Tahir Cəfərli,
AMAC-ın lideri
Azərbaycan yeganə sovet dövləti idi ki, özü-özünü neftsiz də dolandıra bilirdi, çünki neftdən gələn gəlir Ümumittifaq fonduna gedirdi və demək olardı ki, Azərbaycana çatmırdı. Azərbaycan aqrar-sənaye respublikası idi. Bu cür iqtisadi struktura malik olan respublikamız hər şeyə qadir idi. Azərbaycanın dotasiyası hesabına Ermənistan və Gürcüstan yaşayırdı.
İndi niyə Azərbaycan özünü bu cür dolandıra bilmir? Səbəb aydındır. Daha o cür sənaye strukturu yoxdur. Ən əsası aqrar sənayesi tamlığı ilə işləmir. Odur ki, kəndlilər kəndi tərk edib, şəhərə axışır. oradan da üzünü tutur Rusiyaya. Bu saat kəndlərin işlək qüvvəsi olan gənclər kəndə yoxdur. Daha düzünü desək kənd yoxdur. Azərbaycan üçün bəla ondadır ki, kənd daha şəhəri dolandıra bilmir.
İcra Hakimiyyətin başçıları kəndlərin inkişafı ilə bağlı heç nə etmirlər, əksinə işgüzar adamları rayondan qaçırdırlar. AMAC-a gələn məlumatlara görə İcra Hakimiyyəti başçılarının rayonda gördüyü ən böyük iş parklar salmaqdır. Parklarda çevrilib çayxana və qumarxanalara. İşlək xalqı işdən ayırmaq üçün ən gözəl vasitədir.
Kənd elə özü parkdır. Təbiətin xalqımıza hədiyyə verdiyi park. Parkda park salarlar? Hərdən birdən insana elə gəlir ki, axmaqlar ölkəsində yaşayırsan. Ağıllı başlı bir iş görənin başının üstünü o saat it-qurd alır ki, sənə kim icazə verib ki, əkib — biçirsən? Əmir Teymurun sözləri yadımıza düşür: ”O ölkədə ki, əkinçini əkməyə, biçməyə qoymurlar, o ölkədə çörək olmaz”.
Xalqın əl-qolunu bağlayan məmurların birinin də xətrinə dəymirlər. Hamı bilir ki, vəzifəyə gələnlər yaratmağa yox, dağıtmağa gəlirlər, xalqı soyurlar. Soyulmaq istəməyənlər kəndi qoyub qaçır. Hər bir icra başçısı rəhbərlik etdiyi rayonu öz xanlığına çevirib. Hamının beyninə yeridib ki, burda mənəm Bağdadda kor xəlifə.
Bəs, Mərkəz hara baxır? Sanki Mərkəz yoxdur. Mərkəzin məmurları şikayət yazanın adını icra başçılarına göndərir ki, sənin rayonunun filankəsi Prezidentə və ya 1-ci Vitse-Prezidentə səndən şikayət yazıb, qabağını al. Beləliklə, xalqın bir şikayətinə baxılmır. Şikayət yazanı elə hala salırlar ki, evini — eşiyini qoyub şəhərə qaçır. Şəhərə qaçsaydı nə dərdi, Azərbaycandan qaçırlar!
Məmur özbaşınalığı elə budur. Vətəndaşların şikayətləri ünvanına çatmır. Məmurlar tam şəkildə kəndlərlə bağlı Prezident Fərmanlarına əməl etsəydilər, indi Azərbaycanın heç bir problemi yox idi. Azğınlaşmış məmurlar bunun birinə də əmək etmirlər. Nəticədə ölkə dağılır.
Biz hara gedirik – özündən asılı olmayaraq sual verirsən. Dağıdılan elə sərvət yoxdur ki, tükənməsin. Azərbaycan da sərvətdir — xalqımızın sərvəti. Onu azğınlaşmış məmurlar dağıdırlar. O ölkəni ki, özü-özünü dolandırmaq üçün geniş imkanları var! Bir şeyi qanmırlar: bu ölkə sahibsiz deyil. Bir anda LİDERİNİN arxasınca getməyə hazır olan milyonlarla AZƏRBAYCANLILAR var!


0 Комментарии