkənin qarşılıqlı münasibətlərini keyfiyyətcə yeni mərhələyə qaldırdığını göstərdi. Müqavilənin həyata keçirilməsi SSRİ ilə Vyetnam Sosialist Respublikasının birliyinin və əməkdaşlığının möhkəmlənməsinə xidmət edir, siyasi, təsərrüfat, elmi-texniki və mədəni sahədə əlaqələrinin faydalı inkişafını təmin edirdi. Mitinqdəki çıxışında Heydər Əliyev Sovet - Vyetnam dostluğunun ildən-ilə möhkəmlənməsini böyük razılıqla qeyd etmişdi.
Sovet nümayəndə heyətinin başçısı Heydər Əliyevin çıxışı mitinq iştirakçıları tərəfindən böyük ruh yüksəkliyi və alqışlarla qarşılandı. Onun Sovet İttifaqı ilə Vyetnam Sosialist Respublikası və başqa ölkələrlə Asiyanı sülh regionuna və qarşılıqlı qonşuluq əməkdaşlığına çevrilməsində fəaliyyətlərinin böyük beynəlxalq əhəmiyyət daşıması haqqında fikirləri hamı tərəfindən müdafiə edildi. Bununla da, Heydər Əliyev Cənub-Şərqi Asiyada Vyetnam Sosialist Respublikası xətti ilə sülh, əməkdaşlıq zonasının yaradılmasında özünün böyük tarixi xidmətini göstərmiş oldu.
1984-cü il martın 12-də Heydər Əliyevin Suriyaya rəsmi səfəri Yaxın Şərqdə sülhün, təhlükəsizliyin qorunmasında o dövrdə mühüm əhəmiyyət kəsb edirdi. Heydər Əliyevin Suriya prezidenti H. Əsədlə danışıqlarında beynəlxalq vəziyyət və Yaxın Şərqdə şərait məsələləri hərtərəfli müzakirə edildi. Hər iki tərəf SSRİ ilə Suriya Ərəb Respublikası arasında dostluq və əməkdaşlığa əsasən ikitərəfli münasibətlərin inkişafı və möhkəmləndirilməsində təşəbbüslərin əhəmiyyətini qeyd etmişdilər. Heydər Əliyev tərəfindən Suriya Ərəb Respublikasının Yaxın Şərqdə antiimperialist kursunun Sovet İttifaqında müdafiə edildiyi, Suriyanın regionda bütün ərəb ölkələrində milli-azadlıq hərəkatında böyük rol oynadığı qeyd edilmişdi.
Sov.İKP MK Siyasi bürosunda Heydər Əliyevin Suriya Ərəb Respublikasına səfərinin yekunları müzakirə olunmuş və qeyd edilmişdi ki, Sovet İttifaqı ilə Suriya münasibətlərinin inkişafı və genişləndirilməsi iki ölkənin xalqlarının mənafeyinə cavab verir. Yaxın Şərqdə sülh işinə xidmət edir. Martın 12-də Dəməşqdə Heydər Əliyevin C. Xauinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə Yaxın Şərqdə, o cümlədən Livanda vəziyyətin aktual məsələləri üzrə fikir mübadiləsi aparılmışdı. Heydər Əliyev Livanın müstəqilliyi, ərazi bütövlüyünün saxlanılması uğrunda mübarizəsində həmrəyliyini bildirmişdi.
1985-ci ilin dekabrında Anqola Əmək Partiyasının MPLA ikinci qurultayında Sov.İKP nümayəndə heyətinə Heydər Əliyev başçılıq edirdi. Qurultayda onun çıxışı böyük hərarətlə qarşılanmışdı. Anqola 10 il idi ki, Xalq Respublikası elan edilmişdi. Heydər Əliyev çıxışında Anqolanın Xalq Respublikası elan olunmasında, xalqın mübarizəsinə rəhbərlik etməsində, daxili və xarici irticanın qarşısının alınmasında Anqola Əmək Partiyasının xidmətlərinə yüksək qiymət vermişdi. O, Anqola Əmək Partiyasının yaradıcısı və onun ilk rəhbəri Aqostino Nettonun xidmətlərini Afrikanın tarixində mühüm səhifə kimi qiymətləndirir, on il müddətində Anqola xalqının müstəqillik yolunda ciddi müvəffəqiyyətlər qazandığını, Anqola dövlətinin dünya miqyasında nüfuzunun artdığını, onun müstəmləkəçiliyə və irqçiliyə qarşı mübarizədə fəal iştirak etdiyini yüksək dəyərləndirirdi.
Heydər Əliyev Anqola Əmək Partiyasının sədri dövlətin prezidenti Joze Eduard Duş Santuşun məruzəsini proqram sənədi kimi qiymətləndirir, nümayəndələrin çıxışlarını qələbəyə inam, tarixi optimizm hissləri ilə aşılanmış çağırış adlandırırdı.
Heydər Əliyev öz çıxışında Sovet İttifaqının xarici siyasətinin əsas istiqamətlərini açıqlayırdı. Afrika ölkələrində azadlıq mübarizəsinə SSRİ-nin həmrəy olduğunu göstərirdi: «Biz Afrika ölkələrinin öz müstəqilliyini xarici qüvvələrinin müdaxiləsindən qorumaq sahəsindəki cəhdləri ilə həmrəyik. İrqçilərin azad olmuş ölkələrə, o cümlədən, Anqolaya qarşı cəhdlərini qətiyyətlə ittiham edirik».
Heydər Əliyev müstəqillik və azadlıq uğrunda hüquqlarının müdafiəsində Namibiya və Cənubi Afrika xalqlarının mübarizəsinin indi və gələcəkdə də təmsil etdiyi ölkə adından tərəfdarı kimi çıxış edəcəyini bildirirdi.
Sov.İKP MK Siyasi bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin Uzaq Şərq ölkələri arasında əlaqələrin, münasibətlərin inkişafında da mühüm xidməti olmuşdur. 1986-cı il iyulun 2-də SSRİ ilə Koreya Xalq Demokratik Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin 25 illiyi münasibətilə Moskvada keçirilən təntənələrdə iştirak etmək üçün gəlmiş nümayəndə heyəti ilə Heydər Əliyevin söhbətləri, görüşlərinin əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Qonaqları hökumət adından təbrik edən Heydər Əliyev 1961-ci ildə imzalanan müqavilənin böyük siyasi əhəmiyyətini, ölkələr arasında getdikcə daha çox səmərə verdiyini və inamın artdığını qeyd edirdi. Bu müqavilənin Uzaq Şərqdə sabitlik və təhlükəsizliyin saxlanmasında mühüm vasitə olduğunu göstərirdi. Asiyada vəziyyətin yaxşılaşdırılmasında 25 il əvvəl mühüm addım atılmışdır, bu addım nəticəsində Şimalla Cənub arasında faydalı dialoq yaradılması ilə Koreya yarımadasında gərginlik zəiflədilmişdi. Xarici müdaxilə olmadan Koreyanın dinc demokratik yolla birləşdirilməsində əlverişli real şərait yaranmışdır. Heydər Əliyev keçmiş illəri nəzərdən keçirərək göstərirdi ki, 25 il bundan əvvəl bağlanmış müqavilə hər iki xalq və dövlətin mənafeyinə xidmət edir, Uzaq Şərq regionunda təhlükəsizliyin təmin edilməsinə real töhfələr verir.
Koreya Xalq Demokratik Respublikası nümayəndə heyətinin başçısı Koreya Əmək Partiyası Siyasi bürosunun üzvü, MK-nın katibi Kim Xvan da müqavilənin əhəmiyyətini qeyd etmək sovet rəhbərliyinə, xalqına öz minnətdarlığını bildirmişdi.
Heydər Əliyev 1986-cı il noyabrın 12-də Laos Xalq İnqilab Partiyasının dördüncü qurultayında Sov.İKP nümayəndə heyətinin başçısı kimi iştirak etmişdi. Yenə həmin il sentyabrın 18-də Yəmən Sosialist Partiyası Siyasi bürosunun üzvü, Nazirlər Soveti sədrinin müavini, Yəmən Xalq Demokratik Respublikası daxili işlər naziri S. Mas-Seyili qəbul edərkən səmimi dostluq şəraitində keçən söhbətdə Sovet İttifaqı və Yəmən Demokratik Respublikası arasında münasibətlərin daha da inkişafı məsələləri müzakirə edilmişdi.
1987-ci il aprelin 15-də Heydər Əliyev Ukrayna Nazirlər Sovetinin dəvəti ilə Sovet İttifaqında səfərdə olan Xorvatiya (Yuqoslaviya) Sosialist Respublikası Saborunun İcraiyyə Veçesinin sədri A.Miloviçi qəbul etmişdi. İkitərəfli münasibətlərin bəzi məsələləri ətrafında fikir mübadiləsi aparılaraq, bu kontekstdə SSRİ-nin respublikaları ilə, xüsusilə Ukrayna Respublikası ilə Xorvatiya Sosialist Respublikası arasında əlaqələrin inkişafının əhəmiyyəti qeyd edildi, onun Sovet İttifaqı - Yuqoslaviya xalqları arasında qarşılıqlı anlaşma və hərtərəfli əməkdaşlığın möhkəmlənməsində mühüm xidməti olduğu göstərildi.
1987-ci il oktyabrın 14-də Heydər Əliyev Küveytin neft naziri Əli əl-Xəlifi qəbul etmişdi. Söhbətdə Sovet- Küveyt münasibətlərinin müxtəlif aspektləri, həmçinin İran körfəzində vəziyyət və İran-İraq konflikti ətrafında məsələlər müzakirə edilmişdi.
Heydər Əliyev göstərirdi ki, Sovet İttifaqı İraqla İran arasında müharibənin tezliklə dayandırılmasına çalışır. Belə bir qəti inam bildirilirdi ki, bu istiqamətdə çıxış yolu imkan mübahisənin siyasi vasitələrlə, ədalətli yolla, müharibə edən hər iki tərəfin qanuni mənafelərinin nəzərə alınması ilə həll edilməlidir.
Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi vəzifəsindən irəli çəkilərək SSPİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsindən sonra da doğma respublikasının vəziyyəti ilə hər zaman maraqlanır, daim ona qayğı göstərməyə çalışırdı. Bakının Lenin (indiki Sabunçu) rayonunun zəhmətkeşləri 1984-cü ildə SSRİ Ali Sovetinə deputatlığa Heydər Əliyevin namizədliyini irəli sürmüşdülər. Həmin il fevralın 23-də Lenin rayonu seçicilərinin deputatlığa namizəd Heydər Əliyevlə görüşü keçirildi. Heydər Əliyev söylədiyi nitqində SSRİ-də iqtisadi-siyasi və sosial vəziyyəti dərindən təhlil etdi, qarşıda duran vəzifələrlə seçiciləri tanış etdi. Azərbaycanda həyata keçirilən sosial-iqtisadi və mədəni quruculuq plankalarının yekunlarını işıqlandırdı. Ölkə qarşısında duran vəzifələrin həyata keçirilməsində Azərbaycan zəhmətkeşlərinin də layiqli payı olduğunu qeyd etdi. Əvvəlki seçkilərdən keçən beş il ərzində respublika təsərrüfat və mədəni quruculuğun bütün sahələrində xeyli irəli getdiyi, 1983-cü ildə Azərbaycan SSR Ümumittifaq sosializm yarışında yenidən, on dördüncü dəfə keçici Qırmızı Bayraqla təltif edildiyi xüsusi vurğulandı.
Qeyd etmək lazımdır ki, bu müvəffəqiyyətlər Heydər Əliyevin vaxtı ilə işləyib hazırladığı beşillik planın həyata keçirilməsi nəticəsində mümkün olmuşdu.
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyən vaxtda da Heydər Əliyev əsas diqqətini Azərbaycanda hələ həll edilməmiş problemlərə, istifadə edilməmiş ehtiyat və imkanlara yönəldirdi. O əsas diqqəti istehsalın intensivləşdirilməsi, elmi-texniki tərəqqi məsələləri ləng həll edilməsinə yönəldərək kənd təsərrüfatında əkinçilik və heyvandarlıqda istehsal mədəniyyətinin daha da yüksəldilməsinə ehtiyac olduğunu göstərirdi.
Heydər Əliyevin seçicilərlə görüşündəki parlaq nitqi Azərbaycan rəhbərliyi üçün mühüm proqram sənədi idi.
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin rəhbərlik etdiyi sahələrdən biri də təhsil məsələsi idi. On birinci çağırışı SSRİ Ali Sovetinin birinci sessiyasında (aprel 1984-cü il) Təhsil üzrə İslahat Komissiyasının sədri Heydər Əliyev «Ümumtəhsil və peşə məktəblərində islahatların əsas istiqamətləri haqqında» məruzə ilə çıxış edərək, Sovet İttifaqında təhsil sistemində qarşıya qoyulan islahatları hərtərəfli işıqlandırmış, onun təhsil sisteminin inkişafında əhəmiyyətini əsaslandırmışdı.
SSRİ Ali Soveti Heydər Əliyevin «Ümumtəhsil və peşə məktəblərində islahatların əsas istiqamətləri haqqında» məruzəsini dinləyib müzakirə etdikdən sonra qeyd etmişdi ki, müzakirəyə təqdim edilən məruzənin ölkənin, cəmiyyətin iqtisadi, sosial-siyasi və mənəvi tərəqqisində çox mühüm əhəmiyyəti vardır. Məktəb islahatlarının əsas istiqamətləri ümumxalq müzakirəsində bəyənilmiş və müdafiə edilmişdi. 1984-cü il aprelin 12-də SSRİ Ali Soveti Heydər Əliyevin məruzəsi əsasında «Ümumtəhsil və peşə məktəblərində islahatların əsas istiqamətləri»ni bəyənməsi haqqında qərar qəbul etmişdi. Qərarda islahatın həyata keçirilməsi sahəsində təhsil sistemi ilə əlaqədar olan bütün qurumlar, təsisatlar qarşısında təxirəsalınmaz, perspektiv vəzifələr qoyulur, islahatın həyata keçirilməsi mexanizmi, təhsil işçilərinin vəzifələri göstərilirdi.
Sov.İKP MK Siyasi bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin imzaladığı SSRİ Nazirlər Sovetinin 1985-ci il 3 sentyabr tarixli sərəncamı ilə Bakıda Azərbaycan SSR Səhiyyə Nazirliyinin Mamalıq və Ginekologiya Elmi-Tədqiqat İnstitutu yaradılmış, Azərbaycan SSR Səhiyyə Nazirliyinin Bakıdakı N.K.Krupskaya adına Ana və Uşaqları Mühafizə İnstitutu Azərbaycan SSR Səhiyyə Nazirliyinin N.K.Krupskaya adına Pediatriya İnstitutuna çevrilmişdi.
Heydər Əliyevin zəngin təcrübəsini, bacarığını, işin öhdəsindən layiqincə gəlməsini nəzərə alaraq SSRİ Nazirlər Sovetinin Rəyasət Heyətinin 5 iyun 1985-ci il tarixli iclasının qərarı ilə ona Nazirlər Sovetində SSRİ Yüngül sənayesi, SSRİ Ticarət Nazirliyi, Sentrosoyuz; «B» qrupu sahəsinin inkişafının ümumi məsələlərinə, həmçinin SSRİ ticarət nazirliklərinin məsələlərinə baxılması və nəzarət həvalə edildi.
Yenidənqurma siyasəti dövründə də Heydər Əliyevin zəngin iş təcrübəsindən istifadə olundu. Sov.İKP MK və SSRİ Nazirlər Soveti yenidənqurma siyasətinin həyata keçirilməsində sosial idarəetmə işinin təkmilləşdirilməsinin zəruriliyini qeyd etmişdi. 1986-cı il oktyabrın 16-da sosial inkişaf üzrə SSRİ Nazirlər Sovetinin bürosunun yaradılması qərara alınmış, SSRİ Nazirlər Sovetinin 1986-cı il 16 oktyabr tarixli qərarı ilə Heydər Əliyev SSRİ Nazirlər Sovetinin sosial inkişaf üzrə bürosunun sədri təsdiq edilmişdi.
SSRİ Nazirlər Sovetinin sosial inkişaf üzrə bürosunun vəzifə və səlahiyyətləri, əhatə sahəsi olduqca geniş, məsuliyyətli idi. O, 12 nazirlik, idarə və komitəyə rəhbərlik edirdi. 1986-2000-ci illərdə iqtisadi və sosial inkişafın cari və perspektiv inkişaf planlarının layihələrinin işlənməsi və baxılmasında iştirak edir, nazirlik və idarələrin işlərini əlaqələndirir, onların fəaliyyətinin təkmilləşdirilməsinə və digər məsələlərlə məşğul olurdu.
SSRİ Nazirlər Soveti Rəyasət Heyətinin 5 sentyabr 1987-ci il tarixli, SSRİ Nazirlər Soveti sədrinin birinci müavinləri arasında vəzifə bölgüsündə qismən dəyişiklik edilməsi qərarı ilə Heydər Əliyevin diqqətinin SSRİ Nazirlər Sovetinin sosial inkişaf üzrə büronun işlərinə yönəldilməsi zərurətindən, SSRİ Nazirlər Sovetində nəqliyyat məsələlərinə rəhbərlik Nazirlər Soveti sədrinin digər birinci müavini Q. Q. Vedernikova tapşırıldı.
M. S. Qorbaçovun başçılığı ilə keçən əsrin 80-ci illərinin sonlarında Sov.İKP MK Siyasi bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevə qarşı düşmənçilik münasibəti yarandı. Vaxtilə Azərbaycanda cəzalandırılaraq partiyadan və vəzifədən çıxarılanlar da «qəhrəmana» çevrildilər. Onlar Ə. Vəzirovun himayəsi ilə respublika mətbuatına, mərkəzi mətbuata, radio və televiziyaya ayaq açdılar. Özlərini təmizə çıxarmaq üçün hər cür böhtanlara və şantaja keçdilər. Halbuki həmin adamlar Heydər Əliyevin 1969-cu ildən respublikada həyata keçirdiyi prinsipial, insanlara humanist və cinayətkarlara qarşı mübariz siyasəti ilə bir araya sığışa bilməmiş, cəmiyyət həyatının qanuni inkişafı onları süpürüb kənara atmışdı. Böhtançı yazıların qəhrəmanları da həmin adamlar idi. M. Qorbaçovun dəm tutanları o vaxtkı Azərbaycan KP MK-nın birinci katibi Ə. Vəzirov respublikada onları «qəhrəman» kimi üzə çıxarırdı, müdafiə edirdi. Həyat özü onları layiq olmadıqları vəzifə kürsüsündən uzaqlaşdırmışdı. Mərkəzi mətbuatda M. S. Qorbaçova xoş gəlmək üçün başdanayağa böhtançı, uydurma və təhqiredici məqalələr çap edilirdi. Onu da qeyd edək ki, bu qərəzli ruhda məqalə yazanlar yalnız bir-iki nəfər idi. Vəzifədən ciddi qüsurlarına görə, sui-istifadə edib cinayət törədənlər idi. «Бурные аплодисменты» («Лиmepamypная газета», 21 sentyabr 1988-ci il); «B зaложниках у клана» («Coциалистическая индустрия», 23 oktyabr 1988-ci il); «Aлиевщина, или Плач по сладкому времени» («Пpaвдa» qəzeti, 4 fevral 1990-cı il) kimi böhtançı cızma-qaralar meydana çıxmışdı. Respublikada o cızmaqaralara qarşı xalqda böyük mənfi reaksiya yaranmışdı. Bunları təkzib edən məqalələr çap edilirdi. «Бурные аплодисменты» məqaləsinin müəllifi Arkadi Vaksberq respublika Ali Sovetində 10 il əvvəl, 1978-ci ildə baş vermiş bir hadisəni şişirdərək həmin dövr üçün xarakterik bir hadisə kimi qələmə verməyə can atırdı. 1978-ci ilə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin doqquzuncu çağırış doqquzuncu sessiyasında 1979-cu ildə respublikanın sosial-iqtisadi inkişafı üzrə dövlət büdcəsinin müzakirəsində son illərdə qazanılan müvəffəqiyyətlərin üstünə kölgə salmaq niyyətində olan bir nəfər deputatın çıxışına qarşı deputatların əksəriyyətinin etirazını çox təmtəraqlı verməklə o vaxtkı rəhbərlik haqqında neqativ fikir yaratmaq istəyirdi. Lakin hələ 10 il əvvəl Azərbaycan SSR-nin Ali Sovetinin sessiyası həmin çıxışa özünün obyektiv münasibətini bildirmişdi. Sessiyaya sədrlik edən xalq şairi Süleyman Rüstəm deputat Qambay Məmmədovun çıxışına deputatların etirazını görüb «onun çıxışını davam etdirməyə ehtiyac varmı?» sualını verəndə, yerdən «Ehtiyac yoxdur» cavabı verilmişdi. Çıxışa yazılan 60 deputatdan 17-si çıxış edib onun dediklərini rədd etmişdilər. Tarixi reallığı yada salmaq naminə bu çıxışlardan bəzilərini qeyd edək.
