Recents in Beach

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin bəyanatı


Azərbaycanda kapitalizmin yeni ildə xalqa verdiyi yeni “töhfələrdən” biri də Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin əsassız  artırılması oldu.

2020-ci ilin ağrılarından qurtarmamış yeni bir “pandemiya” – bazar qiymətlərinin artması təhlükəsi yarandı, sadə xalqın güzaranının daha da ağırlaşması kimi acınacaqlı şərait yarandı.

Kütləvi İnformasiya Vasitələrində çıxış edən məmurlar, deputatlar, hətta politoloqlar isə ağız dolusu 2021-ci ilin dövlət büdcəsinin “sosial” yönümlü olduğunu vurğulayırlar, ancaq qiymətlərin artımı xalqın sosial durumunu gərginləşdirəcəyi barədə susurlar. 

Məktəblərin, uşaq bağçaların, idman zalların, tibb ocaqların və digər sosial obyektlərin tikilməsi büdcənin sosial yönümlü olmasına nümunə kimi göstərilir, ancaq  onlardan istifadə pulludursa, bu büdcə sosial yönümlü ola bilərmi? Əlbəttə ki, yox!

Necə ola bilir ki, müharibə şəraitində, 30 ilə yaxın gərgin bir dövrdə, bizim cəmiyyətin 1%-i astranomik dərəcədə varlanır, qalan hissəsi isə müflisləşir? Buna səbəb nədir,  məmurlarmı, ayrı-ayrı şəxslərmi? Yox!

Buna səbəb respublikamızın “iri addımlarla” kapitalizm cəmiyyətinə doğru irəliləməsidir! Plansız bazar iqtisadiyyatıdır!

Məgər hökumət başa düşmür ki, yanacağın cüzi artması bazarda qiymətlərin artmasına gətirib çıxarır?

2020-ci il dünyanı bürüyən pandemiya ilə başlasa da bizim cəmiyyət 44 gün davam edən vətən müharibəsində əldə edilən  qələbəyə görə Ali Baş komandana, ordumuza dərin sevgi və minnətdarlıq bildirir. Lakin el sözü var: “Yaxşıya görə çox sağ ol, pisə görə cavab ver”!

Görəsən, vətən müharibəsində qələbə əzmi ilə düşmən üzərinə şığıyan əsgərlərimiz kimlərin övladları idi? Şəhid olanlar kimlərin uşaqları idi?

Sual olunur: nə səbəbdən 2021-ci ilin ilk günlərindən yanacağın qiyməti qaldırılmalıdır? Bəlkə dövlət büdcəmiz işğaldan azad olunan şəhər və kəndlərimizin bərpasına azlıq edir? Və ya şəhid əilələrinə verilən yardım büdcəyə çox ziyan gətirib? Əlbətdə ki, yox! Qeyd olunduğu kimi bu kapitalizmin mahiyyətindən irəli gəlir!

Dörd il alman faşizmi ilə müharibə aparan və 1945-ci ilin mayında parlaq qələıbə çalan SSRİ dövləti qisa müddətdə (1946-cı ildə) bütün məhsulların qiymətində endrimlər etdi. Nə səbəbdən? Çünki hakimiyyət xalq hakimiyyəti idi və hakimiyyət xalqa xidmət edirdi! İndi isi, kapitalizm dövründə, xalq bir ovuc burjua hakimiyyətinə xidmət edir.

Əgər həqiqətən də bütün hakimiyyət orqanları, özləri yazdıqları və xalq tərəfindən qəbul edilən respublikamızın Əsas Qanunu olan Konstitusiyaya hörmət edirlərsə onun birinci bəndinə sayğı ilə yanaşmalıdırlar. Lakin sözdə bir şey, əməldə başqa şey ediləcəksə bu sosial naraharçılığa gətirib çıxaracaqdır. Dahi şairimiz Səməd Vurğunun sözləri ilə desək: “Bil ki, qullar dünyasının intiqamı yaman olur!”

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi qətiyyətlə bidirir ki,  pandemiyadan ziyan çəkən əhaliyə hökumət tərəfindən yeni sosial zərbənin vurulması yol verilməzdir! Bu qədər təbii sərvətlərə malik olan ölkənin xalqı normal yaşamaq hüququna layiq olmalıdır!

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi adından: T. Nurullayev

07 yanvar 2021-ci il.

 

Отправить комментарий

0 Комментарии