Hər ölkənin özünü saxlama mexanizmi
vardır. Müstəqilliyə çıxmış ölkələrinin iqtidarının əsas problemi ölkəni
saxlamaq və ölkənin özü-özünü dolanıma mexanizmini işləyib hazırlamaqdır.
Bundan əlavə ölkənin qarşısına çıxan problemlərin həllini məharətlə həyata
keçirtməlidir.
Ağıllı
iqtidar bu yolla getməlidir. Ən əsası odur ki, ölkənin qida təhlükəsizliyi
təmin etsin, yəni çətin anlarda ölkə özü-özünü dolandıra bilsin. Ölkəni isə
qida ilə təmin edən onun kənd təsərrüfatıdır.
Son
illər kəndlərdə oyanma hiss olunsa da, müstəqillik dövrünə qədərki kimi
kəndlərimiz işləmir. Kəndlə bağlı problemlərimiz isə həqiqətən çoxdur.
Aydındır
ki, problemsiz ölkə ola bilməz, çünki müstəqil ölkə müstəqilliyini qorumaq üçün
hər an çətinliklərlə üzləşə bilər.
Çətinlikləri
xarici qüvvələr yaratsalar da, ölkənin özü-özünü saxlama mexanizmi işə düşsə,
qarşıya çıxan çətinlikləri aradan qaldırmaq da asanlaşar.
Bu
problemlərin həlli iqtidarın iqtisadiyyatın inkişafı ilə bağlı fəaliyyətinin
obyektiv göstəricisidir. Aydındır ki, bu mövqedən bu və ya digər iqtidarın
fəaliyyətinə qiymət verilir.
Ölkənin
özü-özünü saxlama mexanizmi dedikdə, onu nəzərdə tuturuq ki, ölkədə elə
abı-hava yaranır ki, regionlar iqtidardan asılı olmayaraq özü-özünü dolandırır.
Bütün regionlar işləyir, ölkə büdcəsinə qazanc gətirir.
Regionların
özü-özlərini dolandırmaq məsələsi Azərbaycan iqtidarının əsas problemlərindən
biridir.
İqtisadi
statistikamız onu göstərir ki, iki regiondan: Bakı və İmişlidən başqa qalan
regionlar Azərbaycan büdcəsindən aldıqları dotasiya hesabına dolanırlar, yəni
özləri-özlərini dolandıra bilmirlər.
Nəzərə
alsaq ki, qalan regionların iqtisadiyyatlarının tamlığı ilə işləməməsi işsizlik
yaratmağı bir yana, əsas problem kimi bu regionların işləməsi və özlərini
dolandırması respublikamızın əsas iqtisadi problemi kimi baxılmalıdır və
regionların iqtisadi problemlərini həll etməlidir.
İndiyə
qədər regionları dotasiya ilə təmin edən Azərbaycanın təbii sərvəti - neft idi.
İndi isə daha neft yoxdur, daha doğrusu, dotasiyanı təmin edən neft yoxdur.
Prezident
İ.Əliyev hələ bunu iki il bundan əvvəl demişdi. Bundan əlavə, Azərbaycan
iqtisadiyyatına Ümumdünya Bankının vurduğu devalvasiya zərbəsi
də respublikamızda mövcud olan bütün qiymətləri iki dəfə aşağı endirmiş, resesiyadan Azərbaycan hökuməti hələ də iqrisadiyyatımızı çıxara bilməmişdir.
İndiyə qədər Nazirlər kabinetinin resessiya ilə bağlı bir planı belə nəzərə
dəymir, odur ki, resessiya davam edir.
Resessiyadan
çıxmaq üçün Azərbaycan indi iki dəfə çox işləməlidir.
Bunun həlli üçün Azərbaycan iqtisadiyyatı qısa müddət ərzində bütün
imkanlarından istifadə edib, resessiya məngənəsindən qurtarmalıdır.
Prezident
İ.Əliyevin regionların inkişafı ilə bağlı bütün Fərmanlarının mahiyyəti
durğunluq vəziyyətində olan regionların özü-özlərini dolandırmaq mexanizminin
yaratmaq üçün atdığı ciddi addımlardır. Belə olduğu halda regionlar mərkəzdən
asılı olmurlar və dotasiyadan qurtarırlar.
Azərbaycan
müstəqilliyə çıxana qədər elə bir regionu yox idi ki, özü-özünü dolandırmasın.
Demək olar ki, Azərbaycan inkişaf etmiş ölkə idi. Neftdən gələn gəlir SSRİ
büdcəsinə getdiyindən, Azərbaycan neftsiz və qazsız özü-özünü dolandırırdı.
Azərbaycanın
yeni seçilmiş hökumət başçısı bütün səylərini ilk növbədə Prezidentin
regionlarla bağlı Fərmanlarının icrasına yönəltməlidir.