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Qurban Xəlilov: «Sizə yaxşı məlumdur ki, Azərbaycan zəhmətkeşləri böyük ruh yüksəkliyi ilə işləyir. Biz Heydər Əliyev yoldaşın xidmətlərini xüsusi qeyd edirik... Mənə belə gəlir ki, Məmmədov provokasiya edir və bizim sessiyanın işinə mane olmaq istəyir. MSİ-nin məlumatına şübhə ilə yanaşmaq provokasiyadan başqa bir şey deyildir...»
İ. Qurbanov: (Neftçala rayon partiya komitəsinin birinci katibi) «Məmmədovun çıxışı bizi elə bir vaxtda təəccübləndirir ki, respublikamızın indiki qələbəsinə Leonid İliç Brejnev özü yüksək qiymət vermişdir».
Abşeron rayon partiya komitəsinin birinci katibi T.Hümbətova: «İndi biz bir-birimizin gözünə düz baxa bilərik... Bu, Heydər Əliyevin gərgin əməyinin sayəsində mümkün olmuşdur».
Mirbəşir (indiki Tərtər) rayon partiya komitəsinin birinci katibi D. Məmmədov: «Bizim respublikamızda heç vaxt hələ Heydər Əliyev kimi rəhbər olmamışdır».
Bərdə rayon partiya komitəsinin birinci katibi R. Səfərəliyev: «Azərbaycan partiya təşkilatının müvəffəqiyyətləri yalnız bizim ölkəmizin sadiq oğlu Heydər Əliyevin rəhbərliyi altında mümkün olmuşdur. Belə bir vaxtda isə böhtançı Məmmədov partiyamızın liderinin bizim işimizə nə qədər qiymət verdiyini görmək istəmir. Böhtançı rədd olmalıdır».
Yevlax rayonundan pambıqçı Ş. Əliyeva: «Hətta üç yaşlı uşaq da radiodan eşidir ki, Azərbaycan nə qədər pambıq toplayıbdır. Hansı pripiskadan danışmaq olar? Mən heç bir pripiska eşitməmişəm. Biz Heydər Əliyev yoldaşın kursunu tamamilə müdafiə edirik».
Şamaxı rayon partiya komitəsinin birinci katibi F. Mustafayev: «Əliyev yoldaş bizim fəxrimizdir, bizim respublikanın və xalqımızın dahi oğludur. Burada isə hansısa Məmmədov çıxır və böhtan atmağa başlayır».
Bütün çıxış edənlər Məmmədovu böhtançı adlandırır və cavab verməsini tələb edirlər. Heydər Əliyevin rəhbərlikdən uzaqlaşdırılmasından sonra Q. Məmmədov və başqaları qəhrəman kimi mətbuat səhifələrinə çıxarıldı və bununla da Heydər Əliyevdən qisas almaq kampaniyası başlandı. Lakin heç kəs və heç nə Heydər Əliyevi sındıra, susdura bilmədi. Çünki tarix sübut edib ki, həqiqət həmişə güclü olur, qalib gəlir.
”Coциалистическая индустрия» qəzetinin 30 aprel 1989-cu il tarixli nömrəsində Dağlıq Qarabağ Muxtar Vilayəti Xüsusi İdarəçilik Komitəsinin sədri A.Volski ilə aparılan müsahibə haqqında verilən yazı daha çox təhriflər, yalan informasiyalar, böhtanlar, milli münasibətlərin kəskinləşdirilməsi ilə seçilirdi.
Moskvanın, xüsusilə də, M. S. Qorbaçovun göndərdiyi Volski hadisələrin səbəblərini örtbasdır etməyə çalışır və utanmadan Dağlıq Qarabağ hadisələrinin səbəblərini Azərbaycan rəhbərinin, o cümlədən Heydər Əliyevin boynuna yıxmağa cəhd etməkdə heç nədən çəkinmirdi. Tarixi həqiqətlərə qara yaxmaqla, Heydər Əliyevi günahlandırmağa can atmaqla onlar özlərinin tarix və Azərbaycan xalqı qarşısında məsuliyyət daşımadıqlarını göstərirdilər. Heydər Əliyev Sov.İKP MK-nın plenumunda çıxışında Azərbaycanda rəhbərliyi vaxtı DQMV-də normal, stabil şəraiti yaratdığını, Vilayətin sosial-iqtisadi inkişaf göstəricilərinə görə Azərbaycan və Ermənistanın orta göstəricilərindən xeyli üstün olduğunu dəlillərlə sübut etdi və böhtanlara öz etirazını bildirdi. Ən dəhşətlisi o idi ki, onlar utanmadan göstərməyə çalışırdılar ki, guya Dağlıq Qarabağ uzun illər inkişaf etməmişdir.
Dağlıq Qarabağ ən qədim Azərbaycan torpağı olmasını bilə-bilə özündən müştəbeh olan «filosof» kimi A. Volski belə bir bədnam fikir söyləməyə cəsarət edirdi: «Torpaq bugünkü insanlara, onu əkib-becərənlərə, qulluq edənlərə, ondan məhsul götürənlərə, kim burada ev tikib onlara məxsusdur. Bu mənim şəxsi fikrimdir, mən buna əminəm». Bununla kifayətlənməyərək inandırmağa çalışırdı ki, guya bu gün zonaların, dairələrin sərhədlərini milli inteqrasiya yox, iqtisadi inteqrasiya müəyyən edir. Yeni «nəzəriyyəçi» bilmirdi ki, əvvəllər Dağlıq Qarabağın iqtisadi inteqrasiyası tarix boyu Azərbaycanla, onun paytaxtı Bakı ilə bağlı olmuşdur. İkincisi, milli əlamətlər həmişə olduğu kimi həmin dövrdə də dövlət qurumunun əsasını təşkil edir.
Ermənilərin Moskva himayəçisinin, elçisinin amalı bu idi. Bu isə Dağlıq Qarabağı Azərbaycandan ayırmaqdan başqa bir şey deyildi.
Azərbaycan sovet hakimiyyəti vaxtı Dağlıq Qarabağa Muxtar Vilayət statusunun verilməsindən başlayaraq, onun bütün tarix boyu inkişaf etdirilməsi faktları belə sərsəm fikirləri alt-üst edirdi. Burada bir epizodu qeyd etmək yerinə düşər.
Azərbaycan KP MK və Nazirlər Soveti 1980-ci ilin mayında Dağlıq Qarabağ Muxtar Vilayətinin daha da inkişaf etdirilməsi haqqında xüsusi qərar qəbul etmişdi. Doqquzuncu beşillikdə Dağlıq Qarabağda Sərsəng suelektrik stansiyası, Ağdam-Xankəndi (Stepanakert) dəmir yolu, qaz kəməri, aeroport tikildi. İri avtotəmir zavodunun tikintisinə başlanmışdı. 1974-cü ildə Xankəndi (Stepanakert) Pedaqoji İnstitutu açılmışdı. Dərslər erməni, Azərbaycan və rus dillərində aparılırdı. Hər il Dağlıq Qarabağdan 30-40 gənc güzəştli şərtlə respublika ali məktəblərinə qəbul edilirdi. Vilayət partiya təşkilatının rus dilində qəzet çıxarılması haqqında xahişi yerinə yetirilmişdi. Dağlıq Qarabağda elmi mərkəz yaradılması Vilayət rəhbərliyinin xahişi ilə Azərbaycan Elmlər Akademiyası tərəfindən həyata keçirilirdi.
1979-cu il yanvar ayında Ağdam-Xankəndi (Stepanakert) dəmir yolu xəttinin açılışı münasibətilə Xankəndində (Stepanakert) DQMV zəhmətkeşlərinin mitinqi keçirilmişdi. Mitinqdə Sov.İKP MK Siyasi bürosunun üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev çıxış edərək demişdi ki, bu gün vilayətin mərkəzi Xankəndilə (Stepanakert) Azərbaycanın paytaxtı Bakı şəhərini birləşdirən dəmir yolu xəttinin açılması böyük bir hadisədir. Bu, Azərbaycan SSR-nin və DQMV-nin sosial-iqtisadi inkişafı planının praktiki həyata keçirilməsinin təzahürüdür.
Ağdam-Xankəndi (Stepanakert) dəmir yolu tikintisinin qısa bir müddətdə başa çatdırılması Azərbaycan rəhbərliyinin DQMV-nin iqtisadi inkişafının sürətləndirilməsinə diqqətinin və qayğısının nəticəsi idi.
Mitinqdən sonra Heydər Əliyev DQMV partiya təşkilatının XXVIII konfransında iştirak etmişdi. Bu onun Dağlıq Qarabağın inkişafına böyük diqqət və qayğısını göstərirdi.
1979-cu il yanvar ayının 16-da Dağlıq Qarabağ Muxtar Vilayəti partiya təşkilatının XXVIII konfransında Heydər Əliyev böyük nitq söyləmişdi. Hesabat məruzəsində və çıxışlarda DQMV-də sosial-iqtisadi inkişafın ümumi mənzərəsi təhlil edildi. Azərbaycan Kommunist Partiyası təşkilatı və respublika hökumətinin muxtar vilayətin inkişafına böyük qayğı göstərdiyi və diqqət verdiyi qeyd edildi.
Heydər Əliyev vilayətin iqtisadi, mədəni inkişafında görülən işlərə yüksək qiymət verdi, əsas diqqəti qarşıda duran vəzifələrin həyata keçirilməsinə yönəltdi. Azərbaycan partiya təşkilatının gələcəkdə də vilayətin sosial-iqtisadi və mədəni inkişafına xüsusi diqqət verəcəyinə əmin etdi... Bütün bu tarixi xidmətlərə baxmayaraq, artıq fərdi pensiyaçı Heydər Əliyev böhtanlara cavab verməyə məcbur oldu. 1989-cu il aprelin sonunda Sov.İKP MK-nın plenumundakı çıxışında bu böhtanlara cavab verərək bildirdi ki, son dövrdə mətbuat səhifələrində mənim Azərbaycan KP MK-nın birinci katibi işlədiyim dövrdə fəaliyyətimə dair tənqidi məqalələr çap edilir. Əgər onlar obyektiv xarakter daşıyırsa, sağlam mövqedən yazılıbsa, onları qəbul edərdim. Lakin onlar obyektivlikdən də, sağlam mövqedən də uzaq olduğuna görə məndə etiraz hissi doğurur, mənəvi cəhətdən sıxır. Bu məqalələrlə vaxtınızı almaq istəməzdim, amma hesab edirəm ki, deyəm, mən onları qərəzli, qeyri-obyektiv, sübutsuz kimi rədd edirəm.
