Recents in Beach

Stalin Çini niyə SSRİ-nin 16-cı respublikası etmədi?

Həmkarlar, çoxları məsələnin mürəkkəbliyini Çin dili və dialektləri ilə əlaqələndirir. Amma gəlin məsələyə daha dərindən baxaq. Stalin SSRİ daxilində onlarla dilin mövcud olduğu milli respublikalar yaratmışdı — eston dilindən yakut dilinə qədər. Dilçilik onun üçün heç vaxt keçilməz sədd olmayıb.
Mən hesab edirəm ki, motiv filoloji deyil, geosiyasi və strateji xarakter daşıyırdı.
Stalin hadisələri onilliklər sonrasını hesablayan praqmatik siyasətçi idi. Çini - o vaxt təxminən 500 milyon əhalisi olan nəhəng ölkəni - SSRİ-nin tərkibinə daxil etmək öz üzərinə böyük məsuliyyət götürmək demək idi. Amma əsas məsələ bu deyildi.
Bəs, Stalin belə düşünmüş ola bilərdimi:
«Biz sosializmi ayrıca götürülmüş bir ölkədə qururuq. Lakin dünya nəhəngdir və heç kim zəmanət verə bilməz ki, 20–30 ildən sonra SSRİ-də sosializm Qərbin təzyiqi qarşısında davam gətirəcək. Əgər Çini də bir respublika kimi SSRİ-yə daxil etsəm, SSRİ məğlub olacağı təqdirdə sosializm dünya xəritəsindən tamamilə silinə bilər. Amma Çini müstəqil, lakin dost dövlət kimi saxlasam, o bizim “ehtiyat "aeroportumuz” olacaq. Hətta biz burada məğlub olsaq belə, sosializm orada yaşayacaq və gec-tez yenidən geri qayıdacaq».
Məhz belə də oldu. Sovet İttifaqı 1991-ci ildə dağılanda məhz Çin ayrıca dövlət kimi mövcudluğunu qoruyub saxlaya, islahatlar keçirə və sosialist inkişaf yolunu davam etdirə bildi. Əgər Çin SSRİ-nin 16-cı respublikası olsaydı, mərkəzlə birlikdə o da süqut edərdi.
Deməli, məsələ heroqliflərdə və tonlarda deyildi. Məsələ yüzillik perspektiv üçün «sığorta» yaratmaqda idi. Tarixin göstərdiyi kimi, Stalin bu hesablamasında haqlı çıxmış oldu.
Bəs siz necə düşünürsünüz - onun həqiqətən belə bir «B planı» var idimi, yoxsa səbəb, hər halda, bürokratik və inzibati çətinliklərlə bağlı idi?
Bəzi həmkarlarım mənim bu arqumentlərimi mübahisəli sayır.
Hesab edirlər ki, Çin dilinin burada heç bir aidiyyəti yoxdur və o, qəbul edildiyi qədər də çətin dil deyil. Rus dilindən çox fərqlənir — bəli. Amma özbək dili də rus dilindən çox fərqlənir. Bu isə Özbəkistanın SSRİ-nin tərkibinə qəbul edilməsinə maneə deyildi.
Əsl çətinlik Çin dilinin özündə deyil, Çin heroqlif yazısındadır. Onun xüsusiyyətləri səbəbindən heroqlif yazısı Çin dilinin heç bir dialekti ilə birbaşa əlaqəsi olmayan, müstəqil yazı sistemi xarakteri daşıyır və buna görə də Çin dilinin istənilən dialekti üçün eyni dərəcədə yararlıdır. Faktiki olaraq, hətta Çin dillərinin heç birində danışmayan, lakin heroqlifləri öyrənmiş rusdilli bir insan üçün Çin dillərinin daşıyıcıları ilə yazılı şəkildə ünsiyyət qurmaq o qədər də çətin olmazdı.
Bundan əlavə, Çində çoxdan latın əlifbasının qəbul edilməsi məsələsi gündəmdə idi. Latın qrafikası vasitəsilə şifahi Çin nitqini sadə və rahat şəkildə yazmaq mümkün idi. Bu, həm məktəblərdə oxu və yazının öyrədilməsini xeyli asanlaşdırar, həm də bütün Çin əyalətlərinin rəsmi Pekin (mandarin) dialektinə keçid prosesini sürətləndirərdi.
Lakin... nədənsə Mao yazı islahatına getmədi və hətta heroqliflərə əlavə olaraq latın qrafikasından istifadə edilməsinə də razılıq vermədi. Məsələn, yaponlar belə etmişlər: mənşəcə xarici olan sözləri latın qrafikası ilə, öz sözlərini isə heroqliflərlə yazırlar.
Lakin Çin Xalq Respublikasının SSRİ-yə birləşməsinin baş tutmamasının səbəbi heç də bunlar deyildi.
Müharibədən sonra SSRİ öz tərkibinə bir dənə də olsun yeni respublika qəbul etmədi, baxmayaraq ki, buna can atan ölkələr var idi. Məsələn, Monqolustan, Bolqarıstan və Şərqi Türküstan (indiki ÇXR-in Sincan-Uyğur Muxtar Rayon ərazisi). Müharibədən əvvəl Şərqi Türküstan faktiki olaraq kommunist hökumətinin rəhbərlik etdiyi müstəqil ölkə idi. Onun lideri - milliyyətcə çinli - SSRİ-yə daxil olmağa o qədər can atırdı ki, hətta ÜİK(b)P-yə (o vaxt Sov. İKP belə adlanırdı) üzv olmaq üçün ərizə vermişdi və xarici vətəndaşlar arasında bu partiyaya üzv olmasına icazə verilən yeganə şəxs olmuşdu.
Hər şey daha mürəkkəb idi.
1943-cü ildə, İkinci Dünya müharibəsinin ən ağır və taleyüklü mərhələsində, Tehranda Stalin Antihitler koalisiyasını qoruyub saxlamaq naminə Çörçilllə belə bir razılaşmaya getməli oldu: SSRİ uzun müddətə Dünya İnqilabı planlarından imtina edir, Üçüncü İnternasionalı (ÜİK(b)P-nin rəhbərlik etdiyi dünya kommunist və proletar partiyalarının təşkilatını) ləğv edir və yeni üzvlərin ittifaqa qəbul edilməsi hesabına SSRİ-ni genişləndirmir.
Antihitler koalisiyası və SSRİ-yə Lend-Liz çərçivəsində yardımlar məhz belə şərtlər əsasında qorunub saxlanıldı.
Əks təqdirdə, Qərb müttəfiqləri istənilən yardımı dayandıra və hətta bolşeviklərin Qərbi Avropaya daxil olmasına və ümumiyyətlə kommunizmin dünyada yayılmasına yol verməmək naminə Hitlerlə ayrıca sülh sazişinə də gedə bilərdilər. Çünki Qərb həmin dövrdə kommunizmin dünyaya yayılmasından, Hitler Almaniyasının qələbəsindən qorxduğu qədər, bəlkə də heç az qorxmurdu.

Ədalət Abdinov

Отправить комментарий

0 Комментарии