Bütün
bu Fərmanların çoxu kəndlərin inkişafı ilə bağlıdır. Bundan əlavə, kəndin
inkişafına və yaxud kəndli təsərrüfatının bərpasına mane olan bütün sədləri
aradan qaldırılmalıdır, çünki ölkənin neftsiz dolandırma strategiyası Sovet dövründə
olan aqro-sənayeni bərpa etməkdən asılıdır. .
Azərbaycanda
neft olanda hər şey tərsinə idi. Unikal respublika idi. Çünki başqa ölkələrdən
fərqlənirdi. Məsələn, bütün dünyada kənd şəhəri dolandırırdı, bizdə şəhər
kəndi. Yəni Bakımızın neft qazancı bütün ölkəni dolandırırdı.
İndi
isə neft yoxdur, Amerika şirkətləri və neft nəhəngləri dabana tüpürüb,
ölkəmizdən qaçırlar. İndi yenə də unikallıqdan adi hala qayıtmalıyıq, yəni
kəndlər özləri özlərini və şəhərləri dolandırmalıdır.
Elə
bil bütün bunları Prezident İ.Əliyev əvvəlcədən görürdü. Odur ki, regionları
durğunluq vəziyyətindən çıxartmağa çalışır. Regionların inkişafı ilə bağlı
bütün təklifləri buna yönəldilib. Pambıq, tütün, barama və s. bütün bunlar Azərbaycanda
1992-ci ilə qədər vardı. Cəbhəçilər bütün bunları qul əməyi adlandırdılar.
Əkmədilər, biçmədilər.
Sonra
hakimiyyətə gələn H.Əliyev kəndlilərə torpaq payladı, Bunu ona qədər bir
iqtidar etməmişdi. Kəndlər pambıqçılıq, tütünçülük, baramaçılıq və s. məşğul
olmaq əvəzinə torpaq alverinə keçdilər. Torpaqlar əkilmədi.
Rəhmətə
gedənə qədər H.Əliyev neft kontraktları bağladı. Bakıya dollar axını başladı.
İşləməyən regionlara da bu dollarlar axışmağa başladı. Kəndli dollar qazanmağa
girişdi. Ona verilən torpaqların satmağa və Bakının mərkəzində və ətraflarında
satdıqları torpaqların puluna başladılar mülk almağa, malikanə tikməyə. Bakı
meqapolisə çevrildi.
Bu
saat kəndlərdə hələ də torpaq alveri gedir. Heç kim əkin-biçinlə məşğul olmaq
istəmir.
Əkilən
torpaqlar yenicə peyda olmuş qolçomaqların əlinə keçməkdədir. Onlar əkilməyən
torpaqları ucuz pulla alıb, öz torpaqlarına qatır. Bununla belə kəndlərin
vəziyyəti düzəlmir, çünki torpağı alanların çoxu kənd əhalisi deyil.
Kəndlilər risk edib əkdiyi və biçdiyi məhsulu lazımı qiymətə sata bilmədiklərindən, zərər
çəkdiklərindən torpaqdan uzaqlaşırlar. Yəni kəndlinin torpağı əkməyə həvəsi
qalmır.
Prezident
pambıqçılığın inkişafına küllü-miqdarda pul ayırıb. Pambıq əkilib, ancaq indiyə
qədər yığılmayıb, tarlalarda qalıb. Səbəbi, əlbəttə ki, kəndli əməyinə verilməyən qiymətdən irəli gəlir.
Deyilənə
görə pambığı xalqdan ən yaxşı halda 40 qəpiyə alırlar, özləri isə xaricə 3-4
dollara satırlar. Əkib, yığanın zəhmətinə bu cür qiymət verən məmurlar
Prezidentin pambıqçılıq planının həyata keçirilməsinə maneələri belə
yaradırlar. Nəticədə tarlalarda yığılmayan pambıq tökülüb qalıb. Azərbaycanın
ümidi isə kəndədir.
Əkilməyən torpaqlara fikir versəniz
görərsiniz ki, yeni ləndlordlar yaranıb, özləri Bakıda oturub, min hektarlarla torpaq
sahibləridirlər. Kimdir onlar? Bu regionla əlaqəsi olmayan fərdlər və
yaxud keçmiş icra başçıları, onların adamları...
Kəndlilərin torpaqlarını ucuzuna alanlar
və Azərbaycan kəndlilərini vadar edib, şəhərlərə qaçıranlar. Onlar anlamırlar
ki, ölkənin qida təhlükəsizliyini sual altına qoyurlar?
Kəndlinin kənddə qalması üçün onun
əkin-biçin yeri ailəsini dolandırmalıdır. İstehsal etdiyi mal satılmalıdır.
İB-ları kəndin inkişaf etməsini istəyirlərsə, kəndlilər mallarını satışında
meydana gələn maneələri aradan qaldırmalıdırlar.