«Qeyd etmək istəyirəm ki, bütün bu məqalələr mənim Azərbaycanda işlədiyim dövrdə sui-istifadələrə və müxtəlif pozuntulara görə yüksək vəzifələrdən azad edilən və partiya məsuliyyətinə cəlb edilən ayrı-ayrı şəxslərin göstərişi ilə yazır».
Heydər Əliyev Dağlıq Qarabağ hadisələri ilə əlaqədar ünvanına yazılan böhtanlara tutarlı cavab verirdi. O, Sov.İKP MK plenumunda çıxışında tənqidlərin əsassız və sübutsuz olduğunu göstərmişdi. Çünki Heydər Əliyev 1982-ci ildə Azərbaycandan Moskvaya yüksək vəzifəyə irəli çəkilmişdi, Dağlıq Qarabağ hadisələri isə 1988-ci ildə başlamışdı. Heydər Əliyevin Azərbaycanda işlədiyi vaxtda Dağlıq Qarabağda vəziyyət normal olmuşdu, milli münasibətlər zəminində heç bir neqativ hadisə olmamış, insident baş verməmişdi. Özü tez-tez Dağlıq Qarabağda olmuşdu, xeyirxahlıqla, rəğbətlə qarşılanmışdı və onun qarşısında milli münasibətlər zəminində heç bir məsələ qoyulmamışdı. Yaxud Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi işlədiyi dövrdə Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxması haqqında heç bir məktub belə daxil olmamışdı.
Qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişaf səviyyəsinin göstəriciləri Azərbaycan və Ermənistanın göstəricilərindən üstün olmuşdur.
XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq keçmiş SSRİ-də iqtisadi-siyasi və milli münasibətlərin inkişafının təzadları nəticəsində müttəfiq respublikalarda, o cümlədən, Azərbaycanda dövlət müstəqilliyinə doğru aparan milli-azadlıq hərəkatı başlanmışdı. Hələ bundan xeyli əvvəllərdən sovet cəmiyyətində başlanan iqtisadi tənəzzül artıq real bir fakt kimi 1980-ci illərin başlanğıcında açıq şəkildə təzahür edirdi. M. S. Qorbaçovun hakimiyyəti illərində (1984-1991) həmin dövrü «durğunluq dövrü» adlandıraraq bu vəziyyətdən çıxmaq üçün «yeni» konsepsiyalar işlənib hazırlanmağa, həyata keçirilməyə başlandı.
SSRİ-nin digər respublikalarından fərqli olaraq Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni inkişafının mahiyyəti heç də durğunluq dövrünün spesifik xüsusiyyətlərinin respublikamıza aid olmadığını göstərirdi. Bu dövr əslində Azərbaycanda yüksək inkişafla, coşdun irəliləyişlə səciyyələnirdi. Heydər Əliyevin rəhbərlik etdiyi dövrü əhatə edən illərdə (1969-1982) respublikamız bütün sahələrdə keçmiş İttifaqda fərqlənirdi. Ona görə də M. S. Qorbaçovun irəli sürdüyü «yenidənqurma» siyasətinə Azərbaycanı da süni surətdə daxil etməsi respublikamızda mənfi tendensiyalara, arzuolunmaz nəticələrə səbəb oldu. Onun Azərbaycanda coşqun və sürətli inkişafın təşkilatçısı və rəhbəri olan Heydər Əliyevə qarşı qərəzli şəxsi münasibəti vəziyyəti daha ağırlaşdırdı. M. S. Qorbaçovun həyata keçirdiyi ermənipərəst siyasət, Azərbaycan ərazisini ermənilərə «hədiyyə etmək» sahəsindəki xəyanətkarlığı respublikamızda ictimai-siyasi prosesləri daha da mürəkkəbləşdirib, respublikada daxili ziddiyyətlərə geniş yol açdı.
1988-ci ildən Sovet rəhbərliyi tərəfindən süni surətdə qızışdırılan və geniş müdafiə olunan Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün genişlənməsi bir tərəfdən qonşu respublikada separatçılıq hərəkatının güclənməsi ilə bağlı idisə, digər tərəfdən, onların arxasında duran Qorbaçov və onun antiazərbaycan siyasəti yeridən ermənipərəst «komanda»sının respublikamızda genişlənən milli-azadlıq hərəkatının qarşısını almağa yönəldilmiş ümumi «parçala və hökmranlıq et» ənənəvi rus siyasətinin tərkib hissəsi idi.
SSRİ-də rəhbərlik səviyyəsinə yüksəlməyə şans qazanmış Heydər Əliyev Azərbaycandakı proseslərin qarşısını almaqla ermənipərəst M.S.Qorbaçovun qarşısında ən böyük maneələrdən biri idi. Sov.İKP MK Siyasi Bürosunun üzvü, siyasi rəhbərlikdə böyük nüfuz qazanmış Heydər Əliyevin tez-tez dəyişilən SSRİ rəhbərliyində birinci şəxs olması ideyası artıq yüksək dairələrdə müzakirə edilir, etiraf edilirdi. O dövrdə SSRİ- nin görkəmli siyasi xadimlərindən olan Andrey Nikolayeviç Qromıko öz oğlu ilə söhbətində qeyd edirdi ki, «Bizim Siyasi Büroda ancaq üç adam nisbətən cavandır: Romanov, Qorbaçov və Əliyev. Axırıncı mənə daha xoş gəlir. Onun vaxtında Azərbaycan, xüsusən onun kənd təsərrüfatı çox sürətlə inkişaf etmişdir. Əliyev gözəl təşkilatçıdır, təmiz və abırlı adamdır. Amma təəssüf ki, onun namizədliyi istisna olunur...». Oğlunun «Nəyə görə, milliyyətinə görəmi?» - sualına cavabında A. M. Qromıko açıq şəkildə etiraf etmişdi: - «Bu məsələdə - hə. Milliyyətinə görə». SSRİ Dövlət Plan Komitəsinin keçmiş sədri N. K. Baybakov Heydər Əliyevin Moskvada işi barəsində qeyd edir ki, O, bu və ya digər qərarı qəbul etməzdən əvvəl hər şeyi ətraflı ölçüb-biçirdi, məsələni diqqətlə öyrənirdi, mütəxəssislərlə məsləhətləşir və bundan sonra qərar qəbul edirdi. Qərarlar qəbul etdikdən sonra mütləq onları həyata keçirirdi. «Kaş, bizim Rusiyada da belə adamlar olaydı...»
Azərbaycanın ərazi bütövlüyünün pozulması, ermənilərin respublikamızın ərazisinin bir hissəsini işğal etməsi planı hələ əvvəllərdən hazırlanmışdı. Bu plan M. S. Qorbaçovun yanında və Kremldə mərkəzi rəhbərlikdə oturan ermənilər və ermənipərəst qruplar tərəfindən müdafiə edilirdi, bu mənfur siyasəti həyata keçirmək üçün ciddi hazırlıq işləri görülürdü. Ona görə də M. S. Qorbaçov ermənilərin təhriki ilə ilk növbədə Heydər Əliyevin vəzifədən uzaqlaşdırılmasına çalışırdı.
1987-ci ildə keçmiş SSRİ-nin böyük dövlət və siyasi xadimi Heydər Əliyevin həyatında olduqca çətin bir dövr başlandı. Həmin il oktyabrın 21-də keçirilmiş Sov.İKP MK-nın plenumu haqqında məlumatda deyilirdi ki, «Səhhətinə görə pensiyaya çıxması ilə əlaqədar plenum Sov.İKP MK Siyasi Bürosunun üzvü vəzifəsindən azad edilməsi barədə H. Ə. Əliyev yoldaşın xahişini təmin etmişdir». Həmin il oktyabrın 24-də «Правда» qəzetində dərc edilmiş məlumatda isə deyilirdi: «SSRİ Ali Sovetinin Rəyasət Heyəti səhhətinə görə pensiyaya çıxması ilə əlaqədar SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən azad edilməsi barədə Heydər Əliyev yoldaşın xahişini təmin etmişdir». SSRİ Ali Sovetinin 1988-ci ildə mayın 26-da çıxardığı qətnamədə də göstərilmişdi ki, Heydər Əliyev tutduğu vəzifədən səhhəti və pensiyaya çıxması ilə bağlı azad edilib.
SSRİ kimi böyük bir ölkədə vicdanla işləyən, işində heç bir qüsuru olmayan, bütün dünyada tanınan və böyük siyasi nüfuza malik olan görkəmli siyasi və dövlət xadimi haqqında bu məlumatlar tezliklə bütün dünyaya yayıldı, böyük əks-səda doğurdu.
Türkiyəli publisist İrfan Ülkü «Qızıl ulduzdan hilala doğru» kitabında bu məsələdən danışarkən yazır: «Əliyevin Siyasi Büro üzvlüyündən istefa verməsi, bütün vəzifələrindən əl çəkməsi xəbəri Azərbaycana yayılanda bütün ölkəni yas və gərginlik bürüdü. Azərbaycanın «Müasir Dədə Qorqudu» sayılan şair Bəxtiyar Vahabzadə bu xəbəri eşidəndə oturduğu kreslosunda çöküb: «Eyvah, Moskvadakı yeganə və ən böyük qalamız yıxıldı», - deyə təəssüflənmişdi».
Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılması, hər şeydən öncə, ermənipərəst M.S.Qorbaçovun Azərbaycana qarşı mənfur siyasətini reallaşdırmaq üçün əvvəlcədən düşünülmüş planlarını həyata keçirmək kimi çirkin məqsədindən irəli gəlirdi. H. Ə. Əliyev 1990-cı il fevralın 9-da Rusiya televiziyasının aparıcısı Andrey Karaulovla söhbətində iştirak edən «Vaşinqton post» qəzetinin Moskva müxbiri Devid Remnikin sualına cavabında həmin səbəbləri belə izah edirdi: «Səbəblər odur ki, işlədiyim son dövrdə Qorbaçov tərəfindən özümə qarşı qeyri-səmimi münasibət hiss edirdim. Bu, çox şeydə özünü büruzə verirdi. Mən vicdanla işləyirdim, işimdə heç bir qüsur görmürdü. M. Qorbaçov isə subyektiv hisslərinin əsiri oldu, vəssalam». Heydər Əliyevin istefaya göndərilməsinin səbəblərindən biri də SSRİ-nin siyasi rəhbərliyini ələ almış erməni lobbisinin, erməni mafiyasının təsiri və təzyiqi idi. Onların bu işdə məqsədləri və çoxdan hazırlanmış niyyətləri var idi. Lakin bu işə bizim bəzi milli bədxahlarımız və manqurtlarımız da qoşulmuşdular.
Heydər Əliyevin rəhbərlikdən uzaqlaşdırılmasının əsl səbəbləri tezliklə aşkar oldu. O, bu haqda demişdi ki, «Siyasi bürodan istefa verdikdən 15 gün sonra Qarabağ məsələsi ortaya çıxdı. Qorbaçovun ən yaxın adamı, iqtisadi məsələlər üzrə müşaviri, milliyyətcə erməni olan professor Aqanbeqyan Parisdə keçirdiyi bir mətbuat konfransında «Dağlıq Qarabağ Ermənistana verilməlidir» - demiş, bu məsələ ilə əlaqədar Qorbaçovu da qızışdırmışdı. Moskvanın Qarabağ əməliyyatı mənim Siyasi bürodan getməyimdən 15 gün sonra həyata keçirilməyə başladı. Deməli, bu plan hələ əvvəlcədən hazırlanmış, lakin tətbiq olunmasında mən ciddi maneə imişəm».
Heydər Əliyev hələ istefaya getməzdən bir neçə ay əvvəldən erməni millətçiləri, erməni mafiyası tərəfindən ona qarşı yönəldilən təhlükələrlə, hədə-qorxularla qarşılaşır və mərdliklə onları dəf edirdi. O yazırdı ki, mən 1987-ci ilin may ayında xəstələndim, sağalandan sonra 1-2 ay işlədim. O dövrdə Ermənistandan bir məktub aldım. Müəllifi Qarabağ Cəmiyyətinin rəhbərlərindən olan İqor Muradyan idi. Məktubda mən təhqir olunur, hədələnirdim. O, bildirirdi ki, mənimlə mübarizə aparacaqlar, çünki Qarabağın Ermənistana verilməsinə mane oluram.
Zori Balayan Ermənistanda rus dilində çıxan «Боль и надежда Apцaxa» adlı məqaləsində Heydər Əliyev haqqında çox hədyanlar yazır, Qarabağın Ermənistana verilməməsində onu günahlandırırdı. Məqalədə göstərilirdi ki, S.Kaputikyanla o, Heydər Əliyev haqqında Moskvaya cürbəcür məktublar göndərib, İ.Muradyan isə Heydər Əliyevin məhkəməyə cəlb olunmağını tələb etmişdir. Heydər Əliyev qeyd edirdi: «Sonralar bildim ki, Moskvada işləyərkən erməni millətçiləri Balayan, Kaputikyan, Muradyan mənim haqqımda cürbəcür məktublar göndərmişlər».
Pensiyaya çıxdıqdan sonra Heydər Əliyev Moskvada ciddi nəzarət altında, təqiblər şəraitində fəaliyyət göstərirdi. 30 il sıralarında fəaliyyət göstərdiyi Dövlət Təhlükəsizliyi Komitəsi də onu sovet quruluşu əleyhinə olan bir şəxs kimi təqib etməyə başlamışdı. Təxribat yolu ilə onu aradan götürməyə və bununla da mübarizəni dayandırmağa məcbur etmək istəyirdilər. Lakin Heydər Əliyevi heç nə susdura bilmədi. O, 1988-ci ildə «Jlитературная газета»da onun haqqında dərc edilmiş böhtançı yazıya cavab göndərdi. İmkan düşdükcə rəsmi yerlərdə, xüsusilə 1989-cu ilin aprel ayında Sov.İKP MK plenumunda dərin məzmunlu çıxışında mətbuat səhifələrindəki qərəzli yazılara tutarlı cavab verdi...
Heydər Əliyev həmin plenumdakı çıxışında demişdi: «Bakıda və Moskvada çalışarkən mən doğru-düzgün və vicdanla işləmişəm, vaxtıma qənaət etmədən işləmişəm, özümü bütünlüklə işə həsr etmişəm, heç kimi təqib etməmişəm, heç bir tayfam, dəstəm olmamışdır, sui-istifadələrə, mənfi hallara qarşı fəal mübarizə aparmışam və nəticədə özümə çoxlu düşmən qazanmışam, geniş ürək infarktı keçirmişəm».
Heydər Əliyev cismən Moskvada yaşasa da, qəlbən Azərbaycanda idi. «Səkkiz il ərzində mən Azərbaycanda olmamışam, amma ürəyim Azərbaycanla, Azərbaycan xalqı ilə olub». Qarabağ məsələsi ortaya atılan vaxt Moskvada bu məsələ onu ciddi narahat edirdi. Sov.İKP MK-nın baş katibi M.S.Qorbaçovla, onunla mümkün olmadıqda Liqaçovla, Çebrikovla, Kryuçkovla görüşüb Qarabağ məsələsinin həll edilməsi barəsində danışmaq istəmişdi. «Əlimdə sənədlər, sübutlar var, Qarabağ Azərbaycanın öz torpağıdır - deyirdim. Onların mənə cavabı isə bu idi: «Biz Qarabağda erməni - azərbaycanlı münaqişəsi ilə bağlı problemi özümüz həll edəcəyik».
Əslində erməni təcavüzünün qarşısını almaq üçün İttifaq dövləti və şəxsən M.S.Qorbaçov heç bir tədbir görmək istəmir, müxtəlif yollarla yalançı çıxışlarla ermənilərin təcavüzünün güclənməsinə şərait yaradırdı, öz fəaliyyəti ilə Dağlıq Qarabağı Ermənistanın tabeliyinə keçirirdi.
Azərbaycana o zaman rəhbərlik edən şəxslər, hakimiyyət orqanları da Moskva hökuməti qarşısında acizlik göstərirdi. Azərbaycan rəhbərliyinin fəaliyyətsizliyi, təslimçilik mövqeyi Qarabağda Ermənistanı mövqeyini möhkəmləndirirdi. Ermənilər Qarabağ məsələsində addım-addım irəliləyirdi. Azərbaycanda hakimiyyət davası, xəyanətkarlıq, satqınlıq və səriştəsiz rəhbərlik nəticəsində nəinki Dağlıq Qarabağ Muxtar Vilayəti, ora daxil olmayan, keçmiş vilayətin ətrafında yerləşən ərazilər, rayonlar da işğal edilirdi.
Heydər Əliyevin 1987-ci il oktyabrın 21-də Sov.İKP MK-nın siyasi bürosundan istefa verməsindən 15 gün sonra əvvəlcədən hazırlanmış qondarma «Dağlıq Qarabağ məsələsi» irəli sürülmüşdüsə də, bundan üç ildən çox müddət keçməsinə baxmayaraq, «Dağlıq Qarabağ məsələsi» nə Azərbaycan SSR Ali Sovetinin sessiyasında, nə də başqa hakimiyyət orqanlarında bir ümummilli məsələ kimi ciddi və hərtərəfli müzakirə edilməmiş, təsirli tədbirlər görülməmişdi.
1987-ci ilin son aylarında «Qarabağ məsələsi» qalxdı, onda da qarşısı alına bilərdi, lakin alınmadı. 1988- ci ilin fevral ayında yenə böhran yarandı, onda da qarşısını almaq mümkün idi. Ancaq alınmadı. Ona görə də erməni millətçiləri Dağlıq Qarabağı ələ keçirmək üçün güclü siyasi kompaniyaya başladılar. Azərbaycan rəhbərliyi o kompaniyanın qarşısını ala bilmədi. M. S. Qorbaçov və onun komandası da erməniləri dəstəklədi. Mərkəz addım-addım Dağlıq Qarabağı Azərbaycandan ayırmağa başladı. 1988-ci ilin mart ayında Sov.İKP MK, SSRİ Nazirlər Soveti Dağlıq Qarabağın sosial-iqtisadi inkişafı üçün qərar qəbul etdilər. Həmin qərarda Ermənistan Respublikasının rəhbərliyinə Dağlıq Qarabağın işlərinə qarışmaq üçün ixtiyar verilirdi. Heydər Əliyev tamamilə düzgün olaraq o qərarı «Azərbaycan Respublikasının, Azərbaycan xalqının, necə deyərlər, kürəyinə süngü sancmaq» kimi qiymətləndirirdi.
Sonrakı proseslərlə bağlı aşağıdakıları qeyd etmək olar. 1988-ci ilin iyul ayında SSRİ Ali Sovetinin Rəyasət heyətinin sessiyasında Dağlıq Qarabağ məsələsi müzakirə olundu. Azərbaycandan olan deputatlarla yanaşı, qanuna zidd olaraq Ermənistandan olan deputatlar eyni hüquqda orada iştirak edirdilər. Heydər Əliyev Ermənistan deputatlarının sessiyada iştirakının təmin edilməsini tamamilə qeyri-qanuni hesab edir və göstərirdi ki, «Axı Ermənistan Respublikasından olan deputatlar nə hüquqla orada iştirak etməli idilər?» Bu da M.S.Qorbaçov və onun ətrafının Ermənistan üçün yaratdığı yeni imkan oldu.
1989-cu il yanvarın 12-də SSRİ Ali Sovetinin Rəyasət heyəti «Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarə formasının tətbiq edilməsi haqqında» fərman vermişdi. İttifaq rəhbərliyinin bu addımı Azərbaycan xalqına qarşı ən böyük xəyanət kimi qeyd edilməlidir. Dağlıq Qarabağda A.Volskinin xüsusi idarə üsulu yaradıldı. Ermənipərəst Arkadi Volskinin başçılıq etdiyi Xüsusi İdarə Komitəsi birbaşa Moskvaya tabe idi. Dağlıq Qarabağda Azərbaycanın bütün dövlət və ictimai orqanların səlahiyyəti dayandırıldı. XİK-nin fəaliyyəti nəticəsində DQMV Azərbaycandan, demək olar ki, ayrı salındı, eyni zamanda azərbaycanlıların buradan qovulmasına, ermənilərin silahlandırılmasına və silahlı quldur dəstələrinin yaradılmasına geniş imkan verildi. Dağlıq Qarabağa qonşu olan keçmiş Şaumyan və Xanlar rayonlarının ərazilərində də ermənilərin silahlı dəstələri yaradılmışdı. XİK və Sovet Ordusunun köməyi ilə iyul ayında Xankəndində yaşayan bütün azərbaycanlılar oradan qovulub çıxarıldı.
Heydər Əliyev Azərbaycanın o zamankı siyasi rəhbərliyinin fəaliyyətindən təəssüflənir və qeyd edirdi ki, o dövrdə Azərbaycanın siyasi rəhbərliyi bu idarənin yaranmasını böyük qələbə kimi qiymətləndirir və bu idarəyə çox böyük ümidlər bəsləyirdi. Yalnız xalq hərəkatının təsiri altında SSRİ Ali Soveti tərəfindən 1989-cu il noyabrın 28-də A.Volskinin antiazərbaycan üsul-idarəsi ləğv olundu. Azərbaycanda isə xalq hərəkatına ilk vaxtlar səriştəsiz rəhbərlik, separatçılıq, xəyanətkarlıq və i.a mənfi hallar respublikanı ağır siyasi vəziyyətə salmışdı.