Tarixi boyu Azərbaycan kəndlisi 3-ü 9
edib, yəni üç ay işləyib, doqquz ay yeməlidir. Ona görə hələ qədim vaxtlardan
bir-birlərindən soruşurdular: 3-ü 9 edə bilirsən? - yəni yaşayışını təmin edə
bilirsənmi? Gəlin. bu mövqedən Azərbaycan kəndlisinin vəziyyətini araşdıraq.
Azərbaycanın elə bir regionu yoxdur ki,
oranın, qazı, suyu olmasın. Kəndlərdə yaşayış
üçün hər şərait vardır.
Azərbaycan kəndlərinin yaşayış
səviyyələri qat-qat İran, Türkiyə və s. ölkələrdən üstündür. Bununla belə
kəndləri tərk edən insanların sayı artır. Dövlətimizin əsas problemi də elə
bununla bağlıdır: kəndləri canlandırmaq!
Hər şeydən əvvəl kənd yerlərinə iqtisadi
maraq artmalı və kəndlərin ilk növbədə iqtisadi problemləri həll edilməlidir.
Bu problemlərin həlli üçün o qədər də böyük ağıl lazım deyil.
Kəndin iqtisadi inkişafı dedikdə ilk
növbədə kəndli təsərrüfatının yaradılmasına mane olmamaq və kəndlinin istehsal
etdiyi məhsulun satılmasına maneə törətməmək lazımdır. Gəlin razılaşaq ki, bu
maneələr var və bunu yaradan məmurlardır!
Torpaqlarında məhsul yetişdirən
kəndliləri elə günə salırlar ki, o, işləyə bilmir. “Yazıqlar torpağı əkən kimi
bütün rayonun iti-qurdu başının üstünü alır, əlində olanı almayınca, əl çəkmirlər.”
Kənd camaatının dedikləri budur.
Başqa maniyə: kəndlinin hasil etdiyi
malın Bakıya və başqa şəhərlərdə satmalarına mane olan polislər... Yazıq
kəndlilərin zəhmətlə hasil etdiyi malların satılmasına qoyulan qadağalar. Bu
bir yana. Kəndlinin Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan və başqa bölgələrə
çıxarıb apardığı məhsulun qarşısını alan gömrük.
Gömrük siyasəti ölkənin iqtisadi
marağına xidmət etməlidir. Kəndlinin xaricə mal çıxarmağın qarşısını alan
sədlər götürülməlidir.
Kəndli istehsal etdiyi məhsulu satmırsa,
bunun acı nəticələri özünü iqtisadiyyatımızın başqa sahələrində də göstərir.
Fərz eləyək, kəndli məhsulunu Rusiyaya
çıxartdı. Bunun nəticəsi nədir?
Əvvəla, ölkəmizə valyuta gəlir.
Azərbaycan puluna çevrilib xərclənir.
Bu pullar hər halda kəndlinin yarımçıq
qalmış evin tikintisinə xərclənir - bu tikinti sənayesinin payı. Qazandığı pulun bir
hissəsi gübrəyə xərcləyir - bu kimya sənayesinin payı. Evinin pəncərələrin
dəyişir-bu alüminium sənayesi. Evini mərtəbəsini artırır - bu da tikinti
sənayesi. Pulun bir hissəsini Bakıda oxuyan övladların təhsil haqqına yönəldir.
Bu da Təhsil nazirliyinin payı.
İkinci dəfə gedib qayıdanda, balaları
üçün Bakıda ev tikdirir və bütün pullar dövlətin iqtisadiyyatının işləməsinə
yönəldilir.
Malını kənara çıxartmağa pulu olmadığından,
kəndliləri məhsulları həyətlərdə qalıb çürüyür. Bundan böyük dövlətə vurulan
zərər nə ola bilər? Axı bu məhsullar Azərbaycan kəndlisinə pul gətirə bilər,
kəndlər rahat nəfəs alar. Baxın, kəndlərdə tökülüb qalan xuramaya. almaya,
heyvaya, nara və s. Bütün bu məhsullar Yeni il ərəfəsində Rusiyaya, Qazaxıstan,
Belarus və Ukraynaya çıxarılırdı. Süni yaradılan və Azərbaycan kəndlisinin
qabağını alan gömrük sədləri elə həddə çatmışdır ki, kəndlilər ölkənin məhsulu
xaricə çətinliklə çıxırlar.
Monopoliya da kəndli məhsulunun
qarşısını alır. Nəticədə məhsulundan xeyr götürməyən kəndli başını götürüb
kənddən qaçır. Nə pambıq, nə tütün, nə də baramaya qoyulan xərclər istənilən
gəliri gətirmir. Çünki kəndlərdə məhsul yığması üçün adam qalmır. Odur ki,
Prezidentimizin kənd təsərrüfatının inkişafı ilə bağlı Fərmanları tamlığı ilə
yerinə yetirilmir.
Kəndin yaşaması üçün kəndli
təsərrüfatının işləməsinə mane olan bütün sədlər aradan götürülməlidir.
Dəyanət


0 Комментарии