Mərkəzi hakimiyyətdə oturan M. S. Qorbaçov və onun ermənipərəst ətrafı bir tərəfdən Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq, Ermənistana verilməsinə şərait yaradır, digər tərəfdən isə, Azərbaycanda genişlənən milli-azadlıq hərəkatını boğmaq üçün müxtəlif vasitələrə əl atırdılar. Beləliklə, Azərbaycanda milli-azadlıq mübarizəsi bir tərəfdən müstəqillik əldə etmək tələbləri ilə genişlənirdisə, digər tərəfdən, Ermənistan tərəfindən Azərbaycan torpaqlarını işğaldan qorumağa, erməni təcavüzünün qarşısını almağa yönəldilirdi. Erməni təcavüzü get-gedə daha da fəallaşırdı. Bütün bunlar «Böyük Ermənistan» ideyasını həyata keçirmək üçün Azərbaycana qarşı, azərbaycanlılara qarşı geniş miqyaslı hərbi təcavüzə, kütləvi qırğınlara çevrilmişdi. 1988-ci ilin fevral ayının 19-da Yerevan şəhərində keçirilən mitinqdə «Ermənistanı türklərdən (Azərbaycan türklərindən - İ. H) təmizləməli», «Ermənistanda ancaq ermənilər yaşamalıdır» və s. şüarlar səsləndi və tələblər irəli sürüldü. Dağlıq Qarabağda erməni millətçilərinin zorakılıqları və siyasi aksiyaları genişlənməyə başladı. Xankəndində mitinqlər, nümayişlər keçirilir, Dağlıq Qarabağı Azərbaycandan ayırmaq və Ermənistana birləşdirmək tələbləri irəli sürülürdü. Yerevanda əvvəl gizli, sonradan (1987-ci ilin oktyabrından) açıq fəaliyyətə başlayan «Qarabağ Komitəsi» Azərbaycanda, xüsusilə Dağlıq Qarabağdakı yerli təşkilatları vasitəsilə güclü separatçılıq təbliğatı aparır, «Krunq» («Durna») adı altında açıq fəaliyyət göstərirdi. Ermənilər içərisində «Miatsum» («Birləşmə») ideyası yayılırdı. Azərbaycanda ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən təxribatlar, terror aktları, qəsdlər ictimai-siyasi vəziyyəti getdikcə gərginləşdirirdi. Hələ 1986-cı ildə ermənilərin xüsusi silahlı dəstələri Ermənistanın Qafan və Mehri rayonlarında yaşayan azərbaycanlıları zorla qovub çıxartmışdılar. İlk qaçqınlar Azərbaycana pənah gətirmiş, Sumqayıt şəhərində və onun ətrafında məskunlaşmışdılar. Qorbaçov başda olmaqla mərkəzdə oturan ermənipərəst rəhbərlər və ermənilər isə münaqişənin qarşısını almaq əvəzinə, hadisələri daha da qızışdırırdılar. Moskvadan göndərilən nümayəndələr isə sözdə erməniləri və azərbaycanlıları sakitləşdirməyə, dostluq şəraitində yaşamağa çağırır, əslində heç bir əməli tədbir görmür, erməni separatçılarının xeyrinə fəaliyyət göstərirdilər. İki xalqı qarşı-qarşıya qoymaqla artıq başlanmış milli-azadlıq hərəkatını yatırmağa çalışırdılar. 1988-ci ilin fevralında Azərbaycanda siyasi vəziyyət xarici və daxili qüvvələrin təsiri ilə olduqca gərginləşmişdi. Milli münasibətlər, erməni və azərbaycanlılar arasında qan tökülməsi ilə nəticələnmişdi. Fevralın 24-də Dağlıq Qarabağ Muxtar Vilayətinin Əsgəran rayonunda 2 nəfər gənc azərbaycanlı ermənilər tərəfindən öldürülmüş, 19 nəfər yaralanmışdı.
Fevralın 27-28-də Sumqayıtda ermənilər tərəfindən planlı şəkildə irəlicədən düşünülmüş qırğın törədildi. Bunun da təşkilatçısı ermənilər idi. Məqsəd Azərbaycanı dünyada təcavüzkar ölkə kimi qələmə vermək və bu yolla özlərinin antiazərbaycan siyasətinə haqq qazandırmaq idi. Sumqayıtda hələ fevralın 20-dən Ermənistanda azərbaycanlılara qarşı edilən vəhşiliklərlə əlaqədar mitinqlər başlamışdı. Təhrikçi qüvvələr bundan istifadə etməyə başladı. Sonradan məlum oldu ki, hadisə törədilənə qədər bütün varlı ermənilər əmanət kassalarından öz pullarını götürüb getmişdilər. Fevralın 27-də Sumqayıtda böyük mitinq oldu. Səhəri günü əvvəlcədən hazırlanmış ssenari üzrə erməni talanları başlandı. Sumqayıt hadisələrinin təşkili və gedişi də ermənilərlə bağlı idi. Ermənilər bu hadisəni törətməklə Qarabağ hadisələri barəsində ermənilərin xeyrinə dünyada hayküy qaldırmaq və azərbaycanlıları günahkar kimi tanıtmağa çalışırdılar. Özünü azərbaycanlı kimi qələmə verən E. Qriqoryan adlı erməni qırğının əsas təşkilatçısı idi. O özü beş erməni öldürmüşdü. Cəmi 32 nəfər öldürülmüşdü ki, bunlardan 26 nəfəri erməni, 6 nəfəri azərbaycanlı idi.
Sumqayıt hadisələrinin ermənilər tərəfindən irəlicədən təşkil edildiyi bir də onunla sübut edilir ki, hadisə baş verən yerlərdə hadisəni bütün dünyaya çatdırmaq üçün əvvəlcədən çoxlu telefoto operatorlar, jurnalistlər yerləşdirilmişdi. Nəzərdə tutulan plan həyata keçirildi. Düşünülmüş, düzəldilmiş Sumqayıt hadisələri saxtakarlıqla, uydurmalarla dünyaya yayıldı.
Milli azadlıq hərəkatının mərkəzi olan Bakıda da 1990-cı ilin yanvarında Sumqayıt ssenarisinə uyğun təxribatlar hazırlanmışdı. Bakıda yerli milis tərk-silah edilmişdi, mərkəzdən daxili qoşun hissələri şəhərə gətirilmişdi. Bakıda əhalinin müqavimətini qırmaq üçün planlı şəkildə hazırlıq görülmüşdü. 1990-cı il yanvarın 13-də Bakıda bir erməninin iki azərbaycanlını öldürməsi fitnəkarlıqlar üçün əsas səbəb oldu.
Ayrı-ayrı dəstələrin əməllərinin qarşısını almaq üçün ali hakimiyyət və hüquq-mühafizə orqanları tərəfindən tədbir görülmədi. Çünki hakimiyyət orqanları iflic vəziyyətində idi. Halbuki Bakıda SSRİ Daxili İşlər Nazirliyinin 12 min nəfərlik silahlı qüvvəsi var idi. Hadisələrin qarşısını almaq üçün yerli hüquq-mühafizə orqanlarından istifadə etmək olardı. Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində çalışan Ə.Vəzirov bu aksiyaların nəinki qarşısını almaqda acizlik göstərdi, çünki onu heç kəs eşitmirdi. Əslində o, bunları bəhanə edərək sovet qoşunlarının Azərbaycana müdaxiləsinə şərait yaratmaq, xalq hərəkatını yatırtmağa və ona rəhbərlik edənlərə, xüsusilə Xalq Cəbhəsi üzvlərinə divan tutmağa çalışırdı. Yanvarın 14-də Azərbaycan KP MK-nın bürosunda vəziyyət müzakirə edildi və Vəzirovun təkidi ilə çağırılan Azərbaycan SSR Ali Soveti sessiyasında DQMV-də və zəruri olarsa, ona bitişik rayonlarda və sərhəd boyunda fövqəladə vəziyyət elan edilməsi, eləcə də lazım gələrsə, Mərkəzdən kömək göstərilməsi haqqında qərar qəbul edildi. Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyətinin müraciəti ilə SSRİ Ali Soveti Rəyasət Heyəti yanvarın 15-də «Dağlıq Qarabağ və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan olunması haqqında» fərman verdi. Eyni zamanda SSRİ Ali Soveti respublikanın Bakı, Gəncə şəhərlərində, eləcə də, başqa yaşayış məntəqələrində qadağan saatlarının tətbiq edilməsi və digər zəruri tədbirlər görülməsini Azərbaycan SSR Ali Sovetinə təklif etdi.
Mərkəzdən Azərbaycana, xüsusilə Bakı ətrafına əlavə qoşun hissələri, hərbi texnika gətirilməyə başlandı. Bununla da Bakı şəhərinə qoşun yeridilməsinə hazırlıq əməliyyatları üçün ilkin tədbirlər görüldü. Xalq Cəbhəsi guya ordunun şəhərə daxil olmasının qarşısını almaq üçün şəhərin girəcəklərində və Bakı qarnizonu ətrafında sədlər, barrikadalar yaratmağa başladı. Yük və minik maşınları, avtobus və trolleybuslardan və başqa vasitələrdən barrikadalar quruldu, piketlər düzəldildi. Az keçmədi ki, 20 Yanvar Bakı qırğınında bu düzgün olmayan taktika çoxlu sayda dinc əhalinin qırılmasına, yaralanmasına və itkin düşməsinə səbəb oldu.
Yanvar hadisələri ərəfəsində Moskva hökuməti SSRİ Ali Soveti ittifaq Sovetinin sədri Y.Primakovu və Sov.İKP MK katibi A.Girenkonu Bakıya göndərmişdi. Onlar AXC-nin həm radikal, həm də liberal qanadlarının nümayəndələri ilə görüşlər keçirdi, lakin nəticəsi olmadı.
Yanvarın 17-də isə Azərbaycan KP MK binası qarşısında böyük mitinq başlandı və üç gün davam etdi. Mitinqdə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulması, Bakı ətrafına yığılmış qoşunların Dağlıq Qarabağa göndərilməsi, respublika rəhbərliyinin istefası və i.a tələblər irəli sürülmüşdü. Mitinqdə xalqa xəyanətdə günahlandırılan respublika partiya və dövlət hakimiyyəti rəhbərləri üçün simvolik dar ağacları qurulmuşdu. Onsuz da siyasi müqəvvaya çevrilmiş Ə. Vəzirovun yerinə namizədlərin irəli sürülməsi məsələsi hərraca qoyulmuşdu.
Mitinqlər Azərbaycanın başqa yerlərində də geniş miqyas almışdı. Mərkəz Naxçıvan MR-ə da təzyiq göstərmək üçün cəhdlər etsə də, buna nail ola bilmədi. Xalqın tələbi ilə Naxçıvan Muxtar Respublikasının Ali Soveti 1990-cı il yanvarın 19-da SSRİ tərkibindən çıxmaq haqqında qərar qəbul etdi.
1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət heyəti Konstitusiyaya zidd olaraq Azərbaycan SSR Ali Sovetinin razılığı olmadan yanvarın 20-də saat 00-dan «Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında» fərman verdi. Fövqəladə vəziyyətin başlanma vaxtı gizlin saxlanıldı. Moskvanın və respublikanın səlahiyyətli nümayəndələri isə ordunun şəhərə girməyəcəyi haqqında xalqa yalan vədlər verirdilər. Fərmanda yanvarın 20-si saat 00-da fövqəladə vəziyyət elan edilməsinə (əslində fövqəladə vəziyyət haqqında fərman yanvarın 20-də saat 7-də elan edilmişdi) baxmayaraq, yanvarın 19-da saat 21-də Türkan-Qala tərəfdən şəhərə ilk qoşun yeridildi. Bakı qarnizonunun əsgərləri, gətirilən hissələr, hərbi gəmilərdə saxlanılan desant hissələri də şəhərə yeridildi. Bakıdakı bu əməliyyatlara keçmiş SSRİ müdafiə naziri D.Yazov özü rəhbərlik edirdi.
Qanlı 20 yanvarda Bakıda və digər yaşayış məntəqələrində sovet ordusunun basqını vaxtı 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 400 nəfər həbs olunmuşdu.
Ümumiyyətlə, Azərbaycanda siyasi vəziyyətin faciəli xarakter almasının əsas səbəbi ondan ibarət idi ki, Azərbaycan rəhbərliyi, şəxsən Ə. Vəzirov azadlıq hərəkatının qarşısını almaq, erməniləri müdafiə etmək, Qorbaçov qarşısında qulluq göstərmək üçün müxtəlif tədbirlərə əl atırdı. Azərbaycanda Moskvanın elçisi kimi fəaliyyət göstərən Ə. Vəzirovun zor işlətmək, təzyiqlər etmək, təxribatlar törətmək, həbslər keçirmək, erməniləri müdafiə etmək, mərkəzə müraciətlər etməklə oradan kömək göndərilməsini təşkil etmək kimi antimilli fəaliyyət göstərməsi geniş miqyas almışdı. Bundan əlavə, M. S. Qorbaçovun elçisi olan Ə. Vəzirov azadlıq hərəkatının diqqətini əsas tələblərdən uzaqlaşdırmaq məqsədi ilə özünün «Azərbaycanı kompüterləşdirmək», «ekoloji təmizlik həyata keçirmək», «kəndlərdə hamam tikmək» kimi gülünc və ağılsız «proqramları» ilə çıxış edirdi.
1990-cı il yanvarın 20-nə keçən gecə Azərbaycanda milli azadlıq mübarizəsini boğmaq məqsədilə Bakıya iri qoşun hissələri yeridildi və əhali silahdan keçirildi. Günahkar Ə. Vəzirov Azərbaycandan qaçmışdı, digər Azərbaycan rəhbərləri isə susurdu. Moskvada təzyiq və təqiblər altında yaşayan pensiyaçı Heydər Əliyev səhər tezdən bundan xəbər tutub, çox həyəcan keçirdi və qəzəbləndi. Ertəsi gün yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib, yığıncaqda çıxış etdi, 20 Yanvar hadisəsinə öz kəskin etirazını bildirdi, doğma xalqına başsağlığı verdi, onunla həmrəyliyini ifadə etdi. O demişdi: «Mən baş vermiş hadisələr haqqında dünən xəbər tutmuşam və təbiidir ki, bu hadisəyə laqeyd qala bilməzdim. Buraya ən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvadakı kiçik parçası olan daimi nümayəndəliyində, böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə öz münasibətini bildirmək istəyirəm. Azərbaycanın Moskvada daimi nümayəndəsi Söhrab İbrahimovdan xahiş edirəm ki, mənim sözlərimi, kədərimi, başsağlığımı Azərbaycan xalqına çatdırsın».
Heydər Əliyev ilk dəfə olaraq 20 Yanvar hadisəsinə yeganə düzgün siyasi qiymət verdi: «... Mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm». Eyni zamanda onun müqəssirlərini göstərdi. İlk növbədə Azərbaycan Kommunist Partiyası MK-sının birinci katibi Ə. Vəzirovu ittiham etdi. Heydər Əliyev çıxışında göstərirdi ki, o, Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi kimi yüksək vəzifədə olduğu müddətdə vəziyyəti sabitləşdirmək üçün heç nə etməmişdir. Əksinə yaramaz iş üslubu, fırıldaq, siyasi manevrləri ilə vəziyyəti daha da gərginləşdirmişdi. Haqlı olaraq onun istefası tələbi irəli sürülürdü. Qoşun yeridilməsinə çalışırdı. Bakı şəhərinə ordu yeridildikdən, əhali silahdan keçirildikdən sonra Vəzirov Bakıdan qaçmışdır.
Heydər Əliyev qeyd edirdi ki, Sovet Ordusunun, SSRİ DİN-in böyük kontingentinin Bakı şəhərinə yeridilməsi haqqında qərar qəbul etmiş adamların hərəkətini siyasi qəbahət sayıram. Ona görə də qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır. Heydər Əliyev Azərbaycan xalqına başsağlığı göndərdi. Çox çətinliklə Bakıya, bəzi şəxslərə zəng vuraraq rica etdi ki, başsağlığı Azərbaycan qəzetlərində dərc edilsin, yaxud matəm mitinqində oxunsun. Lakin, təəssüf ki, bu xahişlərin heç birinə əməl edilmədi. Bu çıxış 20 Yanvar hadisələri haqqında ilk düzgün siyasi qiymət idi. Azərbaycan rəhbərliyi hələ bir müddət buna lazımi siyasi qiymət verməsə də, sonralar yenə də məhz Prezident Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra onun təkidi və tələbi ilə 20 Yanvar faciəsinə düzgün və əsaslandırılmış siyasi qiymət verdi.
Bakı şəhərinə qoşun yeridilməsi və qanlı faciələr əhalinin ciddi nifrət və etirazına səbəb oldu. Əhali həyəcan içərisində idi. Fövqəladə vəziyyət şəraitində fəaliyyət göstərmək olduqca çətin idi. Deputatların bir hissəsinin təşəbbüsü ilə, xüsusilə xalq şairi Bəxtiyar Vahabzadənin, yazıçılardan Anar və mərhum İ.Şıxlının tələbi ilə 1990-cı il yanvarın 21-22-də Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar fövqəladə sessiyası çağırıldı. Sessiya Bəxtiyar Vahabzadənin sədrliyi ilə Azərbaycan Elmlər Akademiyasının böyükdairəvi akt zalında(H. Cavid prospekti, 31-də-İ.H) keçirildi.
Azərbaycan SSR Ali Sovetinin «Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında» qərarında 20 Yanvar faciəsinə tam olmasa da, siyasi qiymət verilməsinə müəyyən təşəbbüs göstərildi. Belə ki, qərarda Sovet Ordusu qoşun bölmələrinin respublikaya yeridilməsi, onun «respublikanın paytaxtı Bakı şəhərində dinc əhaliyə qanlı divan tutması, yüzlərlə adamın öldürülməsi və yaralanması ilə əlaqədar Azərbaycan xalqının qəzəb və hiddətini ifadə edərək, SSRİ-nin ali hakimiyyət orqanları tərəfindən SSRİ-nin təşkili haqqında müqavilənin şərtlərinin və SSRİ Konstitusiyasının kobud surətdə pozulduğunu, suveren Azərbaycan Sovet Sosialist Respublikasının razılığı olmadan Bakı şəhərində fövqəladə vəziyyət elan olunması və buraya qoşunlar yeridilməsi haqqında qərar çıxarıldığını, bunun da nəticəsində Azərbaycan SSR-in suveren hüquqlarının açıqaşkar tapdalandığını təsdiq edərək» qəbul etdiyi qərarda SSRİ Ali Soveti Rəyasət Heyətinin 19 yanvar tarixli fərmanını Azərbaycan SSR-in suverenliyinə qarşı təcavüz aktı, Bakıda və onun ətrafında yüzlərlə adamın ölümünə və yaralanmasına səbəb olan bu fərmanın icrasına sərəncam vermiş adamların hərəkətləri Azərbaycan xalqına qarşı cinayət kimi qiymətləndirildi. Eyni zamanda qərarda Dağlıq Qarabağ Muxtar Vilayəti və Ermənistanla həmsərhəd rayonların sərhəd zolaqları istisna olmaqla, Bakı şəhərində və Azərbaycan SSR-in digər rayonlarında fövqəladə vəziyyət rejiminin dayandırılması, bütün qoşun hissələri və bölmələrinin Bakı şəhərindən və respublikanın rayonlarından ən qısa müddətdə çıxarılması, vətəndaşlara qanlı divan tutulmasının bilavasitə təşkilatçılarını, müqəssir olanları aşkar etmək üçün deputat istintaq komissiyası yaradılması tələb olunurdu.
Yanvar faciəsinə hüquqi-siyasi qiymət vermək məsələsi Azərbaycan KP MK-nın ilk partiya təşkilatında da irəli sürülmüşdü. Partiya təşkilatının bəzi üzvlərinin tələbi ilə (Ç. Həsənov, A. Nəsibov, N. Ramazanov və başqaları) ilk partiya təşkilatının yığıncağı keçirilmiş, yığıncaqda MK-nın birinci katibi Ə.Vəzirovun Sov.İKP sıralarından azad edilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi qoyulmuş və 20 Yanvar hadisəsinə geniş siyasi qiymət verilməsi tələbi irəli sürülmüşdü. Lakin bu məsələ də sonralar ört basdır edilmişdi.
1990-cı il yanvarın 24-25-də Azərbaycan KP MK-nın plenumu keçirildi. Plenumda yanvar hadisələrinin və respublikada yaranmış ictimai-siyasi vəziyyətin müzakirə edilməsi məsələsi irəli sürüldü. Plenum bəzi iştirakçıların təkidi ilə «Respublikada siyasi vəziyyət haqqında» məsələni müzakirə etdi. Bu məsələnin müzakirəsi zamanı Azərbaycanın suverenliyinə qarşı təcavüzə, sovet qoşunlarının heç bir qanuna sığmayan hərəkətlərinə siyasi qiymət verilməsini tələb edən partiya üzvlərinin tələbləri nəzərə alınmadı. İclasa sədrlik edən Azərbaycan KP MK-nın ikinci katibi V.Polyaniçkonun və başqa rəhbərlərin təzyiqi ilə bu məsələ barəsində qərar qəbul edilmədi. Plenum yalnız 19-20 yanvarda Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq edilməsi səbəblərini araşdırmaq üçün komissiya yaratmaqla kifayətləndi. Plenumda Azərbaycan KP MK-nın ilk partiya təşkilatının keçmiş birinci katibi Ə. Vəzirovun partiya sıralarından xaric olunması və onun fəaliyyətinin xalqa zidd kimi qiymətləndirilməsi haqqında qərarına da laqeyd yanaşılmışdı. Nəticədə onun yalnız tutduğu vəzifədən azad edilməsi və onun işlədiyi dövrdəki fəaliyyətini öyrənmək üçün komissiya yaradılması haqqında qərar qəbul edilmişdi. Sonralar isə Azərbaycan KP MK-nın növbəti plenumunda Ə. Vəzirovun tərəfdarlarının səyləri nəticəsində bu qərar xeyli yumşaldılmış, bununla keçmiş birinci katib məsuliyyətdən xilas edilmişdi. Belə ki, 1990-cı il yanvarın 24-də Azərbaycan KP MK-nın plenumunda Ə. Vəzirovun fəaliyyətini yoxlamaq üçün yaradılan komissiyanın hazırladığı məlumata yalnız Mərkəzi Komitənin 2 iyun 1990-cı il tarixli plenumunda baxıldı. Əsas günahkar Ə. Vəzirova «cəza» verildi və Azərbaycan KP MK-nın üzvlüyündən azad edildi.
Beləliklə, Azərbaycan KP MK-nın 1990-cı il yanvar, mart və iyun plenumlarında da 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilmədi, günahkarlar aşkar edilmədi, bununla da məsələnin üstü ört-basdır edildi.
1991-ci il avqustun 30-da Azərbaycan SSR Ali Soveti fövqəladə vəziyyətin ləğv edilməsi haqqında fərman verdi. Bu tarixi faktı yada salmalıyıq ki, Ali Sovetin 22 yanvar 1990-cı il tarixli sessiyasında «SSRİ Ali Sovetinə, müttəfiq respublikaların Ali Sovetlərinə, Sovet İttifaqı xalqlarına, dünyanın bütün ölkələrinin parlamentlərinə, Birləşmiş Millətlər Təşkilatına, Azərbaycan SSR-də yaşayan bütün millətlərə və xalqlara müraciətlər» qəbul edilmişdi. Yanvar faciəsində müqəssirləri aşkara çıxarmaq məqsədilə Azərbaycan SSR Ali Sovetinin deputatlarından ibarət istintaq komissiyası yaradılmışdı. İstintaq komissiyası bir il müddətində yoxlanışı başa çatdırıb hesabat verməli idi. Lakin məsələnin həlli uzadıldı, yalnız iki ildən sonra 1992-ci il yanvarın 19-da Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası «1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə qoşunların yeridilməsi ilə əlaqədar faciəli hadisələrin təfsilatının səbəblərinin təhqiqi üzrə Azərbaycan Respublikası Ali Sovetinin komissiyasının işinin yekunlarına dair» qərar qəbul etdi.
İstintaq komissiyasının təqdim etdiyi məlumat olduqca səthi olub əsl həqiqəti aşkar etməkdən çox- çox uzaq idi.
20 Yanvar faciəsinin 4-cü ildönümünün qeyd edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev dörd il müddətində 20 Yanvar hadisəsi ilə bağlı qəbul edilən qərarlarla, görülən işlərlə, sənədlərlə ciddi tanış olanda aşkar etmişdi ki, məsələyə siyasi qiymət verilməsi tamamilə kənara atılıb, əslində hadisələrin mahiyyəti ört-basdır edilib. Onun tanış olduğu qərarlardan biri isə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının 1992-ci il 19 yanvar tarixli qərarı idi. Heydər Əliyev 1994-cü il yanvarın 12-də 20 Yanvar faciəsinin dördüncü ildönümü ilə bağlı Dövlət Komissiyasının iclasında demişdi: «...Mənə Milli Şuranın (indi o, Milli Məclis adlanır) 19 yanvar 1992-ci il tarixli qərarı təqdim edildi... Bu qərarı oxuyanda, doğrusu, çox həyəcanlandım. Düşündüm ki, Milli Şura nə üçün öz millətinin, öz xalqının aqibətinə, taleyinə bu qədər biganə qalıb? Qərarı oxuyandan sonra bir daha qəti fikrə gəldim ki, bu faciəyə, bu hadisəyə indiyə qədər siyasi qiymət verilməyib».Həmin qərar haqqında Heydər Əliyevin ciddi, düşünülmüş, tutarlı fikri hadisəyə hüquqi-siyasi qiymətin verilməsində mühüm istiqamətdir. O göstərirdi: «Mənim fikrim belədir ki, bu qərarın qəbul edilməsi bəlkə də Azərbaycan xalqına 20 Yanvar 1990-cı ildə olan faciə kimi böyük bir xəyanətdir».
Qeyd etmək lazımdır ki, Yanvar hadisələrindən 4 il keçməsinə baxmayaraq, respublikada bu qanlı cinayətlərə dövlət səviyyəsində lazımi siyasi qiymət verilməmişdi. Hələ 1992-ci il yanvarın 19-da faciədən iki il sonra Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının bu barədə müvafiq qərarı olmasına baxmayaraq, həmin qərar 2 il ərzində yerinə yetirilməmiş qalmışdı. Həm də bu qərarda Yanvar hadisələrinin əsl səbəbləri açıqlanmamış və həqiqi günahkarlar aşkar edilməmişdi.
Yalnız Heydər Əliyevin Azərbaycan Respublikası Prezidenti seçilməsindən sonra 1990-cı il qanlı 20 Yanvar hadisələrinin səbəblərinin açıqlanması və bu işdə günahkarların aşkar edilməsi üçün dövlət səviyyəsində tədbirlər həyata keçirildi. Prezidentin 5 yanvar 1994-cü il tarixli «20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında» fərmanı ilə iki istiqamətdə fəaliyyət proqramının həyata keçirilməsi - 20 Yanvar faciəsinin 4-cü ildönümü ilə bağlı tədbirlərin hazırlanması və keçirilməsi, eləcə də, Yanvar hadisələrinə siyasihüquqi qiymət verilməsi üçün Dövlət Komissiyası yaradılır.
Bu fərmanla Azərbaycan Respublikasının Milli Məclisinə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi məqsədilə xüsusi sessiya keçirilməsi tövsiyə olunur.
1994-cü il yanvarın 12-də Prezident Heydər Əliyevin sədrliyi ilə Dövlət Komissiyasının geniş iclası keçirildi. İclasda Dövlət Komissiyasının sədri, Baş nazirin müavini komissiyanın hazırladığı tədbirlər planı, irəli sürülmüş təkliflər haqqında geniş məlumat verdi. O, Prezidentin 5 yanvar tarixli fərmanının əhəmiyyətindən danışarkən qeyd elədi ki, «.. .Prezidentin bu fərmanı bugünkü Azərbaycanın tarixinin, taleyinin, mənəviyyatının kontekstində son dərəcə böyük əhəmiyyətə malikdir. Ötən dörd ildə ilk dəfədir ki, Prezident fərmanı ilə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi qarşıya qoyulur».
Belə ki, yeri gəlmişkən, onu da xatırlatmaq yerinə düşər ki, Heydər Əliyev məhz 20 Yanvar faciəsi zamanı xalqımıza qarşı törədilən qanlı hərbi təcavüzə görə Sov.İKP sıralarını tərk etmişdi. 1991-ci il iyulun 19- da fərdi pensiyaçı, Sov.İKP üzvü Heydər Əliyev partiya sıralarından çıxmaq barədə SSRİ Nazirlər Kabinetinin partiya təşkilatına bəyanat vermişdi. Bəyanatın mətni iyulun 23-də Moskvada çıxan «Heзависимая газета»da, iyulun 26-da Bakıda «Azadlıq» qəzetində dərc edilmişdi. Bəyanatda deyilirdi: «Sizin nəzərinizə çatdırıram ki, mən Sov.İKP-dən çıxmaq qərarına gəldim. Dərhal xəbərdarlıq edirəm ki, bu sadəcə «dəbə» uymaq deyil, son illər ərzində keçirdiyim ağır məyusluqlar yolunun məşəqqətlərini və hadisələrini yenidən qiymətləndirməyinin yekunudur. Məni bu addımı atmağa məcbur edən başlıca səbəblər aşağıdakılardı:
Birincisi, hələ 1990-cı ilin yanvarında Mərkəzin və Azərbaycan KP-nin siyasi rəhbərliyi altında Azərbaycan xalqına qarşı edilmiş hərbi təcavüzdən sonra məndə Sov.İKP sıralarından çıxmaq fikri yarandı...
İkincisi, üç ildən artıqdır ki, Mərkəzin ikiüzlü siyasəti nəticəsində Sov.İKP-nin havadarlıq etdiyi erməni millətçilərinin səyi ilə DQMV-də yaranmış kəskin münasibət saxlanmaqdadır... Azərbaycanın dövlət suverenliyi, ərazi bütövlüyü konstitusiyaya zidd olaraq kobud surətdə pozulub...
Üçüncüsü, bütün cəmiyyətin demokratikləşməsi, siyasi azadlıqların və plüralizmin bəyan edildiyi bir dövrdə Azərbaycanda ərazi bütövlüyünün müdafiəsinə qalxmış geniş demokratik hərəkat və cəmiyyətin demokratikləşməsi Sov.İKP-nin rəhbərliyi altında Azərbaycan KP MK-nın səyi ilə boğuldu».
Heydər Əliyev bəyanatında qeyd edirdi ki: «1943-cü ildə 20 yaşımda ikən öz taleyimi bolşeviklər partiyasına bağlamışam. Kommunist Partiyasının ideallarının varlığına inanmışam və onun planlarının həyata keçirilməsində fəal iştirak etmişəm. İndi bütün inamlarım məhv olub...Sov.İKP sıralarını tərk edərkən mən bütün təmiz və namuslu kommunistlərə hörmət bəslədiyimi bildirirəm».
0 Комментарии